Qərarlar

02.06.22. İ.Əhmədov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MK-nın 27 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

İ.Əhmədov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin  Mülki Kollegiyasının 27 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

2 iyun 2022-ci il                                                                                                    Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze (məruzəçi-hakim), Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə,  “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 34-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, konstitusiya məhkəmə icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında İ.Əhmədov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakimlər H.Əfəndiyeva və R.Qvaladzenin məruzələrini, ərizəçilərin şikayətini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Azərbaycan Respublikası Müdafiə Nazirliyi (bundan sonra – Müdafiə Nazirliyi) cavabdehlər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi (bundan sonra – Əmlak Məsələləri Dövlət Komitəsi), Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi, “Azman” Məhdud Məsuliyyətli Cəmiyyəti (bundan sonra – “Azman” MMC), G.Tahirli, Q.Qafarov və qeyrilərinə qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, torpaq və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət etmişdir.

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 1 mart 2016-cı il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmişdir.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 27 iyul 2016-cı il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

İ.Əhmədov və qeyriləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 25, 29 və 60-cı maddələri ilə təsbit edilmiş bərabərlik, mülkiyyət və ədalətli məhkəmə araşdırması hüquqlarının pozulduğunu göstərməklə, Ali Məhkəmənin Mülki Kollegiyasının 27 iyul 2016-cı il tarixli qərarının Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilməsini xahiş etmişlər.

İ.Əhmədov və qeyriləri Konstitusiya Məhkəməsinə ünvanladıqları şikayətin Ali Məhkəmənin Mülki Kollegiyasının mübahisələndirilən 27 iyul 2016-cı il tarixli qərarının qüvvəyə minməsindən qanunvericiliklə müəyyən edilmiş müddət keçdikdən sonra verilməsini Əmlak Məsələləri Dövlət Komitəsi ilə  icarə və özəlləşdirilmə zamanı ödənilmiş vəsaitin geri qaytarılması və ya başqa ərazidə uyğun torpaq sahəsinin verilməsinə dair xeyli vaxt müzakirələrin aparılması, Müdafiə Nazirliyi tərəfindən başqa şəxslərə qarşı eyni əsaslarla analoji iddiaların qaldırılması və Əmlak Məsələləri Dövlət Komitəsinin tövsiyəsinə uyğun olaraq onların analoji mübahisənin həllinə dair Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyi ifadə olunmuş məhkəmə aktının çıxarılmasını gözləmələri ilə izah etmişlər.

Belə ki, Konstitusiya Məhkəməsi Plenumunun 2019-cu il 11 oktyabr tarixli Qərarı ilə Ş.Əliyevanın eyni xarakterli şikayəti üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 23 dekabr 2016-cı il tarixli qərarı qüvvədən salınmış, işə baxılma Ali Məhkəmənin Mülki Kollegiyasının 22 sentyabr 2021-ci il tarixli qərarının qəbul edilməsi ilə yekunlaşmış, Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan Qərarında ifadə olunan hüquqi mövqelərinə uyğun olaraq, Müdafiə Nazirliyinin analoji iddiasının təmin edilməməsinə dair məhkəmə aktı qanuni qüvvəsini almışdır.

Konstitusiya Məhkəməsinin Plenumu analoji iş üzrə müvafiq Qərarının mövcud olduğunu nəzərə alaraq, 17 dekabr 2021-ci il tarixli Qərardadı ilə hazırkı işə Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu tərəfindən hüquq və azadlıqların pozulması ilə bağlı yeni hallar üzrə icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Lakin bundan sonra, İ.Əhmədov və qeyriləri yenidən Konstitusiya Məhkəməsinə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 27 iyul 2016-cı il tarixli qərarının Konstitusiyaya və qanunlara uyğun olmayan hesab edilməsini xahiş etmişlər.

Ərizəçilər hesab edirlər ki, iş üzrə məhkəmələr Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) əqdlərin etibarsızlığına dair normalarını, həmçinin Konstitusiya Məhkəməsi Plenumunun həmin normalar və torpaq qanunvericiliyinin müvafiq müddəaları ilə bağlı formalaşdırdığı hüquqi mövqelərini nəzərə almamışlar. Həmçinin ərizəçilərin qənaətinə görə, eyni xarakterli mübahisə üzrə əks mövqeli məhkəmə aktlarının qəbul edilməsi ilə onların qanun və məhkəmə qarşısında bərabərlik hüququ da pozulmuş olur.

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki,  Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti ilə “Azman” MMC arasında bağlanılmış 22 aprel 2004-cü il tarixli icarə müqaviləsinə əsasən, Bakı şəhəri Mərdəkan qəsəbəsi S.Yesenin küçəsi 92 ünvanında yerləşən və Müdafiə Nazirliyinin balansında olan qeyri-yaşayış sahəsi sonuncunun razılıq məktubu alınmaqla  “Azman” MMC-nin istifadəsinə verilmişdir.

