Qərarlar

08.01.20 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

8 yanvar 2021-ci il                                                                                                Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Sumqayıt Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193 və 1200-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi S.Qafari və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi və sosial qanunvericilik şöbəsinin müdiri M.Bazıqov, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi tərəfindən təqdim edilmiş mülahizələri, ekspert Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru A.Rüstəmzadənin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Sumqayıt Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1193, 1194 və 1200-cü maddələrinin şərh edilməsini xahiş etmişdir.

Müraciətdən görünür ki, iddiaçılar Ali Azimi və digərləri cavabdehlər Azimi Abbas və qeyrilərinə qarşı iddia qaldıraraq mərhum ataları Azimi Eynullah tərəfindən mülkiyyət hüququ ilə ona məxsus olan və sağlığında bağışlanmış Sumqayıt şəhəri Novxanı bağ massivi 137 V ünvanında yerləşən bağ evinə dair bağışlama müqaviləsinin hissəvi ləğv edilməsi, çıxarışın ləğv edilməsi, torpaqdan istifadə hüququnun və evin hissəsinə vərəsəlik hüququnun tanınması və digər tələblər irəli sürərək onlara çata biləcək məcburi payların artırılmasını xahiş etmişlər.

İddia onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 1200-cü maddəsinə uyğun olaraq, onların miras qoyan tərəfindən bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etmək hüquqları vardır. Belə ki, həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

Sumqayıt Şəhər Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 1200-cü maddəsinə istinad edərək göstərmişdir ki, qanunverici məcburi pay hüququnun olmasını vəsiyyətnamənin mövcudluğu ilə şərtləndirmişdir. Yəni miras əmlakda məcburi paya ancaq vəsiyyətnamə olduğu halda birinci növbə vərəsələr malik ola bilər, vəsiyyətnamə olmadığı halda isə qanun üzrə vərəsələrin belə hüququ yoxdur. Bu baxımdan məhkəmə hesab etmişdir ki, hazırkı işdə miras qoyan tərəfindən vəsiyyətnamə tərtib edilmədiyindən iddiaçıların Mülki Məcəllənin 1200-cü maddəsinə əsasən mirasdan məcburi pay tələb etmək hüquqları yoxdur.

İddiaçıların apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işi həll edərkən Mülki Məcəllənin 1200-cü maddəsinin məzmununu məhdudlaşdırıcı təfsir etmiş və nəticədə qanunsuz olaraq məcburi pay hüququnun olmasını vəsiyyətnamənin mövcudluğundan asılı etmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsi məhkəmə təcrübəsində bu cür işlərlə bağlı fikir ayrılığının mövcudluğunu nəzərə alaraq müvafiq normaların Konstitusiya Məhkəməsi tərəfindən şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir. Müraciətedən hesab edir ki, məsələyə dair hüquq tətbiqetmə təcrübəsində müxtəlif yanaşmaların olması məcburi pay tələb etmək hüququ olan şəxslərin öz hüquq və qanunla qorunan mənafelərini realizə etməsində çətinliklər yaradır.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən məsələyə aydınlıq gətirilməsi üçün, ilk növbədə, vərəsəlik hüququnun mahiyyəti və əsas prinsiplərinin, miras əmlak anlayışının, eləcə də vərəsəliyin növlərinə dair normaların nəzərdən keçirilməsini zəruri hesab edir.

Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə əsasən, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu norması vəsiyyət etmə hüququ ilə yanaşı, miras alma hüququna da təminat vermişdir. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.

Vərəsəlik hüququ obyektiv hüquq kimi ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin digər şəxslərə  keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Vərəsə olmaq hüququ, yəni subyektiv hüquq kimi vərəsəlik hüququ şəxsin mülki hüquq qabiliyyətinin tərkib hissəsidir.  Belə ki, vərəsə olmaq hüququ maya bağlandığı andan əmələ gəlir, bu hüququn həyata keçirilməsi isə yalnız doğumdan sonra mümkündür (Mülki Məcəllənin 25.3-cü maddəsi).

