ANA SƏHİFƏ » Qərarlar » 29.06.05 «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin şikayəti ilə əlaqədar AR Ali Məhkəməsi Plenumunun 03/03/05 tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
«Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
29 iyun 2005-ci il                                                                                 Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
 məhkəmə katibi İ.İsmayılovun,
 ərizəçinin nümayəndələri - «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin baş direktorunun müavini X.Kişiyevin  və  hüquqşünası  F.Mehdiyevin,
cavabverənin nümayəndələri - Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi A.Kalbalıyevin və Ali Məhkəmə Aparatının əməkdaşı Z.Qəmbərovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinin şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, tərəflərin nümayəndələri F.Mehdiyevin və A.Kalbalıyevin  çıxışlarını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək,  Konstitusiya Məhkəməsinin Plenumu
 
M Ü Ə Y Y Ə N      E T D İ :
 
Azərbaycan Respublikasının Milli Bankı «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinə (bundan sonra BTRİB) və «Poçtbank» Səhmdar İnvestisiya Bankına (bundan sonra «Poçtbank» SİB) qarşı əsas borcun və faiz borcunun tutulmasına dair iddia ilə məhkəməyə müraciət etmişdir.
İşə məhkəmə instansiyalarında dəfələrlə baxılmış və biri digərini təkzib edən qərarlar qəbul edilmişdir.
Nəhayət,   Azərbaycan   Respublikası   İqtisad   Məhkəməsinin   20 fevral 2004-cü il tarixli qətnaməsi ilə Milli Bankın iddia tələbi  təmin edilərək, BTRİB-dən  Milli Bankın xeyrinə 9.500.000.000 manat əsas borc və 897.945.205 manat faiz borcunun tutulması qət edilmiş, «Poçtbank» SİB-ə qarşı iddia tələbi isə rədd edilmişdir.
Həmin qətnamə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyasının (bundan sonra İMDİÜMK) 22 aprel 2004-cü il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır.
Kassasiya instansiya məhkəməsinin göstərilən qərarını Azərbaycan Respublikası Konstitusiyasının və mülki-prosessual qanunvericiliyin müvafiq normalarına uyğun olmayan hesab etmiş Konstitusiya Məhkəməsinin Plenumu 19 noyabr 2004-cü il tarixli qərarı ilə Ali Məhkəmənin İMDİÜMK-nın qərarını qüvvədən düşmüş hesab etmişdir. İşə mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılması qərara alınmışdır.              
Xüsusilə qeyd edilməlidir ki, Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qanun pozuntularına məhz apellyasiya instansiyası məhkəməsi işə baxdığı zaman yol verildiyi  vurğulanmışdır.
 Lakin həmin qərara əsasən işə baxmış Ali Məhkəmənin Plenumu 3 mart 2005-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 20 fevral 2004-cü il tarixli qətnaməsini dəyişdirilmədən saxlamışdır.
Ali Məhkəmənin Plenumu mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya instansiyası məhkəməsi «Poçtbank» SİB-in ödəniş qabiliyyətli olmaması və Milli Bankın tələbini ödəmək iqtidarında olmaması nəticəsinə gələrək işin bu faktiki halına hüquqi qiymət vermişdir. Ali Məhkəmənin Plenumunun qənaətinə görə Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Konstitusiyasının və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə zidd olaraq apellyasiya instansiyası məhkəməsi tərəfindən baxılmış işin faktiki hallarını yoxlamışdır.
Bundan başqa, Ali Məhkəmənin Plenumu Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Ali Məhkəməyə təqdim olunmuş arayışa əsaslanaraq belə nəticəyə gəlmişdir ki, «Poçtbank» SİB-in ödəniş qabiliyyətli olmamasına dair apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə əsaslıdır.
Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətdə «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyi Azərbaycan Respublikası  Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarını qanunsuz və əsassız hesab edərək, onun Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını xahiş edir.
Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu Konstitusiyanın 130-cu maddəsinin IX hissəsini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 63.4, 66.1 və 66.2-ci maddələrinin tələblərini pozaraq, Konstitusiya Məhkəməsi Plenumunun qərarının məcburi qüvvəsini nəzərə almamış, həmin qərarın şərtsiz icrasını təmin etməmişdir.
Şikayətdə həmçinin göstərilir ki, Ali Məhkəmənin Plenumu Mülki-Prosessual Məcəllənin (bundan sonra MPM) 424.1-ci maddəsinin tələblərini pozmaqla birinci instansiya məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürərək sübutlara qiymət vermişdir.
