Qərarlar

15.04.19 “POSCO DAEWOO” Korporasiyasının şikayəti üzrə AR Ali Məhkəməsinin İİK-nın 16 may 2018 il tarixli qərardadının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I

“POSCO DAEWOO” Korporasiyasının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2018-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

15 aprel 2019-cu il                                                                                       Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi “POSCO DAEWOO” Korporasiyasının nümayəndəsi Sərxan Məmmədovun,

ekspert Bakı Dövlət Universitetinin Beynəlxalq ümumi hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Rahim Məmmədov və Mülki proses və kommersiya hüququ kafedrasının müəllimi, hüquq üzrə fəlsəfə doktoru Ruslan Mirzəyevin iştirakı ilə,

Azərbaycan   Respublikası   Konstitusiyasının 130-cu  maddəsinin  V hissəsinə müvafiq olaraq konstitusiya  məhkəmə  icraatı qaydasında açıq məhkəmə iclasında “POSCO DAEWOO” Korporasiyasının şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2018-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

 İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin nümayəndəsinin çıxışını, ekspertlərin rəylərini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

 “POSCO DAEWOO” Korporasiyası ilə “Grand Motors” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Grand Motors” MMC) arasında bağlanmış 20 iyul, 23 avqust, 19 sentyabr və 22 oktyabr 2012-ci il tarixli alqı-satqı müqavilələrinə əsasən, “POSCO DAEWOO” Korporasiyası “Grand Motors” MMC-ni 45 ədəd tikinti texnikası (avadanlığı) ilə təchiz etməyi, alıcı isə razılaşdırılmış məbləği – 4.545.456 ABŞ dolları ödəməyi öz öhdəsinə götürmüşdür. Həmin müqavilələrdə satıcı tərəfindən avadanlığın çatdırılmasından əvvəl məbləğin 20 faizinin, konosamentdən sonra 120 gün müddətində qalan 80 faizinin ödənilməsi, eləcə də alıcı tərəfindən müqavilənin dəyərinin 100 faiz ödənilmədiyi halda onun illik 18 faiz məbləğində cərimə olunması razılaşdırılmışdır. Həmçinin müqavilələrdə tərəflər arasında yaranan mübahisənin danışıqlar vasitəsilə həll edilməli olması, 30 gün müddətində razılıq əldə edilməzsə, mübahisənin Koreya Kommersiya Arbitraj Şurasının Arbitraj Qaydalarına uyğun olaraq Koreyadakı arbitraj tərəfindən həll ediləcəyi nəzərdə tutulmuşdur.

“POSCO DAEWOO” Korporasiyası “Grand Motors” MMC-nin müqavilə üzrə öhdəliklərini pozduğunu əsas gətirərək, sonuncunun cəmi 3.486.261 ABŞ dolları məbləğində ödəniş etdiyini, eləcə də hər bir ödəməni gecikmə ilə həyata keçirdiyini qeyd etməklə “Grand Motors” MMC-yə qarşı pulun və vurulmuş ziyanın ödənilməsi tələbi ilə  Koreya Kommersiya  Arbitraj Şurasına müraciət etmişdir.

 Koreya Kommersiya Arbitraj Şurasının 12 iyun 2017-ci il tarixli qərarı ilə bu məhkəmənin hazırkı mübahisə üzrə etibarlı yurisdiksiyaya sahib olması, cavabdeh “Grand Motors” MMC-nin iddiaçıya 2.142.474,22 ABŞ dolları və 65.872.406 KRW məbləğində ödəniş etməsi, digər iddiaların rədd edilməsi qərara alınmışdır.

Bundan sonra “POSCO DAEWOO” Korporasiyası Koreya Kommersiya Arbitraj Şurasının qərarının Azərbaycan Respublikasında tanınması və icraya yönəldilməsi barədə vəsatətlə (ərizə ilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası) müraciət etmişdir.

Vəsatət (ərizə) “Xarici münsiflər məhkəməsinin qətnaməsinin tanınması və icra edilməsi barədə” Birləşmiş Millətlər Təşkilatının 10 iyun 1958-ci il tarixli Nyu-York Konvensiyasına (bundan sonra – Nyu-York Konvensiyası), “Beynəlxalq Arbitraj haqqında” Azərbaycan Respublikasının Qanununun (bundan sonra – “Beynəlxalq Arbitraj haqqında” Qanun) 35 və 36-cı maddələrinə istinad edilməklə əsaslandırılmışdır.

Cavabdeh “Grand Motors” MMC isə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasına yazılı etiraz təqdim edərək arbitrin təyin edilməsi və arbitraj baxışı haqqında lazımi qaydada xəbərdar edilmədiyini, bu səbəbdən məhkəməyə öz izahatını təqdim edə bilmədiyini qeyd etmiş, bildirişlərin “Grand Motors” MMC-yə məxsus olmayan ünvanlara və işləməyən e-mail ünvanlarına göndərilməsinə baxmayaraq, Koreya Kommersiya Arbitraj Şurasının onun lazımi şəkildə məlumatlandırılması barədə yanlış nəticəyə gəldiyini göstərmişdir.

 Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2018-ci il tarixli qərardadı ilə “POSCO DAEWOO” Korporasiyasının Koreya Kommersiya Arbitraj Şurasının 12 iyun 2017-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsi barədə vəsatəti (ərizəsi) təmin edilməmişdir.

“POSCO DAEWOO” Korporasiyası Konstitusiya Məhkəməsinə şikayət verərək, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 16 may 2018-ci il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayətdə göstərilmişdir ki, xarici dövlətin arbitraj məhkəmələrinin qətnamələrinin tanınması və icrası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 50-ci fəsli ilə tənzimlənir. Həmin fəslin 476-cı maddəsində xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsini tanımaqdan və ya məcburi icra etməkdən imtinanın əsasları müəyyən edilmişdir. Buna baxmayaraq, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası bu maddəyə deyil, Mülki Prosessual Məcəllənin 465 və 466-cı maddələrinə əsaslanmaqla Koreya Kommersiya Arbitraj Şurasının 12 iyun 2017-ci il tarixli qərarının Azərbaycan Respublikası ərazisində tanınması və icraya yönəldilməsindən imtina etmişdir. Halbuki, məhkəmənin istinad etdiyi həmin maddələr Mülki Prosessual Məcəllənin 47 və 48-ci fəsillərinə aiddir və həmin fəsillər ilə xarici dövlət məhkəmələrinin qətnamələrinin tanınması və icrası məsələləri tənzimlənir.

Şikayətdə həmçinin qeyd edilmişdir ki, Mülki Prosessual Məcəllənin 476-cı maddəsinə əsasən, xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsini məcburi icra etməkdən və ya tanımaqdan imtina edilməsi üçün məhz əleyhinə qətnamə çıxarılmış tərəf arbitrin və ya arbitraj baxışının təyin edilməsi vaxtı haqqında lazımi qaydada xəbərdar edilməməsi və ya başqa səbəblərdən öz izahatını təqdim edə bilməməsinə dair sübut təqdim etməlidir. Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası isə “Grand Motors” MMC-nin arbitraj baxışının təyin edilməsi vaxtı haqqında lazımi qaydada xəbərdar edilməməsinə dair sübut təqdim edə bilməməsinə baxmayaraq, Koreya Kommersiya Arbitraj Şurasının qətnaməsini tanımaqdan imtina etmişdir. 

Ərizəçinin fikrincə, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının qeyd edilən qərardadı ilə Konstitusiyanın 60-cı maddəsinin, habelə Mülki Prosessual Məcəllənin 138-ci maddəsinin tələbləri pozulmuşdur.

 Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması göstərilmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, ədalət mühakiməsinin səmərəliliyinin və real olmasının vacib şərtlərindən biri məhkəmə aktlarının icrası ilə bağlıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmaqla xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər (“Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 4 iyul və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarlar).

Hər bir dövlətin məhkəmə qətnaməsi, bir qayda olaraq, çıxarıldığı dövlətin ərazisində qüvvədə olur. Lakin qanunvericiliklə müəyyən edilmiş əsaslar mövcud olduqda xarici məhkəmələrin çıxardığı qətnamələr digər dövlətdə də tanına və məcburi icraya yönəldilə bilər. Xarici məhkəmənin qətnaməsinin tanınması və icra edilməsi həmin qətnamənin çıxarıldığı ölkədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi kimi hüquqi qüvvəsinin digər dövlətdə də tanınmasını və onun məcburilik əlamətinin qəbul edilməsini ifadə edir. Bu zaman xarici məhkəmənin qətnaməsi həmin ölkənin qətnaməsi ilə eyni hüquqi qüvvəyə malik olmaqla təkzibolunmaz, müstəsna, dövlət orqanları, onların vəzifəli şəxsləri və s. üçün mütləq olan keyfiyyətlər əldə etmiş olur.

