Qərarlar

19.05.22 “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası CM-in 263-1-ci və Azərbaycan Respublikası İXM-in 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

“Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun  35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

 19 may 2022-ci il                                                                              Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 32-ci maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Azərbaycan Respublikası Prokurorluğunun sorğusu əsasında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin həmin Qanunun 33-cü, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi təminat və insan hüquqları məsələləri idarəsinin rəisi A.Osmanova  və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri H.M.Seyid, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibov, Bakı Apellyasiya Məhkəməsinin hakimi H.Məmmədov, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin Baş idarə rəisi A.Xudiyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən təqdim edilmiş mülahizələri, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Konstitusiya hüququ kafedrasının dosenti S.Əliyevin rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikasının Prokurorluğu Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) ünvanladığı sorğuda “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Yol hərəkəti haqqında” Qanun) 35 və 35-1-ci maddələrinin həmin Qanunun 33-cü,  Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 263-1-ci və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 332-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Sorğuda göstərilmişdir ki, Qanunun 35-1-ci maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun  35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.

 Həmin maddənin II hissəsinə görə, Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir. Əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin müvafiq qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələri sürücülərinin hazırlanması, sürücülük vəsiqəsi almaq istəyən şəxslərdən imtahanların qəbul edilməsi, sürücülük vəsiqələrinin verilməsi, dəyişdirilməsi və qaytarılması qaydaları haqqında” Təlimatın 6.12-ci bəndinə əsasən Azərbaycan Respublikası ərazisində daimi və ya müvəqqəti yaşayan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə sürücülük vəsiqəsi onların Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşama icazəsi müddətinə verilir.

Bununla belə, Azərbaycan Respublikasında qüvvədə olan qanunvericilikdə Azərbaycan Respublikasının vətəndaşı, o cümlədən Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs (apatrid) tərəfindən xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək müddəti qeyd edilsə də, həmin müddət bitdikdən sonra göstərilən şəxslər tərəfindən xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsinin dəyişdirilmədiyi halda, həmin vəsiqələrin etibarlı olub-olmaması, habelə həmin şəxslərin nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs hesab olunub-olunmaması öz əksini tapmamışdır.

Sorğuya əsasən, istintaq və məhkəmə təcrübəsində belə şəxslər tərəfindən yol hərəkəti qaydalarının pozulması ilə əlaqədar cinayətlər törədildiyi zaman həmin şəxslər nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs kimi qiymətləndirilir. Belə olan halda təqsirləndirilən şəxsin əməli Cinayət Məcəlləsinin 263-cü maddəsinə nisbətən daha ağır cinayət hesab edilən və bu Məcəllənin 263-1-ci maddəsi ilə nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilir.

Beləliklə, hüquq tətbiqetmə təcrübəsindəki ziddiyyətlərin aradan qaldırılması, vahid istintaq və məhkəmə təcrübəsinin formalaşdırılması, cinayət qanunvericiliyi normalarının eyni qaydada tətbiqinin və hüquqi müəyyənlik prinsipinin təmin edilməsi məqsədi ilə sorğuverən xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında nəqliyyat vasitəsini idarə edən Azərbaycan Respublikası vətəndaşlarının, habelə qanunla müəyyən edilmiş müddətdə sürücülük vəsiqəsini dəyişdirmədiyi halda əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərin müvafiq olaraq Cinayət  Məcəlləsinin 263-1-ci və ya İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələrində nəzərdə tutulan “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının təsiri altına düşüb-düşməməsini müəyyən etmək üçün “Yol hərəkəti haqqında” Qanunun 35 və 35-1-ci maddələrinin həmin Qanunun 33-cü, Cinayət Məcəlləsinin 263-1-ci və İnzibati Xətalar Məcəlləsinin 332-ci maddələri ilə əlaqəli şəkildə şərh olunmasının zəruri olduğu qənaətinə gəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu sorğu ilə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra - Konstitusiya) 12-ci maddəsinə müvafiq olaraq, insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir (26-cı maddənin II hissəsi).

 Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında olarkən, qanunla və ya Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilə ilə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının vətəndaşları ilə bərabər bütün hüquqlardan istifadə edə bilər və bütün vəzifələri yerinə yetirməlidirlər.  Azərbaycan Respublikası ərazisində daimi yaşayan və ya müvəqqəti qalan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquq və azadlıqları yalnız beynəlxalq hüquq normalarına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudlaşdırıla bilər (69-cu maddə).

Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Hər kəsin hüquq və azadlıqları Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla, habelə digərlərinin hüquq və azadlıqları ilə məhdudlaşır. Hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır (71-ci maddənin I və II hissələri).

Konstitusiyanın 72-ci maddəsinə uyğun olaraq, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Qanunu bilməmək məsuliyyətdən azad etmir.

Qeyd edilməlidir ki, Konstitusiya ilə təsbit edilmiş hər kəsin təhlükəsiz və sağlam ətraf mühitdə yaşamaq hüquqlarının təmin edilməsi, mülkiyyət hüququnun   qorunması məqsədi ilə qanunverici yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitələrinin istismarının, yol hərəkətinin xüsusi qaydalarını təsbit etmişdir.

Yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsasları və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqları və vəzifələri “Yol hərəkəti haqqında” Qanun ilə müəyyən edilir.

Həmin Qanunun 33-cü maddəsinə görə, bu maddənin ikinci hissəsində nəzərdə tutulan yaş həddinə çatmış, sağlamlıq cəhətdən sürücülüyə yararlı, yol hərəkəti qaydalarını bilən, sürmə vərdişi və sürücülük vəsiqəsi olan hər bir fiziki şəxs Azərbaycan Respublikasının ərazisində nəqliyyat vasitələrini idarəetmə hüququna malikdir. Azərbaycan Respublikasının ərazisindəki yollarda nəqliyyat vasitələrini idarəetmə hüququ sürücülük vəsiqəsi əsasında həyata keçirilir.

Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəasının şərh edilməsinə dair”  2014-cü il 24 sentyabr tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, “Yol hərəkəti haqqında” Qanunun qeyd olunan normasında (33-cü maddəsində) nəqliyyat vasitələrini idarəetmə hüququnun əldə edilməsinin şərtləri və qaydaları dəqiq müəyyən olunmuşdur və bu Qanuna uyğun olaraq sürücülük vəsiqəsini əldə etmiş şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olan şəxs hesab edilir. 

İnzibati Xətalar Məcəlləsinin 332-ci maddəsində nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. Eyni zamanda nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə nəzərdə tutulmuş əməllərin (yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması) törədilməsi həmin Məcəllənin 263-1-ci maddəsi üzrə (daha ağır) cinayət məsuliyyətinin yaranmasına səbəb olur.

  Yuxarıda qeyd olunan Qərarında Konstitusiya Məhkəməsinin Plenumu belə qənaətə gəlmişdir ki, Cinayət Məcəlləsinin 263-1-ci maddəsinin “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” müddəası hadisə törədilən zaman ümumiyyətlə sürücülük vəsiqəsi olmayan şəxsi, qanunvericiliyə uyğun olaraq nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilmiş şəxsi, nəqliyyat vasitələrini idarə etmək hüququ məhdudlaşdırılmış şəxsi, həmin növ nəqliyyat vasitəsini idarə etmək hüququna malik olmayan şəxsi ehtiva edir.

 “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsində fiziki şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasından bəhs olunur. Həmin normaya əsasən Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ yalnız aşağıdakı hallarda müvəqqəti məhdudlaşdırıla bilər:

1) şəxsin sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa — sürücülük vəsiqəsi dəyişdirilənədək;

2) şəxs tərəfindən yol hərəkətinin qaydaları bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulmuşdursa — Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş qaydada beş ildən artıq olmayan müddətin qurtarmasınadək;

3) şəxsdə bu maddənin üçüncü hissəsində nəzərdə tutulmuş xəstəliklər və ya fiziki qüsurlar müəyyən edilərsə — xəstəlik müalicə olunanadək və ya fiziki qüsur aradan qaldırılanadək.

Beləliklə, qanunverici şəxsin nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılmasının üç şərtini müəyyən etmişdir: sürücülük vəsiqəsinin etibarlıq müddətinin bitməsi; yol hərəkəti qaydalarının bu Qanunla müəyyən edilmiş hallarda kobud surətdə pozulması; şəxsdə müvafiq xəstəliklərin və ya fiziki qüsurların müəyyən edilməsi.

