2009-07-13 Azərbaycan Respublikasinin Konstitusiya Məhkəməsi – 11 il

Xəbərlər

2009 Jul

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlməsinin 40 ili tamam olur. Bu tarixin 30 ilindən çoxu Azərbaycanın quruculuq və inkişaf salnaməsinə ulu öndərin xalqımız və ölkəmiz üçün gördüyü işlərin zəfər səhifələri kimi yazılmışdır. İndi Heydər Əliyevin siyasi irsini araşdıranlar çox haqlı olaraq həmin illərdə görülmüş işləri dövlət müstəqilliyimizə təminat yaradan başlıca amillər kimi qiymətləndirirlər. Ümummilli lider Heydər Əliyev məhz o illərdə böyük uzaqgörənliklə Azərbaycanın milli müstəqilliyinin etibarlı təməlini, sosial-iqtisadi, mənəvi intellektual və hüquqi mühitini formalaşdırmışdır. Təsadüfi deyildir ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra insan hüquq və azadlıqlarının prioritetlərinə əsaslanan, demokratik, hüquqi və dünyəvi dövlət qurmaq, qanunların hakim olduğu vətəndaş cəmiyyəti formalaşdırmaq kimi məsuliyyətli və şərəfli bir missiyanı məhz Heydər Əliyev özü yerinə yetirmişdir. Bu mənada hüquqi, demokratik, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəliləyən Azərbaycan ulu öndərimizin şah əsəridir.

Müstəqil müasir Azərbaycan Respublikasının memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin xalqımız və dövlətimiz qarşısında ən böyük töhfələrindən biri ölkəmizdə konstitusionalizm ideyalarının təşəkkülü, dövlətçilik tariximiz üçün tam yeni olan konstitusiya nəzarəti institutunun yaranması və inkişafı olmuşdur.

1995-ci il noyabrın 12-də ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə hazırlanmış müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası qəbul edildi. Bu tarixi hadisə xalqımızın həyatında yeni, şanlı bir səhifə yazdı, dövlətimizin hüquqi, siyasi və iqtisadi inkişafının gələcək istiqamətlərini müəyyənləşdirdi. Əsas Qanunumuz əks etdirdiyi humanizm və demokratiya prinsipləri ilə ölkədə vətəndaşların hüquq və azadlıqlarının təmin olunması, dövlətçiliyimizin tərəqqisi üçün hərtərəfli zəmin yaratdı. Ulu öndər Heydər Əliyevin gərgin əməyinin bəhrəsi olan bu mükəmməl tarixi və hüquqi sənədin suveren Azərbaycanın müstəqillik yolunda daha inamla addımlamasında, mədəniyyətimizin və digər milli mənəvi dəyərlərimizin qorunmasında, əhalinin yüksək rifahının təmin edilməsində rolu danılmazdır.

Konstitusiya ölkə və cəmiyyət həyatı üçün nə qədər əhəmiyyətli bir sənəd olsa da, qanunauyğun haldır ki, cəmiyyətin, insan təfəkkürünün inkişafı, yeni ictimai-siyasi münasibətlərin yaranması bu sənəddə də islahatların aparılmasını zəruri edir. Azərbaycan Konstitusiyasında da bu cür islahatların aparılması ictimai, siyasi, iqtisadi və digər sahələrdə inkişaf dinamikası ilə əlaqədardır. Azərbaycanın sosial-iqtisadi inkişafı, siyasi modernləşmənin vüsəti, demokratik inkişaf sahəsində əldə edilən uğurlar Konstitusiyada bir sıra müddəaların daha da təkmilləşdirilməsini tarixi zərurətə çevirmişdi.

Müasir dövrdə istənilən ölkənin, o cümlədən yenicə müstəqillik əldə edən dövlətlərin mövcudluğunu hüququn tənzimləyici fəaliyyəti olmadan təsəvvür etmək qeyri-mümkündür. Hazırkı dövrdə bu cür tənzimləmə onun əsas formalarından biri kimi Konstitusiya, o cümlədən qanunların potensialından tam şəkildə istifadə etməyi tələb edir və bu da onunla izah olunur ki, hər bir dövlətin sabit fəaliyyəti Əsas Qanunun müdafiəsini həyata keçirən konstitusiya nəzarəti olmadan mümkün deyildir.

