2011-03-16 Konstitusiya Məhkəməsində Mərakeş Krallığının Ədliyyə Nazirliyinin nümayəndə heyəti ilə görüş olmuşdur

Xəbərlər

2011 Mar

Martın 15-də Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsində Mərakeş Krallığının ədliyyə naziri Məhəmməd Nəsirinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş olmuşdur.

Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev səfər çərçivəsində imzalanmış sənədlərin - Təslim etmə, Mülki və ticarət işləri üzrə hüquqi əməkdaşlıq, Cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında ilk dövlətlərarası müqavilələrin, habelə Azərbaycanın və Mərakeşin Ədliyyə nazirliklərinin əməkdaşlığı haqqında Sazişin əhəmiyyətini vurğulamışdır. F.Abdullayev demişdir ki, bu sənədlər ölkələrimiz arasında ikitərəfli münasibətlərin dostluq və əməkdaşlıq prinsipləri əsasında inkişafına töhfə verəcəkdir.

Sonra F.Abdullayev 1998-ci ildə yaradılmış Konstitusiya Məhkəməsinin fəaliyyəti haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Konstitusiya Məhkəməsinin hüquq və səlahiyyətləri Azərbaycan Konstitusiyasında öz əksini tapmışdır. Qeyd etmişdir ki, Konstitusiya Məhkəməsi yaradılarkən Avropa və dünyanın bir çox ölkələrinin konstitusiya nəzarəti orqanlarının təcrübəsi öyrənilmiş və ondan istifadə edilmişdir. 

Daha sonra Konstitusiya Məhkəməsinin sədri qurumun əsas vəzifələrindən, səlahiyyətlərindən, qəbul etdiyi qərarlardan və beynəlxalq əlaqələrinin genişləndirilməsi istiqamətindəki fəaliyyətindən danışmışdır. 

Mərakeşin ədliyyə naziri Məhəmməd Nəsiri Azərbaycanda konstitusiya hüququnun yüksək səviyyədə olduğunu qeyd etmiş, ölkəsinin konstitusiya nəzarəti orqanı olan Konstitusiya Şurasının fəaliyyəti ilə bağlı məlumat vermişdir. M.Nasiri bildirmişdir ki, ölkələrimiz arasında imzalanmış sənədlər Azərbaycanın və Mərakeşin ədliyyə, hüquq, ümumiyyətlə, konstitusiya hüququ sahələrində əməkdaşlığın inkişafı üçün geniş imkanlar açacaqdır. 

Görüşdə ölkələrimiz arasında məhkəmə-hüquq sahəsi ilə yanaşı, siyasi, iqtisadi, ticarət, investisiya, turizm və digər sahələrdə də əməkdaşlığın inkişafının zəruriliyi vurğulanmışdır. 

Qonaqlara xatirə hədiyyələri təqdim edilmişdir. Sonda qonaqlar Konstitusiya Məhkəməsində iş şəraiti ilə tanış olmuşlar