Qərarlar

20.05.20 N.Səlimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

N.Səlimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

20 may 2020-ci il                                                                                    Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında N.Səlimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin vəkili Kamandar Nəsibovun, mütəxəssislər Azərbaycan Respublikası Milli Məclisi Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin baş məsləhətçisi Kəmalə Paşayeva və Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin yazılı çıxışlarınıiş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Rauf Kərimov 15 mart 2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən Bakı şəhəri Səbail rayonu Nizami küçəsində yerləşən 46 saylı evin 12/13 və 2 saylı mənzillərini Nurəddin Səlimova satmışdır. N.Səlimov  həmin mənzillərə  sahiblik və istifadə hüququ əldə etsə də, onlara mülkiyyət hüququnu təsdiq edən sənədləri əldə edə bilməmişdir.

Bakı Ağır Cinayətlər Məhkəməsinin 18 oktyabr 2016-cı il tarixli hökmü ilə R.Kərimov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2, 179.3.2, 213.2.2, 308.2 və 313-cü maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmçinin iş üzrə mülki iddiaçılara və zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin edilməsi məqsədi ilə üzərinə həbs qoyulmuş Bakı şəhəri Səbail rayonu Nizami küçəsində yerləşən 46 saylı evin 12/13 və 2 saylı mənzillərinin və digər daşınmaz əmlakın müsadirə olunmaqla açıq hərracda satılması, əldə edilən vəsaitlərin, ilk növbədə, vergi borcunun ödənilməsinə, sonra isə “Texnikabank” Açıq Səhmdar Cəmiyyəti və “Yunaytet Kredit Bank” Açıq Səhmdar Cəmiyyətinə vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi qərara alınmışdır.

Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarı ilə hökm mülki iddiaçılara və zərər çəkmiş şəxslərə vurulmuş ziyanın R.Kərimova məxsus daşınmaz əmlakın müsadirə olunmaqla açıq hərracda satılmasından əldə edilmiş vəsait hesabına ödənilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır.

Bakı şəhəri Səbail rayonu Nizami küçəsində yerləşən 46 saylı evin 12/13 və 2 saylı mənzillərinin sahibi N.Səlimov həmin daşınmaz əmlakın müsadirə olunaraq açıq hərraca çıxarılması barədə məlumat əldə etdikdən sonra maraqlarına toxunan şəxs kimi Azərbaycan Respublikası Ali Məhkəməsinin (bundan sonra – Ali Məhkəmə) sədrinə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının R.Kərimova məxsus mənzillərin müsadirə olunmaqla açıq hərracda satılması, əldə edilən vəsaitlərin vergi borcunun və vurulmuş ziyanın ödənilməsinə yönəldilməsi hissəsində ləğv edilməsi, həmin hissə üzrə işin yeni apellyasiya baxışına göndərilməsi  barədə təqdimat verilməsini xahiş etmişdir.

Ali Məhkəmənin 19 mart 2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 410.1-ci maddəsində göstərilən müddətin ötürülməsi əsası ilə təqdimat verilməsindən imtina olunmuşdur.

Həmin qərarda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının mübahisələndirilən qərarı 26 iyul 2017-ci il tarixində çıxarılmış, təqdimatın verilməsi üçün ərizə isə Ali Məhkəməyə 30 yanvar 2019-cu il tarixində daxil olmuşdur.

N.Səlimov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin 19 mart 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, Ali Məhkəmə tərəfindən Cinayət-Prosessual Məcəlləsinin 1.1, 10.1, 12.1, 18.1, 408.3, 416 və 419-cu maddələri düzgün tətbiq edilməmiş, bununla da ərizəçinin Konstitusiyanın 29-cu maddəsinin I hissəsində və 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş hüquqları, eləcə də 13-cü maddəsinin və 129-cu maddəsinin III hissəsinin tələbləri pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi  zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Məhkəmə təminatı bir tərəfdən hər kəsin pozulmuş hüquq və azadlıqlarının bərpası məqsədi ilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir.

Şikayətdə qaldırılan məsələ ilə bağlı qeyd olunmalıdır ki, cinayət prosesində iştirak etməyən şəxslərin də hüquqlarının və qanuni maraqlarının müdafiə və təmin edilməsi ədalət mühakiməsinin tələblərinə uyğun həyata keçirilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu K.Maraevin şikayəti üzrə 2016-cı il 29 iyul tarixli Qərarında işdə iştirak etməyə cəlb olunmamış və məhkəmənin qərarı ilə hüquqlarına və qanuni maraqlarına toxunan şəxsin “hüquqi statusuna” aydınlıq gətirmiş, onların pozulmuş hüquq və azadlıqlarının bərpası üçün səmərəli vasitələrlə təmin edilməsinin vacibliyini vurğulamışdır.