Şikayətlə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu, ilk növbədə, onu göstərməyi vacib bilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə görə  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan Respublikası ərazisində məcburi qüvvəyə malikdir.
Eyni müddəa «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun  66.1-ci maddəsində də öz əksini tapmışdır.
Həmin Qanunun 66.2 və 63.4-cü maddələrinə əsasən Konstitusiya Məhkəməsinin qərarları qüvvəyə mindikdən sonra şərtsiz icra olunmalıdır, bu qərarlar qətidir, heç bir orqan və ya  şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
Ali Məhkəmənin Plenumu hazırkı iş üzrə  Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəinki şərtsiz icra etməmiş, əksinə onu təfsir edərək, onun qüvvəsini şübhə altına alaraq, Azərbaycan Respublikası Konstitusiyasının və «Konstitusiya Məhkəməsi haqqında» Qanunun yuxarıda göstərilən normalarının tələblərini kobud surətdə pozmuşdur.
Bundan başqa, Ali Məhkəmənin Plenumu mülki prosessual qanunvericiliyin tələblərini də aşkar surətdə pozmuşdur.
MPM-in 44-1-ci fəslində işlərə hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə baxılması nəzərdə tutulur. Bu icraatla əlaqədar, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli, 688-IIQD saylı Azərbaycan Respublikası Qanununun III hissəsinin 9-cu bəndinin və IV hissəsinin 7-ci bəndinin  Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IX hissəsinə uyğunluğunun yoxlanılmasına dair»  25 yanvar 2005-ci il tarixli  qərarında  göstərilmişdir: «Hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat zamanı Ali Məhkəmənin Plenumunun hüquqi məsələlər üzrə işə baxması Konstitusiya Məhkəməsinin səlahiyyətlərinin mənimsənilməsinə və ya qərarlarının təhrifinə (təftişinə, genişləndirilməsinə, məhdudlaşdırılmasına və ya digər formada təfsir olunmasına) səbəb olmamalı, konstitusiya ədalət mühakiməsinin səmərəliliyinə xələl gətirməməli və kassasiya instansiyası məhkəməsinin konstitusiya statusuna uyğun olaraq həyata keçirilməlidir. Bu zaman Ali Məhkəmə və digər məhkəmələr öz qərarlarını yalnız Konstitusiya Məhkəməsi tərəfindən müvafiq iş üzrə müəyyənləşdirilmiş hədlər çərçivəsində qəbul etməlidir. Konstitusiya Məhkəməsi Plenumunun qərarında göstərilən hüquqi məsələlər və pozulmuş hesab edilən hüquq və azadlıqlar həmin hədləri təşkil edir.
Bu mövqe «Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» 11 iyun 2004-cü il tarixli Qanunla prosessual qanunvericiliyə edilmiş dəyişikliklərlə və hal-hazırda MPM-də təsbit olunmuş digər müddəalarla da təsdiqlənir. Belə ki, MPM-in 431-4.2-ci maddəsinə əsasən hüquq və azadlıqların pozulmasına dair Konstitusiya Məhkəməsinin qərarına uyğun olaraq Ali Məhkəmənin Plenumu həmin maddədə nəzərdə tutulmuş müvafiq qərarı qəbul edir. Göründüyü kimi, Ali Məhkəmənin Plenumunun qərarı Konstitusiya Məhkəməsinin insan hüquq və azadlıqlarının pozulması ilə bağlı yeni hallar üzrə icraat üçün əsas olmuş qərarına uyğun olmalıdır».
Ali Məhkəmənin Plenumu mübahisələndirilən iş üzrə Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarına uyğun olmayan qərar qəbul edərək, MPM-in 431-4.2-ci maddəsinin tələblərini pozmaqla yanaşı, Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda adı çəkilən 25 yanvar 2005-ci il tarixli qərarının göstərişlərinə də əməl etməmişdir.
İşin faktiki hallarının yoxlanılması ilə əlaqədar, Ali Məhkəmənin Plenumunun mülahizələrinə gəldikdə isə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, göstərilən iş üzrə Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında yalnız işin ümumi məhkəmələr tərəfindən müəyyənləşdirilmiş faktiki hallarına istinad edilmişdir. Bu isə heç bir halda Ali Məhkəmənin Plenumunun qərarında göstərildiyi kimi «işin faktiki hallarının yoxlanılması» kimi qəbul edilə bilməz.
Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilən qərarında hesab etmişdir ki, işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsi faktiki halları müəyyənləşdirərkən, tətbiq edilməli olan hüquq normalarını tətbiq etmədiyi və tətbiq etdiyi normaları düzgün şərh etmədiyi üçün yanlış nəticəyə gəlmişdir. Kassasiya instansiyası məhkəməsi isə apellyasiya instansiyası məhkəməsi  tərəfindən   hüquq   normalarının   düzgün   tətbiq     edilib-edilməməsini yoxlamamış, həmin məhkəmə tərəfindən buraxılmış nöqsanları təkrarlayaraq MPM-in 416, 417.0.3 və 418.1-ci maddələrinin tələblərinə cavab verməyən qərar qəbul etmişdir. Məhz bu əsaslara görə Ali Məhkəmənin İMDİÜMK-nın qərarı Konstitusiyaya və mülki-prosessual qanunvericiliyə uyğun olmayan hesab edilmişdir.
Ali  Məhkəmənin  Plenumu  qərarında MPM-in 416-cı maddəsinə istinadən haqlı olaraq belə nəticəyə gəlmişdir ki, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmasını yoxlayır.
Qeyd edilməlidir ki, Ali Məhkəmənin Plenumunun özü də müstəsna olaraq hüquqi məsələlər üzrə işlərə baxır (MPM-in 424.1-ci maddəsi).
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlər üzrə qəbul olunmuş bir çox qərarlarında vurğulamışdır ki, işə kassasiya  qaydasında baxan  məhkəmə  öz qərarında   müəyyən edilməmiş və yaxud da rədd edilmiş halları müəyyən etmək və yaxud da sübuta yetirilmiş kimi qəbul etmək, bu və ya digər sübutların mötəbərliyi və yaxud da mötəbər olmaması məsələlərinə dair,  bir sübutun digər sübutlar üzərində üstünlüyü barədə qabaqcadan qərar vermək hüququna malik deyil.
Bu o deməkdir ki, kassasiya instansiyası məhkəməsinin  müstəqil olaraq toplanmış sübutlar əsasında iş üçün əhəmiyyət kəsb edən halları müəyyən etmək  və əlavə olaraq yeni sübutlar toplamaq səlahiyyəti yoxdur. Göstərilən  müddəalar bütövlüklə əlavə kassasiyaya da aiddir.
Buna baxmayaraq, Ali Məhkəmənin Plenumu işə mahiyyəti üzrə baxmış apellyasiya instansiyası məhkəməsinin müzakirə predmeti olmayan Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən Ali Məhkəməyə təqdim olunan arayışa qiymət verərək, həmin arayışı sübut növü kimi qəbul etmişdir. Bununla da, Ali Məhkəmənin Plenumu MPM-in 424.1-ci maddəsinin tələblərini pozmuşdur.
Ali Məhkəmənin Plenumu tərəfindən Konstitusiyanın və qanunların tələblərinə uyğun olmayan qərarın qəbul edilməsi, öz növbəsində,  BTRİB-in  Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olmuşdur.
Ali  Məhkəmənin   Plenumu   qərarında   «Poçtbank»  SİB-in  hal-hazırda kredit borcunu ödəmək qabiliyyətli olmaması halını Milli Bankın mənafeyi baxımından əsas borclunun kreditorun tələbini ödəməkdən imtina edilməsinə bərabər tutmuşdur.
Konstitusiya Məhkəməsinin Plenumu   bununla bağlı qeyd edir ki, işin bu və ya digər halının qiymətləndirilməsi hər hansı bir tərəfin mənafeyi baxımından deyil, qanunun tələbləri baxımından həll edilməlidir. Həmin tələblərin dairəsi isə Konstitusiya Məhkəməsinin Plenumunun 19 noyabr 2004-cü il tarixli qərarında dəqiq müəyyənləşdirilmişdir.
Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun  3 mart 2005-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, 130-cu maddəsinin IX hissəsinin, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 63.4, 66.1 və 66.2-ci maddələrinin, Azərbaycan Respublikası MPM-in 424.1 və 431-4.2-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara və Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2004-cü il tarixli Qərarına uyğun olaraq Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu
 
Q Ə R A R A     A L D I :
 
1.Azərbaycan Respublikası Milli Bankının «Bakı Telefon Rabitəsi» İstehsalat Birliyinə və «Poçtbank» Səhmdar İnvestisiya Bankına qarşı əsas borcun və faiz borcunun tutulmasına dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin, 130-cu maddəsinin IX hissəsinin, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 63.4,  66.1 və 66.2-ci maddələrinin, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin  424.1 və 431-4.2-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2004-cü il tarixli Qərarına uyğun olaraq Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar elan olunduğu gündən qüvvəyə minir.
3. Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                              Fərhad Abdullayev