İcarəyə verilmiş əmlakın 28 may 2004-cü il tarixli alğı-satqı müqaviləsinə əsasən,  həmin qeyri-yaşayış sahəsi “Azman” MMC-yə satılmış, “Özəlləşdirilən müəssisə və obyektin yerləşdiyi torpaq sahəsinin alğı-satqısı”na dair 10 oktyabr 2004-cü il tarixli müqaviləyə əsasən isə İqtisadi İnkişaf Nazirliyi Dövlət əmlakının idarə olunması və özəlləşdirilməsi departamenti tərəfindən verilmiş 1 iyul 2004-cü il tarixli “Mülkiyyət hüququ haqqında” şəhadətnamə əsasında özəlləşdirilmiş qeyri-yaşayış sahəsinin tikinti və infrastruktur altında yerləşən, həmçinin sərbəst torpaq sahəsi “Azman” MMC tərəfindən satın alınmış, 12 oktyabr 2004-cü il tarixində ona torpaq sahəsinə mülkiyyət hüququna dair şəhadətnamə verilmişdir.

Müdafiə Nazirliyinin  alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, torpaq və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair iddiasının təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını qət edən apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Torpaq Məcəlləsinin (bundan sonra – Torpaq Məcəlləsi)  9, 23 və 46-cı maddələrinə, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanun) 6.2 və 31-ci maddələrinə, eləcə də Mülki Məcəllənin 155, 337.1 və 384-cü maddələrinə əsaslanaraq hesab etmişdir ki, mübahisəli torpaq sahəsi dövlətin müstəsna mülkiyyətində olmaqla onun özəlləşdirilməsi qeyri-mümkün olduğundan, mübahisəli əmlak barəsində müqavilələr etibarsız hesab edilməli, cavabdehlərin mülkiyyət hüququna dair dövlət reyestrindən çıxarışları ləğv olunmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.  Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi, 29-cu maddəsinin I və II hissələri).

 Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə əsasən, mülkiyyət hüququnun məzmunu Konstitusiyanın 13-cü maddəsinin müddəaları nəzərə alınmaqla başa düşülməlidir. Vətəndaş cəmiyyətinin mühüm institutu olan mülkiyyət iqtisadiyyatın inkişafının əsasını təşkil edən ən vacib amillərdəndir. Buna görə də mülkiyyət Konstitusiyanın 13-cü maddəsi ilə toxunulmaz elan olunaraq dövlət tərəfindən qorunur. Mülkiyyət hüququ isə cəmiyyətdəki hər bir fərdin azadlığının əsası kimi çıxış edir, şəxsiyyətin inkişafı və azad sahibkarlıq üçün zəruri şərtdir. Dövlət mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinə qanunsuz müdaxilələrdən çəkinməli və onların qarşısını almalıdır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-2.1 və 107-5.1-ci maddələrinin şərh edilməsinə dair” 2011-ci il 16 dekabr tarixli Qərarı).

Mülki Məcəllənin 238.1-ci maddəsinə əsasən, daşınmaz əmlak kimi torpaq mülkiyyət hüququnun obyektidir.

Azərbaycan Respublikasında torpaq üzərində mülkiyyətin müxtəlif növlərinin tətbiqi əsasında yaranan torpaq münasibətlərinin tənzimlənməsi, torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçilərinin torpaqla bağlı vəzifələrinin yerinə yetirilməsi və torpaq sahəsi üzərində hüquqlarının müdafiəsi və s. Torpaq Məcəlləsinə uyğun olaraq həyata keçirilir.

Torpaq münasibətlərinin obyekti torpaq sahəsi və onun üzərində hüquqlardan ibarətdir. Torpaq Məcəlləsinin 4-cü maddəsinə görə, torpaq sahəsi dedikdə, dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsi başa düşülür.

Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri - dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində isə Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alğı-satqısı, vərəsəlik qaydasında keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlər əsasında yaranır.

Eyni zamanda Konstitusiyanın 29-cu maddəsinin VI hissəsində müəyyən edilmişdir ki, sosial ədalət və torpaqlardan səmərəli istifadə məqsədi ilə torpaq üzərində mülkiyyət hüququ qanunla məhdudlaşdırıla bilər.

Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 4 aprel tarixli Qərarında göstərmişdir ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda hüquq və azadlıqların, o cümlədən mülkiyyət hüququnun ümumi məhdudiyyətlərinin hüdudları müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, qoyulan məhdudiyyətlər həmin hüququn mahiyyətini dəyişməməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, qanuni məqsədə yönəlməli və həmin məqsədə mütənasib olmalıdır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra – Avropa Məhkəməsi) Broniovski Polşaya qarşı iş üzrə Böyük Palatanın 2004-cü il 22 iyun tarixli Qərarında göstərilmişdir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət hakimiyyəti orqanı tərəfindən edilən istənilən müdaxilə qanuni olmalıdır. Qanunilik prinsipi onu da nəzərdə tutur ki, daxili qanunvericiliyin tətbiq edilə bilən normaları kifayət qədər əlçatan, dəqiq olsun və tətbiq edilərkən onların nəticələrini öncədən görmək mümkün olsun. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya (bundan sonra – Konvensiya) tərəfindən tanınan hüququn və ya azadlığın həyata keçirilməsinə hər hansı müdaxilə qanuni məqsəd daşımalıdır.

