Qərarlar

08.07.99 İnzibati hüquqpozmalar haqqında işlər üzrə məhkəmə qərarlarından şikayətlərin verilməsinə dair

AZƏRBAYCAN  RESPUBLİKASI  ADINDAN

AZƏRBAYCAN  RESPUBLİKASI 

KONSTİTUSİYA  MƏHKƏMƏSİNİN

Q  Ə  R  A  R  I

İnzibati hüquqpozmalar haqqında işlər üzrə

məhkəmə qərarlarından şikayətlərin verilməsinə dair

8  iyul 1999-cu il                                                                                     Bakı  şəhəri

 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi  X.Hacıyev (Sədr), hakimlər: F.Babayev, B.Qəribov (məruzəçi-hakim), R.Qvaladze, E.Məmmədov, S.Sal­ma­nova, Ə.Sultanovdan ibarət tərkibdə,

məhkəmə katibi İ.İsmayılovun,

sorğu verən orqanın qanuni nümayəndələri, Azərbaycan Respublikasının Baş Prokurorunun müavini N.Allahverdiyevin, Azərbaycan Respublikası Prokurorluğunun Daxili İşlər Orqanlarında qanunların icrasına nəzarət idarəsinin rəis müavini B.Fərzəliyevin,

cavab verən orqanın qanuni nümayəndəsi, Azərbaycan Respublikası Milli Məclisi Aparatının inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri N.Səfərovun iştirakı ilə

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndinə müvafiq olaraq açıq məhkəmə iclasında, konstitusiya məhkəmə icraatı üzrə, İnzibati Hüquqpozmalar Haqqında Azərbaycan Respublikası Məcəlləsinin 275-ci maddəsinin ikinci hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 60, 65, 71-ci maddələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Prokurorluğunun 11 may 1999-cu il tarixli 7/859 saylı sorğusu ilə bağlı konstitusiya işinə baxdı.

 İş üzrə məruzəçi–hakim B.Qəribovun məruzəsini, tərəflərin qanuni nümayəndələri N.Allahverdiyevin, B.Fərzəliyevin, N.Səfərovun çıxışlarını dinləyib müzakirə edərək, Azərbaycan  Respublikasının Konstitusiya Məhkəməsi

M Ü Ə Y Y Ə N   E T D İ:

 İnzibati Hüquqpozmalar Haqqında Azərbaycan Respublikası Məcəlləsinin 275-ci maddəsinin birinci hissəsində göstərilir ki, inzibati hüquqpozma haqqında iş üzrə qərardan, barəsində qərar çıxarılmış şəxs habelə zərər çəkmiş şəxs şikayət verə bilər.

 Bu maddənin ikinci hissəsinə əsasən inzibati tənbeh etmə haqqında rayon (şəhər) məhkəməsinin (hakimin) qərarı qətidir və Azərbaycan Respublikasının qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin qərardan inzibati hüquqpozmalar haqqında işlərin icraatı qaydasında şikayət verilə bilməz.

 Azərbaycan Respublikası qanunvericiliyində inzibati hüquqpozmalar haqqında bu və ya digər kateqoriya işlər üzrə məhkəmənin qərarından şikayət verilməsini nəzərdə  tutan normalar yoxdur.

 Beləliklə də, göstərilən maddəyə müvafiq olaraq məhkəmənin (hakimin) inzibati tənbeh etmə barədə qərarı qətidir və ondan şikayət verilə bilməz.

 Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin I hissəsində göstərilir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin II hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, həmkarlar ittifaqlarının və digər ictimai birliklərin, vəzifəli şəxslərin qərar və hərəkətlərindən (yaxud hərəkətsizliyindən) məhkəməyə şikayət edə bilər.                          

 Azərbaycan Respublikası Prokurorluğunun sorğusunda İnzibati Hüquqpozmalar Haqqında Azərbaycan Respublikası Məcəlləsinin 275-ci maddəsinin ikinci hissəsində nəzərdə tutulan normanın  Azərbaycan Respublikası Konstitusiyasının 60, 65, 71-ci maddələrinə uyğunluğunun yoxlanılması xahiş olunur.

 Baxılan məsələ ilə bağlı iş materiallarına İnzibati Hüquqpozmalar Haqqında Azərbaycan Respublikası Məcəlləsinin 211, 256, 275, 276, 283-cü maddələrinin Azərbaycan Respublikası Milli Məclisi Aparatında düzgünlüyü təsdiq edilmiş rəsmi mətnləri əlavə edilmişdir.

  Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi aşağıda göstərilənləri qeyd edir. 

 Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin III hissəsinə əsasən məhkəmə hakimiyyəti konstitusiya, mülki və cinayət məhkəmə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyata keçirilir.

  İnzibati məhkəmə icraatını başqa məhkəmə icraatlarından fərqləndirən xüsusiyətlərdən biri də inzibati tənbeh etmə haqqında məhkəmənin özünün və ya inzibati hüquqpozma haqqında iş üzrə digər orqanların qərarından şikayət verilməsi ilə bağlı qəbul etdiyi qərarların qəti olmasıdır. Qanunda inzibati tənbeh etmə haqqında məhkəmə qərarının qətiliyinə dair müddəanın olması onu göstərir ki, belə qərar qəbul edildikdən sonra dərhal icra olunur və barəsində inzibati tənbeh etmə haqqında qərar çıxarılmış şəxsin belə qərardan şikayət verməsi, həmçinin şikayət verildiyi təqdirdə ona baxılmasının  vacibliyi, inzibati tənbeh etmə haqqında qərarın icrasının dayandırılmasının mümkünlüyü hüquqi cəhətdən  imkan xaricindədir.

 İnzibati Hüquqpozmalar Haqqında Azərbaycan Respublikası Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsində inzibati məsuliyyətə cəlb edilən şəxsin hüquq və vəzifələri sırasında iş üzrə qərardan şikayət vermək hüququ da nəzərdə tutulur və bu müddəa adı çəkilən Məcəllənin 275-ci maddəsinin birinci hissəsində  də öz əksini tapmışdır.

 Bununla belə 275-ci maddənin ikinci hissəsində qeyd olunur ki,inzibati tənbeh etmə haqqında rayon (şəhər) məhkəməsinin (hakimin) qərarı qətidir və Azərbaycan Respublikasının qanunvericilik aktlarında və bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin qərardan inzibati hüquqpozmalar  haqqında işlərin icraatı qaydasında şikayət verilə bilməz.

 Məhkəmələrin həll etdikləri inzibati hüquqpozmaların dairəsinin geniş olmasına baxmayaraq inzibati hüquqpozma haqqında işə yenidən baxmaq və mahiyyəti üzrə qəbul edilmiş qərarı  ləğv etmək və ya dəyişdirmək üçün əsas hüquqpozmaların az bir qismini əhatə edir.

  Belə ki, İnzibati Hüquqpozmalar Haqqında Azərbaycan Respublikası Məcəlləsinin 211 və 283-cü maddələrinin müqayisəsindən görünür ki, məhkəmələr tərəfindən baxılan 40 inzibati hüquqpozmalar haqqında işlərdən yalnız yeddisi üzrə hakimin qərarı prokurorun protestinə əsasən hakimin özü tərəfindən və ya yuxarı məhkəmənin sədri tərəfindən ləğv edilə, yaxud dəyişdirilə bilər. Qalan 33 inzibati hüquqpozmalar haqqında işlər üzrə çıxarılmış məhkəmə qərarlarına yenidən baxıla bilməz. Beləliklə göstərilən hallarda inzibati qaydada tənbeh edilmiş şəxs məhkəmə qərarlarından şikayət vermək hüququndan məhrum olunur, yuxarı məhkəmə sədri isə məhkəmələrin qanunsuz və əsassız qəbul etdiyi qərarı ləğv etmək və ya dəyişdirmək hüququna malik deyil.

 İnzibati Hüquqpozmalar Haqqında Azərbaycan Respublikası Məcəlləsinin 276-cı maddəsinin birinci hissəsinin 1, 2, 3-cü bəndlərində inzibati hüquqpozma haqqında iş üzrə qərar qəbul etmək səlahiyyəti olan orqanların qərarlarından qərarı qəti olan məhkəmələrə şikayət verilmə qaydası müəyyənləşdirilir. Bu qaydanın özü də vətəndaşların inzibati tənbeh etmə haqqında məhkəmə qərarlarından şikayət vermək hüququnu istisna edir.  

  Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin I hissəsində göstərilir ki, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Həmin maddənin II hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz.

  Lakin İnzibati Hüquqpozmalar Haqqında Azərbaycan Respublikası Məcəlləsinin 275-ci maddəsinin ikinci hissəsində və 276-cı maddənin birinci hissəsinin 1, 2, 3-cü bəndlərində məhkəmənin və ya hakimin qərarından şikayət verilməsini faktiki olaraq istisna edən normalar, Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqların həyata keçirilməsinin əhəmiyyətli dərəcədə məhdudlaşdırılmasına səbəb olur.

  1948-ci il 10 dekabr tarixdə BMT tərəfindən qəbul olunmuş “İnsan Hüquqları Haqqında Ümumi Bəyannamə”nin 8-ci maddəsində göstərilir ki, hər bir insan Konstitusiyanın və ya qanunun ona verdiyi əsas hüquqların pozulması zamanı həmin hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən təsirli şəkildə bərpa olunması hüququna malikdir.

 Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin VI hissəsinə əsasən Azərbaycan Respublikası ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. Bu maddənin VII hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir.

 Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin III hissəsində göstərilir ki, qanunlar Konstitusiyaya zidd olmamalıdır.

 İnzibati Hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 275-ci maddəsinin ikinci hissəsi və 276-cı maddəsinin birinci hissəsinin 1, 2, 3-cü bəndləri hər bir şəxsin Konstitusiya ilə verilən hüquq və azadlıqlarının məhkəmələr tərəfindən müdafiəsinin həyata keçirilməsinə mane olur, vətəndaşların məhkəməyə müraciət etmək hüququnu məhdudlaşdırır.

 Beləliklə, inzibati tənbeh etmə haqqında rayon (şəhər) məhkəməsinin (hakimin) qərarından yuxarı məhkəməyə şikayət vermək hüququnu məhdudlaşdıran İnzibati Hüquqpozmalar Haqqında Azərbaycan Respublikası Məcəlləsinin 275-ci maddəsinin ikinci hissəsi və 276-cı maddəsinin birinci hissəsinin 1, 2, 3-cü bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və 71-ci maddəsinin I, II, VI, VII hissələri ilə ziddiyyət təşkil edir.

  Azərbaycan Respublikası Konstitusiyasının 65-ci maddəsinə görə məhkəmənin məhkum etdiyi hər bir şəxsin öz barəsində çıxarılmış hökmə qanunla nəzərdə tutulan qaydada yuxarı məhkəmədə yenidən baxılması, habelə özünün əfv edilməsi və cəzasının yüngülləşdirilməsi haqqında müraciət etmək hüququ vardır.

  Məhkəmə qərarlarından şikayət verilməsi həmçinin mülki prosessual qanunvericilikdə də nəzərdə tutulur. Lakin İnzibati Hüquqpozmalar Haqqında Azərbaycan Respublikası Məcəlləsinin 275-ci maddəsinin ikinci hissəsi və 276-cı maddəsinin birinci hissəsinin 1, 2, 3-cü bəndləri ümumi qəbul edilmiş qaydadan istisna təşkil edir.

  Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci və 6-cı bəndlərinə əsasən Azərbaycan Respublikası Konstitusiyasında təsbit edilmiş insan və vətəndaş hüquqlarından və azadlıqlarından istifadə, bu hüquqların və azadlıqların dövlət təminatına, məhkəmə icraatı və məhkəmə qərarlarının icrasına dair ümumi qaydaları Azərbaycan Respublikasının Milli Məclisi müəyyən edir.

 Göstərilənlərə əsasən inzibati hüquqpozmaya dair məhkəmə qərarlarından şikayət vermə qaydasını da Azərbaycan Respublikasının Milli Məclisi müəyyən etməlidir. 

 Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin III hissəsinin 1-ci bəndini və VII hissəsini, “Konstitusiya  Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 75, 76, 78, 81, 82, 83, 85-ci maddələrini rəhbər tutaraq

Q Ə R A R A   A L D I :

1. İnzibati tənbeh etmə haqqında rayon (şəhər) məhkəməsinin (hakimin) qərarından yuxarı məhkəməyə şikayət vermək hüququnun məhdudlaşdırılmasına dair İnzibati Hüquqpozmalar Haqqında Azərbaycan Respublikası Məcəlləsinin 275-ci maddəsinin ikinci hissəsi və 276-cı maddəsinin birinci hissəsinin 1, 2, 3-cü bəndləri Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə və 71-ci maddəsinin I, II, VI, VII hissələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin.

2. Azərbaycan Respublikası Milli Məclisinə tövsiyyə edilsin ki, inzibati hüquq­pozmalar haqqında işlər üzrə məhkəmə qərarlarından şikayətlərə baxılma qaydasını müəyyən etsin.

3.  Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.  Qərar “Azərbaycan” qəzetində  dərc edilsin.

5. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarı qətidir, heç bir orqan və ya vəzifəli  şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və yaxud təfsir oluna bilməz.

 Sədrlik edən                                                                  Xanlar Hacıyev