Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi
hakimlərinin yığıncağının
19 oktyabr 2012-ci il tarixli
protokolu ilə təsdiq edilmişdir
(08 dekabr 2017-ci
il tarixli dəyişikliklər ilə)
Azərbaycan
Respublikası
Konstitusiya
Məhkəməsinin
DAXİLİ NİZAMNAMƏSİ
Bu Daxili Nizamnamə Konstitusiya Məhkəməsi təşkilinin
hüquqi əsasının möhkəmləndirilməsinə və
işinin səmərəliliyinin artırılmasına yönəlmişdir.
I fəsil
Ümumi müddəalar
Maddə 1. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin fəaliyyətinin əsasları
I. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi (bundan sonra "Konstitusiya Məhkəməsi" adlanacaq) Azərbaycan Respublikasının Konstitusiyası ilə onun səlahiyyətlərinə aid edilmiş məsələlərə dair ali konstitusiya ədalət mühakiməsi orqanıdır.
II. Konstitusiya Məhkəməsinin fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının aliliyi, müstəqillik, kollegiallıq və açıqlıq prinsipləri əsasında qurulur.
III. Azərbaycan Respublikasının Konstitusiyası və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu ilə Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid edilmiş məsələlərə məhkəmə iclaslarında və yazılı prosedurla baxılır.
IV. Ezamiyyət, məzuniyyət və ya əmək
qabiliyyətinin müvəqqəti itirilməsi dövrü istisna olmaqla, Konstitusiya Məhkəməsi hakimlərinin məhkəmə iclaslarında və müəyyən edilmiş qaydada məhkəmə qərarlarının qəbulu zamanı səsvermədə iştirakı məcburidir.
V. Konstitusiya Məhkəməsinin iclasları, bir qayda olaraq, Konstitusiya Məhkəməsinin binasında keçirilir.
VI. Konstitusiya Məhkəməsi binasının xüsusi rejimi Konstitusiya Məhkəməsinin Sədri tərəfindən müəyyən edilir. Onun icazəsi olmadan Konstitusiya Məhkəməsi binasına baxış keçirilə
və orada axtarış aparıla bilməz.
VII. Konstitusiya Məhkəməsində kargüzarlıq mövcud
qanunvericiliyə və Konstitusiya Məhkəməsinin Sədri tərəfindən təsdiq edilən "Konstitusiya Məhkəməsində kargüzarlığın aparılmasına dair" Təlimata müvafiq olaraq aparılır.
Maddə 2. Hakimlərin yığıncağı
I. «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Konstitusiya Məhkəməsinin Palataları və Plenumunun iclaslarında həll edilən məsələlər istisna olmaqla Konstitusiya Məhkəməsinin maliyyə planının hazırlanması, bilavasitə hakimlərə, onların statusuna və iş şəraitinə dair, ehtiyac olduqda, məhkəmə Aparatının işinin ümumi prinsipləri üzrə, həmçinin qanunvericilikdə nəzərdə tutulmuş digər məsələlərin həll edilməsi üçün Konstitusiya Məhkəməsinin Sədri Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağını çağırır. Hakimlərin yığıncağı həmçinin Konstitusiya Məhkəməsi hakimlərindən hər hansı birinin təklifi ilə də çağırıla bilər.
II. Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağına Konstitusiya Məhkəməsi
Aparatının əməkdaşları və digər şəxslər dəvət oluna bilər.
III. Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağında qərar qəbul
edildikdə protokol tərtib edilir.
IV. Konstitusiya Məhkəməsi Aparatının fəaliyyəti
ilə bağlı Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağının qərarı Konstitusiya Məhkəməsi Aparatının əməkdaşları üçün məcburidir.
Maddə 3. Konstitusiya Məhkəməsi Sədrinin səlahiyyətləri
I. Konstitusiya Məhkəməsinin Sədri qanunvericiliklə ona verilmiş səlahiyyətləri həyata keçirir.
II. Konstitusiya Məhkəməsinin Sədri həmçinin:
1) Konstitusiya Məhkəməsinin Daxili Nizanaməsinə dürüst riayət edilməsini təmin edir;
2) zərurət yarandıqda bir Palatanın hakimlərinin digər Palatanın iclaslarında iştirak etmələri
barədə sərəncam verir;
3) zərurət yarandıqda məruzəçi-hakimin
əvəzləşdirilməsini təmin edir;
4) özünün və ya hakimlərin təşəbbüsü ilə Konstitusiya Məhkəməsi
Plenumunun növbədənkənar iclaslarını və ya hakimlərin yığıncaqlarını çağırır,
həmin iclas və yığıncaqlarda sədrlik edir;
5) Konstitusiya
Məhkəməsi hakimlərinin xidməti ezamiyyətini əmr ilə rəsmiləşdirir;
6) Konstitusiya Məhkəməsi Aparatının və
İşlər idarəsinin əməkdaşlarının peşə biliklərinin araşdırılması, fəaliyyət
göstərdikləri dövrdə yerinə yetirdikləri işlərin təhlil edilməsi, intizam
qaydalarına əməl etmələrinin yoxlanılması və bununla əlaqədar tutduqları
vəzifəyə uyğun olub-olmadıqlarının müəyyənləşdirilməsi məqsədilə müvafiq
qiymətləndirməni həyata keçirir;
7) Konstitusiya Məhkəməsi Aparatının və İşlər
idarəsinin əməkdaşlarına qanunvericiliklə müəyyən edilmiş qaydada ixtisas
dərəcəsini verir;
8) Konstitusiya
Məhkəməsi Aparatının və İşlər İdarəsinin işçilərinin ixtisaslarının artırılması
işini təmin edir;
9) hər
ilin axırında Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağında Konstitusiya
Məhkəməsinin fəaliyyəti haqqında məruzə edir, eləcə də Konstitusiya
Məhkəməsinin hakimlərini müntəzəm olaraq öz fəaliyyəti barədə məlumatlandırır.
Maddə 4. Konstitusiya Məhkəməsi Sədrinin bəyanatı
I. Konstitusiya
Məhkəməsinin Sədri Konstitusiya Məhkəməsi adından konstitusiya mühakimə
icraatından irəli gələn məsələlərlə bağlı bəyanatla çıxış edə bilər.
Konstitusiya Məhkəməsinin Sədrinə belə bəyanatla çıxış etməsinə səlahiyyət
verilməsi haqqında qərardad hakimlərin yığıncağı
tərəfindən qəbul edilir və bəyanatın mətni əlavə edilməklə ayrıca sənəd kimi
tərtib edilir.
II. Konstitusiya
Məhkəməsi adından bəyanat haqqında qərardad qəbul edilərkən azlıqda qalan
hakimlər həmin qərardaddan narazı olmalarını aşkar bəyan etməməlidirlər.
Maddə 5. Müddətlərin hesablanması
I. Hüquqi
nəticələrin yaranması ilə bağlı olan müddətlərin hesablanmasının başlanğıcı
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının Qanunu
və ya Konstitusiya Məhkəməsinin qərardadı ilə müəyyən olunmuş təqvim günündən sonrakı gündən başlanır.
II. İl
hesabı ilə yaranan müddət, ilin müvafiq son ayında və günündə qurtarır. Ay hesabı ilə yaranan müddət, müddətin
müvafiq son ayında və günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə
düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Gün ilə
hesablanan müddət axırıncı gün saat 24-də başa çatır.
III. “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən
həmin Qanunda və bu Nizamnamədə tənzimlənməyən digər prossesual məsələlər
Azərbaycan Respublikasının mülki, cinayət və digər prossesual qanunvericiliyinə
uyğun həll edilir.
II fəsil
Sorğu və
müraciətlərin qəbul edilməsi,
işlərin
hazırlanması və baxılması
üçün
təyin edilməsi
Maddə
6. Sorğu və müraciətlərin ilkin öyrənilməsi
I. Müəyyən
edilmiş qaydada qeydiyyatdan keçmiş sorğu və ya müraciət Konstitusiya Məhkəməsinin
Sədrinə təqdim edilir.
II. Konstitusiya
Məhkəməsi Sədrinin göstərişinə əsasən Konstitusiya Məhkəməsi Aparatının rəhbəri
sorğu və müraciətlərin ilkin öyrənilməsi ilə bağlı Aparatın müvafiq bölməsinə
tapşırıq verir.
Maddə 7.
Şikayətlərin Konstitusiya Məhkəməsinin Aparatı tərəfindən ilkin öyrənilməsi
qaydası
I. «Konstitusiya
Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinə uyğun
olaraq hər bir yazılı şikayət Konstitusiya Məhkəməsində qeydə alındıqdan sonra
ilkin öyrənilməsi üçün bir qayda olaraq Konstitusiya Məhkəməsinin Aparatına
verilir.
II. Konstitusiya
Məhkəməsinin Aparatında şikayətin ilkin öyrənilməsi 7 gün müddətində həyata
keçirilir.
III. Şikayətin
ilkin öyrənilməsi nəticəsində Konstitusiya Məhkəməsi Aparatının müvafiq
qurumunun rəhbəri şikayət üzrə aşağıdakı hərəkətlərdən birini edir:
1) şikayətin
Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olmaması aşkar göründüyü halda
şikayəti aidiyyəti üzrə baxılması üçün müvafiq dövlət orqanına göndərir və ərizəçiyə
bu barədə məlumat verir;
2) şikayətin tərtibi «Konstitusiya Məhkəməsi haqqında»
Azərbaycan Respublikası Qanununun 34.6, 34.7 və 35-ci maddələrinin tələblərinə
uyğun olmaması aşkar göründüyü halda ərizəçiyə bu barədə müvafiq məlumat
göndərərək göstərilən tələblərə riayət olunmasını təklif edir;
3) digər hallarda şikayəti, ona qoşulmuş sənədləri və şikayətin
ilkin öyrənilməsi barədə arayışı (bütün material vərəqələri nömrələnmiş və
sənədləri siyahıya alınmış qaydada) Konstitusiya Məhkəməsinin Sədrinə təqdim
edir.