Vərəsəlik hüququ mülki hüququn ən böyük yarımsahələrindən olmaqla, özünəməxsus prinsiplərə malikdir. Vərəsəlik hüququnun prinsiplərinə universal hüquq varisliyi, vəsiyyət azadlığı, ailə-təminat, məcburi vərəsələrin hüquq və maraqlarının təmin olunması, vərəsəliyə çağrılan şəxslərin azad seçimi, miras qoyanın və vərəsələrin hüquq və maraqlarının, hüquq qaydalarının və mənəviyyatın mühafizəsi prinsiplərini aid etmək olar. Qeyd edilən prinsiplərin hər biri digər prinsipin təmin edilməsinə yönəlir və qanunvericilikdə nəzərdə tutulmuş qaydada və hədlərdə müəyyən maraqlar nəzərə alınmaqla məhdudlaşdırıla bilər.

Vərəsəlik hüququnun özəyini təşkil edən miras əmlak şəxsin ölümündən sonra hüquq varisliyi qaydasında vərəsələrə keçən əmlak və şəxsi qeyri-əmlak hüquqlarını ehtiva edir. Mülki Məcəllənin 1151.1-ci maddəsinə əsasən, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Miras qoyana sağlığında məxsus olan bütün hüquq və vəzifələr deyil, yalnız hüquqi təbiətinə görə başqasına verilə bilən hüquq və vəzifələr vərəsəlik qaydasında keçmək qabiliyyətinə malikdir.

Mülki qanunvericilik miras əmlakın başqa şəxslərə keçməsinin iki növünü müəyyən etmişdir. Mülki Məcəllənin 1133-cü maddəsinə görə, ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Qanun üzrə vərəsə sayılan şəxslərin dairəsi və onların vərəsəliyə çağırılması növbəliliyi Mülki Məcəllənin 1159-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə beş növbə vərəsəlik nəzərdə tutulmuşdur. Məcəllənin 1159.1.1-ci maddəsinə müvafiq olaraq, birinci növbədə olan vərəsələrə ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) aiddir. Qanunverici bu cür növbəliliyi müəyyən edərkən vərəsə olan şəxslərin qohumluq dərəcəsini nəzərə almışdır. Qanun üzrə vərəsəlik zamanı vərəsələr qanunvericiliklə müəyyən edilmiş qaydada miras əmlakdan bərabər pay almaq hüququna malikdirlər. Əvvəlki növbənin vərəsələrindən, heç olmasa, birinin mövcudluğu sonrakı növbənin vərəsəliyini istisna edir.  Qanun üzrə vərəsəlik halında vərəsəliyin şərtləri və qaydası miras qoyan tərəfindən dəyişdirilə bilməz.

Vəsiyyət üzrə vərəsəlik zamanı isə miras əmlak vəsiyyətnamədə göstərilən şəxslərə keçir. Bu zaman vərəsəliyin şərtləri və qaydası vərəsəlik hüququnun əsas prinsiplərindən olan vəsiyyət etmək azadlığına uyğun olaraq miras qoyanın iradəsi ilə müəyyən edilir.

Lakin nəzərə alınmalıdır ki, vəsiyyət etmək azadlığı prinsipi mütləq xarakter daşımır. Belə ki, mülki qanunvericilikdə vəsiyyət üzrə vərəsəlik və vəsiyyət etmək azadlığı məcburi vərəsələr institutu ilə məhdudlaşdırılmışdır. Məcburi pay hüququ olan vərəsələrə vəsiyyətnamədən asılı olmayaraq mirasdan məcburi pay almaq hüququna malik olan şəxslər aiddir. Həmin şəxslərin dairəsinin mövcudluğu vərəsəlik hüququnun cəmiyyətdə sosial-təminat funksiyasına malik olması ilə əlaqədardır. Bu funksiyanın təyinatı məhz birinci növbəli vərəsələr dairəsinə aid olan, bilavasitə miras qoyana daha yaxın olan, onunla bir qayda olaraq, birgə təsərrüfat aparan, onun himayəsində olan və ya həmin əmlakın əldə edilməsində bu və ya digər formada rolu olan şəxslərin maraqlarının müdafiəsindən ibarətdir.

