Qərarlar

12.07.18. R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin 26 iyul 2017-ci il tarixli qərarının AR-nın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

Q Ə R A R I  

R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının AR-ının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

12 iyul 2018-ci il                                                                                         Bakı şəhəri

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,  

məhkəmə katibi Fəraid Əliyevin, 

ərizəçi Rövşən Süleymanov və vəkili Zaur İbadovun,

ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Əsmər Əliyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında R.Süleymanov və F.Adıgözəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim R.Qvaladzenin məruzəsini, ərizəçinin vəkilinin çıxışını və ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N   E T D İ:

Məmməd Məmmədov Rövşən Süleymanova, Famil Adıgözəlova, Aqil Məmmədova, Şəki rayonu 1 saylı Dövlət Notariat Kontoruna və üçüncü şəxs Şəki rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki şəhəri B.Vahabzadə küçəsində yerləşən 19 saylı evin alğı-satqısına dair onunla R.Süleymanov arasında bağlanmış 13 yanvar 2011-ci il tarixli və R.Süleymanov ilə F.Adıgözəlov arasında bağlanmış 25 may 2011-ci il tarixli alğı-satqı müqavilələrinin, onların əsasında verilmiş reyestrdən çıxarışların ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

M.Məmmədov sonradan məhkəməyə ərizə verərək iddiasının cavabdehlər A.Məmmədova, Şəki rayonu 1 saylı Dövlət Notariat Kontoruna və üçüncü şəxs Şəki rayon İcra Şöbəsinə qarşı hissəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.

Şəki Rayon Məhkəməsinin 19 avqust 2016-cı il tarixli qətnaməsi ilə M.Məmmədovun iddiası təmin edilmiş, mübahisəli evin alğı-satqısına dair M.Məmmədov ilə R.Süleymanov arasında bağlanmış 13 yanvar 2011-ci il tarixli,  R.Süleymanov  ilə  F.Adıgözəlov arasında bağlanmış 25 may 2011-ci il tarixli alğı-satqı müqavilələri və həmin müqavilələr əsasında verilmiş reyestrdən çıxarışlar ləğv edilmişdir.

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2 fevral 2017-ci il tarixli qətnaməsi ilə R.Süleymanov və F.Adıgözəlov  tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilmiş, Şəki Rayon Məhkəməsinin qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilərək iddia başqa əsasla təmin edilmiş, alğı-satqı müqavilələri və onların əsasında verilmiş reyestrdən çıxarışlar ləğv edilmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 26 iyul 2017-ci il tarixli qərarı ilə cavabdehlər R.Süleymanov və F.Adıgözəlovun kassasiya şikayətləri təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

R.Süleymanov və F.Adıgözəlov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək iş üzrə kassasiya instansiyası məhkəməsinin qərarının Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 60, 125 və 127-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 14, 74, 81, 88, 217, 416 və 417-ci maddələrinin tələblərinə uyğun olmadığını göstərmiş və həmin qərarın qüvvədən düşmüş hesab olunmasını xahiş etmişlər.

Ərizəçilərin şikayəti ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıların qeyd olunmasını zəruri hesab edir.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarını nəzərdə tutur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi,  29-cu maddəsinin I,III və IV hissələri).

Mülkiyyət hüququnun müdafiə vasitələrindən biri Konstitusiyanın 60-cı maddəsində əksini tapmış hüquq və azadlıqların məhkəmə təminatıdır.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Konstitusiyanın 127-ci maddəsinin II hissəsinə əsasən, hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin VII hissəsinə görə,məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir.

Bu konstitusiya prinsipləri öz əksini daha geniş şəkildə mülki prosessual qanunvericilikdə tapmışdır.

Mülki Prosessual Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

Həmin Məcəllənin 88-ci maddəsinə görə, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarına görə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şəki Ərazi İdarəsi tərəfindən verilmiş 13 yanvar 2011-ci il tarixli çıxarışa əsasən mübahisəli fərdi yaşayış evi M.Məmmədovun adına tam mülkiyyət hüququ üzrə qeydiyyata alınmışdır.