Bununla əlaqədar olaraq, 1998-ci ildə ümummilli lider Heydər Əliyevin sərəncamı ilə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi təsis edilmişdir. Əsasən Azərbaycan Respublikası Konstitusiyasının müddəalarından irəli gələn prinsiplərin aliliyinin təmin olunmasına və cari qanunvericilikdə mövcud ziddiyyətlərin aradan qaldırılmasına yönəlmiş fəaliyyəti həyata keçirən Konstitusiya Məhkəməsi öz səlahiyyətlərini müvafiq subyektlərdən daxil olan sorğular, müraciətlər və şikayətlər əsasında konstitusiya icraatı qaydasında həyata keçirir.

Ümumiyyətlə müasir dövrdə konstitusiya nəzarəti orqanlarının mühüm vəzifələrindən biri də Konstitusiyanın mütəmadi olaraq inkişaf etdirilməsi, ona dinamizm qazandırılmasıdır. Bu yanaşma isə ilk növbədə, belə bir zərurətdən irəli gəlir ki, dövlətin Əsas Qanunu bir tərəfdən siyasi sabitliyin təminatçısı kimi qəbul edilir, digər tərəfdən isə o, cəmiyyətin konkret hədəflərə yönəlmiş inkişaf istiqamətlərini müəyyənləşdirir. Bu mənada Konstitusiyanın aliliyinin təmin olunması ictimai münasibətlərdə sabitliyin mühüm amili kimi çıxış edir. Bütövlükdə konstitusiya hüququnun inkişafına xidmət edən bu vəzifənin icra olunmasında Konstitusiya Məhkəməsinin üzərinə mühüm hüquqi vəzifələr düşür. Hesab edirik ki, Konstitusiya normalarının şərhinə Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsində fəal tətbiq olunan şərhin təkamül prinsipindən yanaşılmalıdır. Məhz belə yanaşma əsasında Konstitusiya normaların statik məcmusu olmaqdan çıxır, konstitusion dəyər və prinsiplər zamanın tələbləri çərçivəsində şərh edilir, eləcə də onların müasir demokratik cəmiyyətlərdə hakim olan anlayışlar baxımından daim inkişaf etdirilməsi təmin olunur. Bununla da Konstitusiya ictimai inkişafın ortaya çıxan yeni tələbatlarının nizama salınmasında canlı vasitə rolunu oynayır. Bu isə öz növbəsində ona cəmiyyətdəki yeniliklərə adekvat təsir imkanı verən xüsusi dinamizm qazandırır. Belə olan təqdirdə Konstitusiyanın məzmunu daim yeniləşdirilir, bütövlükdə isə konstitusiya hüququ müasir cəmiyyətin sosial, siyasi, mənəvi və texnoloji təkamülü baxımından mütərəqqi inkişaf edir.