Azərbaycan Respublikası ərazisində xarici məhkəmələrin qətnamələrinin tanınması və icrası mülki prosessual qanunvericiliklə müəyyən edilmiş şərtlərlə və əsaslarla mümkündür. Belə ki, Mülki Prosessual Məcəllənin “Xarici şəxslərin iştirakı ilə icraat” adlanan IV Bölməsinin müvafiq normaları ilə xarici məhkəmələrin, o cümlədən arbitrajların qətnamələrinin tanınması və icrası ilə bağlı məsələlər tənzimlənir. Həmin Məcəllənin 458-ci maddəsinə əsasən, xarici məhkəmələrin qətnamələri Azərbaycan Respublikasının qanunlarında və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulduğu hallarda, yaxud qarşılıqlı anlaşma əsasında Azərbaycan Respublikasında tanınır və icra edilir.

Mülki Prosessual Məcəllənin 47-ci fəsli ilə Azərbaycan Respublikasında xarici məhkəmələrin və arbitrajların qətnamələrinin tanınması və icrasının ümumi qaydaları müəyyən edilmişdir. Məcəllənin 462-ci maddəsinə görə, xarici dövlətlərin məhkəmələrinin və arbitrajlarının qətnamələri Azərbaycan Respublikasının qanunvericiliyinə, hüquq qaydasına zidd deyildirsə və qarşılıqlı təminatlandırılmışdırsa, Azərbaycan Respublikasında tanına və icra edilə bilər.

Qarşılıqlı təminatlandırma Azərbaycan Respublikası ilə xarici dövlət arasında ikitərəfli beynəlxalq müqavilənin mövcudluğunu, yaxud hər iki dövlətin hüquqi yardım haqqında çoxtərəfli konvensiyanın iştirakçısı olmasını ifadə edir.

Hazırkı iş üzrə mübahisələndirilən məhkəmə aktı Koreya Kommersiya Arbitraj Şurasının qərarının tanınması və icrası məsələsi ilə bağlı olduğundan qeyd edilməlidir ki, həm Azərbaycan Respublikası, həm də Koreya Respublikası Nyu-York Konvensiyasının tam hüquqlu iştirakçısıdırlar. Konvensiya xarici ölkə ərazisində çıxarılmış arbitraj qərarlarının digər bir ölkə ərazisində tanınması və icrası ilə bağlı ümumi prinsip və qaydaları müəyyən edir.

Konstitusiyanın 151-ci maddəsinə uyğun olaraq, qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.

Konvensiyanın 1-ci maddəsinə əsasən, Konvensiya tanınması və icrası üçün müraciət edilən ölkədən başqa ölkənin ərazisində fiziki və ya hüquqi şəxs olmasından asılı olmayaraq tərəflər arasındakı mübahisələrlə bağlı qəbul edilmiş arbitraj qərarlarının tanınması və icrasına tətbiq edilir.

Xarici arbitraj qərarlarının tanınması və icrasından imtinanın əsasları Konvensiyanın 5-ci maddəsində nəzərdə tutulmuşdur. İmtina əsaslarından biri kimi zərərinə qərar çıxarılmış tərəfin arbitrin təyin edilməsi, arbitraj baxışı haqqında lazımi qaydada xəbərdar edilməməsi göstərilmişdir. Belə ki, Nyu-York Konvensiyasının 5-ci maddəsinin 1-ci hissəsinin (b) bəndinə əsasən, əgər zərərinə qərar çıxarılmış tərəf arbitrin təyin edilməsi, arbitraj baxışı haqqında lazımi qaydada xəbərdar edilmədiyi və yaxud başqa səbəblərdən öz izahatlarını təqdim edə bilmədiyi barədə sübutlar təqdim etsə, məhkəmə belə arbitraj qərarının tanınması və ya icra edilməsindən imtina edə bilər.

Beynəlxalq arbitraj qərarlarının Azərbaycan Respublikası ərazisində tanınması və ya icra edilməsi ilə bağlı münasibətləri tənzimləyən “Beynəlxalq arbitraj haqqında” Qanunun 36-cı maddəsində də eyni müddəa nəzərdə tutulmuşdur.

Həmçinin, Mülki Prosessual Məcəllənin 476.0.1 və 476.0.1.2-ci maddələrinə əsasən, əleyhinə qətnamə çıxarılmış tərəf arbitrin təyin edilməsi, arbitraj baxışı haqqında lazımi qaydada xəbərdar edilmədiyi və yaxud başqa səbəblərdən öz izahatlarını təqdim edə bilmədiyi barədə sübutlar təqdim edərsə, xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin məcburi tanınması və  icra edilməsindən imtina edilə bilər.