IV. Şikayətin ilkin öyrənilməsi barədə arayış tərtib olunaraq
icraçı və Konstitusiya Məhkəməsi Aparatının qurumunun rəhbəri tərəfindən
imzalanır. Arayışda aşağıdakılar göstərilməlidir:
1) şikayətin qeydiyyat nömrəsi və Konstitusiya Məhkəməsinə daxil
olduğu tarix;
2) ərizəçinin tam adı (fiziki şəxsin adı, atasının adı və
soyadı; hüquqi şəxsin tam adı);
3) şikayətdə mübahisə olunan qanunvericilik və ya icra
hakimiyyətinin normativ-hüquqi aktı, bələdiyyə və ya məhkəmə aktı barədə məlumat;
4) şikayətdə ərizəçinin qənaətinə görə pozulduğu ehtimal olunan
Azərbaycan Respublikasının Konstitusiyası və qanunlarında nəzərdə tutulmuş
hüquq və azadlıqlar barədə məlumat;
5) ərizəçinin Konstitusiya Məhkəməsinə şikayət vermək hüququnun
subyekti kimi qəbul edilməsi üçün əsasın olub-olmaması;
6) şikayət Konstitusiyanın 130-cu maddəsinin III hissəsinin 4-cü
bəndində nəzərdə tutulmuş məsələyə aiddirsə, şikayətin baxılmasına dair
«Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 34.2 və
34.3-cü maddələrinin tələblərinə əməl olunması barədə məlumat;
7) şikayətin verilməsi üçün «Konstitusiya Məhkəməsi haqqında»
Azərbaycan Respublikası Qanununun 34.4-cü maddəsində nəzərdə tutulmuş hallardan
hər hansı birinin mövcudluğu barədə məlumat;
8) şikayət bilavasitə Konstitusiya Məhkəməsinə verilmişdirsə,
bunun üçün «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun
34.5-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu barədə məlumat;
9) şikayətin tərtibinin «Konstitusiya Məhkəməsi haqqında»
Azərbaycan Respublikası Qanununun 34.6-cı, əsaslandırılmasının isə 34.6.7 və
34.7-ci maddələrinin tələblərinə uyğunluğu barədə məlumat;
10) şikayətlə bağlı digər qeydlər.
V. Bu maddənin III hissəsinin 2-ci bəndində göstərilmiş məlumatı
alan ərizəçi şikayətini «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan
Respublikası Qanununun 34.6, 34.7 və 35-ci maddələrinin tələblərinə
uyğunlaşdıraraq göstərilən Qanunun 34.4.1 və 34.4.2-ci maddələrində nəzərdə
tutulmuş müddətlər həddində yenidən Konstitusiya Məhkəməsinə müraciət edə
bilər.
VI. Bu maddənin III hissəsinin 1 və ya 2-ci bəndində nəzərdə
tutulmuş nəticələrlə razı olmayan ərizəçi «Konstitusiya Məhkəməsi haqqında»
Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddətlər həddində təkrar
şikayət verə bilər.
Maddə 8. Sorğu,
müraciət və şikayətlərin Konstitusiya Məhkəməsinin hakimləri tərəfindən
öyrənilməsi
I. Sorğu, müraciət və şikayətlərin ilkin öyrənilməsi
barədə Konstitusiya Məhkəməsi Aparatının arayışı və ya bu Daxili Nizamnamənin
7-ci maddəsinin VI hissəsinə müvafiq olaraq verilmiş təkrar şikayət
Konstitusiya Məhkəməsinin Sədri tərəfindən «Konstitusiya Məhkəməsi haqqında»
Azərbaycan Respublikası Qanununun 36.2-ci maddəsində nəzərdə tutulmuş qaydada
Konstitusiya Məhkəməsinin hakimlərindən birinə verilir. Konstitusiya
Məhkəməsinin Sədri hakimlərin icraatında olan işlərin mürəkkəbliyini,
həcmini və sayını nəzərə almaqla hər bir baxılacaq məsələ üzrə bir və ya bir
neçə məruzəçi-hakim təyin edir.
II. Məruzəçi-hakim
sorğu, müraciət və şikayətləri aldıqdan sonra onların surətlərini Konstitusiya
Məhkəməsi Palatasının tərkibində olan digər hakimlərə, «Konstitusiya Məhkəməsi
haqqında» Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsində nəzərdə tutulmuş
müraciəti isə Konstitusiya Məhkəməsinin hakimlərinə təqdim edir. Konstitusiya Məhkəməsi Palatasının tərkibində olan
hakimlərin, habelə «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası
Qanununun 58.1-ci maddəsində nəzərdə tutulmuş məsələ ilə bağlı Konstitusiya
Məhkəməsi Plenumunun iclasında iştirak edən hakimlərin tələbi ilə
məruzəçi-hakim onlara sorğu, müraciət və şikayətlə əlaqədar bütün sənədləri və
materialları təqdim edir.
III. Sorğu,
müraciət və şikayəti öyrənən məruzəçi-hakim "Konstitusiya Məhkəməsi
haqqında" Azərbaycan Respublikası Qanununun 36.4-cü maddəsində nəzərdə
tutulmuş qaydada Konstitusiya Məhkəməsi Aparatına müvafiq tapşırıq verə bilər.
Belə tapşırıq Konstitusiya Məhkəməsi Aparatının rəhbəri vasitəsilə verilir və
Aparatın rəhbəri müəyyən olunmuş müddətlər çərçivəsində onların icrasını təmin
edir.
IV. Məruzəçi-hakim
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikasının
Qanununda nəzərdə tutulan müddətlər çərçivəsində tapşırıqlarının icrası, eləcə
də icraatında olan sorğu, müraciət və şikayətlərin öyrənilməsi işini təşkil və
təmin edir.
V. Sorğu,
müraciət və şikayətlərin baxılması üçün "Konstitusiya Məhkəməsi
haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş
müddətlərin pozulmasına yol verməmək məqsədilə məruzəçi-hakim ezamiyyətdə, məzuniyyətdə
olduqda, əmək qabiliyyətini müvəqqəti itirdikdə və digər səbəblər üzündən uzun
müddət öz vəzifələrini icra edə bilmədikdə Konstitusiya Məhkəməsinin Sədri öz
təşəbbüsü və ya məruzəçi-hakimin xahişi ilə digər məruzəçi-hakimi təyin edir.
VI. Bu
maddənin V hissəsində göstərilən əsaslarla Konstitusiya Məhkəməsinin Sədri bir
Palatanın hakimlərini digər Palatanın iclaslarında iştirak etmələrini təmin
edir.
Maddə 9. Daxil olmuş və öyrənilməsi üçün verilmiş
sorğu, müraciət və şikayətlər haqqında hakimlərin məlumatlandırılması
Konstitusiya Məhkəməsinin Aparatı daxil olmuş və
öyrənilməsi üçün Konstitusiya Məhkəməsi hakimlərinə verilmiş sorğu, müraciət və
şikayətlərin reyestrini aparır və ayda bir dəfədən gec olmayaraq Konstitusiya
Məhkəməsinin Sədrinə və Konstitusiya Məhkəməsinin müvafiq Palatalarının
hakimlərinə təqdim edir.
Maddə 10. Zəruri sənəd, material və işlərin tələb
edilməsi
I. Sorğu,
müraciət və şikayətlərin Konstitusiya Məhkəməsi Palatalarının və Plenumunun
iclaslarında baxılması üçün hazırlanması zamanı «Konstitusiya Məhkəməsi
haqqında» Azərbaycan Respublikası Qanununun 36.3-cü maddəsinə uyğun olaraq
məruzəçi-hakim, sorğu, müraciət və şikayətlərin Konstitusiya Məhkəməsinin
icraatına qəbul edilib-edilməməsi məsələsinin Konstitusiya Məhkəməsinin
Palatalarında və Plenumunda baxıldığı dövrdə isə müvafiq olaraq Konstitusiya
Məhkəməsinin Palataları və Plenumu zəruri olan sənədləri, materialları və
işləri tələb edə bilər.
II. Tərəflər
və maraqlı subyektlər məsələnin öyrənilməsi və Konstitusiya Məhkəməsinin Palatalarında
və Plenumunda baxılması üçün hazırlanması dövründə məruzəçi-hakimə, məsələnin
Konstitusiya Məhkəməsinin Palatalarında və Plenumunda baxıldığı dövrdə isə
müvafiq olaraq Konstitusiya Məhkəməsinin Palatalarına və Plenumuna zəruri
sənədlərin, materialların və işlərin tələb edilməsi haqqında vəsatətlə müraciət
edə bilərlər.
III. Sorğu,
müraciət və ya şikayətlər üzrə zəruri sənədlərin, materialların və işlərin
tələb edilməsinə dair Konstitusiya Məhkəməsinin sorğusu məruzəçi-hakim
tərəfindən imzalanır. Zəruri hallarda həmin sənədlər Konstitusiya Məhkəməsinin
Sədri və ya Sədrinin müavini tərəfindən imzalanır.
Maddə 11. Ekspert və mütəxəssisin dəvət edilməsi
Sorğu, müraciət və şikayətlərin baxışa hazırlanması
zamanı, habelə Konstitusiya Məhkəməsi Palatalarının və Plenumunun iclaslarında
baxıldığı dövrdə müvafiq olaraq Konstitusiya Məhkəməsinin Palataları və Plenumu
ekspert və mütəxəssisləri dəvət edə bilər.
III fəsil
Konstitusiya
Məhkəməsinin Palataları və Plenumu tərəfindən sorğu, müraciət və şikayətlərin
icraata qəbul edilməsi məsələsinə baxılması və işlərin baxılmaq üçün təyin
edilməsi.
Maddə 12. Sorğu, müraciət və şikayətlərin icraata
qəbul edilməsi
I. Konstitusiya
Məhkəməsi Palatalarının iclaslarına hazırlıq mərhələsi başa çatdıqdan sonra
Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III-VII
hissələrində və "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan
Respublikası Qanununun 32-34-cü maddələrində nəzərdə tutulmuş sorğu, müraciət
və şikayətlərin icraata qəbul edilməsi və ya onların icraata qəbul edilməsindən
imtina edilməsi məsələsinin həlli Konstitusiya Məhkəməsi Palatalarının,
«Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 58.1-ci
maddəsində nəzərdə tutulmuş müraciət üzrə məsələnin həlli isə Konstitusiya
Məhkəməsi Plenumunun iclaslarına çıxarılır.
II. Sorğu,
müraciət və ya şikayətlərin icraata qəbul edilməsi və ya onların icraata qəbul
edilməsindən imtina edilməsinə dair Konstitusiya Məhkəməsi Palatalarının
iclaslarında yalnız müvafiq Palatanın hakimləri iştirak edir. Palataların
hakimləri növbə üzrə Palataların iclaslarında sədrlik edirlər. Zəruri hallarda
Konstitusiya Məhkəməsi Palatalarının iclaslarına tərəflər, maraqlı subyektlər
və digər şəxslər dəvət oluna bilər. Konstitusiya Məhkəməsi Palatalarının
iclaslarında protokol aparılır.
