Qərarlar

28.11.18. C.Əzimovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

QƏRARI

C.Əzimovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

28 noyabr 2018-ci il                                                                     Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim) ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Cəlal Əzimov və vəkili Kənan Şirinzadənin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında C.Əzimovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin vəkilinin çıxışını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

MÜƏYYƏN  ETDİ:

İnqilab Əlizadə C.Əzimova qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra –Nəsimi  Rayon Məhkəməsi) 17 aprel 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi rədd edilmişdir. Həmin qətnamədən İ.Əlizadə və C.Əzimov tərəfindən ayrı-ayrılıqda apellyasiya şikayəti verilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə C.Əzimovun apellyasiya şikayəti təmin edilməmiş, İ.Əlizadənin apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın qismən təmin edilərək C.Əzimovdan 88.500 ABŞ dolları məbləğində borcun tutularaq İ.Əlizadəyə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 2 aprel 2018-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

C.Əzimov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Ərizəçi konstitusiya şikayətini onunla əsaslandırmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 416, 417, 418 və 424-cü maddələri düzgün tətbiq edilməmiş, nəticədə onun Konstitusiyanın 25, 60 və 71-ci maddələrində təsbit edilmiş hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsinin 1-ci bəndi, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi) məhkəmə müdafiəsi müstəqil məhkəmə tərəfindən ədalətli məhkəmə araşdırması əsasında hüquqların səmərəli bərpa edilməsi vasitəsi kimi qəbul olunur.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Birinci instansiya məhkəməsinin qətnaməsindən görünür ki, İ.Əlizadə C.Əzimova qarşı borcun qaytarılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 88.500 ABŞ dolları əsas borc, 40.250 ABŞ dolları faiz borcu, ümumi olaraq 128.750 ABŞ dolları məbləğində vəsaitin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İ.Əlizadə ev almaq məqsədi ilə C.Əzimova 90.000 ABŞ dolları məbləğində pul vermiş, lakin C.Əzimov öhdəliyini yerinə yetirməmişdir. 23 yanvar 2008-ci il tarixində İ.Əlizadə növbəti dəfə pulu tələb etdikdə onlar arasında akt tərtib edilmiş və həmin akta əsasən C.Əzimov 90.000 ABŞ dolları məbləğində borcu olduğunu təsdiq edərək 23 yanvar 2009-cu ilədək qaytaracağına dair öhdəlik götürmüşdür. Cavabdeh C.Əzimov isə məhkəmədə iddia tələbini qəbul etməyərək iddia müddətinin ötürüldüyünü bildirmiş və iddianın təmin edilməməsini xahiş etmişdir.

Nəsimi Rayon Məhkəməsi hesab etmişdir ki, iddiaçı İ.Əlizadənin cavabdeh C.Əzimova qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi iddia müddəti ötürülməklə məhkəməyə təqdim edildiyindən və cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə verdiyindən iddia tələbi təmin edilə bilməz.

Apellyasiya instansiyası məhkəməsi qətnaməsində tərəflərin izahatlarına əsaslanmaqla qeyd etmişdir ki, cavabdeh C.Əzimov iddiaçı İ.Əlizadə ilə 23 yanvar 2008-ci il tarixində şifahi müqavilə bağlamaqla sonuncudan 90.000 ABŞ dolları məbləğində borc almış və həmin borcu 23 yanvar 2009-cu il tarixinədək qaytaracağına dair öhdəlik götürmüşdür. Borc ödənilmədiyindən tərəflər arasında 2013-cü il tarixində borcun 2015-ci ilədək qaytarılması barədə şifahi razılıq bağlanmışdır. Tərəflər arasında belə razılığın olması mübahisələndirilmir. Apellyasiya instansiyası məhkəməsi belə qənaətə gələrkən borcun 2015-ci ilədək qaytarılacağına dair 2013-cü ildə razılıq əldə edilməsi və İ.Əlizadəyə pul verməsi barədə C.Əzimovun məhkəmədə verdiyi izahatına əsaslanmışdır.