Beləliklə, həm Konvensiya, həm də milli qanunvericilik məhz əleyhinə qətnamə çıxarılmış tərəfin arbitrin təyin edilməsi, arbitraj baxışı haqqında lazımi qaydada xəbərdar edilməməsi və yaxud başqa səbəblərdən öz izahatlarını təqdim edə bilməməsi barədə təqdim etdiyi sübutlar əsasında məhkəmənin xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin tanınması və məcburi icra edilməsindən imtina etməsinin mümkünlüyünü müəyyən etmişdir.

Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası isə yuxarıda qeyd edilən qanunvericilik aklarının tələblərinə riayət etmədən, 16 may 2018-ci il tarixli qərardadında Mülki Prosessual Məcəllənin xarici dövlətin məhkəmə qətnamələrinin məcburi icrası ilə bağlı normaların nəzərdə tutulduğu 48-ci fəslinə aid, xarici dövlətin məhkəmə qətnaməsinin məcburi icrası barədə ərizəyə əlavə edilməli olan sənədləri müəyyən edən 466.0.1-ci maddəyə əsaslanmış və arbitraj prosesi barədə xəbərdarlığın lazımi qaydada təqdim edilməsini sübut etmək öhdəliyini arbitraj qərarının tanınması və icra edilməsi üçün müraciət etmiş tərəfin üzərinə qoymuşdur.

Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

Konstitusiyada qeyd edilən bu prinsiplər mülki prosessual qanunvericilikdə daha geniş şəkildə təsbit edilmişdir. Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Bu Məcəllədə başqa hal nəzərdə tutulmayıbsa məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, qanunverici tərəfindən xarici dövlətin arbitraj məhkəmələrinin qətnamələrinin tanınması və icrası üzrə icraatı həyata keçirən yeganə məhkəmə instansiyası olan Ali Məhkəməyə müəyyən hallarda sübutları və dəlilləri qiymətləndirərək işin hallarını tam və hərtərəfli araşdırmaq səlahiyyəti verilmişdir. Bu baxımdan Mülki Prosessual Məcəllənin 476.0.1-ci maddəsində nəzərdə tutulmuş və xarici dövlətin arbitraj məhkəməsinin qətnaməsinin tanınması və məcburi icra edilməsindən imtina üçün əsas ola bilən tərəflərin təqdim etdikləri sübutlar həmin Məcəllənin ədalət muhakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtlərinə uyğun tədqiq edilməlidir.   

Lakin Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası qeyd edilən nəticəyə gələrkən qanunvericiliyin yuxarıda göstərilən tələblərinə əməl etməyərək təqdim edilən sübutların mötəbərliyini şübhə altına alaraq yalnız “Grand Motors” MMC-nin verdiyi izahata əsaslanmaqla kifayətlənmişdir.

Bununla da Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası xarici dövlətin arbitraj qərarının tanınması və icra edilməsi üçün əsasların olub-olmamasını yetərincə araşdırmamış, nəticədə ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi əsasında həyata keçirilməsi prinsiplərini pozmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında bununla bağlı qeyd etmişdir ki, məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (N.Babayevin şikayəti üzrə 2011-ci il 28 dekabr və H.Cəfərovun şikayəti üzrə 2019-cu il 14 fevral tarixli Qərarlar).    

 Yuxarıda göstərilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının Koreya Kommersiya Arbitraj Şurasının 12 iyun 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icra edilməsinə dair “POSCO DAEWOO” Korporasiyasının vəsatətinin (ərizəsinin) təmin edilməməsi barədə 16 may 2018-ci il tarixli qərardadı Konstitusiyanın 60-cı maddəsinə, 127-ci maddəsinin II və VII hissələrinə, Mülki Prosessual Məcəllənin 476-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının Koreya Kommersiya Arbitraj Şurasının 12 iyun 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasında tanınması və məcburi icra edilməsinə dair “POSCO DAEWOO” Korporasiyasının vəsatətinin (ərizəsinin) təmin edilməməsi barədə 16 may 2018-ci il tarixli qərardadı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsinə, 127-ci maddəsinin II və VII hissələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin  476-cı maddəsinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

   Sədr                                                                 Fərhad Abdullayev