Konstitusiya Məhkəməsi özünün əsas səlahiyyətlərindən olan, normativ-hüquqi aktların Konstitusiyaya uyğunluğunu yoxlamaq səlahiyyəti vasitəsilə, ilk növbədə Konstitusiyanın aliliyini təmin etmiş olur. Konstitusiya Məhkəməsi yoxlanılan normanın və ya onun hər hansı bir hissəsinin Konstitusiyaya, yaxud özündən üstün hüquqi qüvvəyə malik akta uyğun olmadığını müəyyənləşdirdikdə onu qüvvədən düşmüş elan edir. Bununla da həmin normativ-hüquqi aktın müvafiq müddəası öz hüquqi qüvvəsini itirir və Azərbaycan Respublikasının ərazisində tətbiq edilə bilməz. Buradakı mühüm məqam ondan ibarətdir ki, qeyd etdiyimiz kimi, yoxlanılan norma Konstitusiya Məhkəməsi tərəfindən məqsədəmüvafiqlik nöqteyi-nəzərindən deyil, Konstitusiyanın fəlsəfəsinə və prinsiplərinə uyğunluğu baxımından qiymətləndirilir. Beləliklə, Konstitusiya Məhkəməsi yoxlanılan normativ hüquqi aktı bütövlükdə və ya onun ayrı-ayrı hissəsini qüvvədən salmaqla Konstitusiya ilə uyğunsuzluq təşkil edən həmin normaları qanunvericilik sistemindən kənarlaşdırmış olur. Bununla da, bir çox nəzəriyyəçilərin haqlı olaraq qeyd etdiyi kimi, Konstitusiya Məhkəməsi “mənfi qanunverici” funksiyasını həyata keçirir. Lakin Konstitusiya Məhkəməsi yoxlanılan aktların Konstitusiyaya uyğunluğu məsələsini həyata keçirməklə öz fəaliyyətini bitmiş hesab etmir. Çünki “Konstitusiyaya uyğunlaşdırma” fəaliyyəti daha geniş şəkildə qəbul edilməli, zərurət yarandıqda Konstitusiya Məhkəməsi tərəfindən dövlət hakimiyyət orqanları müvafiq olaraq əlavə tədbirlər görməyə sövq edilməlidir. Konstitusiya Məhkəməsinin fəaliyyətini diqqətlə izləyən zaman aydın şəkildə müşahidə olunur ki, bu Məhkəmə öz qərarları ilə yeri gəldikcə sonradan görülməsi zəruri olan tədbirləri əhatə edən müəyyən proseduralara müraciət edir. Konstitusiya normalarının daha dolğun təmin edilməsi üçün səlahiyyətli dövlət orqanlarına qanunvericilik tənzimləmələrinin həyata keçirilməsinin zəruriliyinə dair ünvanlanmış tövsiyələr buna misal göstərilə bilər. Bununla da, hakimiyyətlər bölgüsü prinsipinə ciddi riayət edilməklə, bəzən normayaradıcı orqanların hüquqyaratma səlahiyyətləri müəyyən hədlər çərçivəsinə salınır, bəzən də gələcək norma yaradıcılığının konturları müəyyənləşdirilməklə səlahiyyətli orqanlar konkret hüquqyaratma fəaliyyətinə dəvət edilir. Proseduraların işlək mexanizminin olması və arzulanan səmərəni verməsi isə sözsüz ki, dövlət hakimiyyəti orqanlarının digər qollarının fəal dəstəyindən əhəmiyyətli dərəcədə asılıdır. Həmçinin qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi dövlət hakimiyyətinin institutları arasında bilavasitə birləşdirici funksiyanı həyata keçirir, çünki o, ölkəmizin Əsas Qanunundan irəli gələn prinsiplərin aliliyinin qorunmasının təminatçısı kimi çıxış edir.

Konstitusiya Məhkəməsinin mühüm səlahiyyətlərindən olan Konstitusiyanın və qanunların şərh edilməsinin məqsədi normanın məzmununu aydınlaşdırmaqla onun real konstitusiya-hüquqi predmetini hüquq tətbiqedicilərin nəzərinə çatdırmaqdan ibarətdir. Bu zaman Konstitusiya Məhkəməsinin verdiyi rəsmi şərhlə hüquq normasının hər hansı digər Konstitusiyaya uyğun olmayan şəkildə tətbiqini mümkünsüz edir, onun icraatı qaydasını dəqiqləşdirir, müvafiq formada tətbiqi təcrübəsini istisna edir. Verilən rəsmi şərh vasitəsilə hüquq norması, eyni zamanda, müasir dəyərlər baxımından dolğunlaşdırılaraq təkmil formanı qəbul edir. Bu isə geniş mənada hüququn tətbiqi təcrübəsinin konstitusiya hüququna müvafiq inkişaf etdirilməsi məqsədinə xidmət edir.

Ümumiyyətlə, bütün ölkələrdə konstitusiya nəzarəti konstitusiya müddəalarının aliliyini təmin edən vasitə olmaqla, demokratik dövlətin mühüm atributu kimi qiymətləndirilir. Geniş mənada konstitusiya nəzarətinin əsas təyinatı dövlət orqanlarının Konstitusiyanın tələblərinə zidd hüquqi aktlarının qanunvericilik sistemindən çıxarılmasından və ya onların real konstitusiya-hüquqi məzmununun aydınlaşdırılmasından ibarətdir.

