ANA SƏHİFƏ » Qərarlar » 30.06.05 H.Həşimov və qeyr.şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi MİÜMK-nın 10 mart 2004 tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
Q Ə R A R I
 
H. Həşimov və  qeyrilərinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi
Mülki işlər üzrə   məhkəmə   kollegiyasının  10  mart  2004-cü  il tarixli
qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair
 
 
30 iyun 2005-ci il                                                                                       Bakı şəhəri 
 
 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
  məhkəmə katibi İ.İsmayılovun,
  ərizəçilər H.Həşimov, N.Məmmədova, Ə.Abbasova, Q.Mehdiyev,  F.Əhmədov,  S.Məcidovun  və  onların  nümayəndələri  F.Əliyev və M.Cəbrayılovun iştirakı ilə,
 Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında H.Həşimov və qeyrilərinin Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə   kollegiyasının 10 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair şikayətinə baxdı.
Konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçilər H.Həşimov, N.Məmmədova, Ə.Abbasova, Q.Mehdiyev, F.Əhmədov, S.Məcidovun və onların  nümayəndələri F.Əliyev və M.Cəbrayılovun çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
M  Ü Ə Y Y Ə N   E T D İ :
 
Sumqayıt şəhər məhkəməsinin 17 aprel 2001-ci il tarixli qətnaməsi ilə Həsən Həşimov və qeyrilərinin Sumqayıt «Meyvə-Tərəvəz» Açıq Tipli Səhmdar Cəmiyyətinə (bundan sonra ATSC) və Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə qarşı özəlləşdirmənin etibarsız hesab edilməsinə dair iddiaları rədd edilmişdir.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra MİÜMK) 07 avqust 2002-ci il tarixli  qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin  qətnaməsi ləğv edilərək iddia təmin olunmuş, özəlləşdirmə ləğv edilmiş, Sumqayıt «Meyvə-Tərəvəz» ATSC-yə verilmiş qeydiyyat şəhadətnaməsi etibarsız hesab edilmişdir.
Sumqayıt «Meyvə-Tərəvəz» ATSC-nin və İqtisadi İnkişaf Nazirliyinin kassasiya şikayətlərinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 25 oktyabr 2002-ci il tarixli qərarı ilə  apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.
         Apellyasiya Məhkəməsi MİÜMK-nın 25 fevral 2003-cü il tarixli  qətnaməsi ilə birinci instansiya  məhkəməsinin qətnaməsi ləğv  edilmiş, özəlləşmədə iştirak edən tərəflər ilkin vəziyyətə qaytarılmış və Sumqayıt «Meyvə-Tərəvəz» ATSC-nin əmək kollektivi üzərinə ümumi yığıncağın keçirilməsi vəzifəsi qoyulmuşdur.
Apellyasiya Məhkəməsinin MİÜMK 14 aprel 2003-cü il  tarixdə Sumqayıt şəhər məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları şöbəsinin müraciətinə baxaraq Sumqayıt «Meyvə-Tərəvəz» ATSC-nin özəlləşdirilməsi, o cümlədən Birliyin Sumqayıt «Meyvə-Tərəvəz» ATSC-yə çevrilməsi  ilə bağlı bütün sənədlərin ləğv edilməsinə dair qərardad çıxarmışdır.
Qətnamə və qərardadla razılaşmayan Sumqayıt «Meyvə-Tərəvəz» ATSC kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 18 iyun 2003-cü il tarixli qərarı ilə həmin məhkəmə aktları ləğv edilərək, iş yeni apellyasiya baxışına göndərilmişdir.
Apellyasiya Məhkəməsi MİÜMK-nın 31 oktyabr 2003-cü il tarixli qətnaməsi ilə Sumqayıt şəhər məhkəməsinin qətnaməsi, Ali Məhkəmənin MİÜMK-nın  10 mart 2004-cü il tarixli qərarı ilə  isə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətdə H. Həşimov və qeyriləri kassasiya instansiyası  məhkəməsinin qərarını qanunsuz və əsassız hesab edərək, onun Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını xahiş edirlər.
Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt «Meyvə-Tərəvəz» Birliyinin özəlləşdirilməsi zamanı Azərbaycan Respublikası  Prezidentinin 2000-ci il 23 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş «Açıq tipli səhmdar cəmiyyətinə çevrilən dövlət müəssisəsinin səhmlərinin əmək kollektivinə  güzəştli satışı haqqında» Əsasnamənin tələbləri pozulmuş, qapalı çek abunəsi, habelə açıq çek və pul hərracı kollektiv üzvlərindən xəbərsiz aparılmış, əmək kollektivinin üzvlərinə  bildirişlər göndərilməmiş, qapalı abunə yazılışı zamanı əmək kollektivinin  iştirakı təmin edilməmişdir.