Beləliklə, apellyasiya instansiyası məhkəməsi işə baxarkən müəyyən etmişdir ki, cavabdeh borclu olduğu 90.000 ABŞ dollarının 1500 ABŞ dollarını nağd şəkildə iddiaçıya verdikdən sonra qalan 88.500 ABŞ dollarını 2015-ci ilin əvvəlinə qədər qaytarmağı öhdəsinə götürmüş, iddiaçı isə bununla razılaşmışdır. Yəni tərəflər öhdəliyin icra müddətini 2015-ci ilin əvvəlinədək uzatmışlar.

Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, C.Əzimovun öz izahatında borcu etiraf etməsi və borcun bir hissəsini qaytarması iddia müddətinin axımını kəsir və bu baxımdan birinci instansiya məhkəməsi iddia müddətini ötürülmüş hesab etməklə səhv nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra –Mülki Məcəllə) 380.1-ci maddəsinin mənasına görə, borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir və fasilədən sonra iddia müddəti yenidən başlanır.

Bununla bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir.

İddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir(Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 2013-cü il 3 iyun tarixli Qərarı).

İddia müddətlərinin dəqiq hesablanması üçün  müddətin axımının başlanğıcının  müəyyənləşdirilməsi həlledici əhəmiyyət kəsb edir. Bu məqamın yanlış  müəyyən edilməsi iddia müddətinin süni olaraq uzadılmasına və yaxud da qısaldılmasına səbəb ola bilər.

Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli və s. qərarlar).

Mülki Məcəllənin  380-ci maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

Müddətin kəsilməsi tərəflərin iradəvi xarakterli hərəkəti ilə bağlı olur.

Göründüyü kimi, mülki qanunvericilik iddia müddətinin axımının kəsilməsinin iki əsasını nəzərdə tutur:

- müəyyənləşdirilmiş qaydada iddia irəli sürülməsi;

- borclunun borcu etiraf etməsini göstərən hərəkətlər etməsi.

Borclu şəxsin borcu etiraf etməsini göstərən və təsdiqləyən hərəkətləri müxtəlif formada ifadə oluna bilər. Borcun etiraf olunması hallarına:  

- borcun qismən ödənilməsi;

- əsas borc üzrə faizin köçürülməsi;

- kreditora borcun etirafını nəzərdə tutan məktub, teleqram göndərilməsi;

- öhdəliyin icrası üçün möhlət istənməsi və digər mühüm hallar aid edilə bilər.

Hazırkı iş üzrə apellyasiya instansiyası məhkəməsinin yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və cavabdehin həmin məhkəmədə 2013-cü ildən sonra 1500 ABŞ dollarının nağd şəkildə iddiaçıya verməsinə dair izahatına istinad edərək iddia müddətinin kəsilməsi nəticəsinə gəlməsi ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd edir.

Mülki Prosessual Məcəllənin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübutetmə vəzifəsindən azad edir. Faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir.

Bu maddənin tələblərinə görə, faktın etiraf olunması məhkəmə iclasının protokoluna qeyd olunur və etiraf edən tərəf protokolu imzalayır. Lakin C.Əzimov məhkəmə iclasının protokolunu imzalamamış, əksinə protokolda qeyd olunan etiraf izahatı ilə bağlı etirazını təqdim etmişdir.

C.Əzimovun məhkəmə iclasının protokoluna dair qeydləri apellyasiya instansiyası məhkəməsi tərəfindən onun iştirakı olmadan baxılmış və 27 noyabr 2017-ci il tarixli qərardadla rədd edilmişdir.

Göründüyü kimi, sübutlar mülki prosessual qanunvericiliyin tələblərinə uyğun əldə edilməmişdir. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsinə əsasən, qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmir.

Sübutların əldə edilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması aşağıdakı formada baş verə bilər:

- sübutların qanunla nəzərdə tutulmayan sübutetmə vasitələri ilə əldə edilməsi;

- sübutların əldə edilməsinin prosessual qaydalarının pozulması;

- qanunsuz yolla əldə edilmiş məlumatların sübut kimi işə cəlb edilməsi.

Sübutların mötəbərliyini təmin etmək üçün onların əldə edilməsi, rəsmiləşdirilməsi və işə əlavə olunması ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməlidir.

Protokol yalnız prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edildikdə hüquqi əhəmiyyət daşıyır.     Məhz düzgün tərtib edilmiş protokol sübutların obyektiv şəkildə qiymətləndirilməsinə xidmət edir və nəticə etibarilə qərarın ədalətli və əsaslı olmasına mühüm töhfə verir.

