ANA SƏHİFƏ » Qərarlar » 04.02.05 S.M.Məmmədov və S.M.Məmmədovanın şikayəti ilə əlaqədar AR Ali Məhkəməsinin MİÜMK-nın 05/02/04 il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 
 
AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN
 
AZƏRBAYCAN RESPUBLİKASI KONSTİTUSİYA
MƏHKƏMƏSİ PLENUMUNUN
 
Q Ə R A R I
 
S.M.Məmmədov və S.M.Məmmədovanın şikayəti ilə əlaqədar  Azərbaycan
Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının
05 fevral 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının
Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
 
04 fevral 2005-ci il                                                                                               Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, B.Qəribov, R.Qvaladze (məruzəçi-hakim), E.Məmmədov, İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi Salman Məmmədovun və onun nümayəndəsi Ə.Həbilovun iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında ərizəçilər Salman və Səmayə Məmmədovların şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 05 fevral 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
Konstitusiya işinə cavabverən tərəfin iştirakı olmadan baxılmışdır.
İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçi Salman Məmmədovun nümayəndəsi Ə.Həbilovun çıxışını dinləyib, işin materiallarını araşdırıb müzakirə edərək, Konstitusiya Məhkəməsinin Plenumu
 
MÜƏYƏN ETDİ:
 
Şəmkir rayon məhkəməsinin 28 avqust 2002-ci il tarixli qətnaməsi ilə Salman və Səmayə Məmmədovların Cəmilə Səfixanovaya və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsi, miras əmlakdan pay tələbi ilə əlaqədar iddiaları rədd olunmuş, C.Səfixanovanın qarşılıqlı iddiası təmin olunmaqla, tərəflərin adına qeyd olunmuş tikililərin yerləşdiyi torpaq sahəsinin yarı bölünüb hasarlanması qət edilmişdir.
Azərbaycan Respublikası Apellyasiya Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının (MİÜMK) 17 sentyabr 2003-cü il tarixli qətnaməsi ilə rayon məhkəməsinin qətnaməsi ləğv edilmiş, Salman və Səmayə Məmmədovların iddiaları təmin olunmuş, qarşılıqlı iddia isə rədd edilmişdir.
Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 5 fevral 2004-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmiş, Salman və Səmayə Məmmədovların iddiaları rədd edilmiş, C.Səfixanovanın qarşılıqlı iddiası təmin olunmaqla, həyətyanı sahənin rayon məhkəməsinin müəyyən etdiyi qaydada bölünməsi qərara alınmışdır.
Salman və Səmayə Məmmədovların əlavə kassasiya şikayəti Ali Məhkəmənin sədrinin 24 iyun 2004-cü il tarixli məktubu ilə təmin edilməmişdir.
Salman və Səmayə Məmmədovlar kassasiya instansiyası məhkəməsinin qərarını qanunsuz hesab edərək, onun Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını xahiş edirlər. Şikayət, həmçinin, onunla əsaslandırılmışdır ki, Ali Məhkəmənin MİÜMK-sı qanunla ona verilmiş səlahiyyət hədlərindən kənara çıxaraq, işin mahiyyəti üzrə yeni qərar qəbul etmişdir.
Şikayətlə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.
Konstitusiya Məhkəməsininin Plenumu şikayətlər üzrə qəbul edilmiş bir çox qərarlarında göstərmişdir ki, qanunverici tərəfindən müəyyən edilmiş qaydalara görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən qəbul edilən aktların hüquqi baxımdan qanuniliyini, yəni maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416-cı maddəsi). Qanunun bu müddəasına görə kassasiya instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmır. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmamasını müəyyən etdikdə isə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadını ləğv edə bilər (MPM-nin 418.1-ci maddəsi). Bu halda kassasiya instansiyası məhkəməsi işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər (MPM-nin 417.0.3-cü maddəsi).        
Salman və Səmayə Məmmədovların mülki işi üzrə Ali Məhkəmənin MİÜMK-sı Apellyasiya Məhkəməsinin kollegiyası tərəfindən qanunun düzgün tətbiq edilmədiyini müəyyənləşdirərək, işi yenidən apellyasiya instansiyası məhkəməsinə göndərmək əvəzinə, həmin kollegiya tərəfindən qəbul edilmiş qətnaməyə dəyişiklik edilməsi adı ilə faktiki olaraq mahiyyət üzrə yeni qərar qəbul etmişdir. Bununla da kassasiya instansiyası məhkəməsi MPM-nin yuxarıda göstərilən maddələrinin tələblərini pozmuşdur. Bu isə, öz növbəsində, Salman və Səmayə Məmmədovların Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsində təsbit olunmuş hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi hüquqlarının pozulmasına səbəb olmuşdur.
Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Salman və Səmayə Məmmədovlar tərəfindən mübahisələndirilən Ali Məhkəmənin MİÜMK-nın qərarı Konstitusiyanın 60-cı maddəsinə, MPM-nin 416, 417.0.3 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1. S.M. Məmmədov və S.M.Məmmədovanın C.Ə.Səfixanovaya və qeyrilərinə qarşı qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələrin etibarsız hesab edilməsinə, miras əmlakdan pay tələbinə, C.Səfixanovanın S.Məmmədovdan həyətyanı torpaq sahəsindən istifadə qaydasının müəyyən edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə Məhkəmə Kollegiyasının 5 fevral 2004-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci maddələrinin tələblərinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.
 2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.
3.Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4.Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
 
 
Sədrlik edən                                                                Fərhad Abdullayev