Ərizəçilərin  qənaətinə görə Ali Məhkəmənin MİÜMK  Sumqayıt «Meyvə-Tərəvəz» Ticarət Birliyinin Səhmdar Cəmiyyətinə çevrilərkən əmək kollektivi üzvlərinə güzəşt edilməsinə dair qanunvericiliyin tələblərinə  əməl edilməsini  təsdiq etmək məqsədilə  yuxarıda  adı çəkilən Əsasnaməni tətbiq  edərkən onu düzgün şərh etməmiş, tətbiq edilməli olan «Azərbaycan Respublikasında 1995-1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin Dövlət Proqramı»na 4 saylı Əlavənin  2 və 3-cü maddələrini, «Azərbaycan Respublikasında dövlət mülkiyyətinin özəlləşdirilməsi haqqında» Qanunu tətbiq etməmişdir.
Bundan başqa, şikayətdə göstərilir ki, məhkəmələr ərizəçilər tərəfindən qanunla müəyyən edilmiş iddia müddətinin ötürülməsi nəticəsinə gələrək və tətbiq edilməli olmayan 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olmuş Mülki Məcəllənin (bundan sonra MM) 82-ci maddəsini tətbiq edərək  nəzərə almamışlar ki, H. Həşimov və digərləri müəssisə özəlləşdirilərkən güzəşt hüquqlarının  pozulduğunu bilməmiş, bunu biləndən sonra isə dərhal məhkəməyə müraciət etdikləri üçün qanunla müəyyən edilmiş 3 illik iddia müddətini  ötürməmişlər.
Şikayətlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində şikayətlər üzrə işlərə baxılmasının bir neçə xüsusiyyəti mövcuddur. Bu xüsusiyyətlər «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gəlir. Həmin Qanunun 34.3-cü  maddəsində göstərilmişdir  ki, bu Qanunun 34.2-ci maddəsində nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsi tərəfindən işin faktiki hallarının  yoxlanılmasına  yol verilmir. Odur ki, şikayətlər üzrə işlərə baxarkən Konstitusiya Məhkəməsi  ümumi  yurisdiksiyalı  məhkəmələr tərəfindən müəyyən edilmiş faktiki halları yoxlamır,  bu və ya digər  sübutların  mötəbərliyi  məsələsini həll etmir, yeni sübutları  toplamır. Konstitusiya Məhkəməsi tərəfindən məhkəmə aktlarının Konstitusiyaya və  qanunlara uyğunluğunun  yoxlanılmasına dair şikayətlərə baxılması yalnız normativ - hüquqi aktların məhkəmə tərəfindən düzgün tətbiq edilib-edilməməsi və ya şərh edilməsi ilə bağlıdır (Qanunun 34.2-ci maddəsi).
H.Həşimovun və digərlərinin şikayəti  qanunvericiliyin məhz yuxarıda göstərilən müddəaları çərçivəsində həll edilməlidir.
İşin ümumi məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından göründüyü kimi Sumqayıt «Meyvə-Tərəvəz» ATSC 5 avqust 1998-ci il tarixdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydiyyatdan  keçmiş və həmin tarixdə ona Dövlət qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Ümumi məhkəmələr tərəfindən həmçinin müəyyən edilmişdir ki, Səhmdar Cəmiyyətində  səhmlərə abunə yazılışı  12 avqustdan  22 avqust 1998-ci il tarixədək aparılmışdır. Bu barədə əvvəlcədən «Mülkiyyət» qəzetinin 21-28 iyul 1998-ci il tarixli sayında məlumat dərc edilmiş, özəlləşdirmə komissiyası  Səhmdar Cəmiyyətin elanlar  lövhəsində  elanlar vermiş, hətta əmək kollektivi üzvlərinin bir hissəsinə bildirişlər də göndərilmişdir.
Mahiyyəti üzrə işə baxmış məhkəmə instansiyaları yuxarıda göstərilən və başqa sübutlara əsaslanaraq belə nəticəyə gəlmişlər  ki, Sumqayıt «Meyvə-Tərəvəz» Birliyinin Səhmdar Cəmiyyətinə çevrilməsi və səhmlərə abunə yazılışı qanunvericiliyin tələblərinə riayət edilməklə yerinə yetirilmiş, H.Həşimovun və  digər iddiaçıların bundan xəbərləri olmuşdur.         
İşin faktiki hallarına əsaslanaraq ümumi məhkəmələr həmçinin hesab etmişlər  ki, H. Həşimovun və digərlərinin  Sumqayıt  «Meyvə - Tərəvəz» ATSC ilə mübahisə olunan hüquq münasibətləri 1998-ci ildə yaranmış, lakin onlar 4 ildən artıq müddətdə məhkəməyə müraciət etməməklə, pozulmuş hüquqlarının bərpası üçün 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olmuş MM-in 73-cü  maddəsində müəyyən edilən iddia müddətini üzürsüz səbəbdən ötürmüşlər.
Ümumi məhkəmələrin gəldiyi bu nəticə ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu bir daha iddia müddəti, onun təyinatı və əhəmiyyəti ilə bağlı qanunvericiliyin bəzi müddəalarının açıqlanmasını zəruri hesab edir. 
Mülki hüquqda iddia müddətləri institutu mülki dövriyyənin iştirakçılarını intizamlandırmaq, onlara məxsus olan hüquqların həyata keçirilməsi və vəzifələrin yerinə yetirilməsi üçün onların fəallığını təşviq etmək məqsədinə yönəlmişdir. İddia müddətləri əhəmiyyətli dərəcədə mülki hüquq münasibətləri iştirakçılarının vəzifələrinin yerinə yetirilməsi üzərində ciddi qarşılıqlı nəzarətə əməl edilməsi zərurəti yaradır.