Sürücülük vəsiqəsinin etibarlıq müddəti  “Yol hərəkəti haqqında” Qanunun 34-cü maddəsində göstərilmişdir. Belə ki, maddənin V hissəsinə görə sürücülük vəsiqəsinin etibarlıq müddəti aşağıdakı kimidir: 1) 60 yaşına çatmamış şəxslər üçün — 10 il; 2) 60 və daha çox yaşı olan şəxslər üçün — onların 70 yaşı tamam olanadək qalan müddət; 3) 70 və daha çox yaşı olan şəxslər üçün — 2 il; 4) siyahısı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən xəstəlikləri olan şəxslər üçün — təqdim etdikləri tibbi arayışda göstərilən, lakin 2 ildən artıq olmayan müddət.

Maddənin məzmununun təhlili belə nəticəyə gəlməyə əsas verir ki, onun müddəaları, o cümlədən vəsiqənin etibarlıq müddətinə dair tələblər Azərbaycan Respublikası tərəfindən verilən sürücülük vəsiqələrinə şamil edilir. Belə ki, bu maddənin II hissəsində Azərbaycan Respublikasında verilən sürücülük vəsiqəsinin növlərinin müəyyən olunması, III hissəsində sürücülük vəsiqəsində ellips işarəsi daxilində Azərbaycan Respublikasının beynəlxalq yol hərəkətində fərqlənmə nişanı - “AZ” və rəqəmlərlə nömrələnmiş müvafiq məlumatların göstərilməsinə dair tələblər, VI hissəsində isə sürücülük vəsiqəsindəki məlumatların Azərbaycan Respublikasının dövlət dilində və ingilis dilində qeyd olunması göstərilmişdir.

Xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş sürücülük vəsiqələri  əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrinin idarə olunmasının şərtləri  “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsi ilə müəyyən edilmişdir. Həmin maddədə bu cür vəsiqələrin Respublika ərazisində etibarlıq müddətinə dair müddəalar birbaşa müəyyən edilməmişdir. Bununla belə, qanunverici həmin normada Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan xarici vətəndaşların və apatridlərin üzərinə xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti bitməmiş sürücülük vəsiqəsini dəyişdirmək vəzifəsini qoymuşdur.

Belə ki, “Yol hərəkəti haqqında” Qanunun 35-1.1-ci maddəsinə uyğun olaraq,  Azərbaycan Respublikasının vətəndaşı yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini ölkə ərazisinə daxil olduğu gündən bir ay ərzində idarə etmək hüququna malikdir. Azərbaycan Respublikasının vətəndaşı ölkə ərazisində nəqliyyat vasitələrini həmin müddətdən artıq idarə etmək üçün sürücülük vəsiqəsini bu Qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.

Azərbaycan Respublikasında müvəqqəti olan əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər də yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququna malikdir (“Yol hərəkəti haqqında” Qanunun 35-1.2-ci maddəsinin birinci cümləsi).

Burada qeyd edilməlidir ki, Azərbaycan Respublikasında miqrasiya sahəsində dövlət siyasətinin həyata keçirilməsi, miqrasiya proseslərinin və bu sahədə yaranan münasibətlərin tənzimlənməsi, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti ilə bağlı normalar Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi (bundan sonra – Miqrasiya Məcəlləsi) ilə təsbit edilmişdir. Həmin Məcəllənin 3.0.6-cı maddəsinə əsasən, Azərbaycan Respublikasında müvəqqəti olan - Azərbaycan Respublikasında yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar Azərbaycan Respublikasına qanuni əsaslarla gəlmiş əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərdir.

Beləliklə, “Yol hərəkəti haqqında” Qanunun 35-1.2-ci maddəsinin mənasına görə, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququ yalnız Respublikaya qanuni əsaslarla gəlmiş, burada yaşamaq üçün icazəsi olmayan, turizm, şəxsi iş, xidməti ezamiyyət və sair bu kimi müvəqqəti xarakter daşıyan hallarla əlaqədar gələn şəxslərə məxsusdur.

