2010-07-08 Azərbaycan Konstitusiya Məhkəməsinin Sədri Niderlandda Məhkəmə-Hüquq Orqanları arasında qarşiliqli əlaqələrlə bağli fikir mübadiləsi aparmışdır.

Xəbərlər

2010 Jul

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev cari il iyunun 28-dən iyulun 2-dək Niderland Krallığı Məhkəmə Şurasının sədri və ədliyyə nazirinin dəvəti ilə Haaqa şəhərində işgüzar səfərdə olmuşdur.

Səfər çərçivəsində Niderland Krallığının Məhkəmə Şurasının sədri Erik van der Emster və ədliyyə naziri Hirş Ballin ilə yanaşı, Ali Məhkəmənin sədri Gert Korstens, Dövlət Şurasının üzvü və Beynəlxalq Hüquq Əməkdaşlığı Məhkəməsinin İcraiyyə Şurasının sədri Martin Ostinq, Konstitusiya Hüququ üzrə Dövlət Komissiyasının sədri Vilhelmina Tomassen və BMT-in Beynəlxalq Ədalət Məhkəməsinin registrarı Filip Kuvrerlə görüşlər keçirilmişdir. Rəsmi görüşlər zamanı Azərbaycan Respublikasının Niderland Krallığındakı səfiri Fuad İsgəndərov da iştirak etmişdir. 

Hər iki ölkənin məhkəmə-hüquq orqanları arasında qarşılıqlı əlaqələr, o cümlədən beynəlxalq məhkəmə presedentlərinin tətbiqi və digər məsələlərlə bağlı Niderland tərəfi ilə fikir mübadiləsi aparılmışdır. Fərhad Abdullayev iki ölkə arasında münasibətlərin çoxşaxəli olduğunu vurğulamış və məhkəmə-hüquq orqanları arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin bu münasibətlərin təşviqinə töhfə verəcəyinə əmin olduğunu bildirmişdir.