Konstitusiya Məhkəməsində Zəfər Günü qeyd edilib

Xəbərlər

2021 Nov

05.11.2021

Zəfər Gününün təsis edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 3 dekabr tarixli Sərəncamına əsasən xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən Vətən müharibəsində misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il 8 noyabr tarixinin Azərbaycanda Zəfər Günü kimi təntənəli şəkildə qeyd olunması qərara alınıb.

Bununla bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində bir sıra tədbirlər keçirilib.

Noyabrın 3-də Konstitusiya Məhkəməsinin kollektivi İkinci Fəxri xiyabanı ziyarət edərək Vətən uğrunda həlak olmuş şəhidlərin xatirəsini anıblar.

Noyabrın 5-də Konstitusiya Məhkəməsində Zəfər Günü ilə bağlı tədbir keçirilib.

Tədbiri açan Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev qeyd edib ki, 2020-ci il sentyabrın 27-dən başlayan və 44 gün davam edən Vətən müharibəsi işğal altındakı ərazilərimizin qaytarılması ilə nəticələndi, tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.

Vurğulanıb ki, bu gün hər birimiz müasir Azərbaycan tarixinin ən fəxarətli günlərini yaşayırıq. Xalqımızın 30 illik torpaq həsrətinə son qoyuldu, düşmən üzərində böyük qələbə əldə edildi. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev həm siyasi arenada, həm də döyüş meydanında misilsiz uğura imza ataraq tarixi ədaləti bərpa etdi. Ölkəmiz bütün dünyaya öz siyasi və hərbi gücünü nümayiş etdirdi. Bu müharibədə ən əsas məqamlardan biri Xalq-Ali Baş Komandan birliyi oldu. Xalqımız Ali Baş Komandanın ətrafında bir yumruq kimi birləşərək, ona və ordumuza böyük dəstək verdi. Qəhrəman, yenilməz Ordumuz isə döyüş meydanında Ali Baş Komandanın əmrlərini şərəflə icra edərək düşmənə ağır zərbələr endirdi və işğal altındakı torpaqlarımızı azad etdi. 44 gün davam edən hərbi əməliyyatlar nəticəsində Azərbaycan xalqı tarixi qələbə qazandı, ölkəmizin ərazi bütövlüyü bərpa olundu.

Diqqətə çatdırılıb ki, 8 noyabr Azərbaycan tarixinə Zəfər günü kimi yazıldı. Məhz həmin gün Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, mədəniyyətimizin beşiyi Şuşa mənfur düşmən işğalından qurtuldu.

Sədr vurğulayıb ki, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hərbi əməliyyatlar nəticəsində müasir standartlara cavab verən rəşadətli ordumuz 44 gün ərzində 300-ə yaxın yaşayış məntəqəsini, həmçinin 5 şəhər və 4 qəsəbəni, bir sıra strateji yüksəklikləri işğaldan azad etdi. 2020-ci il noyabrın 10-da Azərbaycanın qələbəsini təsdiqləyən üçtərəfli bəyanat imzalandı. Bu tarixi sənəd nəticəsində Ermənistanın hərbi-siyasi rəhbərliyi təslim oldu, hərbi əməliyyatlar dayandırıldı, Ağdam, Laçın və Kəlbəcər rayonları bir güllə atmadan geri qaytarıldı.

Qeyd edilib ki, müəllifi ulu öndər Heydər Əliyevin olduğu Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş torpaqlarımızda bərpa edildi. İşğal altındakı torpaqlarımızın azad olunması həm də vətəndaşların konstitusiya hüquqlarının bərpasını təmin etdi.

2021-ci il aprelin 12-də Prezident İlham Əliyevin xüsusi təşəbbüsü ilə Bakıda salınan Hərbi Qənimətlər Parkı Azərbaycan Silahlı Qüvvələrinin İkinci Qarabağ müharibəsində qazandığı şanlı qələbəyə həsr olunub. Ermənilərin döyüş meydanında qoyub qaçdığı atıcı silahlar, ağır texnikalar, raket kompleksləri, hərbi nəqliyyatlar və digər sursatlar qənimətlər sırasındadır. Hərbi Qənimətlər Parkı qazanılan tarixi Zəfərin nümayişi baxımından xüsusi əhəmiyyət kəsb edir. Buradakı eksponatlar hər bir ziyarətçidə Vətən müharibəsinin gedişi barədə təsəvvür yaradır, Azərbaycana Zəfər qazandıran döyüşləri bir daha göz önündə canlandırır.

