2010-03-02 Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin mətbuat xidmətinin məlumatı

Xəbərlər

2010 Mar

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Sədri Fərhad Abdullyevin rəhbərliyi ilə nümayəndə heyəti cari il fevral ayının 23-dən 27-dək Moldova Respublikası Konstitusiya Məhkəməsinin sədri D. Pulberinin dəvəti ilə Moldova Respublikasının Konstitusiya məhkəməsinin 15 illiyinə həsr olunmuş beynəlxalq məhkəmə konfransında iştirak etmək üçün Kişinyov şəhərində işguzar səfərdə olmuşdur.

Bir çox Konstitusiya məhkəmələrinin sədrləri və hakimlərinin iştirakı ilə keçirilmiş yubiley tədbirlərində Konstitusiya aliliyinin konstitusiya nəzarəti orqanları tərəfindən təmin edilməsi, vətəndaşların hüquq və azadlıqlarının məhkəmələr tərəfindən müdafiə edilməsi, yüksək məhkəmə orqanlarının iş birliyi və digər hüquqi məsələlər müzakirə edilmişdir. 

Konfransdan sonra tədbirin xarici qonaqlarını Moldova Respublikasının Prezidentinin səlahiyyətlərini icra edən cənab Mixay Gimpu qəbul etmişdir. Görüş zamanı cənab Mixay Gimpu Moldova Respublikası ilə Azərbaycan Respublikası arasında mövcud əlaqələri, o cümlədən məhkəmə hüquq əməkdaşlığını yüksək qiymətləndirmişdir. 

Həmçinin tədbir zamanı bir sıra xarici Konstitusiya Məhkəmələrinin sədr və hakimləri ilə görüşlər keçirilmiş, qarşılıqlı məhkəmə-hüquq əməkdaşlığı barədə müzakirələr aparılmışdır.