Cinayət-Prosessual Məcəlləsinin 12-ci maddəsinə əsasən, cinayət prosesini həyata keçirən orqanlar cinayət prosesində iştirak edən bütün şəxslərin Konstitusiya ilə təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarına riayət olunmasını təmin etməlidirlər. Cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə hüququ vardır.

Cinayət-Prosessual Məcəlləsinin 408.1-ci maddəsinə görə, kassasiya şikayəti və ya kassasiya protesti bu Məcəllədə nəzərdə tutulmuş qaydada və hallarda apellyasiya instansiyası məhkəmələri tərəfindən çıxarılmış hökm və qərarlardan verilə bilər.

Həmin Məcəllənin 408.3-cü maddəsinə müvafiq olaraq, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciətinə əsasən apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından bu Məcəllənin 408.2.4 - 408.2.7, 410, 413-cü maddələrində nəzərdə tutulmuş tələblərə uyğun olaraq təqdimat verir.

Göründüyü kimi, qanunverici kassasiya şikayətinin və ya kassasiya protestinin verilməsi qaydasında apellyasiya instansiyası məhkəməsinin hökm və ya digər yekun qərarından şikayət vermək hüququ olan şəxslərin dairəsini müəyyən edərkən, yalnız proses iştirakçıları ilə kifayətlənməmiş, buraya cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan, hüquq və azadlıqları pozulan digər şəxsləri də aid etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət işində iştirak etməyə cəlb olunmayan şəxslərin Konstitusiya ilə təmin edilən hüquq və azadlıqlarının pozulması faktı təqdimat verilməsi məqsədi ilə Ali Məhkəmənin sədrinə müraciət edilməsi üçün tutarlı əsas kimi qiymətləndirilməlidir.

Oxşar hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” 2010-cu il 17 iyun tarixli Qərarında təqsirləndirilən şəxsə münasibətdə bildirilmişdir.

Cinayət-Prosessual Məcəlləsinin 408.3-cü maddəsi məhkəmənin hökm və ya digər yekun qərarından təqdimat verilməsi üçün bu Məcəllənin 408.2.4 - 408.2.7, 410, 413-cü maddələrində nəzərdə tutulmuş tələblərə riayət edilməsini nəzərdə tutmuşdur. Kassasiya şikayətinin və ya kassasiya protestinin verilmə müddəti Məcəllənin 410.1-ci maddəsi ilə aşağıdakı qaydada göstərilmişdir:

- bu Məcəllənin 391.3 (bu Məcəllənin 391.3.4-cü maddəsində nəzərdə tutulmuş qərar istisna olmaqla) və 520.7-ci maddələrində nəzərdə tutulmuş apellyasiya instansiyası məhkəməsinin qərarlarından onların çıxarıldığı vaxtdan 1 (bir) ay müddətində;

- bəraət hökmündən və ya cinayət işi məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət üzrə icraata xitam verilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 6 (altı) ay müddətində;

- daha ağır cinayət haqqında qanunun tətbiq edilməsinin zəruriliyi, təyin edilmiş cəzanın həddən artıq yüngüllüyü və ya məhkumun vəziyyətini pisləşdirən digər əsaslar üzrə ittiham hökmündən, habelə tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 12 (on iki) ay müddətində;

- məhkumun təqsirsizliyi, az ağır cinayət haqqında qanunun tətbiq edilməsi zəruriliyinin əsasları üzrə ittiham hökmündən, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi haqqında məhkəmə qərarından onların çıxarıldığı gündən 18 (on səkkiz) ay müddətində.

Göründüyü kimi, Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsi ilə cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxs tərəfindən kassasiya qaydasında şikayət və ya protest verilməsi üçün ayrıca müddət müəyyən edilməmişdir.

Nəzərə alınmalıdır ki, müvafiq cinayət prosessual münasibətləri tənzimləyən hüquq normasının qeyri-müəyyənliyi qanuni əsaslarla verilmiş hər hansı müraciətin məhkəmə tərəfindən baxılmasından imtina edilməsinə əsas verməməlidir.

Cinayət-prosessual qanunvericiliyində cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərə münasibətdə  cinayət prosesinin iştirakçılarına şamil olunan analoji müddətlərin tətbiq edilməsi isə ədalət mühakiməsinin əsas prinsiplərinə uyğun hesab edilə bilməz. Burada nəzərə alınmalıdır ki, cinayət işində iştirak etməyə cəlb olunmayan şəxs həmin məhkəmə aktlarının mövcud olması barədə onların qəbul edilməsindən xeyli müddət keçdikdən sonra məlumatlı ola bilərlər.

Beləliklə, cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin təqdimat verilməsi üçün müraciətinin yalnız Cinayət-Prosessual Məcəlləsinin 410.1-ci maddəsində müəyyən edilmiş müddətlərin ötürülməsi səbəbindən təmin edilməməsi həmin şəxsin Konstitusiyanın 60-cı maddəsində təsbit edilmiş məhkəmə müdafiəsi hüququnun pozulması ilə nəticələnə bilər.