İddia müddətləri institutunun tətbiq edilməsi zərurəti həmçinin belə bir mühüm halla əsaslandırılır ki,  mülki  mübahisələrə məhkəmə tərəfindən baxılması hər zaman iş üzrə obyektiv həqiqətin  müəyyən edilməsi ilə əlaqədardır. Qeyri-müəyyən uzun müddətin keçməsi   həqiqətə nail olmağı çətinləşdirir, bəzən isə hətta bu imkanı istisna edir. Belə ki, sübutlar itirilə bilər və ya onların mötəbərliyi  kifayət qədər şübhəli hala gələ bilər, bunlar da öz növbəsində məhkəmə  orqanlarının işin bütün faktiki hallarının aydınlaşdırılmasına və düzgün  qərar çıxarılmasına yönəlmiş fəaliyyətini ciddi surətdə çətinləşdirə bilər.
Bu məsələyə aid olunmuş Konstitusiya Məhkəməsinin «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair» 27 dekabr 2001-ci il tarixli qərarında qeyd edilmişdir : «İddia müddətinin əhəmiyyəti aşağıdakılardan  ibarətdir:
birinci, o, hüquq  münasibətləri  iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir;
ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir;
üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin  yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır».
Konkret şəxsə məxsus olan maddi hüquq pozulduqda onun müdafiəsi üçün hüququ pozmuş şəxsə qarşı məcburiyyət tədbirlərinin tətbiqi halına qanun iddia müddətlərini şamil edir. Maraqlı tərəfin tələbi üzrə məcburiyyət  tədbirlərinin tətbiqi isə  hər zaman deyil, yalnız iddia müddətləri həddində mümkündür. 2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş MM-in 73-cü  maddəsinə əsasən  hüququ  pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilir.
Göstərilən müddətlərin keçməsi isə ümumi qaydaya əsasən hüququ pozmuş şəxsə münasibətdə məcburiyyət tədbirlərinin tətbiqindən  imtina edilməsinə səbəb olacaqdır (yuxarıda göstərilən MM-in 82-ci maddəsi). 
Yuxarıda göstərildiyi kimi, ümumi məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında mübahisə olunan hüquq münasibətləri 1998-ci ilin avqust ayında başlanmış, iddiaçılar isə məhkəməyə üzürsüz səbəbdən yalnız 2001-ci ilin oktyabr ayında müraciət etmişlər.
Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu:
-     2000-ci  ilin sentyabrın 1-dək qüvvədə  olmuş MM-in 73 və 82-ci maddələrinin tələblərinə;
-     Mübahisəli münasibətlərin 1998-ci ilin avqust ayında yaranmasına, ərizəçilərin Sumqayıt «Meyvə-Tərəvəz» Birliyinin Səhmdar Cəmiyyətinə çevrilməsi və səhmlərə abunə yazılışı barədə  məlumatlı olmalarına dair ümumi məhkəmələrin müəyyən etdiyi hallara;
-     ərizəçilərin iddia ərizəsi ilə məhkəməyə yalnız 2001-ci ilin oktyabr ayında müraciət etmələrinə əsaslanaraq belə qənaətə  gəlir ki, H. Həşimov və digərləri tərəfindən pozulmuş hüquqlarının bərpası üçün qanunla müəyyən edilən iddia müddətinin üzürsüz səbəbdən ötürmələrinə dair  ümumi məhkəmələrin  gəldiyi nəticə qanunidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, mübahisələndirilən kassasiya instansiyası məhkəməsinin qərarı Konstitusiyanın 60-cı  maddəsinə zidd deyildir.
Konstitusiya Məhkəməsinin Plenumu həmçinin belə qənaətə gəlir ki, ərizəçilər tərəfindən iddia müddətinin üzürsüz səbəbdən ötürülməsinin təsdiq olunması şikayətdə göstərilən digər dəlillərin yoxlanılmasına imkan vermir.
Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası  Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini,   «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A  A L D I :
 
1. İddia müddətinin üzürsüz səbəbdən ötürülməsi ilə əlaqədar H. Həşimov və  digərlərinin Sumqayıt «Meyvə-Tərəvəz» Açıq Tipli Səhmdar Cəmiyyətinə və  Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinə qarşı özəlləşmənin etibarsız hesab edilməsinə dair iş üzrə  Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə  kollegiyasının 10 mart 2004-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, 2000-ci ilin sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73 və 82-ci  maddələrinə uyğun hesab edilsin.
 2.Qərar dərc edildiyi gündən qüvvəyə minir.
 3.Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
 4.Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                        Fərhad Abdullayev