Şəki rayonu 1 saylı Dövlət Notariat Kontorunda təsdiqlənmiş 13 yanvar 2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, M.Məmmədov mülkiyyətində olan evi 660.000 manata R.Süleymanova satmağı, sonuncu isə pulun ona verilməsini öhdəsinə götürmüşdür. M.Məmmədov alğı-satqı müqaviləsi ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirmiş, evi R.Süleymanova vermiş və həmin ev onun adına rəsmiləşdirilmişdir. Bundan sonra Şəki rayonu 1 saylı Dövlət Notariat Kontorunda təsdiq edilmiş 25 may 2011-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, R.Süleymanov evi 400.000 manata F.Adıgözəlova satmış və sonuncu öz adına çıxarış almışdır.

Şəki Rayon Məhkəməsi M.Məmmədov ilə R.Süleymanov arasında olan 13 yanvar 2011-ci il tarixli alğı-satqı müqaviləsində göstərilən 660.000 manat məbləğində pulun R.Süleymanov tərəfindən M.Məmmədova ödənilməməsi, bunun əksini təsdiq edən hər hansı bir sübutun mövcud olmaması qənaətinə gəlmişdir.

Bundan başqa, R.Süleymanov ilə F.Adıgözəlov arasında bağlanmış alğı-satqı müqaviləsinə münasibətdə məhkəmə tərəflər arasında eyni predmet üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 27 may 2015-ci il tarixli qərarına istinad edərək belə nəticəyə gəlmişdir ki, F.Adıgözəlov yuxarıda göstərilən müqavilə bağlanmamışdan əvvəl 2011-ci ilin mart ayında M.Məmmədov, R.Süleymanov və A.Məmmədovun mübahisəli evlə bağlı söhbətlərində iştirak etmiş, bununla da evin mübahisəli olduğunu əvvəlcədən bilmişdir.

Apellyasiya və kassasiya instansiyası məhkəmələri də eyni əsaslarla R.Süleymanov və F.Adıgözəlovun müvafiq olaraq apellyasiya və kassasiya şikayətlərini təmin etməmişlər.

Konstitusiya Məhkəməsinin Plenumu xüsusi olaraq qeyd edir ki, həmin evlə bağlı tərəflər arasında mübahisəyə əvvəllər də məhkəmələrdə baxılmışdır.

Belə ki, Şəki Rayon Məhkəməsinin 5 iyul 2013-cü il tarixli qətnaməsi ilə M.Məmmədovun A.Məmmədova, R.Süleymanova və Şəki rayonu 1 saylı Dövlət Notariat Kontoruna qarşı mübahisəli ev barəsində 13 yanvar 2011-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmiş, F.Adıgözəlovun M.Məmmədova və R.Süleymanova qarşı mübahisəli evin boşaldılaraq ona təqdim olunması barədə qarşılıqlı iddiası isə təmin edilmişdir.

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 11 sentyabr 2013-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 28 mart 2014-cü il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılmışdır.

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 sentyabr 2014-cü il tarixli qətnaməsi ilə M.Məmmədovun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Bu qətnamədən M.Məmmədov və üçüncü şəxslər Arzu Məmmədova, Aytən Məmmədova və Gülşən Məmmədli kassasiya şikayətləri vermiş və apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişlər.

Ali Məhkəmənin Mülki Kollegiyasının 27 may 2015-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin bu qətnaməsi də ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 oktyabr 2015-ci il tarixli qətnaməsi ilə Şəki Rayon Məhkəməsinin qətnaməsi qismən, M.Məmmədovun evin alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi barədə tələbinin təmin edilməməsinə dair hissədə ləğv edilmiş, bu hissədə yeni qətnamə çıxarılaraq həmin tələb iddia müddətinin keçməsinə görə təmin edilməmiş, qətnamənin qalan hissəsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 8 yanvar 2016-cı il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin adıçəkilən qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Müqavilələrin ləğv edilməsinə dair hazırkı iş üzrə birinci, apellyasiya və kassasiya instansiyası məhkəmələri müqavilələrin etibarsız hesab edilməsinə dair əvvəlki iş üzrə kassasiya instansiyası məhkəməsinin 27 may 2015-ci il tarixli qərarına istinad edərək və Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsaslanaraq hesab etmişlər ki, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunan faktlar həmin şəxslərin iştirak etdiyi başqa məhkəmə prosesində yenidən sübut edilmir.

Qeyd olunmalıdır ki, kassasiya instansiyası məhkəməsinin müqavilənin etibarsızlığına dair iş üzrə 27 may 2015-ci il tarixli qərarı ilə apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş, işə yenidən baxılarkən iddia müddətinin ötürülüb-ötürülməməsinin, F.Adıgözəlovun vicdanlı əldə edən olub-olmamasının yoxlanılmasına dair göstəriş verilmişdir.            

Bu göstərişin yalnız bir hissəsi yoxlanılmış, iddia müddətinin ötürülməsinə görə iddia təmin edilməmiş, digər göstəriş üzrə heç bir araşdırma aparılmamışdır.

Beləliklə, F.Adıgözəlovun vicdanlı əldə edən olub-olmaması məsələsinin yoxlanılması yalnız müqavilənin etibarsızlığına dair kassasiya instansiyası məhkəməsinin 27 may 2015-ci il tarixli qərarında göstərilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müqavilələrin ləğv edilməsinə dair iş üzrə kassasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə istinad edilməsini əsassız hesab edir.

Belə ki, Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

Maddənin mətnindən göründüyü kimi, bu maddənin tətbiq edilməsi üçün ilkin şərt mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin (qərarının) mövcud olmasıdır.

Bu baxımdan kassasiya instansiyası məhkəməsinin 27 may 2015-ci il tarixli qərarının “qanuni qüvvəyə minmiş” akt kimi qəbul olunub-olunmamasının aydınlaşdırılması üçün aşağıdakıların qeyd edilməsi vacibdir.

Məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsi onun bütün keyfiyyətlərini özündə əks etdirməsini ehtiva edir. Bunlara aşağıdakılar aiddir: qətilik, müstəsnalıq, preyudisiallıq, icraedilənlik və məcburilik.   

Məhkəmə qətnaməsinin qətiliyi qətnamənin qanuni qüvvəyə minməsindən sonra ondan şikayət və protest vermək imkanının olmamasından ibarətdir.                

Məhkəmə qətnaməsinin müstəsnalığı həll olunmuş mübahisə üzrə ikinci dəfə məhkəmədə eyni iddianın qaldırılmasının, ona baxılmasının və mübahisələndirilməsinin yolverilməzliyində öz əksini tapır.           

Preyudisiallığın xüsusiyyəti ondan ibarətdir ki, əvvəl baxılmış iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən olunmuş hallar məhkəmə və digər proses iştirakçıları üçün məcburidir.

Məhkəmə qətnaməsinin icraedilənlik xüsusiyyəti ondan ibarətdir ki, qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası məcburidir.

Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.           

Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən fərqli olaraq, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş və işi yenidən baxılması üçün həmin məhkəməyə göndərmiş kassasiya instansiyası məhkəməsinin qərarına Mülki Prosessual Məcəllənin 422-ci maddəsinə uyğun olaraq təqdimat, şikayət və protest əsasında Ali Məhkəmənin Plenumunda yenidən baxıla bilər.

Bundan başqa, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən fərqli olaraq, kassasiya instansiyası məhkəməsinin yuxarıda göstərilən qərarının hüquqi qüvvəsi bütün orqanlar, təşkilatlar, vəzifəli şəxslər və vətəndaşlar üçün deyil, yalnız həmin işə yenidən baxan məhkəmə üçün məcburidir (Mülki Prosessual Məcəllənin 420-ci maddəsi).