Həmin maddənin ikinci cümləsinə əsasən, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə aldıqda, ölkə ərazisində nəqliyyat vasitələrini idarə etmək üçün sürücülük vəsiqəsini həmin icazəni aldığı gündən bir ay müddətində bu Qanunun 35-ci maddəsinin VI-VIII hissələrində müəyyən edilmiş qaydada dəyişdirməlidir.

Belə tənzimetmə Azərbaycan Respublikasının 29 aprel 1997-ci il tarixli Qanunla qoşulduğu “Yol hərəkəti haqqında” Vyana Konvensiyasının (bundan sonra – Konvensiya) 41-ci  maddəsinin 2 və 6-cı hissələrinin müddəalarına uyğundur.

Konvensiyanın 41-ci  maddəsinin 2-ci hissəsinə  müvafiq olaraq,

a)             Razılığa gələn Tərəflər bu Konvensiyanın 6 nömrəli Əlavəsinin müddəalarına uyğun olan istənilən milli vəsiqəni və bu Konvensiyanın 7 nömrəli Əlavəsinin müddəalarına uyğun olan və müvafiq milli vəsiqə ilə birgə təqdim edilən hər hansı beynəlxalq vəsiqəni, vəsiqədə qeyd olunan kateqoriyalara uyğun olaraq nəqliyyat vasitəsini öz ərazilərində idarə etmək üçün bir şərtlə tanıyırlar ki, vəsiqə qüvvədədir və həmin vəsiqə digər Razılığa gələn Tərəf, onun ərazi bölməsi və yaxud  buna səlahiyyəti olan qurumu tərəfindən verilmiş olsun;

b)             bir Razılığa gələn Tərəfin səlahiyyətli orqanı tərəfindən verilən sürücülük vəsiqəsi digər tərəfin ərazisində,  həmin ərazi  vəsiqə sahibinin yaşayış yeri olan ana qədər tanınır.

Həmin maddənin 6-cı hissəsinə əsasən, bu maddənin müddəaları Razılığa gələn Tərəflər üçün  aşağıdakı öhdəlikləri yaratmır:

-      milli vəsiqələrin verildiyi anda Razılığa gələn digər Tərəfin ərazisində adi yaşayış yeri olan və ya bu vəsiqə verildikdən sonra öz adi yaşayış yerini onun ərazisinə keçirən şəxslərə verilmiş milli vəsiqələrin etibarlığını tanımaq;

-      milli vəsiqələrin verildiyi anda vəsiqələrin verildiyi ərazidə adi yaşayış yeri olmayan və ya vəsiqələri verildikdən sonra öz yaşayış yerini başqa əraziyə keçirən sürücülərə verilmiş milli vəsiqələrin etibarlığını tanımaq.

Beləliklə, Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan xarici vətəndaşların və apatridlərin xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış sürücülük vəsiqəsi əsasında Azərbaycan Respublikası ərazisində nəqliyyat vasitələrini idarə etmək hüququ müəyyən vaxt çərçivəsi ilə məhdudlaşdırılmış, bununla da faktiki olaraq, belə vəsiqələrin Respublika ərazisində etibarlıq müddəti müəyyən edilmişdir.

Qeyd edildiyi kimi, “Yol hərəkəti haqqında” Qanunun 33-cü maddəsinin V hissəsinə müvafiq olaraq, Azərbaycan Respublikasının ərazisindəki yollarda hər hansı fiziki şəxsin nəqliyyat vasitələrini idarəetmə hüququ onun sürücülük vəsiqəsinin etibarlıq müddəti qurtarıbsa vəsiqə dəyişdirilənədək müvəqqəti məhdudlaşdırılmış şəxs kimi qiymətləndirilir və bu əsasla Cinayət Məcəlləsinin 263-1-ci maddəsində göstərilmiş “nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs” kimi tanınır.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilən sürücülük vəsiqələrinin müvafiq müddət ərzində dəyişdirilməsinə dair tələb ictimai maraqların qorunmasına yönəlməklə  vəsiqə sahibinin üzərinə   hər hansı ağır inzibati yük qoymur.

