ANA SƏHİFƏ » Qərarlar » 01.02.05 «Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə AR Ali Məhkəməsinin İMDİÜMK-nın 08/01/04-il qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılması
 
 
AZƏRBAYCAN RESPUBLIKASI ADINDAN
 
Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun
 
QƏRARI
 
«Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 08 yanvar 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair
 
1 fevral 2005-ci il                                                                          Bakı şəhəri
 
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu F.Abdullayev (sədrlik edən), F.Babayev, R.Qvaladze, E.Məmmədov (məruzəçi-hakim),  İ.Nəcəfov, S.Salmanova və Ə.Sultanovdan ibarət tərkibdə,
məhkəmə katibi İ.İsmayılovun,
ərizəçi Ə.Cəfərov və onun nümayəndəsi R.Əhmədovun iştirakı ilə
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında «Xəyal» kəndli fermer təsərrüfatının başçısı Ə.Cəfərovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 08 yanvar 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.
Azərbaycan Respublikası Ali Məhkəməsi sədr əvəzinin 06 dekabr 2004-cü il tarixli 2n-414 8i-11/04 saylı məktubuna əsasən konstitusiya işinə cavabverən tərəfin – Ali Məhkəmənin nümayəndəsinin iştirakı olmadan baxılmışdır.
Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim E.Məmmədovun məruzəsini, ərizəçi Ə.Cəfərov və onun nümayəndəsi R.Əhmədovun çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək
 
MÜƏYYƏN  ETDI:
 
«Xəyal» kəndli fermer təsərrüfatı (bundan sonra – «Xəyal» KFT) iddia ərizəsi ilə Azərbaycan Respublikası 3 saylı Yerli iqtisad məhkəməsinə müraciət edərək, «Sabirabad-pambıq» açıq səhmdar cəmiyyətinə (bundan sonra – «Sabirabad-pambıq» ASC) qarşı 1995-1996-cı illərdə bağlanmış xam pambıq kontraktasiyası müqavilələri üzrə yaranmış 129.340.000 (yüz yirmi doqquz milyon üç yüz qırx min) manat məbləğində borcun tutulmasını və icranın cavabdehin əmlakına yönəldilməsini xahiş etmişdir. İddia ərizəsi 3 saylı Yerli iqtisad məhkəməsinin 27 iyun 2001-ci il tarixli qətnaməsi ilə təmin edilmişdir.
Qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ərzində şikayət verilmədiyindən qətnamə qanuni qüvvəyə minmişdir.  Lakin qətnamə «Sabirabad-pambıq» ASC tərəfindən icra edilmədiyindən, Məhkəmə Nəzarətçiləri və Məhkəmə İcraçıları Qrupunun təqdimatı əsasında 3 saylı Yerli iqtisad məhkəməsinin 27 fevral 2003-cü il tarixli qərardadı ilə  «Sabirabad-pambıq» ASC-yə məxsus olan bəzi avtonəqliyyat vasitələrinin və kənd təsərrüfatı texnikalarının üzərinə həbs qoyulmuşdur.
05 fevral 2003-cü il tarixdə isə (yəni məhkəmə qətnaməsi qəbul olunduğu gündən 1 il 7 aydan sonra) Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti (bundan sonra – Əmlak Departamenti) apellyasiya şikayəti verərək, «Sabirabad-pambıq» ASC-nin səhmlərinin 29,02 faizinin dövlət mülkiyyətində olmasına baxmayaraq işə cəlb edilmədiklərinə görə «Sabirabad-pambıq» ASC-nin nizamnamə kapitalında dövlət payının saxlanılması və idarə edilməsi ilə bağlı hüquqlarının pozulduğunu, buna görə də 3 saylı Yerli iqtisad məhkəməsinin 27 iyun 2001-ci il tarixli qətnaməsinin ləğv edilməsini, işə onun iştirakı ilə baxılmaqla yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin məhkəmənin 06 fevral 2003-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti baxılmadan geri qaytarılmışdır.
