2008-09-26 Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin sentyabrn 26-da Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində olmuşdur

Xəbərlər

2008 Sep

Qonağı səmimiyyətlə salamlayan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev Azərbaycan ilə Türkiyə arasında tarixən mövcud olan dostluq və qardaşlıq münasibətlərinin hərtərəfli inkişafının əhəmiyyətini vurğulamış və demişdir ki, Konstitusiya Məhkəməsi beynəlxalq əlaqələrin genişləndirilməsinə xüsusi diqqət yetirir.

Fərhad Abdullayev respublikamızda həyata keçirilən məhkəmə-hüquq islahatlarının uğurlu nəticələrini diqqətə çatdıraraq, bu işin Konstitusiya Məhkəməsinin strukturunda və fəaliyyətində də əksini tapdığını söyləmişdir.Azərbaycanın Konstitusiya Məhkəməsi ilə Türkiyənin Konstitusiya Məhkəməsi arasında ikitərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalandığını xatırladan Fərhad Abdullayev həmin sənədin dost, qardaş ölkələrimiz arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyinə sübut olduğunu bildirmişdir. Türkiyənin ədliyyə naziri Mehmet Əli Şahin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfərinin məhkəmə orqanları arasında əməkdaşlığın daha da inkişafına xidmət edəcəyinə əminliyini söyləmişdir. 

Mehmet Əli Şahin sürətli və hərtərəfli inkişaf dövrünü yaşayan Azərbaycanda uğurla həyata keçirilən hüquq islahatlarının məhkəmə hakimiyyətinin daha da möhkəmlənməsinə, ölkəmizin beynəlxalq aləmdə demokratik imicinin yüksəlməsinə xidmət etdiyini vurğulamış, bu sahədə Azərbaycanın atdığı addımların böyük maraq doğurduğunu bildirmişdir. Türkiyənin ədliyyə naziri Konstitusiya Məhkəməsinin iş şəraiti ilə tanış olmuş, iclas zallarına baxmışdır. Qonağa xatirə hədiyyəsi verilmişdir. Görüşdə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç iştirak etmişdir.