ANA SƏHİFƏ » Qərarlar » 09.02.05 Z.Ə Məmmədovanın şikayəti ilə əlaqədar AR Ali Məhkəməsinin MİÜMK-nın 07/07/02 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
Z.Ə Məmmədovanın   şikayəti ilə əlaqədar
Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər
üzrə Məhkəmə Kollegiyasının 07 iyul 2002-ci il tarixli
qərarının Azərbaycan Respublikasının Konstitusiyasına
və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
09 fevral 2005-ci il                                                                                              Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Ə.Sultanov (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov və S.Salmanovadan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi Z.Məmədovanın iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında ərizəçi Z.Məmədovanın şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 07 iyul 2002-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına    və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
Konstitusiya işinə cavabverən tərəfin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçi Z.Məmmədovanın çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYYƏN   ETDİ :
 
 Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 13 sentyabr 2001-ci il tarixli qətnaməsi ilə həmin rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin (MKTB) iddiası təmin edilərək cavabdeh Süleyman Əliyevin Bakı şəhəri, Ş.Bədəlbəyli küçəsindəki 59 saylı evin 9-cu mənzilindən çıxarılması qət edilmiş, S.Əliyevin Nəsimi rayon MKTB-nə və Zivər Məmmədovaya qarşı orderin ləğv edilməsi və mənzilə hüququn itirilməsinə dair qarşılıqlı iddiası rədd edilmişdir.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının (MİÜMK) 19 noyabr 2001-ci il tarixli qərarı ilə yuxarıda göstərilən məhkəmə qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının (MİÜMK) 16 yanvar 2002-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin adı çəkilən qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.
Apellyasiya Məhkəməsi MİÜMK-nın 08 aprel 2002-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qətnaməsi dəyişdirilərək S.Əliyevin ailə üzvləri ilə birlikdə mübahisəli mənzildən çıxarılması qət edilmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır.
Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın 07 iyun 2002-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin 08 aprel 2002-ci il tarixli qətnaməsi dəyişdirilmiş, S.Əliyevə qarşı mənzildən çıxarılması barədə iddia rədd edilmiş, S.Əliyevin Z.Məmmədovaya və Nəsimi MKTB-nə qarşı iddiası təmin edilərək, Z.Məmmədovanın adına mübahisəli mənzilə verilmiş order etibarsız hesab edilmişdir.
Z.Məmmədova kassasiya instansiyası məhkəməsinin sonuncu qərarını qanunsuz və əsassız hesab edərək şikayətində həmçinin göstərir ki, Ali Məhkəmənin MİÜMK-sı mülki prosessul qanunveririciliyi ilə ona verilmiş səlahiyyət hədlərindən kənara çıxmaqla, iş üzrə mahiyyət etibarı ilə yeni qərar qəbul etmişdir. Bununla əlaqədar olaraq ərizəçi mübahisələndirilən məhkəmə aktının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş edir.
İşin mahiyyətinə toxunmadan Z.Məmmədovanın şikayəti ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
«Aztelekom» İstehsalat Birliyinin, A.N.Zalovun, C.Z.İbrahimovanın və digərlərinin şikayətləri üzrə qəbul etdiyi qərarlarında Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, qanunverici tərəfindən müəyyən edilmiş qaydalara görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Bu normaların pozulmasını və ya düzgün tətbiq olunmamasını müəyyən etdikdə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını ləğv edə bilər və bu halda işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər (MPM-nin 416, 418.1 və 417.0.3-cü maddələri).
Ali Məhkəmənin MİÜMK-sı Apellyasiya Məhkəməsinin kollegiyası tərəfindən qanunun düzgün tətbiq edilmədiyini müəyyənləşdirərək işi yenidən apellyasiya instansiyası məhkəməsinə göndərmək əvəzinə, həmin kollegiya tərəfindən qəbul edilmiş qətnaməyə dəyişiklik edilməsi adı ilə faktiki olaraq mahiyyət üzrə yeni qərar qəbul etməklə, MPM-nin yuxarıda göstərilən maddələrin tələblərini pozmuşdur. Bu isə, öz növbəsində, Z.Məmmədovanın Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olmuşdur.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Z.Məmmədova tərəfindən mübahisələndirilən Ali Məhkəmənin MİÜMK-nın qərarı Konstitusiyanın 60-cı maddəsinə, MPM-nin 416 417.0.3 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1. Bakı şəhəri, Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin Süleyman Əliyevə qarşı mənzildən çıxarılma, S.Əliyevin Nəsimi rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi və Zivər Məmmədovaya qarşı   orderin ləğv edilməsi və mənzilə hüququn itirilməsinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin   Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının   07 iyul   2002-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3.Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4.Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
 Sədrlik edən                                                                  Ələddin Sultanov