Qərardaddan narazı qalan Əmlak Departamenti, Azərbaycan Respublikası İqtisad Məhkəməsinə apellyasiya şikayəti ilə müraciət etmişdir.
«Xəyal» KFT Əmlak Departamentinin apellyasiya şikayətini qəbul etməmiş və öz mövqeyini onunla əsaslandırmişdir ki, məhkəmə qətnaməsi qanunla nəzərdə tutulmuş müddətdə işdə iştirak edən şəxslərə göndərildiyi üçün həmin qətnamə barədə səhmdarları xəbərdar etmək vəzifəsi məhz «Sabirabad-pambıq» ASC-nin üzərinə düşürdü.
Azərbaycan Respublikasının İqtisad Məhkəməsi 25 mart 2003-cü il tarixli qərardadı ilə 3 saylı Yerli iqtisad məhkəməsinin 06 fevral 2003-cu il tarixli qərardadını dəyişdirilmədən saxlayaraq Əmlak Departamentinin şikayətini təmin etməmişdir. 
Azərbaycan Respublikası İqtisad Məhkəməsinin mövqeyi  ondan ibarət olmuşdur ki, Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 357-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.  3 saylı Yerli iqtisad məhkəməsinin 27 iyun 2001-ci il tarixli qətnaməsi mülki iş üzrə cavabdeh qismində çıxış edən «Sabirabad-pambıq» ASC-yə poçt vasitəsilə göndərilmişdir. «Sabirabad-pambıq» ASC MPM-in 360-cı maddəsində nəzərdə tutulduğu kimi məhkəmə qətnaməsi ona təqdim olunan (alınan) gündən 1 ay müddətində apellyasiya şikayətini verməmişdir. Əmlak Departamenti isə apellyasiya şikayətini məhkəmə qətnaməsinin qəbul edilməsindən 1 il 7 ay sonra vermişdir.  MPM-in 361.1.3-cü maddəsinə görə apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmiş, həmin Məcəllənin 130.1 və 130.3-cü maddələrinə görə isə qanunla müəyyən edilmiş müddət keçdiyi üçün prosessual hərəkətləri etmək hüququ da keçmiş hesab olunmalıdır.
Bundan sonra Əmlak Departamenti Azərbaycan Respublikası Ali Məhkəməsinin İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasına  (bundan sonra – Ali Məhkəmənin İMDİÜMK) müraciət edərək, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsini xahiş etmişdir. 
Ali Məhkəmənin İMDİÜMK 22 may 2003-cü il tarixli qərarı ilə Əmlak Departamentinin kassasiya şikayətini təmin edərək Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 25 mart 2003-cü il tarixli qərardadını ləğv etmiş və işi yenidən apellyasiya instansiyası məhkəməsinə göndərmişdir.
İşə yenidən baxdıqdan sonra Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 06 avqust 2003-cü il tarixli qərardadı ilə 3 saylı Yerli iqtisad məhkəməsinin 06 fevral 2003-cü il tarixli qərardadı ləğv edilmiş və Əmlak Departamenti tərəfindən həmin məhkəmənin 27 iyun 2001-ci il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti mümkün hesab edilərək icraata qəbul olunmuşdur. Məhkəmə həmçinin Əmlak Departamentinin mülki iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunmasını qət etmişdir. 
Azərbaycan Respublikasının İqtisad Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2001-ci il tarixli, 495 saylı Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında» Əsasnamənin 10.82-ci maddəsinə istinadən müəssisələrin nizamnamə kapitalında dövlətə məxsus payların (səhmlərin) saxlanılması və onların idarə olunmasının təmin edilməsinin bilavasitə İqtisadi İnkişaf Nazirliyinin funksiyalarına aid olduğunu qeyd edərək Nazirliyin işə cəlb edilməməsi nəticəsində  3 saylı Yerli iqtisad məhkəməsinin 27 iyun 2001-ci il tarixli qətnaməsi ilə Nazirliyin «Sabirabad-pambıq» ASC-nin nizamnamə kapitalında dövlət payının (səhmlərin) saxlanılması və idarə edilməsi ilə bağlı hüquqlarının pozulmasına gətirib çıxaran qətnamə qəbul etdiyini göstərmişdir. 