Sürücülük vəsiqəsinin dəyişdirilməsi onun sahibinin ərizəsi əsasında əvvəllər malik olduğu bütün kateqoriyalar (altkateqoriyalar) saxlanılmaqla, “Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin VIII hissəsində nəzərdə tutulan sənədlər təqdim edildikdə və şəxs barəsində qanuni qüvvəyə minmiş və icrası təxirə salınmamış və ya icrasına möhlət verilməmiş yol hərəkəti, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta haqqında iş üzrə tətbiq edilən inzibati cərimə ödənildikdə imtahansız Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən 30 dəqiqə ərzində həyata keçirilir (“Yol hərəkəti haqqında” Qanunun 35-ci maddəsinin VII hissəsi).

Burada məqsəd, sürücülük vəsiqəsinin ümumi  reyestrə salınması,  vəsiqədəki məlumatların mərkəzləşdirilmiş uçotunun aparılması, balla qiymətləndirilən inzibati xətalara görə bal sisteminin tətbiq edilməsidir. Əks yanaşma İnzibati Xətalar Məcəlləsinin 327.7-ci maddəsində göstərilən balla qiymətləndirilən xətaların törədilməsinə görə sürücülərin bir il ərzində 20 və daha çox bal topladığı təqdirdə, inzibati cərimə tətbiq edilmədən nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair həmin Məcəllənin 27.4-cü maddəsinin tətbiqini qeyri-mümkün etmiş olar.

Beləliklə, yüksək təhlükə mənbəyi olaraq nəqliyyat vasitələrindən istifadə, yol hərəkəti sahəsində gücləndirilmiş nəzarət hərəkətin təhlükəsizliyinin təmin edilməsinə, bunun nəticəsi kimi insanların həyat və sağlamlığının, mülkiyyətinin qorunmasına yönəldiyindən, bu sahədə fərdin üzərinə qoyulan məhdudiyyətlər ictimai maraqlara tam mütənasib hesab edilməlidir.

  Qeyd edilməlidir ki, Azərbaycan Respublikasında daimi yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin yerli şəraitə uyğunlaşdırılmasına dair tədbirlər onların öz arzusu ilə həyata keçirilir (Miqrasiya Məcəlləsinin 77.1-ci maddəsi). Lakin Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilən sürücülük vəsiqəsinin qanunla müəyyən edilmiş müddət ərzində dəyişdirilməməsinin vəsiqə sahiblərinin Cinayət Məcəlləsinin 263-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətdikləri təqdirdə onların əməlinin həmin Məcəllənin daha ağır sanksiya nəzərdə tutan 263-1-ci maddəsi ilə tövsif olunacağını, habelə İnzibati Xətalar Məcəlləsinin 332, 334, 343.4-343.7-ci maddələri ilə nəzərdə tutulmuş xətaların tərkibini yarada biləcəyini nəzərə alaraq, Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslərin  “Yol hərəkəti haqqında” Qanunun  35-1-ci maddəsinin tələbləri və onlara əməl edilməməsinin hüquqi nəticələri barəsində xəbərdar edilməsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə tövsiyə edilməlidir.

  Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

         -  yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış  sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə  alan şəxslər “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir;

-  Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslərin  “Yol hərəkəti haqqında” Qanunun 35-1-ci maddəsinin tələblərinin yerinə yetirilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilməsi Dövlət Miqrasiya Xidmətinə tövsiyə edilsin.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin IV hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA   ALDI:

 

1.              Yol hərəkətinin tənzimlənməsi sahəsində Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq xarici dövlətin səlahiyyətli orqanı tərəfindən verilmiş və etibarlıq müddəti qurtarmamış  sürücülük vəsiqəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşı və Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə  alan şəxslər “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin müvafiq tələblərinə əməl etmədikdə, həmin Qanunun 33-cü maddəsinin V hissəsinə əsasən hüququ məhdudlaşdırılmış şəxs kimi nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs hesab edilir.

2.              Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq üçün icazə alan şəxslərin “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 35-1-ci maddəsinin tələblərinin yerinə yetirilməməsinin hüquqi nəticələri barədə xəbərdar edilməsi Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə tövsiyə edilsin.

3.              Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4.              Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

5.              Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  

Sədr                                                                             Fərhad Abdullayev