Qərarlar

08.09.99 “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin beşinci hissəsinin şərh edilməsi haqqında

AZƏRBAYCAN   RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

“Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun

17-ci maddəsinin  beşinci hissəsinin şərh edilməsi haqqında

8 sentyabr 1999-cu il                                                                         Bakı şəhəri

Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi X.Hacıyev (Sədr), hakimlər: B.Qəribov, R.Qvaladze, E.Məmmədov, S.Salmanova (məruzəçi-hakim), Ə.Sul­­­tanovdan ibarət tərkibdə,

məhkəmə  katibi İ. İsmayılovun,

xüsusi Konstitusiya icraatında maraqlı subyektin nümayəndəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinin rəisi F.Məmmədovun,

mütəxəssislər Bakı Dövlət Universiteti hüquq fakultəsinin dosenti, hüquq elmləri namizədi, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi B.Əsədovun, Azərbaycan Respublikası İqtisadiyyat Nazirinin müavini O.Haqverdiyevin, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Vergi siyasəti və dövlət gəlirlərinin proqnozlaşdırılması baş idarəsinin rəis müavini – şöbə müdiri E.Cəfərovun, Azərbaycan Respublikası Baş Dövlət Vergi Müfəttişliyi hüquq şöbəsinin rəisi C.Əlizadənin iştirakı  ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə müvafiq olaraq açıq məhkəmə iclasında xüsusi konstitusiya icraatı üzrə xarici hüquqi şəxslərin nümayəndəliklərinin təmsil etdikləri təşkilatın adından Azərbaycan Respublikası ərazisində qanunvericiliklə qadağan edilməyən sahibkarlıq fəaliyyətini hə­yata keçirmək səlahiyyətinə malik olub-olmaması haqqında məsələnin aydınlaşdırılması üçün “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin beşinci hissəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1999-cu il tarixli, 18/15-80 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

İş üzrə məruzəçi-hakim S.Salmanovanın məruzəsini, xüsusi konstitusiya icraatında maraqlı subyektin nümayəndəsi F.Məmmədovun çıxışını, mütəxəssislər B.Əsə­dov, O.Haqverdiyev, E.Cəfərov və C.Əlizadənin rəylərini dinləyib müzakirə edə­rək, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi  

M Ü Ə Y Y Ə N  E T D İ:

  

Azərbaycan Respublikası Nazirlər Kabinetinin sorğusunda xarici hüquqi şəxslərin nümayəndəliklərinin təmsil etdikləri təşkilatın adından Azərbaycan Respublikası ərazisində qanunvericiliklə qadağan edilməyən sahibkarlıq fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olub-olmaması haqqında məsələnin aydınlaşdırılması üçün “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin beşinci hissəsinin şərh edilməsi xahiş olunur.

Baxılan məsələ ilə əlaqədar iş materiallarına “Müəssisələr   haqqında”  Azərbaycan  Respublikası  Qanununun 17-ci maddəsinin, “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 2, 12, 14-cü maddələrinin, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin, “Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 16, 19-cu maddələrinin, “Müəssisələr və təşkilatların mənfəət vergisi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin Azərbaycan Respublikası Milli Məclisi Aparatında təsdiq edilmiş rəsmi mətnləri əlavə olunmuşdur.

Azərbaycan  Respublikası Konstitusiya Məhkəməsi sorğu ilə əlaqədar aşağıdakıları qeyd edir.

“Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununda müəssisə tərəfindən yaradılan filialların və nümayəndəliklərin anlayışı verilmişdir. Belə ki, bu Qanunun 17-ci maddəsinə görə müəssisənin funksiyalarının hamısını və ya bir hissəsini həyata keçirən və onun olduğu yerdən kənarda yerləşən xüsusi bölməsi filialdır.

Müəssisənin maraqlarının müvəkkilliyini və müdafiəsini həyata keçirən, onun adından əqdlər bağlayan və digər hüquqi hərəkətlər edən və müəssisənin olduğu yerdən kənarda yerləşən xüsusi bölməsi nümayəndəlikdir.

Həmin maddənin yeddinci hissəsində göstərilir ki, filiallara və nümayəndəliklərə onları yaradan müəssisə tərəfindən əmlak verilir və onlar  həmin müəssisə tərəfindən təsdiq edilmiş nizamnamə əsasında fəaliyyət göstərir.

“Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci  maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filiallarının və nümayəndəliklərinin dövlət qeydiyyatı hüquqi şəxslərə hüquqi şəxs statusunun, onlara və xarici hüquqi şəxslərin filiallarına və nümayəndəliklərinə dövlət qeydiyyatı  haqqında şəhadətnamə verilməsidir.                                                                

Həmin Qanunun 12-ci maddəsində göstərilmişdir ki, hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri yalnız dövlət qeydiyyatına alındıqdan sonra xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyətlə məşğul olmaq üçün “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununda nəzərdə tutulmuş qaydada lisenziya ala bilərlər.

Beləliklə, yuxarıda göstərilənlərdən məlum olur ki, müəssisənin filialları və nümayəndəlikləri müəssisə tərəfindən təsdiq edilmiş nizamnamə əsasında dövlət qeydiyyatından keçdikdən və lisenziya aldıqdan sonra fəaliyyət  göstərə bilərlər.

Sorğuda qaldırılan məsələ ilə bağlı Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi onu da qeyd edir ki, Azərbaycan Respublikasının qanunvericiliyində xarici hüquqi şəxslərin nümayəndəliklərinin Azərbaycan Respublikası ərazisində qanunvericiliklə qadağan edilməyən sahibkarlıq fəaliyyətini həyata keçirmək üçün heç bir məhdudiyyət nəzərdə tutulmamışdır. (İstisnanı yalnız «Azərbaycan Respublikasında banklar və bank fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanunu nəzərdə tutur.)

Əksinə, respublikanın bir sıra qanunlarında xarici hüquqi şəxslərin həmin bölmələrinin sahibkarlıq fəaliyyətini həyata keçirmək səlahiyyətinin olması istisna edilmir.

Belə ki, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü  maddəsinin üçüncü hissəsinə əsasən sahibkarlıq fəaliyyətinin və mülkiyyətçi ilə münasibətlərin xarakterindən asılı olaraq sahibkarlıq fəaliyyəti ilə həm mülkiy­yətçinin özü, həm də onun müəyyən etdiyi səlahiyyətlər daxilində təsərrüfatın başçısı hüququ əsasında mülkiyyətçinin əmlakını idarə edən subyekt məşğul ola bilər.

Göstərildiyi kimi “Müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin yeddinci hissəsinə əsasən filiallara və nümayəndəliklərə onları yaradan müəssisə tərəfindən əmlak verilir və həmin filiallar və nümayəndəliklər əmlakı idarə edən subyekt sayılmalıdır.

“Xarici investisiyanın qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə görə Azərbaycan Respublikasının ərazisində xarici hüquqi şəxslərin nümayəndəlikləri (büroları, kontorları, agentlikləri)  yaradıla və fəaliyyət göstərə  bilər.

Həmin Qanunun 19-cu maddəsinin ikinci hissəsində göstərilir ki, Azərbaycan ərazisindəki filiallar və nümayəndəliklər Azərbaycan Respublikasının bank  idarələrində hesablar açmaq hüququna malikdirlər.       

“Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsindən göründüyü kimi dövlət qeydiyyatı haqqında şəhadətnamə aldıqdan sonra xarici hüquqi  şəxslərin filialları və nümayəndəlikləri möhür, ştamp, firma blanklarını və əmtəə nişanlarını hazırladır, bank hesabını açır, habelə vergi orqanlarında uçota alınır.

“Müəssisələrin və təşkilatların mənfəət vergisi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin üçüncü hissəsinə görə Azərbaycan Respublikası ərazisində daimi nümayəndəliyi vasitəsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən şirkətlər, firmalar, xarici dövlətlərin qanunvericiliyinə müvafiq olaraq yaradılmış hər hansı digər təşkilatlar  da mənfəət vergisinin ödəyiciləridirlər.

Vergitutma məqsədləri üçün xarici hüquqi şəxslərin nümayəndəliyi dedikdə büro, kontor, agentlik və fəaliyyət göstərilən (təbii ehtiyatların kəşfiyyatı və ya istifadəsi, tikinti, avadanlıq qoyulması, quraşdırılması, yığılması, sazlanması, ona xidmət sahəsində sazişlərdə nəzərdə tutulmuş işlərin və başqa belə işlərin görülməsi ilə bağlı olan) hər hansı başqa yer, habelə xarici hüquqi şəxslər tərəfindən Azərbaycan Respublikasında nümayəndəlik funksiyasının həyata keçirilməsinə müvəkkil edilmiş təşkilatlar və vətəndaşlar başa düşülür.

Yuxarıda göstərilənlərdən aydın olur ki, Azərbaycan Respublikası qanunvericiliyi ilə xarici hüquqi şəxslərin filialları və nümayəndəlikləri arasında mühüm fərq qoyulmur. Həmin bölmələr vergi ödəyiciləri kateqoriyasına daxildirlər və onların səlahiyyətləri, qanunvericiliyə əsasən xarici hüquqi şəxs tərəfindən müəyyən edilir.

Beləliklə, xarici hüquqi şəxslər tərəfindən təsdiq edilmiş nizamnamədə nümayəndəliklərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti verilmişdirsə, nümayəndəliklər dövlət qeydiyyatını keçdikdən və  xüsusi razılıq tələb edən sahibkarlıq fəaliyyəti  ilə məşğul olmaq üçün müvafiq dövlət orqanından lisenziya aldıqdan sonra müəyyən edilmiş qaydada təmsil etdikləri  xarici hüquqi şəxslərin adından Azərbaycan Respublikası qanunvericiliyinə əsasən və  qanunvericiliklə qadağan olunmayan   sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq  hüququna  malikdirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini və “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 80-83, 85-ci maddələrini rəhbər tutaraq Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi

Q Ə R A R A  A L D I:

1. Xarici hüquqi şəxslər tərəfindən təsdiq edilmiş nizamnamədə nümayəndəliklərə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq səlahiyyəti verildikdə, nümayəndəliklər dövlət qeydiyyatını keçdikdən və xüsusi razılıq tələb edən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün  lisenziya aldıqdan sonra müəyyən edilmiş qaydada təmsil etdikləri xarici hüquqi şəxslərin adından Azərbaycan Respublikası qanunvericiliyinə  əsasən  və qanunvericiliklə qadağan olunmayan sahibkarlıq fəaliyyəti ilə məşğul ola bilərlər.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar «Azərbaycan» qəzetində dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya vəzifəli şəxs tərəfindən ləğv oluna, dəyişdirilə və yaxud təfsir oluna bilməz.

Sədrlik edən                                                                  Xanlar Hacıyev