III. «Konstitusiya
Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş
müddətlər həmin Qanunun 47.1-ci maddəsində göstərilən hallarda Konstitusiya
Məhkəməsinin Palatasının və Plenumunun qərardadı ilə uzadıla bilər.
IV. Konstitusiya
Məhkəməsinin Palataları və Plenumu tərəfindən hər bir sorğu, müraciət və ya
şikayət üzrə onların icraata qəbul edilməsi və ya icraata qəbul edilməsindən
imtina edilməsi barədə ayrı-ayrılıqda qərardad çıxarılır və həmin qərardad iclas
protokolunda əks etdirilir. Sorğu, müraciət və ya şikayətlər üzrə qəbul edilmiş
Konstitusiya Məhkəməsi Palatalarının və Plenumunun qərardadları əsaslandırılmış
olmalıdır. Konstitusiya Məhkəməsi Palatasında qərardadlar hakimlərin səs
çoxluğu ilə qəbul edilir. Səslər bərabər bölündükdə sorğu, müraciət və ya
şikayət qəbul edilməmiş hesab olunur.
V. «Konstitusiya
Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 58.1-ci maddəsində
nəzərdə tutulmuş müraciət üzrə Plenumun iclasında azı 6 hakim iştirak etdikdə
səlahiyyətlidir. Konstitusiya Məhkəməsi Plenumunun iclası bu Nizamnamənin 12-ci
maddəsinin II hissəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq keçirilir. Müraciətin
icraata qəbul edilməsi və ya icraata qəbul edilməsindən imtina edilməsi
haqqında qərardad hakimlərin azı 5 səs çoxluğu ilə qəbul olunur.
VI. Məruzəçi-hakimin
sorğu, müraciət və ya şikayətin icraata qəbul edilməsinə dair təklifi qəbul
edilmədikdə, o, aparılmış müzakirələr əsasında sorğu, müraciət və ya şikayətin
icraata qəbul edilməsindən imtina edilməsi barədə Konstitusiya Məhkəməsinin
qərardadının mətnini hazırlayır. Sorğu, müraciət və ya şikayətin icraata qəbul edilməsindən imtina edilməsinin əsasları
məruzəçi-hakimə tam aydın olmadıqda onun xahişi ilə belə qərardada səs vermiş
hakimlər öz dəlillərini yazılı şəkildə tərtib edərək məruzəçi-hakimə təqdim
edirlər və qərardad onların mülahizəsi əsasında tərtib edilir.
VII. “Konstitusiya
Məhkəməsi haqqında” Azərbaycan Respublikasının Qanununun 37.0.1, 37.0.2 və
37.0.5-ci maddələrində nəzərdə tutulmuş hallarla şikayətin Konstitusiya
Məhkəməsinin icraatına qəbul olunmasından imtina edilməsi haqqında qərardad
qəbul edildikdən sonra eyni ərizəçi tərəfindən Qanunun 34.4.1 və 34.4.2-ci
maddələrində müəyyən edilmiş müddətlər həddində verilən şikayət Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsinin Palatasına göndərilir. Ərizəçi eyni predmet üzrə
verilən yeni şikayətin hüquqi əsaslarını dəyişdirmədikdə Azərbaycan
Respublikası Konstitusiya Məhkəməsinin Palatası tərəfindən şikayətin
Konstitusiya Məhkəməsinin icraatına qəbul olunmasından imtina edilməsi haqqında
qərardad qəbul edilir və bundan sonra ərizəçi ilə yazışmalar dayandırılır.
Maddə 13. Sorğu,
müraciət və şikayətlər üzrə qəbul olunmuş qərardadların göndərilməsi
I. Sorğu,
müraciət və şikayətlərin Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsi və
ya qəbul edilməsindən imtina olunmasına dair Konstitusiya Məhkəməsi
Palatalarının və Plenumunun qərardadları ərizəçilərə və maraqlı subyektlərə «Konstitusiya Məhkəməsi haqqında»
Azərbaycan Respublikası Qanununun 52.2, 58.1, 60.2-ci maddələrində göstərilən
müddətlərdə göndərilir.
II. Sorğu,
müraciət və şikayətlərin Konstitusiya Məhkəməsinin icraatına qəbul edilməsinə
dair qərardadlarla birlikdə tərəflərə sorğu və ya şikayət, maraqlı subyektlərə
isə başqa növ sənədlər də göndərilməklə məsələyə dair yazılı mülahizələrinin
Konstitusiya Məhkəməsinə təqdim edilməsi onlardan xahiş edilir.
Maddə 14. Konstitusiya işinin tərtibi
I. Sorğu,
müraciət və ya şikayət üzrə konstitusiya icraatı materialları məruzəçi-hakimdə
saxlanılır.
II. Məsələ Konstitusiya Məhkəməsinin
gündəliyinə daxil edildikdən sonra sorğu, müraciət və ya şikayətin ilkin
nüsxələri, onlara əlavə edilmiş bütün sənədlər, sorğu, müraciət və ya şikayətlə bağlı daxil olmuş rəylər,
məruzəçi-hakim tərəfindən göndərilmiş tələb və sorğuların surətləri, sorğulara
verilmiş cavablar, ekspertin rəyi və mütəxəssisin arayışı, eləcə də işin
Konstitusiya Məhkəməsi Plenumunun iclasına hazırlıq mərhələsində alınmış əlavə
sənədlər Konstitusiya Məhkəməsi Plenumunun iclası başlamazdan əvvəl
konstitusiya işinin tərtib edilməsi və bütün sənədlərin məruzəçi-hakimə
qaytarılması üçün Konstitusiya Məhkəməsi Aparatının müvafiq bölməsinə
göndərilir.
III. Konstitusiya
Məhkəməsində baxılan işlərin materialları digər məhkəmələrə və təşkilatlara
verilmir.
Maddə 15. Konstitusiya işinin Konstitusiya
Məhkəməsinin Plenumunda baxılmaq üçün təyin edilməsi
I. Konstitusiya
işinə Konstitusiya Məhkəməsi Plenumunda baxılmanın vaxtını və tarixini
Konstitusiya Məhkəməsinin Sədri təyin edir.
II. Konstitusiya
Məhkəməsinin Sədri konstitusiya işlərinə Konstitusiya Məhkəməsi Plenumunda
baxılmanın növbəliyini müəyyən edərkən sorğu, müraciət və şikayətlərin daxil
olması ardıcıllığını nəzərə alır. Təxirəsalınmaz hallarda Konstitusiya
Məhkəməsinin Sədri işlərə baxılmanın növbəliyini dəyişdirə bilər.
Maddə 16. Konstitusiya Məhkəməsi Plenumunun iclası
haqqında bildiriş
I. Konstitusiya
Məhkəməsi Plenumunun iclası haqqında bildiriş tərəflərə və maraqlı subyektlərə
əvvəlcədən göndərilir. "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan
Respublikası Qanununun 43-cü maddəsinə uyğun olaraq tərəflər və maraqlı
subyektlər işin materialları ilə tanış ola bilərlər.
II. Azərbaycan
Respublikası Konstitusiyasının şərhinə dair işlər üzrə Konstitusiya Məhkəməsi
Plenumunun iclası haqqında Azərbaycan Respublikası Konstitusiyasının 130-cu
maddəsində göstərilən subyektlərlə yanaşı digər dövlət orqanları və vəzifəli
şəxslər də xəbərdar oluna bilərlər. Həmin dövlət orqanlarının nümayəndələri,
vəzifəli şəxslər və ya onların nümayəndələri Konstitusiya Məhkəməsi Plenumunun
iclasında dinlənilə bilərlər.
Maddə 17.
İşlərin birləşdirilməsi
I. Konstitusiya Məhkəməsi eyni predmetə aid olan sorğu,
müraciət və şikayətləri bir icraatda birləşdirə bilər.
II. Konstitusiya işlərinin bir icraatda
birləşdirilməsi məsələsi işə mahiyyəti üzrə baxılmasından əvvəl Konstitusiya
Məhkəməsinin Plenumunun iclasında həll edilir və bu barədə protokolda müvafiq
qeydlər aparılmaqla qərardad qəbul olunur. “Konstitusiya Məhkəməsi haqqında”
Azərbaycan Respublikası Qanununun 21.0.7-ci maddəsinə uyğun olaraq Konstitusiya
Məhkəməsinin Sədri məsələ üzrə bir və ya bir neçə məruzəçi-hakim təyin edir.
Maddə 18. İcraata qəbul edilmiş sorğu, müraciət və
şikayətlər üzrə baxılmağa təyin edilmiş konstitusiya işləri haqqında məlumat
I. Konstitusiya
Məhkəməsinin Palataları tərəfindən icraata qəbul edilmiş sorğu, müraciət və
şikayətlərin eləcə də baxılmağa təyin olunmuş işlərin reyestri hər ay Konstitusiya
Məhkəməsinin Aparatı tərəfindən Konstitusiya Məhkəməsinin bütün hakimlərinə
göndərilir.
II. Konstitusiya
Məhkəməsinin mətbuat xidməti bir qayda olaraq konstitusiya işlərinin baxılmağa
təyin olunması və onların baxılma tarixi və vaxtı haqqında kütləvi informasiya
vasitələrinə məlumat verir.
IV fəsil
Konstitusiya
Məhkəməsi Plenumunun iclaslarının
keçirilməsi
Maddə 19.
Məhkəmə iclaslarının keçirilməsinin
vaxtı
I. Konstitusiya Məhkəməsi Plenumunun
iclasları şənbə, bazar və bayram günləri istisna olunmaqla həftənin hər hansı
bir günündə keçirilə bilər. Konstitusiya işinin bir gün ərzində baxılması
qurtarmadıqda, onun baxılması qarşıdan gələn növbəti iş gününə keçirilir.
II.
«Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 57-58-ci
maddələrində nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsi Plenumunun
növbədənkənar iclasları keçirilir. Belə iclaslar şənbə və bazar günlərində də
keçirilə bilər.
Maddə 20. Məhkəmənin açıq iclaslarında iştirak etmək
arzusunda olan şəxslərin iclas zalına buraxılması qaydası
I. Konstitusiya
Məhkəməsi Plenumunun açıq iclaslarında iştirak etmək arzusunda olan şəxslər
iclas zalına boş yerlər nəzərə alınmaqla işin baxılmasına başlanılmazdan əvvəl
və ya fasilə vaxtı buraxılırlar.