Mülki qanunvericilikdə mirasda məcburi paya verilmiş anlayışın vərəsəlik hüququnun əsas prinsiplərindən olan məcburi vərəsələrin hüquq və mənafelərinin təmin edilməsi və ailə-təminat prinsipləri baxımından təhlil edilməsi həmin institutun mahiyyətinin, eləcə də bu hüququ əldə edən şəxslərin onu reallaşdırması qaydalarının dərk edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Mirasda məcburi pay – vərəsəlik hüququnun sosial-iqtisadi və əxlaqi yükü (dəyəri) olan ənənəvi hissəsidir. Mirasda məcburi payın anlayışı və ona hüququ olan subyektlərin dairəsi Mülki Məcəllənin 1193-cü maddəsində öz əksini tapmışdır. Həmin maddəyə müvafiq olaraq, vəsiyyət edənin uşaqlarının, valideynlərinin və arvadının (ərinin) vəsiyyətnamənin məzmunundan asılı olmayaraq mirasda məcburi payı vardır. Bu pay qanun üzrə vərəsəlik zamanı onlara çatası payın yarısını (məcburi pay) təşkil etməlidir. Məcburi payı tələb etmək hüququ isə mirasın açıldığı an əmələ gəlir. Bu cür tələb hüququ vərəsəlik üzrə keçir. Məcburi payı tələb etmək hüququ olan şəxs qarşısında digər vərəsələr birgə borclu kimi çıxış edirlər (Mülki Məcəllənin 1194-cü maddəsi).

Mirasda məcburi pay hüququ məcburi vərəsələrə (vəsiyyət edənin uşaqları, valideynləri və arvadına (ərinə)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq həcmi qanunvericiliklə müəyyən edilmiş qaydada verilən minimum pay haqqıdır.

Konstitusiya Məhkəməsi dəfələrlə vərəsəlikdə məcburi pay institutu ilə bağlı normaları ətraflı şəkildə təhlil edərək bu institutun mahiyyətinin və cəmiyyətin həyatında rolunun açıqlanmasına dair bir sıra qərarlar qəbul etmişdir. Plenumun formalaşdırdığı hüquqi mövqeyə görə, məcburi pay institutunun göstərilən qaydada təsbit olunması vəsiyyət etmə və varis olma hüququnun sosial ədalət baxımından hədlərinin (sərhədlərinin) olması ilə əlaqədardır. Belə ki, Mülki Məcəllənin 1193-cü maddəsinə əsasən, vəsiyyət edən vəsiyyətnamə əsasında bu şəxsləri mirasdan məcburi pay almaq hüququndan məhrum edə bilməz. Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə, yəni qanun üzrə vərəsələrdən məhz birinci növbə vərəsələri göstərməklə, qanunverici ailə münasibətlərinin qorunub saxlanması və himayə edilməsi məqsədini güdür (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1193-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin I və II hissələrinə, 29-cu maddəsinin I, II və III hissələrinə uyğunluğunun yoxlanılmasına dair” 2011-ci il 20 oktyabr tarixli Qərar).

Vətəndaş cəmiyyətinin özəyini təşkil edən ailə üzvlərinin mənafeyinin digər şəxslərin mənafeyindən üstün olması ailə-təminat prinsipindən irəli gəlir. Bu prinsipə əsasən, mülkiyyətçiyə yaşadığı dövrdə məxsus olan əmlakın (əmlakın müəyyən hissəsinin) iqtisadi təminatı vəfatından sonra əsasən onun yaxın ailə üzvlərinə məxsus olmalıdır. Mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malik olmaqla yanaşı, öz övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Mülkiyyətçinin bu cavabdehliyi onun ölümündən sonra vərəsəlik hüququnda öz təsbitini tapmış mirasda məcburi pay institutu ilə təmin edilmiş olur. Bu zaman yaxın qohumluqla (uşaq, ər, arvad, valideynlər) miras qoyana bağlı olan şəxslərə miras qoyanın iradəsindən asılı olmayaraq mirasda məcburi pay ayrılır. Beləliklə, qanunverici mirasda məcburi pay institutunu təsbit etməklə, ailə münasibətlərini bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan, bununla da etibarlı və sağlam ailə münasibətlərinə və təminatına zərər verə bilən qərarından qorumaq məqsədi daşıyır.

