2010-09-02 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatı

Xəbərlər

2010 Sep

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullyevin rəhbərliyik etdiyi nümayəndə heyəti Qazaxıstan Respublikası Konstitusiya Şurasının Sədri İqor Roqovun dəvətilə Qazaxıstan Respublikası Konstitusiyasının 15 illiyinə həsr olunmuş «Konstitusiya - dövlətin demokratik inkişafının əsası kimi» mövzusunda keçirilmiş beynəlxalq məhkəmə konfransında iştirak etmək üçün cari ilin avqust ayının 25-dən 28-dək Astana şəhərində səfərdə olmuşdur.

Nümayəndə heyəti səfərin ilk günü Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin adını daşıyan auditoriya ilə tanış olmaq üçün L. N. Qumilyov adına Avrasiya Milli Universitetinin rəhbərliyi və Konstitusiya Şurasının Sədri tərəfindən həmin Universitetə dəvət olunmuşdur. Auditoriyada Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikasında hakimiyyətdə olduğu dövrdən yadigar qalmış və onun imzaladığı bir çox rəsmi sənədlər və Azərbaycan-Qazaxstan əlaqələrənin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin əvəzsiz rolu haqqında materiallarla tanışlıq olmuşdur. Daha sonra Qazaxıstan Respublikasının Konstitusiya Şurasında görüşlər keçirilmiş, Azərbaycan və Qazaxstan arasında məhkəmə-hüquq əməkdaşlığı məsələləri müzakirə edilmişdir.

Qazaxıstan Respublikasının Prezidenti cənab Nursultan Nazarbayev Beynəlxalq məhkəmə konfrasını açaraq, Avropa və MDB ölkələrinin konstitusiya məhkəmələri arasında mövcud olan beynəlxalq əməkdaşlığı yüksək qiymətləndirmiş, bu əməkdaşlığın məhkəmə praktikasının daha da təkmilləşdirilməsinə töhfə verəcəyinə əminliyini bildirmişdir.

Bundan sonra konfransda müxtəlif hüquqi mövzular üzrə yerli və xarici qonaqlar məruzələr etmişlər. Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullayev «Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarlarında Konstitusiyanın aliliyinin təmin edilməsi» mövzusunda məruzə ilə çıxış etmişdir.

Konfrans çərçivəsində Qazaxıstan Respublikasının Prezidenti xarici nümayəndə heyətlərinin başçılarını qəbul etmiş, iştirak üçün təşəkkürünü bildirmişdir.

Tədbir zamanı Fərhad Abdullayev konfransda iştirak edən Avropa və Asiya ölkələri konstitusiya nəzarəti orqanlarının rəhbərləri, eləcə də  bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlər keçirmiş və qarşılıqlı maraq doğuran məhkəmə-hüquq məsələlərini müzakirə etmişdir.