II. Konstitusiya
Məhkəməsində akkreditasiya olunmuş kütləvi informasiya vasitələrinin
nümayəndələri məhkəmə iclası zalına akkreditasiya vəsiqələri üzrə, digər
jurnalistlər isə Konstitusiya Məhkəməsinin iclas zalında boş yerlər nəzərə
alınmaqla buraxılırlar.
Maddə 21. Konstitusiya Məhkəməsi Plenumunun
iclaslarında prosedur qaydalar
I. Konstitusiya
Məhkəməsinin hakimləri məhkəmə iclası zalına daxil olduqda məhkəmə iclasının
katibi: "Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi gəlir, xahiş
edirəm ayağa qalxın" sözlərini elan edir. Konstitusiya Məhkəməsinin
hakimləri iclas zalına daxil olduqda, eləcə də oradan çıxdıqda zalda olan
şəxslər ayağa qalxırlar.
II. Konstitusiya
Məhkəməsi icraatında tərəflər, xüsusi konstitusiya icraatında maraqlı
subyektlər, eləcə də digər şəxslər yalnız sədrlik edən tərəfindən onlara söz
verildikdən sonra ayaq üstə çıxış edir, izahat verir. Zəruri hallarda sədrlik
edənin icazəsi ilə onlara oturduqları yerdən çıxış etmək, izahat vermək və
suallara cavab vermək imkanı yaradıla bilər. Konstitusiya Məhkəməsi icraatında
tərəflər, xüsusi konstitusiya icraatında maraqlı subyektlər Plenumun iclasında
baxılan konstitusiya işinə aid olmayan yönəldici xarakter daşıyan suallar verə
bilməzlər.
III. Hər
hansı şəxs Konstitusiya Məhkəməsinə və ya onun hakimlərinə müraciət etdikdə
onların yüksək statusuna uyğun olan "Möhtərəm məhkəmə",
"Möhtərəm hakimlər" kimi müraciət formalarından istifadə etməlidir.
Konstitusiya Məhkəməsi Plenumunun iclasında konstitusiya icraatında iştirak
edən şəxslərə müraciət edildikdə isə həmin şəxslərin tutduğu vəzifədən və ya
soyadından əvvəl "Hörmətli" sözü əlavə olunmalıdır.
IV. Məhkəmə
iclası zalında olan şəxslər, o cümlədən kütləvi informasiya vasitələrinin
nümayəndələri Konstitusiya Məhkəməsinə, konstitusiya məhkəmə icraatının
tərəflərinə, xüsusi konstitusiya məhkəmə icraatında maraqlı subyektlərə, digər
şəxslərə və bir-birinə qarşı hörmətlə davranmalı, məhkəmə iclası zalında
müəyyən olunmuş qaydaya riayət edilməsi haqqında sədrlik edənin sərəncamlarına
tabe olmalı, Konstitusiya Məhkəməsinin iclası zamanı zalda
gediş-gəlişə, söhbətlərə yol verməməli, iclasın gedişinə hər hansı bir maneə
yaratmamalıdırlar.
Maddə 22.
Konstitusiya Məhkəməsinin Plenumu iclasının
proseduru
I. Konstitusiya
Məhkəməsi Plenumunun iclasına sədrlik edən iclasın səlahiyyətli olduğunu müəyyən
etdikdən sonra iclası açır və baxılacaq işi elan edir.
II. Sədrlik
edən tərəflərin, maraqlı subyektlərin və işə cəlb olunan digər şəxslərin
(ekspert, mütəxəssis, şahid, tərcüməçi və s.) məhkəməyə gəlməsi və iştirak
etməyənlərin gəlməməsinin səbəbləri haqqında məlumat vermək üçün məhkəmə
iclasının katibinə söz verir.
III. Sədrlik
edən konstitusiya işinin adını, habelə Konstitusiya Məhkəməsi Plenumunun
iclasında iştirak edən tərkibi, məhkəmə iclasının katibini, tərəfləri, maraqlı
subyektləri, onların nümayəndələrini elan edir və lazım gəldikdə onların
səlahiyyətlərini yoxlayır.
IV. Sədrlik
edən konstitusiya işinin baxılmasında iştirak edən şəxslərin hər birinə onların
hüquq və vəzifələrini izah edir.
Konstitusiya
işinin baxılmasında iştirak edən şəxs Konstitusiya Məhkəməsi Plenumunun
iclasına gəlmədikdə Konstitusiya Məhkəməsinin Plenumu gəlməyən şəxsin iştirakı olmadan işə baxmağın mümkünlüyü
haqqında tərəfin, maraqlı subyektin
mülahizələrini dinləyir və məhkəmə baxışını davam etdirmək və ya işə
baxılmasını başqa vaxta keçirmək haqqında qərardad çıxarır.
V. Sədrlik
edən tərəflərə və maraqlı
subyektlərə məhkəmə iclasında iştirak edən hakimlərə etiraz etmək hüququnu və
etiraz etmək üçün «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası
Qanununun 46.1-ci maddəsində nəzərdə tutulmuş əsasları izah edir.
VI. Konstitusiya
işinə mahiyyəti üzrə baxılması məruzəçi-hakimin çıxışı ilə başlanır.
VII. Məruzəçi-hakimin
çıxışından sonra çıxış üçün söz tərəflərə
və ya maraqlı subyektlərə verilir. Birinci sorğuverən, ərizəçi və ya
maraqlı subyekt çıxış edir.
Tərəflərin
və ya maraqlı subyektlərin çıxışından sonra sədrlik edən hakimlərə çıxış
etmiş tərəfə sual vermək imkanı yaradır. Bundan sonra sual vermək imkanı başqa tərəfə
verilir.
VIII. Zəruri
hallarda məhkəməyə dəvət olunan şəxslər (şahidlər, ekspertlər, mütəxəssislər və
s.) dinlənilir, habelə konstitusiya işinə qoşulmuş və ya məhkəmə iclasında
məhkəməyə təqdim olunmuş sənədlər elan edilir.
IX. İclasın
gedişində sədrlik edən fasilə elan edə bilər. İşi bir iş günü ərzində başa
çatdırmaq mümkün olmadıqda, sədrlik edən Konstitusiya Məhkəməsi Plenumunun
iclasında fasilə elan edir və iclasın davam etdirilməsi vaxtı haqqında məlumat
verir.
X. Tərəflər
və maraqlı subyektlər yekun çıxış edə bilərlər.
XI. Konstitusiya
Məhkəməsi Plenumunda işin baxılması sədrlik edənin Konstitusiya Məhkəməsi
aktının nə zaman elan olunacağı barədə məlumatı və hakimlərin qərarın qəbul
edilməsi üçün müşavirə otağına getməsi ilə bitir.
XII. Hakim
müşavirə otağının sirrini qorumağa borcludur.
XIII. Müşavirə
otağından qayıtdıqdan sonra məhkəmə iclasında sədrlik edən və ya məruzəçi-hakim
Konstitusiya Məhkəməsi Plenumunun qərarını və ya qərardadını elan edir.
XIV. Məhkəmə
iclas katibi Konstitusiya Məhkəməsi Plenumunun qərarı elan edilməmişdən əvvəl
məhkəmə iclas zalında olan şəxsləri ayağa qalxmağa dəvət edir.
Maddə 23.
Konstitusiya Məhkəməsi Plenumunun iclaslarına sədrlik edən
I. Konstitusiya
Məhkəməsi Plenumunun iclasına Konstitusiya Məhkəməsinin Sədri, Sədr olmadıqda
və yaxud onun tapşırığı ilə Konstitusiya Məhkəməsi Sədrinin müavini, Sədrin
müavini olmadıqda isə Konstitusiya Məhkəməsinin daha yaşlı hakimi sədrlik edir.
II. Məruzəçi-hakim
Konstitusiya Məhkəməsi Plenumunun iclasına sədrlik edə bilməz.
Maddə 24. Hakimə
etiraz və özü-özünə etiraz etmənin qaydası
I. «Konstitusiya
Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 46.1-ci maddəsində
nəzərdə tutulmuş əsaslarla tərəflər və maraqlı
subyektlər Konstitusiya Məhkəməsi Plenumunun iclasında hakimə etiraz və yaxud
hakim özü- özünə etiraz edə bilər.
II. Konstitusiya
Məhkəməsinin hakiminə etiraz edildikdə və ya hakim özü- özünə etiraz etdikdə
sədrlik edən «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası
Qanununun 47.1.4-cü maddəsinə uyğun olaraq Konstitusiya Məhkəməsi Plenumunun
iclasını təxirə salır və həmin məsələyə müşavirə otağında baxılır. Barəsində
etiraz verilən hakimə etiraza dair öz mövqeyini bildirmək imkanı
yaradılmalıdır. «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası
Qanununun 46.3 və 68.1-ci maddələrinə uyğun olaraq açıq səsvermə yolu ilə qəbul
edilmiş qərar məhkəmə iclasında sədrlik edən tərəfindən elan edilir.
III. Eyni
əsaslarla hakimə təkrar etirazın edilməsi yolverilməzdir.
IV. Konstitusiya
Məhkəməsinin hakimi barəsində etiraz təmin edildikdə işin baxılmasından
kənarlaşdırılmış hakimin iştirakı olmadan məhkəmə baxışı təxirə salındığı andan
davam etdirilir.
V. Məruzəçi-hakim
barəsində verilmiş etiraz təmin edildikdə Konstitusiya Məhkəməsinin Sədri iş
üzrə yeni məruzəçi-hakimi təyin edir. Bu halda təxirə salınan iş üzrə iclas
əvvəldən başlanılır.
Maddə 25. Tərcüməçi
I. "Konstitusiya
Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə
müvafiq olaraq işdə iştirak edən, lakin dövlət (Azərbaycan) dilini bilməyən şəxslərə Konstitusiya Məhkəməsinin Plenumu
tərəflərin və ya onların nümayəndələrinin vəsatəti ilə və ya öz təşəbbüsü ilə məhkəmə islasında
tərcüməçinin iştirakını təmin edir.
II. Sədrlik
edən məhkəmə iclasında iştirak etməzdən əvvəl tərcüməçinin şəxsiyyətini (adını,
soyadını, atasının adını, təvəllüdünü, təhsilini, iş və ya yaşayış yerini)
müəyyən edir, ona işdə iştirak edən, lakin dövlət (Azərbaycan) dilini bilməyən şəxslər üçün
ifadələrin, iclasda səslənən sənədlərin, sədrlik edənin sərəncamlarının və
Konstitusiya Məhkəməsi Plenumunun qərardadlarının məzmununu dəqiq və dolğun
tərcümə etmək vəzifəsini izah edir, habelə məhkəmə iclasının protokolunda qeyd
olunmaqla ona bilə-bilə yanlış tərcüməyə görə məsuliyyət haqqında xəbərdarlıq
edir.