Məcburi pay tələb etmək hüququnun vəsiyyətnamənin mövcudluğundan asılı edilməsi ilə bağlı müraciətdə qaldırılan məsələyə dair qeyd edilməlidir ki, Mülki Məcəllənin 1193-cü maddəsi məhz cəmiyyətdə təşəkkül tapmış hüquqi və mənəvi prinsiplərə uyğun olaraq, məcburi pay hüququ olan şəxslərin dairəsini müəyyən etmişdir.

Qeyd olunduğu kimi, qanunverici Mülki Məcəllənin birinci növbə vərəsələri  nəzərdə tutan 1159.1.1-ci maddəsinin məqsədlərindən çıxış edərək məcburi pay hüququ olan şəxslərin dairəsini təsbit etmişdir. Bu isə onu göstərir ki, Məcəllənin 1159-cu maddəsinin müddəaları 1193-cü maddəyə münasibətdə müəyyənləşdirici norma kimi çıxış edir və orada sadalanan şəxslər Məcəllənin 1159.1.1-ci maddəsində də göstərilmişdir.

Göstərilənlərə əsasən belə nəticəyə gəlmək olar ki, qanunverici vərəsəlik və ailə hüquq institutlarının konstitusiya əhəmiyyətindən çıxış edərək Mülki Məcəlləyə “məcburi pay” anlayışını daxil etmiş və Mülki Məcəllənin 1193-cü maddəsində məcburi pay hüququ olan şəxslərin dairəsini bu cür müəyyən etməklə ailə münasibətlərinin himayə edilməsini, bununla da vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq birinci növbə vərəsələrin (məcburi vərəsələrin) qanunla onlara verilmiş minimum paylarının qorunması hüquqlarını təmin etmişdir.

Lakin Mülki Məcəllənin 1193-cü maddəsində əks olunmuş “vəsiyyət edən və vəsiyyətnamənin məzmunundan asılı olmayaraq” ifadələrinin hərfi mənada izah edilməsi, yəni mirasda məcburi pay hüququnun vəsiyyətnamənin mövcudluğundan və bununla da vəsiyyət edənin iradəsindən asılı edilməsi məcburi pay institutunun qoruduğu ictimai münasibətlərə zidd olmaqla, vəsiyyətnamə olmadığı təqdirdə birinci növbə vərəsələrə, yəni miras qoyanla eyni dərəcədə qohumluq münasibətlərində olan şəxslərə fərqli yanaşılmasına, zərurət olduğu təqdirdə onların öz məcburi paylarını qorumaq hüququndan məhrum edilməsinə, eləcə də yuxarıda göstərilən əsas prinsiplərin mahiyyətinin pozularaq əhəmiyyətsiz hala gətirilməsinə səbəb ola bilər.

Beləliklə Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanun üzrə vərəsələrdən, birinci növbə vərəsələrin  mirasda məcburi pay hüququ – vəsiyyətnamə ilə bağlı deyil və onların hüquqlarının pozulması nəticəsində yaranan, birtərəfli qaydada dəyişdirilməsi mümkün olmayan, icrası məcburi xarakter daşıyan subyektiv hüququdur.

Müraciətdə qaldırılan qanun üzrə vərəsələrin məcburi paylarının tamamlanmasını tələb etmək  hüquqlarının mövcudluğu məsələsinə gəlincə qeyd edilməlidir ki, Mülki Məcəllənin 1200-cü maddəsində əks olunan bu hüquq məcburi pay institutunun əsas məqsədi olan məcburi vərəsələrin əmlak hüquqlarının vəsiyyət edənin subyektiv iradəsindən qorunmasına və nəticədə onlara çatacaq məcburi payın pozulmasının qarşısının alınmasına xidmət edir.

Məcburi payın həcminin müəyyənləşdirilməsi qaydası Mülki Məcəllənin 1195-ci maddəsində nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, məcburi payın tam həcmi vəsiyyət tapşırığını və ya ümumi faydalı məqsədlər üçün hər hansı hərəkəti yerinə yetirməkdən ötrü nəzərdə tutulan əmlak da daxil olmaqla, bütün mirasdan müəyyənləşdirilir.