Diqqətə çatdırılıb ki, 2020-ci il dekabrın 8-də Prezident İlham Əliyev "YAŞAT” Fondunun yaradılması ilə bağlı fərman imzaladı. Fondun yaradılmasında məqsəd şəhid ailələrinin və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olunmuş şəxslərin sosial müdafiəsi sahəsində dövlət tərəfindən həyata keçirilən tədbirlərə əlavə dəstək verilməsi istiqamətində vətəndaş cəmiyyəti təşəbbüslərinin reallaşdırılması üçün müvafiq platformanın yaradılması, bu sahədə şəffaflığın, hesabatlılığın və ictimai nəzarətin təmin edilməsidir.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın tapşırığı ilə şəhid və qazi ailələrinə xüsusi həssaslıq və qayğı göstərilir.

Sədr tədbir iştirakçılarının diqqətinə çatdırıb ki, bu günlərdə Konstitusiya Məhkəməsinin əməkdaşları şəhid və qazi ailələrinə ərzaq yardımı göstəriblər və bu tədbirlər davam etdiriləcək.

Qeyd edilib ki, oktyabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzuli Beynəlxalq Hava Limanının rəsmi açılışı oldu. Həmçinin dövlət başçıları mühüm strateji və iqtisadi əhəmiyyət daşıyan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun (Zəngəzur dəhlizi) təməlini qoydular. Türkiyə Prezidentinin azad olunmuş torpaqlara tarixi səfəri Azərbaycan-Türkiyə qardaşlığının daha bir parlaq nümayişi oldu.

Konstitusiya Məhkəməsində keçirilən tədbirdə iştirak edən Vətən müharibəsi qəhrəmanlarından biri, polkovnik Tehran Mənsimov çıxışında vurğulayıb ki, Qələbəyə doğru inamla irəliləyən qorxmaz, cəsur əsgər və zabitlərimiz Ermənistanın uzun illər işğal altında saxladıqları torpaqlarımızda qurduğu mühəndis-istehkam sistemlərini, düşmənin hərbi hissələrini, ön xətt mövqelərini, döyüş texnikalarını və infrastrukturunu, canlı qüvvəsini, cəbhənin dərinliyindəki atəş nöqtələrini, bazalarını darmadağın etdilər. Torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olundu. Azərbaycanın döyüş meydanında qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələndi. Vətən müharibəsi Azərbaycan xalqının nə qədər vətənpərvər, böyük xalq olduğunu, milli birliyini, həmrəyliyini bütün dünyaya sübut etdi. Azərbaycan tarixi torpaqlarına - Qarabağa qovuşdu, tarixi zəfərə imza atdı. Bu qələbəni, zəfəri bizlərə yaşadan isə ulu öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü ordumuz, rəşadətli əsgər və zabitlərimizdir.

Daha sonra sədr Fərhad Abdullayev diqqətə çatdırıb ki, Vətən müharibəsində qazanılan parlaq qələbə sayəsində azad olunan ərazilərdə bu gün genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir, mühüm layihələr reallaşdırılır. Dövlətimizin başçısı bu ərazilərdə strateji obyektlərin, müəssisələrin təməlini qoyur, tikinti işlərinin gedişini, yüksək texnologiyaların tətbiqini diqqət mərkəzində saxlayır. Bu tikinti-quruculuq işləri, şəhər və kəndlərimizin sürətlə bərpası bütün dünyaya Azərbaycanın gücünü, Prezidentimizin möhkəm iradəsini, yüksək idarəçilik məharətini, qurub-yaratmaq əzmini nümayiş etdirir.

Tədbirin sonunda Fərhad Abdullayev bildirib ki, 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, müqəddəs, qəhrəman şəhidlərimizin qanı bahasına, xalqımızın birliyi hesabına qazandıq. Otuz illik işğalı 44 gündə son qoyan bu müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi yazıldı.

Sədr, həmçinin qarşıdan gələn Azərbaycan Respublikasının Konstitusiya Günü və Dövlət Bayrağı Günü münasibətilə Konstitusiya Məhkəməsinin kollektivini təbrik edib. Qeyd olunub ki, bu gün Azərbaycan bayrağı işğaldan azad edilmiş bölgələrdə ucaldılıb və bu bayraq daim həmin ərazilərdə dalğalanacaq.

Tədbirdə, həmçinin Azərbaycan Dövlət İnformasiya Agentliyinin hazırladığı Zəfər Gününə həsr olunmuş film nümayiş etdirilib.