III. Tərcüməçi məhkəmə
iclasında tərcüməyə başlamazdan əvvəl Konstitusiya Məhkəməsinin Plenumu
qarşısında aşağıdakı məzmunda and içir və onun mətnini imzalayır: «Konstitusiya
Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 29-cu maddəsinin
tələblərinin təmin edilməsinə, tərcüməni dəqiq və dolğun şəkildə aparılmasına
and içirəm». Tərcüməçi tərəfindən imzalanmış andın mətni konstitusiya işinin
materiallarına əlavə edilir.
Maddə 26. Məruzəçi-hakimin
çıxışı
I. Məruzəçi-hakim çıxışında baxılan məsələnin mahiyyətini
izah edir, konstitusiya işinin hallarını təhlil edir, konstitusiya işində olan
sənədlərin qısa məzmunu və məsələnin hazırlanması üçün görülən tədbirlər
haqqında məlumat verir.
II. Məruzəçi-hakim çıxışında konstitusiya işinin müqəddəratı
haqqında fikir söyləməməlidir.
III. Konstitusiya Məhkəməsinin hakimləri məruzəçi-hakimə
suallar verə bilərlər.
Maddə 27. Konstitusiya
məhkəmə icraatı zamanı tərəflərin çıxışı
I. Sorğuverən və ya ərizəçi çıxışında məsələnin
mahiyyətini izah edir, mövqeyini əsaslandırmaq üçün sübutları təqdim edir.
II. Сavabverən
çıxışında sorğu və ya şikayətlə bağlı öz mövqeyini bildirir, mövqeyini
əsaslandırmaq üçün sübutları təqdim edir.
III. Tərəfləri
bir neçə nümayəndə təmsil etdikdə bütün nümayəndələr çıxış edə bilərlər.
Maddə 28. Xüsusi
konstitusiya icraatı zamanı maraqlı subyektlərin çıxışı
I. Maraqlı subyektin
nümayəndəsi çıxışında sorğu və ya müraciətin mahiyyətini izah edir və mövqeyini
əsaslandıran materialları təqdim edir.
II. Bu
cür sorğu və ya müraciətlər əsasında mənafelərinə toxunulan orqanların
nümayəndələri və ya mənafelərinə toxunulan şəxslərin özləri, yaxud
nümayəndələri xüsusi konstitusiya icraatında iştirak etdikdə öz çıxışlarında
sorğu və ya müraciətlə bağlı mövqelərini bildirir və əsaslandırırlar.
III. Maraqlı
subyektləri bir neçə nümayəndə təmsil etdikdə bütün nümayəndələr çıxış edə
bilərlər.
Maddə 29. Ekspertlərin
dinlənilməsi
I. Məhkəmə
iclasında çıxışdan əvvəl sədrlik edən, ekspert qismində cəlb edilmiş şəxsin şəxsiyyətini
(adı, soyadı, atasının adı, iş yeri, təhsili, elmi dərəcəsi, xüsusi və fəxri
adları) müəyyən edir, ona "Konstitusiya Məhkəməsi haqqında"
Azərbaycan Respublikası Qanununun 45-ci maddəsində sadalanan ekspertin hüquq və
vəzifələrini izah edir, habelə məhkəmə iclasının protokolunda qeyd olunmaqla,
ona bilə-bilə yalan rəy verməyə görə məsuliyyət haqqında xəbərdarlıq edir.
II. Ekspert
Konstitusiya Məhkəməsi qarşısında aşağıdakı məzmunda and içir və onun mətnini
imzalayır:"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası
Qanununun 45-ci maddəsinin tələblərinə riayət edilməsinə və ixtisas biliklərimə
əsaslanaraq obyektiv rəy verməyimə and içirəm ". Ekspert tərəfindən
imzalanmış andın mətni konstitusiya işinin materiallarına əlavə edilir.
III. Konstitusiya
Məhkəməsi Plenumunun iclasına sədrlik edən hər bir ekspertə konstitusiya işinə
dair rəyini Konstitusiya Məhkəməsi Plenumuna söyləməyi təklif edir. Ekspertin
çıxışından sonra ona suallar verilə bilər. Ekspertə Konstitusiya Məhkəməsinin hakimləri, sorğuverən və ya müraciət edən
cavabverən və xüsusi konstitusiya icraatında maraqlarına toxunulan subyektlər
sual verirlər.
Maddə 30. Ekspertin rəyi
I. Ekspertin
rəyi yazılı şəkildə təqdim edilir. Rəydə ekspertin adı, təhsili, ixtisası və
elmi dərəcəsi, baxılan konstitusiya işinin adı, Konstitusiya Məhkəməsinin
qərardadında ekspert qarşısında qoyulmuş sualların cavabları və müəyyən olunmuş
qaydada rəyin mətninin altında ekspertin imzası daxil olmaqla ekspert haqqında
məlumatlar əks etdirilir.
II. Ekspertizanın aparılması ekspertlər
qrupuna həvalə edildikdə razılaşdırılmış rəyi bütün ekspertlər imzalayır.
Ekspertlər arasında fikir müxtəlifliyi olduqda onların hər biri şəxsi rəyini
tərtib edir.
III. Konstitusiya Məhkəməsinin Plenumu
ekspert tərəfindən verilmiş rəyin tam olmadığı və ya aydın olmadığı qənaətinə
gəldikdə, iş üzrə əlavə və ya təkrar ekspertizanın keçirilməsinə dair qərardad
qəbul edə bilər. Əlavə ekspertiza həmin və ya başqa ekspertə, təkrar ekspertiza
isə başqa ekspertə (ekspertlərə) həvalə olunur.
Maddə 31. Mütəxəssis
I. İşə baxılarkən məhkəməyə kömək etmək
üçün zəruri bilik və düşüncəyə malik olan, baxılan işdə marağı olmayan şəxs Konstitusiya Məhkəməsinin təşəbbüsü və ya
tərəflərin vəsatətinə əsasən məhkəmə iclasına mütəxəssis qismində çağırıla
bilər.
II. Mütəxəssis qismində çağırılmış şəxs
Konstitusiya Məhkəməsinə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara
cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə borcludur.
III. Mütəxəssisin yazılı formada verdiyi arayış məhkəmə iclasında elan edilir və işə
əlavə olunur. Mütəxəssisin şifahi mülahizələri məhkəmə iclasının protokoluna yazılır.
Maddə 32. Mütəxəssisin dinlənilməsi və mütəxəssisin
arayışı
I. Mütəxəssisin
dinlənilməsi bu Nizamnamənin ekspertin dinlənilməsini nəzərdə tutan 29-cu
maddəsinin 3-cü hissəsinin qaydalarına uyğun həyata keçirilir.
II. Mütəxəssisin
arayışı bu Nizamnamənin ekspertin rəyini nəzərdə tutan 30-cu maddəsinin
tələblərinə cavab verməlidir.
Maddə 33. Məhkəmə
iclasında şahidlərin iştirakı
I. Konstitusiya işinə baxılmasında
iştirak edən şahidlər dinlənilənədək Konstitusiya Məhkəməsinin iclas zalından
çıxarılırlar.
II. Konstitusiya Məhkəməsi
Plenumunun iclasında şahidin ifadəsi dinlənilməzdən əvvəl sədrlik edən onun
şəxsiyyətini (adını, soyadını, atasının adını, təvəllüdünü, yaşayış yerini)
müəyyən edir, ona «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası
Qanununun 44-cü maddəsinin müddəalarını izah edir və məhkəmə iclasının
protokolunda qeyd olunmaqla ona bilə-bilə yalan ifadə verməyə görə məsuliyyət
haqqında xəbərdarlıq edir.
III. Şahid
Konstitusiya Məhkəməsinin Plenumu qarşısında aşağıdakı məzmunda and içir və
onun mətnini imzalayır: «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan
Respublikası Qanununun 44-cü maddəsinin tələblərinə riayət edilməsinə, məhkəmə
qarşısında yalnız və yalnız həqiqəti söyləməyə and içirəm. Şahid tərəfindən
imzalanmış andın mətni konstitusiya işinin materiallarına əlavə edilir.
IV. Şahidlərin
dinlənilməsi sorğuverənin şahidlərinin və ya Azərbaycan Respublikasının
Konstitusiyası ilə Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmiş
subyektin şahidlərinin dinlənilməsi ilə başlanır, bundan sonra cavabverənin
şahidləri və ya Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş
hallarda Konstitusiya Məhkəməsinə edilmiş müraciət əsasında mənafelərinə toxunulan
subyektin şahidləri və axırda Konstitusiya Məhkəməsinin təşəbbüsü ilə
çağırılmış şahidlər dinlənilir.
V. Konstitusiya
Məhkəməsi Plenumunun iclasına sədrlik edən hər bir şahidə konstitusiya işi üzrə
bildiyi məlumatları Konstitusiya Məhkəməsi Plenumuna söyləməyi təklif edir.
Şahidin çıxışından sonra ona suallar verilə bilər. Şahidə sorğuverən və ya
Konstitusiya Məhkəməsinə müraciət etmək hüququ verilmiş subyekt, cavabverən və
ya Azərbaycan Respublikasının Konstitusiyasında nəzərdə tutulmuş hallarda Konstitusiya
Məhkəməsinə edilmiş müraciət əsasında maraqlarına toxunulan subyektlər suallar
verirlər.
VI. Konstitusiya
Məhkəməsinin hakimləri şahidlərin dinlənildiyi hər bir vaxt onlara suallar verə
bilərlər.
Maddə 34. Sənədlərin
elan edilməsi
I. Konstitusiya
işinə əlavə edilmiş və ya məhkəmə iclasında təqdim olunmuş sənədlər
Konstitusiya Məhkəməsi Plenumunun iclasında elan edilir. Bundan sonra
sənədlərin elan edilməsi ilə bağlı tərəflər və ya maraqlı subyektlər izahat
verə bilərlər.
II. Konstitusiya Məhkəməsi Plenumunun iclasında təqdim
olunmuş sənədlər konstitusiya işinə əlavə edilir və Konstitusiya Məhkəməsi
Plenumunun protokolunda qeyd olunur.
Maddə 35. Vəsatətlərin
həlli
I. Konstitusiya
işinə baxılarkən tərəflər, maraqlı subyektlər və ekspertlər Konstitusiya
Məhkəməsi Plenumuna yazılı və ya şifahi vəsatətlər verə bilərlər.
II. Yazılı
verilmiş vəsatətləri Konstitusiya Məhkəməsi Plenumunun iclasına sədrlik edənin
tapşırığı ilə məhkəmə iclasının katibi elan edir və konstitusiya işinə əlavə
edir.
III. Vəsatət
həmin iclasda Konstitusiya Məhkəməsi Plenumunun qəbul etdiyi qərardadlarla
təmin edilir və ya rədd olunur.
Maddə 36. Hökumətlərarası müqavilələrin qüvvəsinin və
ya qüvvəyə minmə prosesinin dayandırılması haqqında Konstitusiya Məhkəməsi
Plenumunun təklifi
I. Konstitusiya
işinin baxılması yekunlaşmazdan əvvəl Konstitusiya Məhkəməsinin Plenumu
Azərbaycan Respublikasının hökumətlərarası müqavilələrinin qüvvəsinin və ya
qüvvəyə minmə prosesinin dayandırılması təklifi ilə çıxış edə bilər.
II. Bu halda
Konstitusiya Məhkəməsinin Plenumu müəyyən olunmuş qaydada müvafiq qərardad
çıxararaq onu Azərbaycan Respublikasının Prezidentinə göndərir.
Maddə 37. Tərəflərin və maraqlı subyektlərin yekun
çıxışları
I. Konstitusiya məhkəmə icraatı zamanı tərəflər
Konstitusiya Məhkəməsi Plenumunun iclasında baxılan konstitusiya işinin həlli
ilə əlaqədar yekun çıxış edə bilərlər. Xüsusi konstitusiya icraatı zamanı
maraqlı subyektlər Konstitusiya Məhkəməsi Plenumunun iclasında baxılan
konstitusiya işinin həllinə, Konstitusiya Məhkəməsinin Plenumu qərar çıxararkən
nəzərə almalı olduğu məsələlərə dair yekun çıxışı edə bilərlər.
II. Konstitusiya
Məhkəməsinin Plenumu tərəflərə və maraqlı subyektlərə yekun çıxışına
hazırlaşmaq üçün vaxt verə bilər.
III. Tərəflərin və ya maraqlı subyektlərin yekun
çıxışlarından sonra Konstitusiya Məhkəməsinin Plenumu qərar qəbul edilməsi üçün hakimlərin müşavirə otağına gedir.
IV. Əgər
tərəflərin və ya maraqlı subyektlərin yekun çıxışlarından sonra konstitusiya
işi üzrə tədqiqatın tam və hərtərəfli aparılmadığı aşkar olunarsa, Konstitusiya
Məhkəməsinin Plenumu “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası
Qanununun 48.2-ci maddəsinə uyğun olaraq işə baxılmasının təzələnməsi haqqında
qərardad çıxara bilər.
Maddə 38. Məhkəmə iclasının protokolu
I. Konstitusiya
Məhkəməsi Plenumunun bütün iclaslarında protokol aparılır. Protokolun dəqiq və
dolğun olması üçün məhkəmə iclaslarında stenoqram aparıla bilər.
II. Konstitusiya
Məhkəməsi Plenumunun qapalı iclaslarını məhkəmə iclasının katibi
protokollaşdırır. Konstitusiya Məhkəməsinin Plenumu iclasın məhkəmə iclası
katibinin iştirakı olmadan aparılması barədə qərar qəbul etdikdə belə iclasın
protokolu Konstitusiya Məhkəməsi Sədrinin göstərişi ilə Konstitusiya
Məhkəməsinin hakimlərindən biri tərtib edir.
III. Qapalı
iclasın protokolu ilə yalnız Konstitusiya Məhkəməsinin hakimləri tanış ola
bilərlər. Məhkəmə iclasında iştirak etmiş hakim həmin iclasın protokoluna dair öz
qeydlərini verə bilər.
IV. Məhkəmə
iclasının protokolunda aşağıdakılar göstərilməlidir:
1) Konstitusiya Məhkəməsi Plenumunun iclasının keçirildiyi
tarix;
2) Konstitusiya Məhkəməsi Plenumunun iclasının keçirildiyi yer;
3) Konstitusiya Məhkəməsi Plenumunun iclasına sədrlik edənin
adı, atasının adı, soyadı;
4) Konstitusiya Məhkəməsi Plenumunun iclasında iştirak edən
Konstitusiya Məhkəməsi hakimlərinin adı, atasının adı, soyadı;
5) Konstitusiya Məhkəməsi Plenumunun iclasının məhkəmə iclas
katibinin adı, atasının adı, soyadı;
6) Konstitusiya Məhkəməsi Plenumunun iclasının gündəliyi;
7) Konstitusiya işinə baxılmasında iştirak edən tərəflər,
maraqlı subyektlər və onların nümayəndələri haqqında məlumat;
8) Konstitusiya işinə baxılmasında iştirak edən tərəflərin,
maraqlı subyektlərin, şahidlərin, ekspertlərin gəlməsi haqqında məlumat;
9) Konstitusiya Məhkəməsi Plenumunun hərəkətləri haqqında
onların həyata keçirildiyi ardıcılıqla məlumat;
10) Məruzəçi-hakimin çıxışı, tərəflərin, maraqlı subyektlərin
çıxışları və vəsatətləri, onlara verilən suallar və suallara cavablar;
11) Konstitusiya Məhkəməsi Plenumunun iclasına sədrlik edənin
sərəncamları və qəbul edilən qərardadlar;
12) Şahidlərin, ekspertlərin və mütəxəsisslərin çıxışları, onlara
verilən suallar və suallara cavablar;
13) Tərəflərin və ya maraqlı subyektlərin yekun çıxışları.
V. Konstitusiya
Məhkəməsi Plenumunun iclasının protokolu Konstitusiya Məhkəməsi Plenumunun
iclasına sədrlik edən və məhkəmə iclasının katibi tərəfindən
imzalanır və konstitusiya işinə əlavə edilir.
Maddə 39.
İşlərə yazılı prosedur üzrə baxılması qaydası
I. “Konstitusiya
Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 27.2-ci maddəsinə uyğun
olaraq konstitusiya işində toplanmış sənədlər həmin işin mahiyyəti üzrə baxılması üçün kifayət etdikdə, Konstitusiya
Məhkəməsinin Plenumu tərəflərə və maraqlı subyektlərə işə yazılı prosedur üzrə
baxılmasına dair təklif edə bilər.
II.
Tərəflərin və maraqlı subyektlərin
işə yazılı prosedur üzrə baxılmasına razılığı olduqda, Konstitusiya
Məhkəməsinin Plenumu işə məhkəmə iclası keçirilmədən və tərəflərin iştirakı
olmadan yazılı prosedur üzrə baxılmasına dair qərardad çıxarır.
III. Yazılı
prosedur üzrə işə müşavirə otağında baxılır.
IV. Konstitusiya Məhkəməsinin Plenumunun yazılı
prosedur qaydasında qəbul edilmiş qərar və qərardadlarının tarixi yekun qərar
və qərardadın elan edildiyi gün hesab edilir.
V. Qəbul olunmuş qərar və qərardadın
surəti yeddi gün müddətində tərəflərə və maraqlı subyektlərə göndərilir.
Maddə 40.
Konstitusiya işinə baxılarkən bir konstitusiya icraatı növündən digər
konstitusiya icraatı növünə keçmə
«Konstitusiya Məhkəməsi haqqında» Qanununun 40.2.1 və 40.3.9-cu maddələrində nəzərdə tutulan hallar üzrə sorğu, müraciət və ya şikayətlərə dair konstitusiya işinə baxılarkən, zərurət yarandıqda Konstitusiya Məhkəməsinin Plenumu tərəfindən işin baxılması konstitusiya icraatı növündən xüsusi konstitusiya icraatı növünə və ya xüsusi konstitusiya icraatı növündən konstitusiya icraatı növünə keçirilə bilər.
V fəsil
Konstitusiya Məhkəməsi Plenumunun qərarı
Maddə 41. Konstitusiya Məhkəməsi Plenumunun qərarının
hazırlanması və qəbul edilməsi
I. Konstitusiya
işinə baxıldıqdan sonra məruzəçi-hakim Konstitusiya Məhkəməsinin Plenumu
tərəfindən baxılmış materiallara əsaslanan qərar layihəsini təqdim edir.
II. Məruzəçi-hakimlər
arasında qərar layihəsinə dair fikir müxtəlifliyi meydana çıxdıqda onlardan hər
biri öz qərar layihəsini təqdim edir.
III. Hakimlərin
müşavirəsində yalnız Konstitusiya Məhkəməsi Plenumunun iclasında iştirak edən
hakimlər iştirak edir və hər bir hakim öz qərar layihəsini təqdim edə bilər.
IV. Konstitusiya
Məhkəməsi Plenumunun qərarı bütövlükdə hakimlərdən adbaad sorğu edildikdən
sonra açıq səsvermə yolu ilə qəbul edilir. Düzəlişlər üzrə səsvermədə
hakimlərin adbaad sorğusu yalnız bunu azı üç hakim tələb etdikdə keçirilir.
Bütün hallarda məhkəmə iclasında sədrlik edən axırıncı səs verir.
V. Konstitusiya
Məhkəməsi Plenumunun qərarını məhkəmə iclasında sədrlik edən imzalayır.
Konstitusiya Məhkəməsi Plenumunun qərarının surəti həmin qərara səs vermiş
bütün hakimlər tərəfindən imzalanır və Konstitusiya Məhkəməsinin Sədrində
saxlanılır. Bir qayda olaraq, qərarlar 15 gün müddətində Konstitusiya
Məhkəməsinin iclasında elan edilir, lakin zərurət yarandıqda həmin müddət
uzadıla bilər.
Maddə 42. Konstitusiya Məhkəməsinin hakimi tərəfindən
xüsusi rəyin təqdim edilmə müddəti
Konstitusiya
Məhkəməsi hakiminin xüsusi rəyi Konstitusiya Məhkəməsi Plenumunun qərarı elan
edildiyi gündən etibarən beş gündən gec olmayaraq təqdim edilməlidir.
Konstitusiya Məhkəməsi hakiminin xüsusi rəyi Konstitusiya Məhkəməsi Plenumunun
qərarına əlavə edilir və onunla birlikdə dərc edilir.