Məhkəmə həmçinin qeyd etmişdir ki, 1995-1996-cı illər ərzində təhvil verdiyi xam pambığın dəyəri 30 dekabr 1997-ci il tarixli üzləşmə aktı tərtib edildikdən sonra ödənilmədiyindən həmin müddətdən etibarən iddiaçı öz hüquqlarının pozulduğunu bilmiş və iddia müddətinin axımı da həmin vaxtdan başlandığından birinci instansiya məhkəməsi üzürsüz səbəbdən buraxılmış iddia müddətini bərpa etməklə maddi hüquq normalarını pozmuşdur.
Yuxarıdakılara əsasən Azərbaycan Respublikasının İqtisad Məhkəməsi 26 avqust 2003-cü il tarixli qətnaməsi ilə Əmlak Departamentinin apellyasiya şikayətini təmin edərək 3 saylı Yerli iqtisad məhkəməsinin 27 iyun 2001-ci il tarixli qətnaməsini ləğv etmiş və öz qətnaməsinin icrasının dönüşünün təmin edilməsi qərarına gəlmişdir. Bunun üçün məhkəmə qət etmişdir ki, 3 saylı Yerli iqtisad məhkəməsinin 27 fevral 2003-cü il tarixli qərardadı ilə üzərinə həbs qoyulmuş cavabdehə məxsus kənd təsərrüfatı texnikası «Sabirabad-pambıq» ASC-yə qaytarılsın. 
Azərbaycan Respublikası İqtisad Məhkəməsinin qətnaməsindən narazı qalan «Xəyal» KFT Ali Məhkəmənin İMDİÜMK-na kassasiya şikayəti ilə müraciət etmişdir.  Ali Məhkəmənin İMDİÜMK 08 yanvar 2004-cü il qərarı ilə kassasiya şikayətini təmin etməmiş,  Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 26 avqust 2003-cü il tarixli qətnaməsini isə dəyişdirilmədən saxlamışdır.  Əlavə kassasiya qaydasında iddiaçının şikayətinə isə Ali Məhkəmənin sədrinin 21 may 2004-cü il tarixli məktubu ilə cavab verilmişdir ki, əsas olmadığına görə şikayət Ali Məhkəmənin Plenumunun baxışına çıxarılmadan saxlanılmışdır.
Bundan sonra «Xəyal» KFT-nin başçısı Ə.Cəfərov Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edərək Ali Məhkəmənin İMDİÜMK-nın 08 yanvar 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsinin I hissəsinə, habelə Azərbaycan Respublikası MPM-in 416 və 418-ci maddələrinə uyğun olmadığına görə ləğv olunmasını xahiş etmişdir.
Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.
Konstitusiyanın 60-cı maddəsi hüquq və azadlıqların məhkəmə təminatını əks etdirir. Bu maddədə təsbit olunmuş hər kəsin məhkəmə müdafiə hüququnun həyata keçirilməsi mövcud qanunvericiliklə müəyyən olunur.  Konstitusiya Məhkəməsinin öz qərarlarında dəfələrlə bəyan etdiyi kimi hər hansı bir məhkəmə işinə mahiyyəti üzrə baxılarkən maddi və prosessual qaydalara riayət edilməməsi Konstitusiyanın müddəalarının pozulmasına gətirib çıxaran hal kimi qiymətləndirilməlidir. 
Məhkəmə müdafiə hüququ Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq hüquqi sənədlərdə də ədalətli məhkəmə araşdırılması hüququ kimi öz əksini tapmışdır.  Belə ki, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndinə əsasən, hər kəs ona qarşı irəli sürülən hər hansı cinayət ittihamına baxılarkən, yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələri müəyyənləşdirilərək işinə qanun əsasında yaradılmış səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətlə və açıq baxılması hüququna malikdir.  Eyni müddəa İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndində də öz əksini tapmışdır. Həmin maddədə qeyd olunur ki, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.