2002-ci il avqustun 24-də keçirilmiş referendum nəticəsində Konstitusiyaya edilmiş əlavə və dəyişikliklər mühüm əhəmiyyətə malik olmuş və məhkəmənin fəaliyyətinin keyfiyyətcə yeni mərhələyə qədəm qoymasına imkan vermişdir. Bu gün Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi geniş səlahiyyətlər dairəsinə malik müasir konstitusiya nəzarəti orqanıdır. Qeyd olunan nəzarətin yurisdiksiyasına normativ-hüquqi aktların geniş spektri daxildir. Bu isə bütün qanunvericilik sisteminə konstitusiya nəzarətini həyata keçirmək, Konstitusiya və qanun normalarının təfsiri vasitəsilə hüququn inkişafı və tətbiqi təcrübəsinin istiqamətləndirilməsi kimi əhəmiyyətli səlahiyyətlər deməkdir. 2002-ci il konstitusiya islahatlarından sonra ayrı-ayrı şəxslərə, məhkəmələrə və Ombudsmana da Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ verilmişdir. Bu dəyişikliklərdən sonra 2004-cü il yanvarın 8-də “Konstitusiya Məhkəməsi haqqında” Qanun qüvvəyə minmiş və beləliklə də yeni subyektlər tərəfindən Konstitusiya Məhkəməsinə sorğu, müraciət və şikayətlərin verilməsi, onlara baxılması mexanizmləri müəyyənləşdirilmişdir. Şübhəsiz ki, bütün bunlar ilk növbədə Konstitusiya Məhkəməsinin timsalında hüquqların müdafiəsi üçün əhəmiyyətli bir vasitənin əldə edilməsi deməkdir. Xüsusilə də, konstitusiya şikayətinin verilməsinin mümkün olduğu məsələlərin dairəsi daha geniş müəyyən edilmişdir. Belə ki, bu institutun mövcud olduğu ölkələrin əksəriyyətində şikayətin predmeti yalnız iş üzrə tətbiq edilən və ya edilməli olan qanunun Konstitusiyaya uyğunluğu məsələsi ola bilər. Halbuki, ölkəmiz daha mütərəqqi təcrübəni qəbul edərək, konstitusiya şikayətinin predmetinə normativ hüquqi aktlarla yanaşı, məhkəmə və bələdiyyə aktlarının Konstitusiyaya və qanunlara uyğunluğunun yoxlanılmasını da daxil etmişdir. Qeyd etmək lazımdır ki, “Konstitusiya Məhkəməsi haqqında” Qanun Konstitusiyanın aliliyinin təmin edilməsini və hər kəsin hüquq və azadlıqlarının müdafiəsini Konstitusiya Məhkəməsinin əsas məqsədləri kimi təsbit etmişdir. Konstitusiya Məhkəməsi bu məqsədləri həyata keçirərkən dövlət hakimiyyətinin digər qolları ilə qarşılıqlı fəaliyyət göstərir, qəbul etdiyi qərarlarla milli hüquq sisteminə öz töhfəsini verir. Konstitusiya Məhkəməsi əsasən müvafiq qanunvericiliyin ona verdiyi səlahiyyətlər çərçivəsində fəaliyyət göstərir. Həm də qeyd olunmalıdır ki, məhkəmənin belə fəaliyyəti həm demokratik mahiyyəti, həm də mövcud sistemə müvafiqliyi baxımından milli hüququn inkişafının ümumi qanunauyğunluğundan və inkişaf istiqamətlərindən kənara çıxmır, konstitusiya ədalət mühakiməsi vasitəsilə hüquq elminin və pozitiv hüququn bazasında yeni hüquq prinsipləri yaranır. Fikrimcə, məhz bu prinsipdən çıxış edən qanunverici Konstitusiya Məhkəməsinin qərarlarını normativ xarakterli aktlara aid etmişdir.

