ANA SƏHİFƏ » Könüllülər üçün

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gənc hüquqşünasları könüllü fəaliyyətə dəvət edir

 

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 15 sentyabr tarixli 3236 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı”nda və dövlət başçısının 2019-cu il fevralın 1-də Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısındakı çıxışında dövlət orqanlarına gənclərin potensialından daha səmərəli istifadə etmək, cəmiyyətin bütün sahələrində gənclərin fəal iştirakına şərait yaratmaq, onlara peşə vərdişlərini aşılamaq və təcrübi biliklərini artırmaq, onların yaradıcı və innovativ potensialının üzə çıxarılmasını dəstəkləmək və ölkədə könüllülük hərəkatını inkişaf etdirmək vəzifəsi qoyulmuşdur.

Bu məqsədlə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “Könüllülük fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu nəzərə almaqla, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə əməkdaşlıqda gənclər arasında könüllülük fəaliyyətinin Konstitusiya Məhkəməsində tətbiq etməyə başlayıb.

Konstitusiya Məhkəməsi xatırladır ki, könüllülük fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilməyən, işlərin görülməsi və ya xidmətlərin göstərilməsi ilə bağlı ictimai faydalı və gəlirsiz fəaliyyət hesab olunur. Konstitusiya Məhkəməsində könüllü fəaliyyət əsas etibarı ilə aşağıdakı istiqamətlər üzrə təşkil olunur:

  • Aparatın şöbə və sektorlarında təcrübə keçmək;
  • Hakimlərin iş təcrübəsini öyrənmək;
  • Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən qəbul olunan qərarlarla tanış olmaq;
  • Plenum iclaslarının təşkil edilməsi prosesində iştirak etmək;
  • Vətəndaşların qəbulunda bilavasitə iştirak etmək;
  • Vətəndaşların fərdi şikayətlərinin öyrənilməsi vasitəsilə Konstitusiyada təsbit edilmiş hüquq və azadlıqların müdafiə mexanizmi ilə yaxından tanış olmaq.

Könüllülük fəaliyyəti 2 ay müddəti üçün nəzərdə tutulub.

Könüllü kimi 2 ay müddətində fəaliyyət göstərib müqavilə öhdəliklərini uğurla başa vuran gənclərin hər birinə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi tərəfindən xüsusi sertifikatlar veriləcəkdir ki, bu da onların əmək fəaliyyətinə uğurlu bir keçid fürsəti olacaqdır.

Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər üçün aşağıdakı tələblər müəyyən olunmuşdur:

  • İntizamlılıq;
  • Xoşrəftarlılıq;
  • Ünsiyyətcillik;
  • Operativlik;
  • Kollektivdə işləmək bacarığı;
  • Təşkilatçılıq;
  • Təşəbbüskarlıq;
  •  Məsuliyyətlilik;
  • Kompyuter bacarığı.

 

Müraciət üçün:

Konstitusiya Məhkəməsində könüllülər sırasına qoşulmaq istəyən gənclər mövzu hissəsində “Könüllü proqramı” göstərməklə öz CV-lərini (tərcümeyi-hal) contact@constcourt.gov.az elektron ünvanına göndərə bilərlər.

Əlavə məlumat üçün Konstitusiya Məhkəməsi Aparatının Protokol və ictimaiyyətlə əlaqələr şöbəsinin (012) 492 99 73; (012) 492 26 12 nömrələrinə zəng etmək olar.

 

Müvafiq tələblərə cavab verən şəxslərlə əlaqə saxlanılacaq və onlar müsahibəyə dəvət ediləcəklər.