Qərarlar

11.12.18. N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

QƏRARI

N.Rzazadə və R.Rzazadənin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

11 dekabr 2018-ci il                                                                                   Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçilər Nəsir Rzazadə və Rza Rzazadənin vəkili Əlimərdan Sadıxovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı üzrə açıq məhkəmə iclasında N.Rzazadə və R.Rzazadənin şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçilərin vəkilinin çıxışını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

İddiaçı İman Əvəzov cavabdehlər Məmməd Məmmədovun hüquqi varisləri N.Rzazadə və R.Rzazadəyə, üçüncü şəxs Bakı şəhəri 40 saylı Notariat Kontoru və “Qlobal-Azəri” Məhdud Məsuliyyəti Cəmiyyətinə (bundan sonra – “Qlobal-Azəri” MMC)  qarşı vərəsələrin hüquqi varis kimi tanınması və etibar edilmiş vəsaitin müştərək qaydada tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

İ.Əvəzov iddia tələbini onunla əsaslandırmışdır ki, 2006-cı ildə “Qlobal-Azəri” MMC-nin Bakı şəhəri Yeni Yasamal yaşayış massivi, Talıblı küçəsi 4 ünvanında inşa etdiyi binada 63.451 manat ödəyərək mənzil almışdır. 2012-ci ilin əvvəllərində İ.Əvəzov həmin mənzili “Qlobal-Azəri” MMC-yə qaytarmış, sonuncu isə mənzilə dair ödənilmiş pulu qaytarmağı öz öhdəsinə götürmüşdür. İ.Əvəzov bir müddət Bakı şəhərində olmayacağını nəzərə alaraq pay haqqını geri almaq məqsədi ilə M.Məmmədova etibarnamə vermişdir. Sonradan İ.Əvəzov “Qlobal-Azəri” MMC-yə müraciət etmiş, MMC isə 63.451 manat vəsaiti etibarnamə verilmiş şəxsə  qaytardığını bildirmişdir. Lakin M.Məmmədov həmin məbləği qaytarmaqdan müxtəlif bəhanələrlə yayınmışdır.

M.Məmmədov vəfat etdiyindən İ.Əvəzov tələb etdiyi pul məbləğinin M.Məmmədovun hüquqi varisləri olan N.Rzazadə və R.Rzazadədən tutulmasını xahiş etmişdir.

Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 aprel 2013-cü il tarixli qətnaməsi ilə N.Rzazadə və R.Rzazadənin M.Məmmədovun hüquqi varisləri kimi tanınması və onlardan müştərək qaydada 63.451 manat İ.Əvəzovun xeyrinə tutulması qət edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 avqust 2013-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 30 yanvar 2014-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin  qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 18 iyul 2014-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iddia tələbi rədd edilmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 13 noyabr 2014-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 10 aprel 2013-cü il tarixli qətnaməsi iddia tələbinin 33.451 manat hissəsində ləğv edilərək həmin hissədə iddia tələbi təmin olunmamış, qətnamə qalan hissədə cavabdehlər N.Rzazadə və R.Rzazadənin qəbul etdikləri miras əmlakın dəyəri olan 30.000 manat pulun tutulması hissəsində dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 12 fevral 2016-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin  qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 may 2016-cı il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilməmişdir.

Ali Məhkəmənin Mülki Kollegiyasının 7 dekabr 2016-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2017-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 26 aprel 2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ərizəçilər Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək,  Ali Məhkəmənin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

N.Rzazadə və R.Rzazadə konstitusiya şikayətini onunla əsaslandırmışlar ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1306.1-ci maddəsi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417 və 418-ci maddələri düzgün tətbiq edilməmiş, nəticədə onların Konstitusiyanın 29 və 60-cı maddələrində təsbit edilmiş hüquqları  pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 29-cu maddəsinin I və II hissələri).

Konstitusiyanın 29-cu maddəsinin VII hissəsinə görə, dövlət vərəsəlik hüququna təminat verir. Konstitusiyanın bu maddəsi geniş anlamda vəsiyyət etmə hüququ ilə bərabər, miras almaq hüququna da təminat yaradır. Belə ki, vərəsəlik hüququna təminat miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmanı nəzərdə tutur.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Mülki qanunvericilik vərəsəlik hüququnun mahiyyətini, tərkibini və əsaslarını açıqlamaqla qanun və ya vəsiyyət üzrə vərəsəlik münasibətlərini tənzimləyir və vərəsəlik hüququnun yaranması əsaslarına uyğun olaraq, bu hüququn həyata keçirilməsinə təminat verir.

Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin.

Mülki Məcəllənin 1133-cü maddəsinə görə, vərəsəlik qanun və ya vəsiyyət üzrə və ya hər iki əsasla həyata keçirilir. Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır.