On bir ilin təcrübəsi göstərir ki, Konstitusiya Məhkəməsinə verilmiş geniş səlahiyyətlər özünü doğrultmuş və məhz dövrün tələblərindən irəli gəlmişdir. Məhkəmənin dövlət və hüquq sistemimizdə yeni təsisat olmasına və cəmiyyətdə konstitusiya məsələləri ilə bağlı məhkəməyə müraciət vərdişinin olmamasına baxmayaraq, Konstitusiya Məhkəməsi fəaliyyətinin ilk dövrlərindən fəal işə başlamış, müvafiq subyektlərin müraciətləri əsasında bəzi konstitusiya normalarını rəsmi şərh etmiş, mülkiyyət hüququnun, cinayət və cinayət-prosessual hüququnun, əmək və sosial təminat hüququnun bir sıra institutları ilə bağlı zəruri qərarlar qəbul etmiş, insan hüquq və azadlıqlarının səmərəli təmin olunması ilə əlaqədar konkret məsələlər üzrə hüquqi mövqelərini ortaya qoymuşdur. Ötən dövrün təcrübəsi, həmçinin göstərdi ki, vətəndaşlar konstitusiya şikayəti institutundan səmərəli müdafiə vasitəsi kimi olduqca fəal istifadə edirlər. Bu fakt Konstitusiya Məhkəməsinin işində də özünü açıq büruzə verir. Belə ki, vətəndaşlara Konstitusiya Məhkəməsinə birbaşa müraciət etmək hüququ verildikdən sonra məhkəməyə bu günədək ümumilikdə, 12000-ə yaxın ərizə və şikayət daxil olmuşdur. Qəbul edilmiş ərizə və şikayətlərin 5000-ə qədəri məhkəmə aktlarından verilmişdir. Şikayətlər əsasən mülki, mənzil, ailə, vergi, əmək və s. münasibətlərdən irəli gələn mübahisələrlə əlaqədardır. Həmçinin qeyd olunmalıdır ki, mübahisələrin əksəriyyəti mülkiyyət hüququnun həyata keçirilməsinə aiddir. Konstitusiya Məhkəməsi bu səlahiyyətindən səmərəli istifadə edərək, öz fəaliyyətində xarici təcrübəni nəzərə almaqla fərdi şikayətlər institutunu daim inkişaf etdirir, həmçinin Avropa hüququnu presedent kimi fəal tətbiq edir.

Konstitusiya Məhkəməsi 11 illik fəaliyyəti dövründə beynəlxalq əməkdaşlığa da xüsusi əhəmiyyət vermişdir. İlk növbədə vurğulamaq istərdim ki, Konstitusiya Məhkəməsi 2000-ci ildən etibarən Avropa konstitusiya nəzarəti orqanlarını birləşdirən Avropa Konstitusiya Məhkəmələri Konfransı Təşkilatının tamhüquqlu üzvüdür. Eyni zamanda, milli Konstitusiya Məhkəməsi Avropa Şurası Venesiya Komissiyası, Almaniya Texniki Əməkdaşlıq Təşkilatı, ATƏT, Amerika Hüquqşünaslar Assosiasiyası, Qırmızı Xaç Komitəsi, Çin Hüquq Assosiasiyası və bir sıra beynəlxalq hökumət və qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıq edir. Həmçinin Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Avropa Şurası Venesiya Komissiyası çərçivəsində konstitusiya məhkəmələrinin təcrübəsini əks etdirən xüsusi “Venesiya Forumu” adlanan şəbəkənin üzvüdür. Ümumiyyətlə Konstitusiya Məhkəməsi Türkiyə, Rusiya, Almaniya, Avstriya, İtaliya, Bolqarıstan, Moldova, Ukrayna, Çin, İsrail, Koreya Respublikası, Cənubi Afrika Respublikası və bir çox digər Avropa, Asiya və Afrika ölkələrinin yüksək məhkəmə hakimiyyəti orqanları ilə ikitərəfli əməkdaşlıq həyata keçirir. Azərbaycan Konstitusiya Məhkəməsi Türkiyə Anayasa Məhkəməsi və Belarus Konstitusiya Məhkəməsi ilə qarşılıqlı əməkdaşlıq haqqında memorandum imzalamışdır. Bütün bunlar isə öz növbəsində Konstitusiya Məhkəməsinin təcrübəsini zənginləşdirməklə və onun qəbul etdiyi qərarlarda müasir hüquqi meyillərin tətbiqinə zəmin yaratmaqla həm praktiki, həm də nəzəri sahələrdə təcrübə mübadiləsinə geniş imkanlar açır. Həyata keçirilən beynəlxalq əməkdaşlıq qarşılıqlı faydalı məzmun daşıyır, dünyada gedən sürətli inkişaf və inteqrasiya prosesləri bu əlaqələrin daha da genişləndirilməsini zəruri edir.

Ümumiyyətlə, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi İnsan Hüquqları üzrə Avropa Məhkəməsi ilə əlaqələrə xüsusi diqqət yetirir və öz təcrübəsində həm İnsan hüquqları və əsas azadlıqları Konvensiyasının müddəalarına, həm də İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna istinadlar geniş yer tutur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qərarlarını qəbul edərkən oxşar işlərdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarları ilə ziddiyyətlərdən yayınmaq üçün bütün mümkün tədbirləri həyata keçirir. Bununla əlaqədar olaraq Konstitusiya Məhkəməsinin Aparatı mütəmadi olaraq İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsini izləyir və təhlil edir.