«Xəyal» KFT-nın başçısı Ə.Cəfərovun konstitusiya şikayətində Ali Məhkəmənin İMDİÜMK-nin 08 yanvar 2004-cü il tarixli qərarının  məhkəmə müdafiə hüququnun (ədalətli məhkəmə araşdırılması hüququnun) pozulmasına görə mübahisələndirilməsi səbəbindən iddia müddəti, məhkəmə icraatında mülki iş üzrə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxslərin iştirakı, habelə apellyasiya şikayətinin verilməsi ilə bağlı məsələlərə toxunulması zərurətini yaradır.
Xəyal» KFT və «Sabirabad-pambıq» ASC arasında 1995-1996-ci illərdə pambığın kontraktasiya müqavilələri bağlanmışdır. Bu müqavilələr üzrə bir tərəf (Xəyal» KFT) öz vəzifəsini icra edərək ikinci tərəfə («Sabirabad-pambıq» ASC) pambığı təhvil vermiş, ikinci tərəf  isə pambığın əvəzinə birinci tərəfə əvvəlcədən müəyyən olunmuş pul məbləğini ödəməmişdir. Tərəflərin razılığı ilə yaranmış borc etiraf olunaraq sonradan ödənilməli idi.
Bununla bağlı mübahisəyə dair mülki işin başlanması «Xəyal» KFT tərəfindən məhkəməyə iddia verilməsindən sonraya təsadüf edir. Nəzərə almaq lazımdır ki, mülki hüquqda iddia müddəti (mülki hüquqların müdafiəsi müddəti) öz hüquqlarının məcburi həyata keçirilməsi və ya müdafiəsi müddəti kimi başa düşülür.
İş üzrə tətbiq olunmalı olan 1964-cü ildə qəbul edilmiş Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – əvvəlki MM) 73-cü maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası üzrə onun hüquqlarını müdafiə etmək üçün ümumi müddət (iddia müddəti) üç il, dövlət təşkilatlarının, kolxozların və kooperativlərin və s. ictimai təşkilatların bir-birinə olan iddiaları üzrə iddia müddəti bir il müəyyən edilir.
İddia müddətinin axımının  başlanması anının düzgün müəyyənləşdirilməsi böyük əhəmiyyət kəsb edir. Əvvəlki MM-in 78-ci maddəsinə müvafiq olaraq iddia müddətinin axımı iddia hüququ əmələ gələn gündən başlanır.
Mülki hüquqda qəbul olunmuş qaydaya görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır.
  Azərbaycan Respublikasının İqtisad Məhkəməsinin 26 avqust 2003-cü il tarixli qətnaməsindən göründüyü kimi iddia müddətinin axımı «Xəyal» KFT və «Sabirabad-pambıq» ASC arasında borcu təsdiqləyən birinci üzləşmə aktının tərtib edildiyi tarixdən, yəni 30 dekabr 1997-ci ildən hesablanır. Lakin birinci instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş işin faktiki hallarından görünür ki, 1995-1996-cı illərdə bağlanmış kontraktasiya müqavilələri üzrə «Sabirabad-pambıq» ASC-nin  «Xəyal» KFT qarşısında yaranmış borcu həmçinin 23 dekabr 1999-cu il tarixdə tərəflər arasında tərtib olunmuş üzləşmə aktında da etiraf olunmuşdur. Belə olan halda aydındır ki, tərəflər arasındakı hüquq münasibətləri həmin andan təzələnmişdir.
Lakin apellyasiya instansiyası məhkəməsi buna diqqət yetirmədən tərəflər arasında yalnız 1997-ci ildə tərtib olunmuş üzləşmə aktını əsas götürərək iddia müddətinin axımını həmin tarixdən hesablamışdır.