Vərəsəlik hüququnun yaranması miras qoyanın ölümü ilə şərtləndirilir və onun iradəsi nəzərə alınmaqla, hüquqi varisi kimi vəsiyyətnamədə və ya qanunda nəzərdə tutulan hüquqi vərəsəlik formasında hüquq və vəzifələr əldə edən şəxs tərəfindən həyata keçirilir.

Vərəsəlik hüququna əsasən, vərəsələrə ölən şəxsin miras əmlakı keçir. Miras əmlakın tərkibinə miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Mirası qəbul etmiş vərəsə miras qoyanın əmlak hüquqlarını əldə edir və onun vəzifələrinin icraçısı olur. Miras qoyanın vəzifələri dedikdə, onun kreditorlarının mənafelərinin təmin edilməsi başa düşülür.

Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti miras əmlakın dəyəri ilə məhdudlaşır. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 4 iyun 2018-ci il tarixli Qərarı).

Belə ki, Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar.

Qeyd olunduğu kimi, hazırkı iş üzrə məhkəmələr N.Rzazadə və R.Rzazadənin M.Məmmədovun hüquqi varisləri kimi tanınması və onlardan M.Məmmədovun borcunun (63.451 manatın) tam məbləğdə İ.Əvəzovun xeyrinə tutulmasını qət etmişlər.

Qeyd olunan qanunvericilik normalarına uyğun olaraq vərəsələrin miras qoyanın borcuna görə məsuliyyətinin miras əmlakın dəyəri ilə məhdudlaşmalı olmasına baxmayaraq, məhkəmələr vərəsələrin aldıqları miras əmlakın dəyərini nəzərə almadan, miras qoyanın borcuna görə onların tam məsuliyyət daşıdıqlarını qərara almışlar. İş materiallarından isə görünür ki, vərəsələr N.Rzazadə və R.Rzazadə M.Məmmədova məxsus olan mənzilin ¼ hissəsini miras kimi qəbul etmişlər.

Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, məhkəmələr miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti ilə bağlı işlərə baxarkən, ilk növbədə, mirasın həcmini araşdırmalı və yalnız bundan sonra miras aktivinə mütənasib surətdə onların məsuliyyətinin həddini müəyyən etməlidirlər.

Qeyd olunmalıdır ki, hazırkı işə 4 il ərzində apellyasiya və kassasiya instansiyası məhkəmələrində dəfələrlə baxılaraq müxtəlif qərarlar qəbul edilmişdir.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu diqqətə çatdırmağı vacib hesab edir ki, ədalətli məhkəmə araşdırması hüququnun mühüm elementlərindən biri də hər hansı bir işə məhkəmələr tərəfindən ağlabatan müddətdə baxılmasıdır. Məhkəmə icraatının ağlabatan müddətdə aparılması vaxtında qanuni və əsaslı məhkəmə aktı qəbul edilməsi ilə proses iştirakçılarının hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiə edilməsi məqsədi daşıyır. Lakin hazırkı işdə məhkəmə araşdırılmasının müddəti həddən artıq olmaqla ağlabatan müddət tələbinə cavab verməmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq vurğulayır ki, eyni işə dəfələrlə məhkəmələr tərəfindən baxılması üç pilləli məhkəmə sisteminin təyinatına, məhkəmə hüquq islahatlarının məqsədlərinə, ədalət mühakiməsini həyata keçirən məhkəmələrin qanunla nəzərdə tutulmuş vəzifələrinə uyğun gəlməyərək məhkəmənin nüfuzuna mənfi təsir göstərir.

Kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri Mülki Prosessual Məcəllənin 416-cı maddəsində təsbit edilmişdir. Bu normanın tələbinə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2-ci maddəsinə əsasən isə bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir.

Ali Məhkəmənin Mülki Kollegiyası mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməyərək apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, bu da ərizəçilərin Konstitusiyanın 29 və 60-cı maddələrində nəzərdə tutulmuş mülkiyyət və məhkəmə müdafiəsi hüquqlarının pozulması ilə nəticələnmişdir.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, İ.Əvəzovun N.Rzazadə və R.Rzazadə, üçüncü şəxs Bakı şəhəri 40 saylı Notariat Kontoru və “Qlobal-Azəri” MMC-yə qarşı vərəsələrin hüquqi varis kimi tanınması və etibar edilmiş vəsaitin müştərək qaydada tutulması tələbinə dair iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I, II və VII hissələrinə, 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. İman Əvəzovun Nəsir Rzazadə və Rza Rzazadə, üçüncü şəxs Bakı şəhəri 40 saylı Notariat Kontoru və “Qlobal-Azəri” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı vərəsələrin hüquqi varis kimi tanınması və etibar edilmiş vəsaitin müştərək qaydada tutulması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I, II və VII hissələrinə, 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr                                                                                                    Fərhad Abdullayev