Bəzən miras qoyan vəfatından öncə yalnız vəsiyyətnamə ilə deyil, bağışlama müqaviləsi əsasında əmlakını əvəzsiz özgəninkiləşdirməklə də qanuni vərəsələrini həmin mirasdan məhrum edə və ya miras əmlakın həcmini azalda bilər. Bununla əlaqədar qeyd edilməlidir ki, mülkiyyətçinin öz əmlakına dair sərəncam verməsi, bağışlaması onun konstitusiya hüquqlarından biridir. Bu hüquqların məhdudlaşdırılması isə yalnız qanunvericilik qaydasında ola bilər və belə məhdudlaşdırma digər şəxslərin bəşəri hüquqlarının müdafiəsinə xidmət etməlidir.

Vərəsəlik hüquq institutu ailə və əmlak hüquq normaları qrupu arasında mövcud olan mülki hüquq münasibətlərini tənzimlədiyindən, bağışlanmış əşyanın vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair göstəriş Mülki Məcəllənin 32-ci fəslində də nəzərdə tutulmuşdur. Həmin fəsil bağışlamaya dair normaları təsbit edərək, bağışlama müqaviləsini sağ ikən bağlanan və hədiyyə verənin öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirən, hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilməyən müqavilə kimi müəyyən etmişdir (Mülki Məcəllənin 666.1-ci maddəsi).

Mülki Məcəllənin bağışlamaq və hədiyyəni qəbul etmək qabiliyyətini müəyyən edən 667-ci maddəsində isə bağışlamanın həyata keçirilməsi üçün zəruri olan şərtlər nəzərdə tutulmuşdur. Belə ki, Məcəllənin 667.1-ci maddəsində  göstərilmişdir ki, fəaliyyət qabiliyyətli şəxs öz əmlakına dair bağışlama yolu ilə o halda sərəncam verə bilər ki, həmin əmlak ər-arvadın ümumi mülkiyyəti və ya vərəsəlik hüququ ilə məhdudlaşmış olmasın.

Müvafiq maddədə bağışlama hüququnun konkret hansı vərəsələrin hüquqları ilə məhdudlaşdırıldığı dəqiq göstərilməsə də, Mülki Məcəllənin 667.1, 1193 və 1200-cü  maddələrinin funksional əlaqəsinin, həmçinin vərəsəlik hüququnun prinsipləri ilə bağlı yuxarıda qeyd olunanların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, qanunverici bağışlama qabiliyyətinin reallaşdırılmasını bağışlanan əmlakın vərəsəlik hüquq normalarına uyğun olaraq qanun üzrə vərəsələrdən birinci növbə vərəsələrə, yəni məcburi pay əldə etmək hüququ olan şəxslərə çatacaq əmlak payına daxil olan hissəsi ilə məhdudlaşdırmışdır.

Beləliklə, Mülki Məcəllənin 667.1-ci maddəsində bağışlama müqaviləsinin bağlanması zamanı vərəsəliklə bağlı müddəalarla mülkiyyətçi üçün müəyyən məhdudiyyətlər tətbiq edilməsi, vərəsəlik institutunun mahiyyətinin və prinsiplərinin, ailə maraqlarının qorunmasına xidmət edir və istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsəlik zamanı mirasda məcburi pay hüququ olan şəxslərin müvafiq paya hüquqlarını təsbit edir. Qanunverici həmin maddədə bağışlama müqaviləsinin əvəzsiz xarakter daşıdığını nəzərə alaraq bağışlamaya dair belə məhdudiyyət müəyyən etməklə, miras qoyan tərəfindən müxtəlif motivlə sağ ikən verilmiş sərəncamlar nəticəsində məcburi pay sahibi vərəsələrinin məcburi paylarının pozulmasının qarşısının alınması məqsədini güdmüşdür.

Vərəsəlik hüququ baxımından qeyd olunan normanın davamı olaraq Mülki Məcəllənin 1200-cü maddəsində məcburi payın bağışlanmış əşya hesabına artırılması qaydası nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, miras qoyan əşyanı üçüncü şəxsə bağışladıqda, məcburi paya hüququ olan şəxs, əgər bağışlanmış əşya mirasa daxil olsaydı, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb edə bilər. Əgər mirasın açıldığı vaxtadək hədiyyənin verilməsindən iki il keçirsə, hədiyyə hesaba alınmır.

