Qərarlar

15.07.22 Ə.Abbəkirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası
Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Ə.Abbəkirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

15 iyul 2022-ci il                                                                                      Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova (məruzəçi-hakim), Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Ə.Abbəkirovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim S.Salmanovanın məruzəsini, ərizəçinin şikayətini, mütəxəssislər Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti F.Mirzəyeva, Milli Aviasiya Akademiyasının İqtisadiyyat və hüquq fakültəsinin dekanı, hüquq üzrə elmlər doktoru A.Rüstəmzadənin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra – Müdafiə Nazirliyi) cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – Əmlak Məsələləri Dövlət Komitəsi), Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi (bundan sonra – Xidmətin Bakı Ərazi İdarəsi) və Ə.Abbəkirova qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahələrindən çıxarılma və həmin sahələrin qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 18 fevral 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 iyul 2015-ci il tarixli qətnaməsi ilə Ə.Abbəkirovun apellyasiya şikayəti təmin olunmamış, birinci instansiya məhkəməsinin qətnaməsi onun apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 14 yanvar 2016-cı il tarixli qərarı ilə Ə.Abbəkirovun kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ə.Abbəkirov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25, 29 və 60-cı maddələri ilə təsbit edilmiş bərabərlik, mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu göstərməklə, Ali Məhkəmənin Mülki Kollegiyasının 14 yanvar 2016-cı il tarixli qərarının Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilməsini xahiş etmişdir.

Ərizəçi Konstitusiya Məhkəməsinə ünvanladığı şikayətin Ali Məhkəmənin Mülki Kollegiyasının mübahisələndirilən 14 yanvar 2016-cı il tarixli qərarının qüvvəyə minməsindən qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verilməsini Əmlak Məsələləri Dövlət Komitəsi ilə əmlak kompleksinin icarə və özəlləşdirilməsi zamanı ödənilmiş vəsaitin geri qaytarılması və ya başqa ərazidə uyğun torpaq sahəsinin (əmlak kompleksinin) verilməsinə dair xeyli vaxt müzakirələrin aparılması, Müdafiə Nazirliyi tərəfindən başqa şəxslərə qarşı eyni əsaslarla analoji iddiaların qaldırılması və Əmlak Məsələləri Dövlət Komitəsinin tövsiyəsinə uyğun olaraq həmin məsələnin həllinə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ifadə olunmuş Qərarının çıxarılmasını gözləməsi ilə izah etmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 11 oktyabr tarixli Qərarı ilə Ş.Əliyevanın eyni məzmunlu şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarı Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilmiş, işə baxılma Ali Məhkəmənin Mülki Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarının qəbul edilməsi ilə yekunlaşmışdır. Beləliklə, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında əks olunan hüquqi mövqelərinə uyğun olaraq, Müdafiə Nazirliyinin analoji iddiasının təmin edilməməsinə dair məhkəmə aktı qanuni qüvvəsini almışdır.

Ərizəçi konstitusiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmələr iş üzrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) əqdlərin etibarsızlığına dair normalarını, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun həmin normalar və torpaq qanunvericiliyinin müvafiq müddəaları ilə bağlı formalaşdırdığı hüquqi mövqelərini nəzərə almamışlar.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir.

Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi, 29-cu maddəsinin I və II hissələri).

Azərbaycan Respublikası Torpaq Məcəllləsinin (bundan sonra – Torpaq Məcəlləsi) 2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsi, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsi və torpaq sahəsi üzərində hüquqlarının müdafiəsi və s. Torpaq Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində isə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır (Torpaq Məcəlləsinin 3-cü maddəsinin 4-cü hissəsi, 4-cü maddəsinin 1-ci hissəsi, 5-ci maddəsinin 1 və 2-ci hissələri, 49-cu maddəsinin 2-ci hissəsi).

Qeyd olunmalıdır ki, mülkiyyət hüququ yalnız o şərtlə məhdudlaşdırıla bilər ki, belə məhdudlaşdırma həqiqətən cəmiyyətin ümumi rifahı və maraqları naminə edilmiş olsun, habelə qeyri-mütənasib və əsassız xarakter daşımaqla ayrılmaz insan hüquq və azalıqlarının pozulmasına gətirib çıxarmasın.

Konstitusiyanın 29-cu maddəsinin VI hissəsinə əsasən, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

Həmin müddəanın davamı olaraq Mülki Məcəllənin 6.3-cü maddəsində müəyyən edilmişdir ki, dövlət və ictimai təhlükəsizliyin, ictimai qaydanın, cəmiyyətin sağlamlığının və mənəviyyatının qorunması, digər şəxslərin hüquq və azadlıqlarının, şərəfinin və təmiz adının müdafiəsi üçün zəruri olduqda mülki hüquqlar yalnız qanunla məhdudlaşdırıla bilər.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.

Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarı).

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Saliba Maltaya qarşı iş üzrə 2005-ci il 8 noyabr və Amato Gauci Maltaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli qərarlarında qeyd edilmişdir ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin ilkin və ən mühüm tələbi ondan ibarətdir ki, dövlət orqanının mülkiyyətdən dinc istifadəyə hər hansı müdaxiləsi qanuni olmalıdır. Qanunun aliliyi demokratik cəmiyyətin təməl prinsiplərindən biri kimi Konvensiyanın bütün maddələrinin ayrılmaz elementi olmaqla dövlətin və ya hər hansı dövlət orqanının ona qarşı qəbul edilmiş məhkəmə əmrlərini və ya qərarlarını yerinə yetirmək vəzifəsini özündə ehtiva edir. Qanuçuluq tələbi onu da ifadə edir ki, daxili hüquq normaları kifayət qədər əlçatan, dəqiq və proqnozlaşdırıla bilən olmalıdır.

Oxşar mövqe Avropa Məhkəməsinin Moskal Polşaya qarşı iş üzrə 2009-cu il 15 sentyabr tarixli Qərarında da əks olunmuşdur. Həmin Qərarda qeyd edilmişdir ki, öz əmlakından maneəsiz istifadə hüququna dövlət hakimiyyətinin istənilən müdaxiləsi qanuni olmalıdır. Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin birinci abzasının ikinci cümləsi əmlakdan məhrum etməni yalnız “qanunla nəzərdə tutulmuş hallarda” mümkün sayır,  ikinci abzas isə dövlətlərin mülkiyyətdən istifadəyə nəzarəti qanunları təmin etməklə həyata keçirilməli olduğunu müəyyən edir.

Həmçinin şəxsin əmlakından məhrum edilməsinə gətirib çıxaran qanunvericiliyin retroaktiv tətbiqi bir tərəfdən ümumi maraqların tələbləri, digər tərəfdən isə “əmlakdan” maneəsiz istifadə etmək hüququnun müdafiəsi arasında ədalətli tarazlığın pozulmasına səbəb olur (Avropa Məhkəməsinin Moris Fransaya qarşı iş üzrə 2005-ci il 6 oktyabr tarixli Qərarı, §§90 və 93).

Konstitusiya Məhkəməsinin Plenumu ərizəçinin mülkiyyətindən məhrum edilməsinin qanuni olub-olmaması ilə əlaqədar aşağıdakıları vurğulamağı vacib hesab edir.

Torpaq Məcəlləsinin 46-cı maddəsininin 1 və 2-ci hissələrinə görə, dövlət obyektlərinin - dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətində olan torpaqlara daxildir. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu Məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

Həmin Məcəllənin 23-cü maddəsinin 1-ci hissəsinə əsasən, hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir.

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun) 1.0.1 və 2.1-ci maddələrində göstərilmişdir ki, dövlət əmlakının özəlləşdirilməsi dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir ki, əsas məqsədi də iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.

Konstitusiya Məhkəməsi Plenumunun Ş.Əliyevanın şikayəti üzrə 2019-cu il 11 oktyabr tarixli Qərarında qeyd olunduğu kimi, məhz dövlət əmlakının özəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun rolu xeyli dərəcədə artmış, milli iqtisadiyyatın səmərəliliyi yüksəlmişdir. Bu baxımdan hər hansı əmlakın dövlətin müstəsna mülkiyyətində olması həmin əmlakın özəlləşdirilməsini istisna etmir. Əksinə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində özəlləşdirilməsi qadağan edilmiş əmlakın siyahısı məhdud şəkildə müəyyən edilmiş və belə əmlak növlərindən biri kimi Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur.

Həmin Qanunun 31.1.1-ci maddəsində isə bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdin etibarsız hesab edilməsi üçün əsas kimi qeyd edilmişdir.

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Müdafiə naziri 9 yanvar 2013-cü il tarixli məktub ilə Müdafiə Nazirliyinin balansında olan mübahisəli ərazidə yerləşən torpaq sahələrinin istifadəsiz qaldığı, orada yerləşən qeyri-yaşayış binalarının istismara yararsız olduğu və onların bərpasının iqtisadi cəhətdən səmərəsizliyi, hərbi məqsədlər üçün istifadəsinin perspektivsizliyini nəzərə alaraq, gələcəkdə onlardan daha səmərəli istifadə edilməsinin təmin edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Komitəsinin sərəncamına götürülməsi ilə bağlı müvafiq tədbirlər görülməsini xahiş etmişdir.