Maddə 43. Konstitusiya Məhkəməsi Plenumunun
qərardadının qəbul edilməsi
I. "Konstitusiya
Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 68.1-ci maddəsində
nəzərdə tutulmuş hallarda Konstitusiya Məhkəməsinin Plenumu qərardad qəbul
edir.
II. Konstitusiya
Məhkəməsi Plenumunun qərardadını məhkəmə iclasında sədrlik edən imzalayır.
Maddə 44. Konstitusiya Məhkəməsi qərar və
qərardadının dərc edilməsi üçün göndərilməsi
Konstitusiya
Məhkəməsinin təsdiq edilmiş qərar və ya dərc olunmalı qərardadın surəti rəsmi
mətbuat orqanlarında dərc edilməsi üçün göndərilir. Bu hallarda Konstitusiya
Məhkəməsi qərarının və ya qərardadının mətni: "Azərbaycan Respublikasının
Konstitusiya Məhkəməsi" sözləri ilə qurtarır və həmin surətlərdə sədrlik
edənin imzası əks etdirilmir.
Maddə 45. Konstitusiya Məhkəməsi qərar və
qərardadlarının icra təcrübəsinin ümumiləşdirilməsi
I.
Konstitusiya Məhkəməsi qəbul etdiyi qərarların icra
vəziyyətini müntəzəm
olaraq təhlil edir.
II. Konstitusiya
Məhkəməsi Plenumunun qəbul etdiyi qərarların icra vəziyyəti öyrənilərkən qərarın məcburi hüquqi
qüvvəsinin onun nəticə hissəsi ilə yanaşı təsviri-əsaslandırıcı hissəsinə də
şamil olunması nəzərə alınmalıdır.
III. Konstitusiya Məhkəməsi Aparatının müvafiq bölməsi
Konstitusiya Məhkəməsi Plenumunun qərarlarının icrası haqqında yarım illik və
illik informasiya-analitik hesabatları Konstitusiya Məhkəməsinin hakimlərinə
təqdim edir. Zəruri hallarda Konstitusiya Məhkəməsinin Sədri Konstitusiya
Məhkəməsi Plenumunun bir və ya bir neçə konkret qərarlarının icrası haqqında
məlumatın təqdim edilməsi barədə
tapşırıq verir.
IV. Konstitusiya Məhkəməsi Konstitusiya Məhkəməsi Plenumunun qəbul
etdiyi qərar və qərardadların icrası barədə dövlət orqanlarına və vəzifəli
şəxslərə sorğu göndərə bilər.
V. Konstitusiya
Məhkəməsi Plenumunun qərarının icra edilməməsi və ya tam icra edilməməsi faktı
müəyyən edildikdə Konstitusiya Məhkəməsinin Sədri Plenumun qərarının icrasını
təmin etməyə yönəlmiş tədbirlər haqqında təkliflər verə bilər.
Maddə 46. Konstitusiya Məhkəməsinin qərar və qərardadında olan qeyri-dəqiqliklərin
düzəlişi
I. Konstitusiya
Məhkəməsinin hər hansı bir hakiminin təşəbbüsü ilə Konstitusiya Məhkəməsinin
qərar və qərardadının adında, onların mətnində mövcud olan səhvlərin, açıq
aydın redaksiya və texniki qüsurların düzəlişi həyata keçirilir. Konstitusiya
Məhkəməsi konstitusiya icraatının tərəflərinin, onların nümayəndələrinin və
maraqlı şəxslərin Konstitusiya Məhkəməsinin Plenumunun qərar və qərardadında,
Palataların qərardadında aşkar olunmuş səhvlər və qüsurlar barədə edilmiş
müraciətlərə baxmağa borcludur.
II. Konstitusiya Məhkəməsinin Plenumunun qəbul
etdiyi qərar və qərardadında olan səhvlərə və qüsurlara düzəlişlər Plenumun
iclaslarında, Palata tərəfindən qəbul edilmiş qərardada isə həmin Palatanın
iclaslarında edilir.
III. Konstitusiya Məhkəməsinin qərar və
qərardadında olan səhvlərin və qüsurların düzəlişlərinə dair qərardad qəbul edilir.
Belə qərardadın surətləri Konstitusiya Məhkəməsinin Plenumunun qərarı və
qərardadı, Palataların qərardadı göndərildiyi orqan və şəxslərə, zərurət
yarandıqda isə dərc edildiyi rəsmi mətbuat orqana göndərilir.
VI fəsil
Müxtəlif növ konstitusiya işləri üzrə
konstitusiya icraatının xüsusiyyətləri
Maddə 47. Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələrinin
rəsmən elan edilməsi
I. Azərbaycan Respublikası Prezidenti
seçkilərinin nəticələri haqqında materiallar Konstitusiya Məhkəməsinə daxil
olduqdan sonra Azərbaycan Respublikası Konstitusiyasının 102-ci maddəsində
göstərilən müddətə riayət edilməklə Konstitusiya Məhkəməsinin Sədri həmin
məsələni Konstitusiya Məhkəməsi Plenumunun iclasına çıxarır və bu barədə
Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına bildiriş göndərilir.
II.
Konstitusiya Məhkəməsi Plenumunun iclasında Mərkəzi Seçki Komissiyası Sədrinin
Azərbaycan Respublikası Prezidenti seçkilərinin nəticələri haqqında məlumatı
dinlənilir.
III. Bu
məsələyə baxılmasının nəticələrinə dair Konstitusiya Məhkəməsi Azərbaycan
Respublikası Prezidenti seçkilərinin yekunlarının rəsmi elan edilməsi haqqında
qərar qəbul edir.
Maddə 48. Azərbaycan Respublikası Prezidentinin
istefa haqqında ərizəsinə baxılması
I. Azərbaycan Respublikası Prezidentinin
istefa haqqında ərizəsi daxil olduğu gündən ən geci üç gün keçənədək
Konstitusiya Məhkəməsinin Sədri həmin məsələni Konstitusiya Məhkəməsi
Plenumunun iclasına çıxarır.
II. Bu məsələyə dair iclasa Azərbaycan
Respublikasının Prezidenti dəvət olunur. Zəruri hallarda iclasa eləcə də
şahidlər, ekspert və mütəxəssislər dəvət edilə bilər.
III. Azərbaycan Respublikası Prezidentinin
istefa ərizəsinə baxılmasının nəticələrinə dair Konstitusiya Məhkəməsinin Plenumu
müvafiq qərar qəbul edir.
Maddə 49. Azərbaycan Respublikası Konstitusiyasının mətninə dəyişikliklər
edilməsi haqqında rəyin verilməsinə dair məsələyə baxılması
I. Azərbaycan Respublikası
Konstitusiyasının mətninə dəyişikliklər edilməsi haqqında təkliflərin dərc
olunduğu gündən ən geci yeddi gün keçənədək Konstitusiya Məhkəməsinin Sədri
həmin məsələni Konstitusiya Məhkəməsi Plenumunun iclasına çıxarır.
II. Konstitusiya Məhkəməsinin iclasında
həmin təklifi vermiş orqan və ya vəzifəli şəxsin nümayəndəsindən başqa
mütəxəssislər və ekspertlər də dinlənilə bilər.
III. Məsələnin baxılmasının nəticələrinə dair
Konstitusiya Məhkəməsi Plenumunun qərarı ilə təsdiq olunan rəy qəbul edilir.
VII fəsil
Konstitusiya Məhkəməsi hakiminin əmək
məzuniyyəti və ezamiyyəti
Maddə 50. Konstitusiya
Məhkəməsinin hakimlərinə əmək məzuniyyətinin verilməsi
I. Konstitusiya
Məhkəməsinin hakimlərinə əmək məzuniyyəti bir qayda olaraq hər ilin avqust
ayının birindən verilir. Bununla belə, Konstitusiya Məhkəməsinin Sədri ilə
razılaşdırıldığı qaydada Konstitusiya Məhkəməsinin hakiminə başqa vaxt da
məzuniyyət verilə bilər.
Konstitusiya
Məhkəməsinin hakiminə əmək məzuniyyəti onun arzusu ilə iki hissəyə bölünərək
verilə bilər. Konstitusiya Məhkəməsinin hakimi məzuniyyətinin vaxtı barədə
məhkəmənin Sədrini əvvəlcədən xəbərdar edir.
II. Konstitusiya Məhkəməsinin hakimi əmək
məzuniyyətinə gedərkən, Konstitusiya Məhkəməsinin Sədrini olduğu yer barədə
məlumatlandırır.
III. Konstitusiya
Məhkəməsinin hakiminə məzuniyyət verildiyi halda məzuniyyətə çıxdığı gündən üç
gün əvvəl Konstitusiya Məhkəməsinin İşlər idarəsinin müvafiq qurumu tərəfindən
ona məzuniyyət haqqı, iki aylıq əmək haqqı məbləğində müavinət (vəzifə maaşı və
ona olan əlavələr) verilir.
IV. Konstitusiya Məhkəməsinin hakimi əmək
məzuniyyətindən yalnız Konstitusiya Məhkəməsi Plenumunun iclasının keçirilməsi
üçün kvorum olmadığı və işlə əlaqədar digər zəruri hallarda geri çağırıla
bilər.
V. Əmək
məzuniyyətindən geri çağırılan Konstitusiya Məhkəməsinin hakiminə işə başladığı
gündən etibarən əmək haqqı hesablanır və onun razılığı əsasında istifadə
edilməmiş məzuniyyət günləri gələcəkdə müəyyən edilmiş vaxtda məzuniyyət pulu
ödənilmədən verilir.
VI. Konstitusiya
Məhkəməsinin hakiminə növbəti ilin əmək məzuniyyətinin pulu hesablanarkən
əvvəlki ilin istifadə edilməmiş məzuniyyət günləri nəzərə alınmır və onun
əvəzinə pul təminatı da verilmir.
Maddə 51. Konstitusiya
Məhkəməsinin hakimlərinin ezamiyyətə
getməsi
I. Başqa
ölkələrin qanunvericilik və məhkəmə təcrübəsini öyrənmək, hüquq məsələləri ilə
bağlı olan konfranslarda, seminarlarda, görüşlərdə və digər rəsmi tədbirlərdə
iştirak etmək üçün Konstitusiya Məhkəməsinin hakimi Konstitusiya Məhkəməsinin
Sədri ilə razılaşdırılmış qaydada ezamiyyətə gedə bilər.