Qeyd olunan maddə məcburi paya hüququ olan şəxslərin məcburi paylarının artırılmasını tələb etmək hüquqlarını müddətlə məhdudlaşdıraraq, yalnız hədiyyə kimi verilməsindən iki il keçməyən əşya hesabına həmin payın tamamlanmasını mümkün hesab etmişdir. Qanunvericilikdə bu şəkildə məhdudlaşdırıcı müddətin müəyyən olunması əsasən bağışlama müqavilələri baxımından hüquqi etimadın təmin olunmasında tarazlığı qorumaq məqsədinə yönəlmişdir.

Məcburi payın tamamlanması tələbi məcburi paya hüququn xüsusi forması olmaqla, subsidiar xarakter daşıyır. Bu tələbin əsas məqsədi bağışlama yolu ilə məcburi payın aradan qaldırılmasının və ya azaldılmasının qarşısını almaqla qanuni vərəsələrin pozulmuş hüquqlarını bərpa etməkdən ibarətdir. Tamamlanma tələbini Mülki Məcəllənin 1193-cü maddəsində sadalanmış şəxslər irəli sürə bilərlər. Bu cür tələb irəli sürüldükdə bağışlanmış əşya xəyali olaraq miras əmlaka əlavə olunur, həmin hissə ilə birgə miras dəyəri hesablanır, məcburi payın həcmi müəyyənləşdirilir və bu həcmin qarşılanmadığı təqdirdə məcburi paya hüququ olan vərəsələrə çatmalı olan tamamlanmamış hissə ödənilir.

Mülki Məcəllənin 1200-cü maddəsinin məzmunundan göründüyü kimi, tamamlanma tələbinin təmin edilməsi üçün bir neçə şərt eyni zamanda mövcud olmalıdır:

- tələb irəli sürən şəxs məcburi pay hüququna malik olan şəxslər sırasına aid olmalı;

- əşya bağışlama yolu ilə üçüncü şəxsin mülkiyyətinə verilmiş olmalı;

- əşyanın bağışlanmasından iki ildən artıq müddət keçməməli;

- həmin əşya mirasa daxil olsa idi, miras əmlakın həcmi artmış olmalı idi.

Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məcburi pay miras əmlakdan məcburi vərəsəyə mütləq şəkildə çatası pay olduğundan qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) belə payı miras qoyanın iradəsindən asılı olmadan əldə edirlər. Lakin vəsiyyətnamə olmadığı təqdirdə qeyd olunan şəxslərin aldığı miras əmlaka məcburi pay da daxil olduğundan, bir qayda olaraq həmin məcburi pay hüququnun müdafiəsinə zərurət qalmır. Bağışlama halında isə məcburi pay hüququ olan şəxslər hesab olunan birinci növbə vərəsələrə çatacaq pay pozulduğundan, onlar həmin bağışlanmış əşya hesabına məcburi paylarının tamamlanmasını tələb etməklə pozulmuş hüquqlarını bərpa edə bilərlər.

Bağışlanmış əşyanın məcburi payın hesablanmasında nəzərə alınması bir sıra ölkələrin qanunvericiliyində də öz əksini tapmışdır.

Almaniya Federativ Respublikasının mülki qanunvericiliyi məcburi payı vəsiyyətnamənin olmadığı zamandakı payın yarısı kimi təsbit edir və vəsiyyət edənin əşyanı üçüncü şəxsə bağışladığı halda, məcburi paya hüququ olan şəxsin, əgər bağışlanmış əşya mirasa daxil olsa idi, onun məcburi payının arta biləcəyi məbləğdə məcburi payın tamamlanmasını tələb etmək hüququnun olduğunu göstərir (Almaniya Federativ Respublikasının Mülki Məcəlləsinin 2303 və 2325-ci maddələri).

Fransa Respublikasının mülki qanunvericiliyinə görə, miras qoyan bir övladı varsa istər sağlığında, istərsə də ölümə bağlı sərəncam (vəsiyyətnamə) ilə əmlakının yarısını, iki övladı varsa üçdə birini, üç və daha çox övladı varsa dörddə biri barəsində əvəzsiz olaraq sərəncam vermək səlahiyyətinə malik deyildir (Fransa Respublikasının Mülki Məcəlləsinin 913-cü maddəsi).

Həmçinin, Yaponiya Mülki Məcəlləsinə görə, mirasın açılmasına kimi bir il ərzində bağışlanmış və hədiyyə verilmiş bütün əşyaların dəyəri məcburi payın hesablanmasına əsas olan məbləğə daxil edilir (Yaponiya Mülki Məcəlləsinin 1030-cu maddəsi).

Konstitusiya Məhkəməsinin Plenumu müvafiq qanunvericilik normalarını təhlil edərək qeyd edir ki, qüvvədə olan Mülki Məcəllənin 667.1-ci maddəsində mülkiyyətçinin öz əmlakına dair sərəncam vermək  hüququnun vərəsəlik hüququ ilə məhdudlaşdırıldığı göstərilsə də, bu hüququn hansı həcmdə və qaydada məhdudlaşdırılması və vərəsələrin həmin əmlaka hansı həcmdə hüquqlarının olması nəzərdə tutulmamışdır. Müvafiq qaydaların təkmilləşdirilməsi gələcəkdə mülkiyyətçinin və əşyanın bağışlandığı şəxsin öz hüquqlarını təminat altına ala bilməsinə, hüquqi müəyyənlik prinsipinin təmin edilməsinə, eləcə də vərəsəlik hüquq münasibətləri həyata keçirilərkən müvafiq vərəsələrin hüquqlarının aydın şəkildə tənzimlənməsinə xidmət etmiş olar.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin bağışlama hüququnun vərəsəliklə məhdudlaşdırılmasına dair 667.1-ci maddəsinin bu Qərarda əks olunmuş hüquqi mövqelər nəzərə alınmaqla qanunverici orqan tərəfindən təkmilləşdirilməsi məqsədəmüvafiq olardı.

Bununla yanaşı qeyd edilməlidir ki, qanunvericilik mülkiyyətçinin bağışlama qabiliyyətinin vərəsəlik hüququ ilə məhdudlaşdırılmasına dair norma nəzərdə tutmaqla yanaşı, miras qoyana sağlığında müvafiq şərtlər daxilində vərəsəlik hüququndan məhrum etmə imkanı da vermişdir. Belə ki, miras qoyan hər hansı vərəsəni, o cümlədən məcburi pay almaq hüququ olan vərəsəsini ləyaqətsiz vərəsə hesab etdirməklə mirasdan kənarlaşdıra bilər.  Mülki Məcəllənin 1137-ci maddəsinə görə, miras qoyanın son iradəsini həyata keçirməsinə qəsdən maneə törətmiş və bununla da özünün və ya özünə yaxın şəxslərin vərəsəliyə çağırılmasına və ya miras paylarının artırılmasına kömək göstərmiş, yaxud vəsiyyət edənin vəsiyyətnamədə ifadə edilmiş son iradəsinə qarşı qəsdən cinayət və ya digər əxlaqsız hərəkət törətmiş şəxs (ləyaqətsiz vərəsə) nə qanun üzrə, nə də vəsiyyət üzrə vərəsə ola bilməz, bu şərtlə ki, həmin hallar məhkəmə tərəfindən təsdiq edilsin. Həmin Məcəllənin 1203-cü maddəsinə əsasən isə məcburi pay almaq hüququndan məhrumetmə, ümumiyyətlə, vərəsəlik hüququndan məhrumetməyə səbəb olan hallar olduqda mümkündür. Məcburi pay almaq hüququndan məhrumetməni miras qoyan hələ öz sağlığında məhkəməyə müraciət etmək yolu ilə həyata keçirə bilər.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Mülki Məcəllənin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir;

- Mülki Məcəllənin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

  1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1 və 1193-cü maddələrinin tələblərinə uyğun olaraq, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (vəsiyyət edənin uşaqları, valideynləri və arvadı (əri)) vəsiyyətnamənin mövcudluğundan asılı olmayaraq məcburi pay hüququna malik olan şəxslərdir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 667.1 və 1200-cü maddələrinin məzmununa əsasən, qanun üzrə vərəsələrdən birinci növbə vərəsələr (məcburi pay hüququ olan vərəsələr) vəsiyyətnamə olmadığı təqdirdə də məcburi paylarının tamamlanmasını tələb etmək hüququna malikdirlər.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

    

Sədr                                                                                               Fərhad Abdullayev