Xüsusilə qeyd edilməlidir ki, kassasiya instansiyası məhkəməsi işin hallarını və iş üzrə sübutları müəyyən etmir, həmçinin apellyasiya instansiyası məhkəməsində sübut kimi qəbul edilməyən hər hansı sənədi yenidən sübut kimi qəbul edə və qiymətləndirə bilməz, yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş hallar və sübutlar üzrə maddi hüquq normalarının pozulduğunu və ya düzgün tətbiq edilmədiyini müəyyən etdikdə müvafiq qərar qəbul edə bilər.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, işə kassasiya  qaydasında baxan  məhkəmə  öz qərarında   müəyyən edilməmiş, yaxud rədd edilmiş halları müəyyən etmək və ya sübuta yetirilmiş kimi qəbul etmək, bu və ya digər sübutların mötəbərliyi və yaxud mötəbər olmaması məsələlərinə dair,  bir sübutun digər sübutlar üzərində üstünlüyü barədə qabaqcadan qərar vermək hüququna malik deyil. Bu o deməkdir ki, kassasiya instansiyası məhkəməsinin  müstəqil olaraq toplanmış sübutlar əsasında iş üçün əhəmiyyət kəsb edən halları müəyyən etmək  və əlavə olaraq yeni sübutlar toplamaq səlahiyyəti yoxdur (Konstitusiya Məhkəməsi Plenumunun “Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin şikayəti ilə əlaqədar 2005-ci il 29 iyun tarixli Qərarı). 

Kassasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə yeni halların müəyyən edilməsinin yolverilməzliyini nəzərə alaraq müqavilənin etibarsız hesab edilməsinə dair iş üzrə bu instansiya məhkəməsi tərəfindən müəyyən olunmuş və 27 may 2015-ci il tarixli qərarında əks edilmiş yeni faktiki hallar preyudisial əhəmiyyət kəsb edə bilməz.

Beləliklə, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini ləğv etmiş və işi yenidən baxılması üçün həmin məhkəməyə göndərmiş kassasiya instansiyası məhkəməsinin 27 may 2015-ci il tarixli qərarı Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsində nəzərdə tutulmuş qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə aid olan keyfiyyətlərə cavab vermir.

Konstitusiya Məhkəməsinin Plenumu yuxarıda göstərilənləri nəzərə alaraq hesab edir ki, M.Məmmədovun R.Süleymanova və digərlərinə qarşı müqavilələrin ləğv edilməsinə dair iş üzrə kassasiya instansiyası məhkəməsinin 26 iyul 2017-ci il tarixli qərarında Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsi səhv təfsir edildiyindən F.Adıgözəlovun Konstitusiyada təsbit edilmiş mülkiyyət hüququ pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu eyni zamanda qeyd edir ki, bu iş üzrə məhkəmələr tərəfindən Konstitusiyanın 60-cı maddəsinin, 127-ci maddəsinin II və IV hissələrinin, Mülki Prosessual Məcəllənin 9 və 88-ci maddələrinin tələbləri pozularaq, mübahisəli evin F.Adıgözəlov tərəfindən qanuni əsaslarla alınmasına dair R.Süleymanov, F.Adıgözəlov, onların nümayəndə və vəkili tərəfindən irəli sürülən dəlillər üzrə araşdırma aparılmamış, bu dəlilləri təsdiq və ya təkzib edən sübutlara hüquqi qiymət verilməmişdir.

Həmçinin kassasiya instansiyası məhkəməsi tərəfindən Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinin tələblərinə riayət edilməmiş, apellyasiya instansiyası məhkəməsi tərəfindən mühüm əhəmiyyətli olan bütün faktiki halların araşdırılmamasına diqqət yetirilməmiş, prosessual hüquq norması səhv təfsir edilmiş və nəticədə F.Adıgözəlovun Konstitusiyanın 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüququ pozulmuşdur.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, M.Məmmədovun R.Süleymanova və F.Adıgözəlova qarşı alğı-satqı müqavilələrinin ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarı R.Süleymanov ilə F.Adıgözəlov arasında bağlanmış 25 may 2011-ci il tarixli alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə həmin hissədə bu Qərara uyğun olaraq mülki prosessual qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq,  Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu   

Q Ə R A R A    A L D I:

1. M.Məmmədovun R.Süleymanova və F.Adıgözəlova qarşı alğı-satqı müqavilələrinin ləğv edilməsi və s. tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 26 iyul 2017-ci il tarixli qərarı R.Süleymanov ilə F.Adıgözəlov arasında bağlanmış 25 may 2011-ci il tarixli alğı-satqı müqaviləsinin və onun əsasında verilmiş reyestrdən çıxarışın ləğv edilməsi hissəsində Azərbaycan Respublikası Konstitusiyasının  60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə həmin hissədə bu Qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

Sədr                                                                                         Fərhad Abdullayev