Konstitusiya Məhkəməsi öz fəaliyyətində insan hüquqlarına dair digər beynəlxalq hüquqi sənədlərin müddəalarına da əsaslanır. Bu isə öz növbəsində Məhkəməyə icraatında olan işlərə baxarkən dünya birliyi tərəfindən qəbul edilmiş demokratik norma və standartlara riayət etmək imkanı yaradır.

Konstitusiya Məhkəməsi mövcud normativ hüquqi aktlara əsaslanan fəaliyyəti və qəbul etdiyi qərarları ilə insan və vətəndaşın hüquq və azadlıqlarının müdafiəsində qanunvericilik və məhkəmə təcrübəsinin birliyini mühafizə edir. Bu cür ikiistiqamətli funksiya onu göstərir ki, konstitusiyanın aliliyinin təmin olunması hüquq və azadlıqların müdafiəsi ilə ayrılmaz və əlaqəlidir.

Azərbaycan Respublikasında demokratik hüquqi dövlətin möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi Konstitusiya Məhkəməsinin fəaliyyətinin əsas istiqamətidir. Bunlar məhkəmənin fəaliyyət predmetinə daxil olan normativ hüquqi aktların Konstitusiyaya və özündən yüksəkdə duran digər normativ hüquqi aktlara uyğunluğunun müəyyənləşdirilməsinin əsas meyarlarıdır.

Konstitusiya nəzarəti vasitəsilə qanunvericilik sistemində olan kolliziyalar aradan qaldırılır, hüququn tətbiqi praktikasında ahəngdar, məntiqi inkişaf təmin olunur, sosial-siyasi subyektlər arasındakı münaqişələrin qarşısı alınır, siyasi sistemin əsas subyektlərinin davranışı üzərində konstitusiya nəzarəti həyata keçirilir.

Qeyd olunmalıdır ki, Konstitusiya Məhkəməsinin fəaliyyətinin əhəmiyyətini qiymətləndirmək çox çətindir, çünki hər bir dövlətin hüquq sisteminin inkişaf istiqamətləri konstitusion yurisdiksiya aktlarında müəyyən olunmuş hüquqi mövqelərdən asılıdır. Konstitusiya hüquqlarının müdafiəsinin mühüm forması kimi konstitusiya nəzarəti demək olar ki, dünyanın yüzdən çox ölkəsində mövcuddur.

Bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə aparılan islahatlarla yanaşı, həm də demokratik-hüquqi islahatların keyfiyyətcə yeni mərhələsi yaşanır. Əldə edilmiş milli həmrəyliyin qorunması və möhkəmləndirilməsi, dövlət həyatının bütün sahələrinin inkişafının təmin edilməsi, demokratik nailiyyətlərə yönəlmiş ardıcıl addımlar Azərbaycan Respublikası Prezidentinin siyasətinin prioritetlərini təşkil edir. Əminik ki, Konstitusiya Məhkəməsi də öz səlahiyyətləri çərçivəsində ölkəmizdə demokratiyanın və hüququn inkişafına bundan sonra da layiqli töhfələrini verməkdə davam edəcəkdir.

Fərəh hissi ilə qeyd etmək olar ki, Azərbaycan Prezidenti İlham Əliyev Konstitusiya Məhkəməsinin 10 illik yubileyi münasibətilə ünvanladığı təbrik məktubunda da qeyd etmişdir: “Konstitusiya Məhkəməsi insan hüquqlarına dair müasir ideyaların, xüsusilə də İnsan hüquqları üzrə Avropa Konvensiyasında təsbit olunmuş prinsiplərin milli hüquqa tətbiqində, ölkəmizin Avropa hüquq məkanına inteqrasiyasında əhəmiyyətli rol oynayır, qəbul etdiyi qərarlarla hüquq sisteminin inkişafına və hüquq mədəniyyətinin artırılmasına təsir göstərir, bütövlükdə dövlətin hüquqi əsaslarının gücləndirilməsində fəal iştirak edir”.

Əminəm ki, Konstitusiya Məhkəməsi öz fəaliyyəti ilə bundan sonra da, ölkəmizdə demokratik və hüquqi dövlət quruculuğu, vətəndaş cəmiyyətinin daha da inkişaf etdirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına və milli qanunvericiliyimizin müasir dünya hüquq sisteminə inteqrasiyasına öz layiqli töhfəsini verəcəkdir.

 

Fərhad Abdullayev

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri