ANA SƏHİFƏ » Qərarlar » 15.02.05 Ə.Ə.Məmmədyarovun şikayəti üzrə AR Ali Məhkəməsinin MİÜMK-nın 03.03.04 tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI
KONSTİTUSİYA MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R  I
 
Ə.Ə.Məmmədyarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin
Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 03 mart tarixli qərarının
Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına
uyğunluğunun yoxlanılmasına dair
 
 
15 fevral  2005-ci il                                                                              Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), hakimlər F.Babayev (məruzəçi-hakim), B.Qəribov, R.Qvaladze, E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova  və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi Ə.Məmmədyarovun iştirakı ilə,
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında H.Həmdəmovun iddiasına dair  mülki    iş    üzrə  Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 03 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair  konstitusiya işinə baxdı.
Azərbaycan Respublikası Ali Məhkəməsi sədr müavininin 2005-ci il 13 yanvar tarixli, 2n-14 saylı məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim F.Babayevin məruzəsini, ərizəçi Ə.Məmmədyarovun çıxışını dinləyib, iş materiallarını müzakirə edərək Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN ETDİ:
 
Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 03 mart tarixli qərarı ilə Ə.Ə.Məmmədyarovun H.H.Həmidova qarşı mənzildən çıxarılma tələbi üzrə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2003-cü il 30 oktyabr tarixli qətnaməsi ləğv edilmiş və iş üzrə icra icraatına xtam verilmişdir.
Ə.Məmmədyarov Konstitusiya Məhkəməsinə verdiyi şikayətində Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının qərarını qanunsuz və əsassız hesab edərək onun ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ağsu rayon məhkəməsinin 1996-cı il 09 fevral tarixli qətnaməsi vaxtında icraya yönəldilmiş, bununla bağlı Ağsu rayon məhkəməsi tərəfindən Şamaxı rayon Məhkəmə icraçıları və məhkəmə nəzarətçiləri (bundan sonra Mİ və MN) şöbəsi tərəfindən lazımi aktlar tərtib edilmişdir.
İşin materiallarından göründüyü kimi Qəbələ rayon məhkəməsinin 1995-ci il 06 aprel tarixli qətnaməsi ilə H.Həmdəmovun ərizəsi üzrə miras əmlakı qəbul etmək müddətinin uzadılması, iddiaçı Ə.Məmmədyarovun alqı-satqı əqdinin bitmiş hesab edilməsi və tikintiyə sahiblik faktının müəyyən edilməsinə dair iddiası rədd edilmiş, Ə.Məmmədyarovun Şamaxı rayon, Çuxuryurd kəndində yaşayış sahəsi 43 kv metr olan birmərtəbəli, iki otaqlı yaşayış evinin mülkiyyətçisi olması faktı müəyyən edilmişdir.
Ağsu rayon məhkəməsinin 1996-cı il 09 fevral tarixli qətnaməsi ilə iddiaçı Ə.Məmmədyarovun həmin yaşayış evinə mülkiyyət hüququ tanınmış, H.Həmdəmovun ailə üzvləri ilə birlikdə həmin mənzildən çıxarılmasına dair iddiası təmin edilmişdir.
Göstərilən qətnamə ilə əlaqədar iddiaçı Ə.Məmmədyarova icra vərəqəsi verilmiş, eyni zamanda icra vərəqəsi icra olunması üçün 1996-cı il 18 mart  tarixdə aidiyyəti üzrə Şamaxı rayon məhkəməsinə göndərilmişdir. Lakin H.Həmdəmov qətnamənin icrasına maneçilik törətdiyindən bu barədə məhkəmə icraçıları tərəfindən müvafiq aktlar tərtib edilmişdir.
2003-cü ilin may ayında Ə.Məmmədyarov yenidən H.Həmdəmovun mənzildən çıxarılmasını məhkəmə icraçılarından tələb etmiş, lakin H.Həmdəmov qətnamənin icrasına imkan verməmiş və Şamaxı rayon MN və Mİ qrupunun hərəkətlərindən Qobustan rayon məhkəməsinə şikayət ərizəsi ilə müraciət etmişdir.
Qobustan rayon məhkəməsinin 2003-cü il 19 avqust tarixli qətnaməsilə H.Həmdəmovun Şamaxı rayon MN və Mİ qrupunun vəzifəli şəxslərinin hərəkətlərindən şikayəti əsassız olduğu üçün təmin edilməmişdir.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2003-cü il 30 oktyabr tarixli qətnaməsi ilə Qobustan rayon məhkəməsinin 2003-cü il 19 avqust tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmış, H.Həmdəmovun apellyasiya şikayəti təmin edilməmişdir.
H.Həmdəmovun şikayəti üzrə işə baxan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası 2000-ci ilin 01 sentyabr tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü və Mülki Prosessual Məcəlləsinin 358-ci maddələrinə əsaslanaraq, Apellyasiya Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2003-cü il 30 oktyabr tarixli qətnaməsini ləğv etmiş, iş üzrə icra icraatına xitam vermişdir.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Ə.Məmmədyarovun şikayəti ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri).
Əsas insan hüquqlarından olan mülkiyyət hüququ hər kəsin qanunla müəyyən olunmuş qaydada və üsullarla əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Mülki hüquqlara hörmət bəsləmək və onların müdafiəsinə kömək göstərmək bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər üçün məcburidir. Azərbaycan Respublikasının Konstitusiyası hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsinə təminat verir (maddə 60). Ölkəmizdə mülki hüquqların müdafiəsini qanunla müəyyənləşdirilmiş iş aidiyyətinə uyğun və konkret məhkəmə instansiyalarının səlahiyyətlərinə, hüquq və vəzifələrinə müvafiq olaraq məhkəmələr həyata keçirirlər.
2000-ci ilin 01 sentyabrınadək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra - qüvvədən düşmüş Mülki Məcəllə) 73-cü maddəsinə görə, hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il müəyyən edilmişdir.
2000-ci ilin 01 sentyabr tarixinədək qüvvədə olmuş Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – qüvvədən düşmüş Mülki Prosessual Məcəllə) 358-ci maddəsinə müvafiq olaraq, tərəflərin heç olmazsa birinin vətəndaş olduğu iş üzrə məhkəmə qətnaməsi, qanuni qüvvəyə mindiyi vaxtdan üç il ərzində, bütün qalan işlər üzrə isə, qanunvericiliklə sair qayda müəyyən edilməmişsə, bir il ərzində məcburi surətdə icra olunmağa təqdim edilə bilər.
Bu maddələrin məzmunundan göründüyü kimi, qüvvədən düşmüş Mülki Məcəllənin 73-cü maddəsi ümumi iddia müddətlərini, qüvvədən düşmüş Mülki Prosessual Məcəllənin 358-ci maddəsi isə icra sənədlərinin icraya təqdim edilməsi müddətlərini müəyyənləşdirir.
Mülki iş üzrə mübahisəli mənzilin şəxsi mülkiyyət hüququ əsasında Ə.Məmmədyarova məxsus olduğu məhkəmələr tərəfindən müəyyən edilmiş və mübahisəsiz qaydada qəbul olunmuşdur. H.Həmdəmovun iddiasına dair mülki iş üzrə birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən müəyyən olunmuş hallardan görünür ki, Ə.Məmmədyarov Ağsu rayon məhkəməsinin qətnaməsinin icraya yönəldilməsini birbaşa qətnamə çıxarıldıqdan sonra tələb etmiş, həmin qətnamə 1996-cı il 09 fevral tarixdə Şamaxı rayon məhkəməsinə göndərilməklə vaxtında icraya yönəldilmiş və Şamaxı rayon Mİ və MN şöbəsi  tərəfindən bununla bağlı müvafiq hərəkətlər edilmişdir. Belə ki, Şamaxı rayon Mİ və MN şöbəsi qətnamə çıxarıldıqdan dərhal sonra, yəni 1996-cı il 24-25 aprel, 06 may tarixlərində, həmçinin Ə.Məmmədyarov qətnamənin icrasını yenidən tələb etdikdən sonra 2003-cü ilin 21 may, 09 iyun tarixlərində H.Həmdəmovdan mübahisəli mənzildən çıxmasını tələb etmiş, lakin o, qətnamənin icrasına maneçilik törədərək mənzildən çıxmamışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası iş üzrə qüvvədən düşmüş Mülki Məcəllənin 73-cü və Mülki Prosessual Məcəllənin 358-ci maddələrinə istinad etməklə, həmin normativ hüquqi aktların tətbiq ediməli olmayan müddəalarını tətbiq etmişdir. Belə ki, ümumi iddia müddətləri məhkəmə aktlarının icrası ilə bağlı münasibətlərə şamil edilmir, digər tərəfdən isə qüvvədən düşmüş Mülki Prosessual Məcəllənin 358-ci maddəsinin məzmununa görə icra sənədlərinin icraya təqdim edilməsi müddətləri qətnamənin məhkəmə tərəfindən vaxtında icraya yönəldilmədiyi hallara tətbiq olunmur.
Bununla yanaşı, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası mülki işə baxarkən qanunla müəyyən edilmiş səlahiyyət həddini də aşmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417-ci maddəsində kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri müəyyənləşdirilmişdir. Həmin maddəyə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261.0.1-261.0.3, 261.0.6 və 261.0.7-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Lakin H.H.Həmdəmovun iddiasına dair mülki iş üzrə icraata kassasiya icraatı qaydasında xitam vermək üçün qeyd olunan maddələrdə nəzərdən tutulan hallardan heç biri mövcud olmamışdır. Eyni zamanda nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 417.0.4-cü maddəsi məhz iş üzrə icraata xitam verilməsindən bəhs edir. Lakin Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası mülki işə baxarkən öz səlahiyyət həddini aşmış və mübahisələndirilən qərarı ilə iş üzrə icra icraatına xitam vermişdir. Halbuki, həm qüvvədən düşmüş, həm də mövcud mülki-prosessual qanunvericilik belə səlahiyyəti aşağı məhkəmə instansiyalarına vermişdir (qüvvədən düşmüş Mülki Prosessual Məcəllənin 380-ci maddəsi və qüvvədə olan Mülki Prosessual Məcəllənin 262-ci maddəsi).
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, göstərilən mülki iş üzrə qərar qəbul edən Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyası tərəfindən qüvvədən düşmüş Azərbaycan Respublikası Mülki Məcəlləsinin 73-cü maddəsi və Mülki Prosessual Məcəlləsinin 358-ci maddəsi düzgün tətbiq edilməmiş, həmçinin, kassasiya instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 417-ci maddəsində müəyyən olunan səlahiyyətlərindən kənara çıxmış, bununla da, ərizəçinin Azərbaycan Respublikası Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququ və 60-cı maddəsində təsbit edilmiş hüquq və azadlıqlarının məhkəmədə müdafiəsi təminatı pozulmuşdur.
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ə.Məmmədyarov tərəfindən mübahisələndirilən mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 03 mart tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417-ci maddəsinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməli və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1.  Həmdəmov Həmdulla Həmdalı oğlunun iddiasına dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəmənin Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 2004-cü il 03 mart tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417-ci maddəsinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin və işə bu Qərara uyğun olaraq Azərbaycan Respublikası mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2.  Qərar dərc olunduğu gündən qüvvəyə minir.
3.  Qərar  «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski Raboçi»  qəzetlərində  və  «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  Məlumatı»nda dərc edilsin.
4.  Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.
 
 
 Sədrlik edən                                                     Fərhad Abdullayev