Bundan sonra Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mübahisəli əmlaklar Ə.Abbəkirova icarəyə verilmiş, həmin əmlaklar 19 mart və 3 iyun 2013-cü il tarixli alğı-satqı müqavilələrinə əsasən ona satılmış, 8 iyul 2013-cü il tarixli çıxarış üzrə həmin əmlaklar xüsusi mülkiyyət hüququ əsasında sonuncunun adına qeydə alınmışdır.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası 15 iyul 2015-ci il tarixli qətnaməsində Torpaq Məcəlləsinin 23-cü maddəsinin 1-ci hissəsinə və 46-cı maddəsinin 1 və 2-ci hissələrinə, Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 6 iyun tarixli, 586 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında Dövlət əmlakının idarə edilməsinin təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın 7.5-ci bəndinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6.2, 6.2.4, 31.1 və 31.1.1-ci maddələrinə əsaslanaraq hesab etmişdir ki, mübahisəli müəssisə və onun yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin istifadəsində olan əmlak olduğundan və özəlləşdirilməsi qadağan olunan əmlak növlərinə aid edildiyindən, mübahisəli əmlak barəsində alğı-satqı müqavilələri etibarsız hesab edilməli, cavabdehin mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarış ləğv olunmalıdır.

Müdafiə Nazirliyinin yuxarıda qeyd olunan məktubu ilə bağlı apellyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, həmin məktub qanundan üstün qüvvəyə malik deyildir və hazırkı mülki iş üzrə mübahisə predmeti olan əqdlərin bağlanması üçün əsas hesab edilə bilməz.

Lakin məhkəmələr mübahisəli əmlakın hərbi hissələrin, daxili və sərhəd qoşunlarının məhz operativ istifadəsində olub-olmamasını araşdırmamış, onun hərbi hissələrin istifadəsində olan əmlak olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlak siyahısına aid olduğu nəticəsinə gəlmişlər.

Bununla əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu bir sıra Qərarlarında dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş əmlaka dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsinin əsaslarını sadalamış, belə müqavilələrə etimadın, habelə vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiqlənmiş mülkiyyət hüququnun qorunmasını vurğulamışdır.

Avropa Məhkəməsi Konvensiyanın 1 saylı Protokolun 1-ci maddəsindən irəli gələn pozitiv öhdəliklərə dair bir çox işlərdə “lazımi idarəetmə” prinsipinin əhəmiyyətini qeyd etmişdir. Bu prinsip, xüsusilə əhəmiyyətli məsələlərdə, o cümlədən mülkiyyət hüququ da daxil olmaqla əsas insan hüquqları ilə bağlı olan hallarda dövlət orqanlarının operativ qaydada və ən başlıcası ardıcıl olaraq davranmasını tələb edir (Beyeler İtaliyaya qarşı iş üzrə 2008-ci il 28 may, §120; Megadat kompaniyası Moldovaya qarşı iş üzrə 2008-ci il 8 aprel, §72; Moskal Polşaya qarşı iş üzrə 2019-cu il 15 sentyabr, §72 tarixli Qərarlar).

“Lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).

Lakin hazırkı iş üzrə alğı-satqı müqavilələlərinin qanunvericilikdə göstərilən məcburi (imperativ) normalarının tələblərinə uyğun olmamasına dair dəllərinin olmadığı halda, məhkəmələr müqavilələri etibarsız hesab etmiş, Ə.Abbəkirovun əmlaklar üzərində mülkiyyət hüququna müəyyən müddətdən sonra xitam verilmiş, nəticədə onun qeyd edilən dövlət orqanlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli qeyri-yaşayış sahəsinin və onun yerləşdiyi torpağın vicdanlı şəkildə əldə etməsini nəzərə almamışlar.

Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat hüququ təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2 və 418.3-cü maddələrinə əsasən isə bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Ali Məhkəmənin Mülki Kollegiyası isə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, bununla da ərizəçinin Konstitusiyanın 29 və 60-cı maddələrinin I hissələrində nəzərdə tutulmuş mülkiyyət və hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Müdafiə Nazirliyinin  cavabdehlər Əmlak Məsələləri Dövlət Komitəsi, Xidmətin Bakı Ərazi İdarəsi və Ə.Abbəkirova qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahələrindən çıxarılma və həmin sahələrin qaytarılması tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 14 yanvar 2016-cı il tarixli qərarı Konstitusiyanın 29 və 60-cı maddələrinin I hissələrinə, Mülki Prosessual Məcəllənin 416.1, 418.1 və 418.2-ci maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-­67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1.    Azərbaycan Respublikası Müdafiə Nazirliyinin cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi və Ə.Abbəkirova qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, çıxarışların ləğv edilməsi, torpaq və qeyri-yaşayış sahələrindən çıxarılma və həmin sahələrin qaytarılması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 yanvar 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1 və 418.2- ci maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

2.    Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3.    Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4.      Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                     Fərhad Abdullayev