İddia müddəti ilə bağlı həmçinin nəzərə alınmalıdır ki, əvvəlki MM-in 82-ci maddəsinin mənasına görə keçirilmiş iddia müddətinin bərpası məsələsi yalnız üzürlü səbəblər olduğu halda tamamilə məhkəmənin iradəsindən asılı olaraq həll olunur. Təcrübədə belə səbəblər müxtəlif ola bilər. Onları birləşdirən amil ondan ibarətdir ki, bu səbəblər həmişə iddiaçı ilə bağlı olur.
Birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnamədə keçirilmiş iddia müddətinin bərpası üçün bir neçə səbəbdən istifadə olunmuşdur. Bunlar əsasən iddiaçının hüquqi savadının olmaması, mütəmədi olaraq müxtəlif dövlət hakimiyyəti orqanlarına müraciət olunması və məhkəmə rüsumu ödəmək üçün maddi imkanının olmaması ilə bağlıdır.
Apellyasiya instansiyası məhkəməsi isə həmin səbəbləri təhlil etmədən və bu hissədə öz qərarını əsaslandırmadan belə bir nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsi üzürsüz səbəbdən buraxılmış iddia müddətini bərpa etməklə maddi hüquq normalarını pozmuşdur.
«Xəyal» KFT-nın başçısı Ə.M.Cəfərovun konstitusiya şikayətində həmçinin işə baxan məhkəmələr tərəfindən Əmlak Departamentinin iş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb olunması və MPM-də nəzərdə tutulmuş prosessual müddətlərlə bağlı müddəaların düzgün tətbiq edilməməsi mübahisələndirilmişdir . 
Bununla əlaqədar olaraq ilk növbədə mülki iş üzrə cavabdeh qismində çıxış edən «Sabirabad-pambıq» ASC-nin hüquqi statusuna aydınlıq gətirilməlidir.
1 sentyabr 2000-ci il tarixdən qüvvəyə minmiş MM-in (bundan sonra – yeni MM) 43.1-ci maddəsinə görə hüquqi şəxs qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı vardır, öz öhdəlikləri üçün bu əmlakla cavabdehdir, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh olmaq hüququna malikdir. 
Yeni MM-in 98.1-ci maddəsinə müvafiq olaraq  nizamnamə kapitalı müəyyən sayda səhmlərə bölünmüş cəmiyyət səhmdar cəmiyyəti sayılır.  «Sabirabad-pambıq» ASC də təşkilati-hüquqi formasına görə açıq səhmdar cəmiyyətidir və müstəqil hüquqi şəxsdir.
Bu maddəyə əsasən səhmdar səmiyyətinin iştirakçıları (səhmdarlar) onun öhdəlikləri üçün cavabdeh deyildirlər və cəmiyyətin fəaliyyəti ilə bağlı zərər üçün onlara mənsub səhmlərin dəyəri həddində risk daşıyırlar.
Azərbaycan Respublikasının 29 noyabr 1996-cı il tarixli 208-I Q saylı Qanunu ilə təsdiq edilmiş «Dövlət müəssisəsinin səhmdar cəmiyyətinə çevrilməsinin Qaydaları haqqında» Əsasnamənin 7.3-cü bəndinə əsasən dövlət müəssisəsinin özəlləşdirmə prosesində səhmdar cəmiyyətinə çevrilməsi nəticəsində təsis edilmiş səhmdar cəmiyyəti dövlət qeydiyyatına alındığı andan nazirliklərin, dövlət komitələrinin, konsernlərin, şirkətlərin, birliklərin, digər sahə idarəetmə və yerli icra hakimiyyəti orqanlarının tabeliyindən çıxır (səhmlərin nəzarət zərfi dövlətin mülkiyyətində saxlanılan hallar istisna edilməklə).
Yeni MM-in 107.5-ci maddəsində nəzərdə tutulur ki, səhmdar cəmiyyətinin idarəetmə orqanlarının səlahiyyətləri, habelə onların qərarlar qəbul etməsi və cəmiyyətin adından çıxış etməsi qaydası bu Məcəlləyə və cəmiyyətin nizamnaməsinə uyğun olaraq müəyyənləşdirilir.
«Sabirabad-pambıq» ASC-nin məhkəmələrdə cavabdeh qismində çıxış etməsi onun nizamnaməsinə uyğun olaraq həyata keçirilmişdir.
Onun səhmdarlarından biri olan Əmlak Departamentinin «Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi haqqında» Əsasnamənin 10.82-ci maddəsinə istinadən mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilməsi və tanınması mülki qanunvericilik normaları ilə ziddiyət təşkil edir.
Analoji yanaşma BMT-nin Beynəlxalq Ədalət Məhkəməsi tərəfindən Belçikanın İspaniyaya qarşı 1970-ci il Barselona Trekşn işi üzrə qərarın 46-cı paraqrafında tətbiq edilmişdir.  Belə ki, Beynəlxalq Ədalət Məhkəməsi hüquqi şəxsin hüquqları və onun səhmdarlarının maraqları arasında fərqləndirmə aparmışdır. Məhkəmə qeyd etmişdir ki, hüquqi şəxsin hüquqları pozulduqda onun məsuliyyəti məhz hüquqi şəxs qismində yaranır.
Konstitusiya şikayətində həmçinin qeyd olunur ki, 3 saylı Yerli iqtisad məhkəməsinin 27 iyun 2001-ci il tarixli məhkəmə qətnaməsinin qəbul edilməsindən 1 il 7 ay sonra apellyasiya şikayətinin qəbul edilməsi və ona mahiyyəti üzrə baxılması mülki-prosessual qanunvericiliyin bir sıra normaları ilə uzlaşmır. Məsələnin təhlili üçün həmin qanunvericiliyin bəzi maddələrinin müddəaları nəzərdən keçirilməlidir. 
MPM-in 357.1-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər.
MPM-in 360-cı maddəsinə görə apellyasiya şikayəti məhkəmə qətnaməsi təqdim olunan (alınan) gündən 1 ay müddətində verilə bilər.
MPM-in 233.1-ci maddəsində göstərildiyi kimi məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Mülki işin materiallarından göründüyü kimi 3 saylı Yerli iqtisad məhkəməsinin 27 iyun 2001-ci il tarixli qətnaməsi qanunvericiliyin tələblərinə uyğun məhkəmə icraatının iştirakçılarına (tərəflərə) poçt vasitəsilə göndərildiyinə və apellyasiya şikayəti verilmədiyinə görə o, prosessual müddəalara əsasən qüvvəyə minmişdir. Əmlak Departamenti isə apellyasiya şikayətini qətnamənin qəbul edilməsindən 1 il 7 ay sonra vermişdir. Bu hal əvvəlcə birinci və apellyasiya  instansiyası  məhkəmələri tərəfindən apellyasiya şikayətinin verilməsi müddətinin keçirilməsi kimi qiymətləndirilərək şikayətin baxılmadan saxlanılmasına səbəb olmuşdur.
 Ali Məhkəmənin İMDİÜMK 22 may 2003-cü il tarixli qərarında isə qeyd edilmişdir ki, Əmlak Departamenti qətnamənin ona təqdim olunan andan dərhal apellyasiya şikayəti verdiyindən İqtisad Məhkəməsinin 25 mart 2003-cü il tarixli qərardadında Əmlak Departamenti tərəfindən prosessual müddətləri keçirməklə apellyasiya şikayətinin verilməsinə istinad olunması əsassız hesab olunmalıdır.   
Lakin məsələ ilə bağlı onu da nəzərə almaq lazımdır ki,  MPM-in 57.1-ci maddəsinin müddəalarına müvafiq olaraq mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslər iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər, bu qətnamə tərəflərdən birinə münasibətdə onların hüquq və vəzifələrinə təsir edə biləcəyi təqdirdə, prosesdə iddiaçının və ya cavabdehin tərəfində iştirak edə bilərlər.  Onlar işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə işdə iştirak etməyə cəlb oluna bilərlər.