Hər kəs ərizə və şikayətlərinə prosessual qanunla müəyyən olunmuş qaydada baxılaraq müvafiq əsaslandırılmış məhkəmə aktının qəbul edilməsinə əmin olmalıdır (Konstitusiya Məhkəməsi Plenumunun S.Teymurovanın şikayəti üzrə 2009-cu il 13 iyul tarixli Qərarı).

Məhkəmə müdafiəsi ən mühüm müdafiə mexanizmi olmaqla, hər kəsin hüquq və azadlıqları ilə bağlı yaranmış istənilən mübahisənin məhkəmədə həll olunmasını əhatə edir. Bu baxımdan, məhkəmələrin birbaşa təyinatını da ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi isə qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması ilə həyata keçirilir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərçörək” İstehsalat Birliyinin 18 saylı müəssisəsinin direktoru Rauf Əfəndiyevin şikayəti üzrə 2019-cu il 24 dekabr tarixli Qərarı).

Şəxsi işdə iştirak etməyə cəlb etmədən onun hüquqlarının pozulması ilə nəticələnmiş qərarın qəbul edilməsi ədalət mühakiməsinin mahiyyətinə və əsas prinsiplərinə xələl gətirir.

Bu baxımdan, işdə iştirak etməyə cəlb olunmayan şəxslərin hüquq və vəzifələrinə dair məsələnin məhkəmə tərəfindən həll edilməsi məhkəmə araşdırmasının ədalətli olmasını, hər kəsin hüquq və azadlıqlarına dair mübahisələrə müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə baxılmasını, işinin hərtərəfli və açıq araşdırılması hüququnun təmin edilməsini şübhə altına alır.

İşdə iştirak etməyə cəlb olunmayan, barəsində hüquq və azadlıqlarını pozan və yaxud üzərinə əlavə öhdəliklər qoyan qərar çıxarılmış şəxs, hər bir halda pozulmuş hüquqlarının bərpası üçün səmərəli vasitələrlə təmin olunmalıdır. Həmin şəxslər qanunvericiliyin tələblərinə əməl etməklə qanuni qüvvəyə minmiş məhkəmə aktlarından şikayət vermək hüququna malik olmalıdırlar.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin təqdimat verilməsi məqsədi ilə məhkəməyə müraciət etməsi üçün müddətlərin axımının müəyyən edilməsi məqsədəmüvafiq olardı.

Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən edilən müddətlərin  başlanğıcının müəyyənləşdirilməsi də həlledici əhəmiyyət kəsb edir.

Şəxs bir qayda olaraq  hüquq pozuntusunun baş verdiyi vaxtdan öz hüququnun pozulmasını bilir və yaxud bilməlidir. Bu səbəbdən Cinayət-Prosessual Məcəlləsinin 410-cu maddəsində müəyyən edilən müddətlərin başlanğıcı işdə iştirak etməyə cəlb olunmayan məhkəmə aktı ilə maraqlarına toxunan şəxslərin öz hüquqlarının pozulmasını bildiyi və yaxud bilməli olduğu gün ilə əlaqələndirilməlidir.

Vurğulanmalıdır ki, məhkəməyə müraciət etmək hüququnun pozulması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini əhəmiyyətsiz edir. Bu hüquq iş üzrə tərəflərin açıq məhkəmə müdafiə vasitələrinə çıxışını təmin etməklə onların öz hüquqlarının müdafiəsi üçün effektiv və real imkanlarının olmasını nəzərdə tutur.

Beləliklə, cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə hüquqları pozulan şəxslərin müraciəti əsasında təqdimatın verilməsindən Cinayət-Prosessual Məcəlləsinin 410.1-ci maddəsində göstərilən əsasla imtina edilməsi və bu əsasa formal yanaşılması Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi təminatının həyata keçirilməsinə maneələr yaratmış olur.

Konstitusiya Məhkəməsinin Plenumu göstərilənlərə əsasən aşağıdakı nəticələrə gəlir:

- Ali Məhkəmənin 19 mart 2019-cu il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə uyğun olmayan hesab edilməli və işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

- Cinayət-Prosessual Məcəlləsinin 408.3-cü maddəsinə əsasən, cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciət etməsi üçün həmin Məcəllənin 410.1-ci maddəsində müəyyən edilən müddətlərin başlanğıcı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin 19 mart 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə uyğun olmayan hesab edilsin və işə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 408.3-cü maddəsinə əsasən, cinayət işində iştirak etməyə cəlb olunmayan hökm və ya məhkəmənin digər yekun qərarı ilə maraqlarına toxunan şəxslərin müraciət etməsi üçün həmin Məcəllənin 410.1-ci maddəsində müəyyən edilən müddətlərin başlanğıcı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablansın.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski Raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin  Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

 

 

Sədr                                                                                           Fərhad Abdullayev