II. Konstitusiya
Məhkəməsi hakiminin ezamiyyətə getməsi üçün onun arzusu və dəvətnamə mövcud
olmalıdır.
III. Konstitusiya
Məhkəməsinin hakiminə ezamiyyətə getdiyi halda ona ezamiyyət xərclərinin
ödənilməsi üçün müvafiq pul məbləği verilir.
IV. Konstitusiya
Məhkəməsinin hakimi ezamiyyətə gedərkən:
1) Konstitusiya Məhkəməsinin hesabına getdikdə-ona
yol, mehmanxana və gündəlik xərclərin ödənilməsi üçün qanunvericilikdə müəyyən
edilmiş qaydada pul məbləği verilir;
2) dəvət edən tərəfin hesabına getdikdə-ona yalnız
gündəlik xərclərin 40 faizi miqdarında pul məbləği verilir;
3) Konstitusiya Məhkəməsinin və dəvət edən tərəfin
hesabına getdikdə-ona ezamiyyət xərclərinin ödənilməsi üçün bu hissənin 1 və
2-ci bəndlərinin müddəalarından istifadə edərək iki tərəfin razılaşdığı qaydada
müvafiq pul məbləği verilir.
V. Konstitusiya
Məhkəməsi Aparatı Konstitusiya Məhkəməsi hakiminin ezamiyyətə gedib-gəlmək üçün
ortaya çıxan bütün təşkilati, texniki məsələlərini hakim yola çıxdığı gündən üç
gün əvvəl həll etməlidir.
VIII fəsil
Konstitusiya Məhkəməsi hakiminin
səlahiyyətlərinə
xitam verilməsi
Maddə 52. Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə
"Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.1-23.1.6-cı
maddələrinə əsasən xitam verilməsi
"Konstitusiya
Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.1-23.1.6-cı
maddələrinə əsasən Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə xitam
verilməsi Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci
bəndinə müvafiq olaraq Azərbaycan Respublikasının Prezidenti tərəfindən həyata
keçirilir.
Maddə 53. Konstitusiya Məhkəməsi hakiminin
səlahiyətlərinə "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan Respublikası
Qanununun 23.1.7 –23.1.10-cu maddələrinə əsasən xitam verilməsi
I. Konstitusiya
Məhkəməsinin Sədri Konstitusiya Məhkəməsi hakiminin səlahiyətlərinə vaxtından
əvvəl xitam verilməsi üçün "Konstitusiya Məhkəməsi haqqında"
Azərbaycan Respublikası Qanununun 23.1.7-23.1.10 –cu maddələrində nəzərdə
tutulmuş əsaslardan biri və ya bir neçəsinin olması haqqında yazılı məlumat
aldıqdan sonra məhkəmənin hakimlərindən birinə və ya bir neçəsinə alınmış
məlumatın yoxlanılması və məsələnin obyektiv həlli üçün əlavə sənədlərin
toplanılmasına dair göstəriş verir.
II. "Konstitusiya
Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.7-23.1.10-cu
maddələrində nəzərdə tutulmuş əsaslarla səlahiyyətlərinə vaxtından əvvəl xitam
verilməsi məsələsi qaldırılmış hakim Konstitusiya Məhkəməsi hakimlərinin
yığıncağı çağırılanadək həmin məsələ üzrə şifahi və ya yazılı məlumat verə
bilər. Hakimin yazılı məlumatı, eləcə də məsələyə aid olan sənədlər Konstitusiya
Məhkəməsinin Sədrinə və hakimlərinə təqdim edilir.
III. Əvvəlcədən
toplanılmış materialları nəzərdən keçirdikdən sonra Konstitusiya Məhkəməsinin
Sədri Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə vaxtından əvvəl xitam
verilməsi haqqında materialların Konstitusiya Məhkəməsi hakimlərinin
yığıncağında baxılması barədə məsələni həll edir. Konstitusiya Məhkəməsi
hakimlərinin yığıncağı mütləq barəsində məsələ qaldırılmış hakimin iştirakı ilə
keçirilir. Səhhətinə görə hakim Konstitusiya Məhkəməsi hakimlərinin
yığıncağında iştirak edə bilmədiyi halda onun yazılı məlumatı oxunur. Hakimin
səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi üçün müvafiq əsasların
mövcudluğu haqqında məlumat vermiş şəxslər və məsələnin həlli üçün əhəmiyyətli
məlumatlara malik olan digər şəxslər Konstitusiya Məhkəməsi hakimlərinin
yığıncağına dəvət oluna bilər.
IV. "Konstitusiya
Məhkəməsi haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.10-cu maddəsinə
əsasən səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi haqqında məsələyə
Konstitusiya Məhkəməsi hakimlərin yığıncağında baxılmazdan əvvəl Konstitusiya
Məhkəməsinin hakimi istefa haqqında ərizə verə bilər.
V. Konstitusiya
Məhkəməsi hakiminin səlahiyyətlərinə "Konstitusiya Məhkəməsi
haqqında" Azərbaycan Respublikası Qanununun 23.1.7-23.1.10-cu maddələrində
nəzərdə tutulmuş bir və ya bir neçə əsaslarla xitam verilməsi haqqında məsələ
Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağı tərəfindən rədd edildikdə, həmin
məsələ Konstitusiya Məhkəməsinin hakimlərinin yığıncağına eyni əsaslar və
faktiki hallarla əlaqədar təkrarən çıxarıla bilməz.
VI. Konstitusiya
Məhkəməsi hakimlərinin yığıncağı hakimin səlahiyyətlərinə vaxtından əvvəl xitam
verilməsi üçün "Konstitusiya Məhkəməsi haqqında" Azərbaycan
Respublikası Qanununun 23.1.7-23.1.10-cu maddələrində nəzərdə tutulmuş
əsaslardan biri və ya bir neçəsinin mövcud olmasını hesab etdikdə məsələ üzrə
Azərbaycan Respublikasının Prezidentinə təklif verilməsi haqqında
əsaslandırılmış qərar qəbul edir.
Maddə 54. Səlahiyyət müddətinin başa çatması ilə
əlaqədar Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərinə xitam verilməsi
Konstitusiya Məhkəməsi hakiminin səlahiyyət müddətinin
başa çatmasına iki ay qalmış Konstitusiya Məhkəməsinin Sədri bu barədə
Azərbaycan Respublikasının Prezidentinə məlumat verir.
IX fəsil
Konstitusiya
Məhkəməsi fəaliyyətinin
digər məsələləri
Maddə 55. Ərizəçilərin qəbulu
I. Konstitusiya
Məhkəməsi Aparatının müvafiq bölməsi ərizəçiləri Konstitusiya
Məhkəməsinin Sədrinin müəyyən etdiyi qaydada qəbul edir.
II. Qəbul
haqqında məlumat ərizəçilər üçün görünən yerdən asılır və Konstitusiya
Məhkəməsinin rəsmi internet səhifəsində yerləşdirilir.
III. Zəruri
hallarda ərizəçiləri Konstitusiya Məhkəməsinin Sədri və ya onun təklifi ilə
Konstitusiya Məhkəməsinin Sədr müavini və
hakimləri qəbul edir.
Maddə 56. Konstitusiya Məhkəməsinin yaratdığı
komissiyalar
Konstitusiya Məhkəməsinin Sədri Konstitusiya
Məhkəməsinin Daxili Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi, kadr, büdcə
informasiya, məhkəmə təcrübəsinin ümumiləşdirilməsi məsələlərinin hazırlanması
və digər məqsədlərlə Konstitusiya Məhkəməsi hakimlərinin hər hansı birinin
rəhbərliyi ilə müvəqqəti və ya daimi komissiyalar yarada bilər. Həmin
komissiyaların tərkibinə Konstitusiya Məhkəməsi Aparatının işçiləri daxil edilə
bilər.
Maddə 57. Konstitusiya Məhkəməsinin informasiya
təminatı
Məlumatların operativliyini və dolğunluğunu təmin
etmək məqsədilə Konstitusiya Məhkəməsində Azərbaycan Respublikasının və
Naxçıvan Muxtar Respublikasının qanunları və digər normativ aktları,
Konstitusiya Məhkəməsinin qərarları və xarici dövlətlərin konstitusiya
məhkəmələrinin qərarları haqqında məlumatları əks etdirən kompyuter məlumat
bankından ibarət informasiya sistemi yaradılır.
Maddə 58. Konstitusiya Məhkəməsinin beynəlxalq
əlaqələri
Konstitusiya Məhkəməsi xarici ölkələrin konstitusiya
nəzarəti orqanları ilə əməkdaşlıq, nümayəndə heyətləri ilə mübadilə,
Konstitusiya Məhkəməsi hakimlərinin və Aparat işçilərinin təcrübə keçməsi,
qərar və digər məlumatların mübadiləsi və birgə elmi tədbirlərin təşkil
edilməsi haqqında sazişlər bağlamaqla işgüzar əlaqələr yaradır.
Maddə 59. Konstitusiya Məhkəməsinin kütləvi
informasiya vasitələri ilə əlaqələri
Konstitusiya Məhkəməsinin kütləvi informasiya
vasitələri ilə əlaqələri bir qayda olaraq Konstitusiya Məhkəməsinin mətbuat
xidməti vasitəsi ilə həyata keçirilir.
Maddə 60. Konstitusiya Məhkəməsi Aparatının və İşlər
İdarəsinin iş rejimi
Konstitusiya Məhkəməsi Aparatının və İşlər İdarəsinin
iş rejimi Konstitusiya Məhkəməsinin Aparatı haqqında Əsasnamə, Konstitusiya
Məhkəməsinin İşlər İdarəsi haqqında Əsasnamə, eləcə də Daxili Əmək İntizamı
Qaydaları ilə müəyyən edilir.
Maddə 61. Konstitusiya Məhkəməsinin Daxili
Nizamnaməsinə əlavə və dəyişiklər edilməsi
I. Konstitusiya
Məhkəməsinin Daxili Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi haqqında
təklif Konstitusiya Məhkəməsinin hər hansı bir hakimi tərəfindən
əsaslandırılmaqla irəli sürülə bilər. Konstitusiya Məhkəməsinin Daxili
Nizamnaməsinə əlavə və dəyişikliklər edilməsi haqqında təkliflərə Konstitusiya
Məhkəməsi hakimlərinin yığıncağında baxılır.
II. Daxili Nizamnaməyə əlavə və dəyişikliklərin edilməsi haqqında hər bir təklif üzrə Konstitusiya Məhkəməsi hakimlərinin yığıncağı ayrıca qərar qəbul edir.