Göstərilən maddəyə görə mübahisə predmeti barəsində müstəqil tələblər irəli sürməyən üçüncü şəxslərin məhkəmə icraatında iştirakı aşağıdakı şərtlərə əməl edildikdə mümkündür: 1) qəbul oluna biləcək məhkəmə qətnaməsi üçüncü şəxslərin hüquq və vəzifələrinə təsir edə bilərsə; 2) üçüncü şəxslərin iştirakı iddiaçının və ya cavabdehin tərəfində həyata keçirilərsə; 3) üçüncü şəxslərin iştirakı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılana qədər başlanmışdırsa; 4) üçüncü şəxslər iştirak etməyə işdə iştirak edən şəxslərin vəsatəti üzrə və ya məhkəmənin təşəbbüsü ilə cəlb olunurlarsa.
İşin materiallarından göründüyü kimi Əmlak Departamentinin işə mübahisə predmeti barədə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməsi prosessual tələblərlə  uyğunsuzluq təşkil edir. 
Apellyasiya instansiyası məhkəməsi «Xəyal» KFT və «Sabirabad-pambıq» ASC  arasında olan mübahisəyə dair mülki işə baxarkən bir sıra maddi və prosessual hüquq normalarının pozuntusuna yol vermişdir. Lakin Ali Məhkəmənin İMDİÜMK kassasiya şikayətinin dəlillərinə baxarkən bu hallara diqqət yetirməmiş və nəticədə özünün 08 yanvar 2004-cü il tarixli  qərarı ilə həmin şikayəti təmin etmədən, Azərbaycan Respublikası İqtisad Məhkəməsinin 26 avqust 2003-cü il tarixli qətnaməsini isə dəyişdirilmədən saxlamışdır. 
Bununla bağlı olaraq Konstitusiya Məhkəməsinin Plenumu kassasiya məhkəmə icraatına aid olan prosessual qanunvericiliyin bir sıra normalarının tələblərinin pozulmasını xüsusilə qeyd edir.
Belə ki, MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
MPM-in 418.1-ci maddəsinə müvafiq olaraq maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının kassasiya instansiyası tərəfindən ləğv edilməsi üçün əsasdır.
MPM-in 417.0.3-cü maddəsinə görə isə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.
Bu baxımdan «Xəyal» KFT ilə «Sabirabad-pambıq» ASC arasında yaranmış mübahisə üzrə həm apellyasiya, həm də kassasiya instansiyası məhkəmələrində qeyd edilən maddi və prosessual qanunvericilik normalarına riayət edilməməsi Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olmuşdur.
Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlir ki, «Xəyal» KFT-nın «Sabirabad-pambıq» ASC-yə qarşı mülki iş üzrə Ali Məhkəmənin İMDİÜMK-nın 08 yanvar 2004-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, MPM-in 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilməli və işə Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətlərdə yenidən baxılmalıdır.
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V, IX və X hissələrini, «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumu
 
QƏRARA ALDI:
 
1.     «Xəyal» kəndli fermer təsərrüfatının «Sabirabad-pambıq» açıq səhmdar cəmiyyətinə qarşı mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi İqtisadi Mübahisələrə dair İşlər üzrə Məhkəmə Kollegiyasının 08 yanvar 2004-cü il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417.0.3 və 418.1-ci maddələrinə uyğun olmadığı üçün qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətlərdə yenidən baxılsın.
2.     Qərar elan olunduğu gündən qüvvəyə minir.
3.     Qərar «Azərbaycan», «Respublika», «Xalq qəzeti», «Bakinski raboçi» qəzetlərində və «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı»nda dərc edilsin.
4.     Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.
  
 Sədrlik edən                                                      Fərhad Abdullayev