Bununla yanaşı, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, mülki prosessual qanunvericiliyə görə, iş üzrə tərəflərin izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Bu baxımdan hər bir izahat məhkəmə tərəfindən ətraflı yoxlanılmalı və digər mövcud sübutlarla təsdiq edilib əsaslandırılmalıdır. Materiallar o zaman sübut kimi qəbul oluna bilər ki, onlar faktları təsdiq edən halları nəzərdə tutsun və yalnız obyektiv təsdiqini tapan həmin hallar əsasında məhkəmə iş üçün əhəmiyyət daşıyan faktiki halları müəyyən etsin.

Məhkəmə faktın etiraf edilməsi barədə işdə iştirak edən şəxsin izahatını dərhal əsaslı sübut kimi qəbul edə bilməz. Etiraf hər bir halda prosessual qanunvericiliyə əsasən məhkəmə tərəfindən yoxlanılmalıdır. Aşağıdakı hallar aşkar edilərsə, etirafın sübut kimi qəbul edilməsindən imtina edilməlidir:

- faktın etirafı işin həqiqi hallarının gizlədilməsinə yönəldikdə;

- faktın etirafı aldatma, zor, hədə təsiri altında baş verdikdə;

- faktın etirafı yanılma təsiri nəticəsində baş verdikdə.

Konstitusiyanın 125-ci maddəsinin VII hissəsinə görə, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməli, 129-cu maddəsinin III hissəsinə əsasən isə məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır.

Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən, məhkəmənin həqiqətə nail olması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab vermədiyindən ədalətli olmasını şübhə altına alır (F.Cavadov və V.Aslanovun şikayəti ilə əlaqədar 2008-ci il 30 dekabr tarixli, X.Xəlilovun şikayəti üzrə 2009-cu il 16 yanvar tarixli, N.Manafovun şikayəti üzrə 2009-cu il 13 iyul tarixli qərarlar).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında da qeyd edilmişdir ki, məhkəmənin vəzifəsi məhkəmə araşdırılmasının ədalətli olub-olmadığını, o cümlədən sübutların necə alındığını qiymətləndirməkdir. Buna görə də o, sübutun ədalətli məhkəmə araşdırmasına təminat veriləcək qaydada təqdim edilib-edilmədiyini müəyyən etməlidir. Tərəflərin təqdim etdiyi arqumentlərin və sübutların düzgün şəkildə araşdırılmasını təmin etmək milli məhkəmələrin vəzifəsidir (Elsholz Almaniyaya qarşı iş üzrə  2000-ci il 13 iyul tarixli,  Blucher Çex Respublikasına qarşı iş üzrə 2005-ci il 11 yanvar tarixli, Van de Hurk Hollandiya qarşı iş üzrə 1994-cü il 19 aprel tarixli qərarlar).

Lakin apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə həqiqətə nail olmaq üçün qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, yalnız iddiaçı tərəfindən irəli sürülən dəlillərə və cavabdehin qanunvericiliyə uyğun rəsmiləşdirilməyən izahatına istinad etməklə birinci instansiya məhkəməsinin gəldiyi qənaəti rədd etmişdir. Bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir.

Kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri isə Mülki Prosessual Məcəllənin 416-cı maddəsində təsbit edilmişdir. Bu normaya əsasən, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 418.1 və 418.3-cü maddələrinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Lakin Ali Məhkəmənin Mülki Kollegiyası mülki prosessual qanunvericiliyin göstərilən tələblərinə əməl etməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan prosessual hüquq normalarının pozulmasına düzgün qiymət verməyərək qətnaməni dəyişdirilmədən saxlamış, nəticədə ərizəçinin Konstitusiyanın 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş məhkəmə müdafiəsi hüququ pozulmuşdur.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, İ.Əlizadənin C.Əzimova qarşı borcun qaytarılması tələbinə dair iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu

QƏRARA  ALDI:

1. İnqilab Əlizadənin Cəlal Əzimova qarşı borcun qaytarılması tələbinə dair iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2 aprel 2018-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr                                                                                    Fərhad Abdullayev