 Konvensiyanın  1 saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Qeyd olunan normanın məzmunundan görünür ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədi ilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.

Hazırkı işdə ərizəçilərin torpaq üzərində mülkiyyət hüququna onun yarandığı vaxtdan uzun müddət (11 il) keçdikdən sonra xitam verilmişdir. Avropa Məhkəməsi tərəfindən formalaşdırılmış təcrübəyə əsasən isə mülkiyyət hüququna retroaktiv xitam verilməsi Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 2-ci cümləsinin mənasına görə mülkiyyətdən məhrum edilmə kimi qiymətləndirilir  (Turqut və digərləri Türkiyəyə qarşı iş üzrə §§ 87-88, 2008-ci il 8 iyul, Şatır Türkiyəyə qarşı iş üzrə § 31, 2009-cu il 10 mart, Maksimenko və Gerasimenko Ukraynaya qarşı iş üzrə § 50, 2013-cü il 16 may,  Bidjiyeva Rusiyaya qarşı iş üzrə § 61, 2017-ci il 5 dekabr tarixli və s. Qərarlar).

Ərizəçilərin mülkiyyətlərindən məhrum edilməsinin “qanuni” olub-olmaması ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Torpaq Məcəlləsinin 46-cı maddəsinə görə, dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar, dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar dövlətin müstəsna mülkiyyətindədir və həmin torpaqlar bu Məcəllədə və digər normativ hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər.

Həmin Məcəllənin 23-cü maddəsinə əsasən, hərbi hissələrin, hərbi təhsil (təlim) müəssisələrinin, müdafiə və təhlükəsizlik orqanları müəssisələrinin, idarələrinin və təşkilatlarının daimi yerləşdirilməsi və fəaliyyət göstərməsi üçün verilmiş torpaqlar müdafiə və təhlükəsizlik təyinatlı torpaqlar hesab edilir. 

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsi ilə dövlət mülkiyyətində saxlanılan və özəlləşdirilməsi qadağan olunmuş əmlak növləri sırasında Azərbaycan Respublikasının müdafiəsini və təhlükəsizliyini təmin etmək üçün saxlanılan hərbi hissələrin, daxili və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur.

Həmin Qanunun 31-ci maddəsində isə bu Qanunun və dövlət əmlakının özəlləşdirilməsi qaydasını müəyyən edən digər normativ hüquqi aktların pozulması dövlət əmlakının özəlləşdirilməsinə dair bağlanmış əqdin etibarsız hesab edilməsi üçün əsas kimi müəyyən edilmişdir.

Konstitusiya Məhkəməsi Plenumunun əvvəlki Qərarlarında vurğulandığı kimi,  dövlət əmlakının özəlləşdirilməsi iqtisadiyyatın liberallaşdırılmasına, sahibkarlığın genişləndirilməsinə, sağlam rəqabət mühitinin yaradılmasına xidmət edir.

“Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 1.0.1-ci maddəsinə müvafiq olaraq, dövlət əmlakının özəlləşdirilməsi - dövlət əmlakının bu Qanunla müəyyən edilmiş qaydalara uyğun alıcıların mülkiyyətinə verilməsidir və həmin Qanunun 2.1-ci maddəsinə əsasən, dövlət əmlakının özəlləşdirilməsinin əsas məqsədi iqtisadiyyatın liberallaşdırılması, sahibkarlığın genişləndirilməsi, rəqabət mühitinin formalaşdırılması, iqtisadiyyata investisiyaların cəlb olunması yolu ilə onun səmərəliyinin artırılmasına, struktur dəyişikliklərinə və əhalinin həyat səviyyəsinin yüksəldilməsinə nail olmaqdan ibarətdir.

Məhz dövlət əmlakının özəlləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlər nəticəsində ölkə iqtisadiyyatında özəl sektorun rolu xeyli dərəcədə artmış, milli iqtisadiyyatın səmərəliliyi yüksəlmişdir. Bu baxımdan hər hansı əmlakın dövlətin müstəsna mülkiyyətində olması həmin əmlakın özəlləşdirilməsini istisna etmir. Əksinə “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanunun 6-cı maddəsində özəlləşdirilməsi qadağan edilmiş əmlakın siyahısı məhdud şəkildə müəyyən edilmiş və belə əmlak növlərindən biri kimi Azərbaycan Respublikasının müdafiə və sərhəd qoşunlarının, gömrük orqanlarının operativ istifadəsində olan əmlak nəzərdə tutulmuşdur (Konstitusiya Məhkəməsi Plenumunun Ş.Əliyevanın şikayəti üzrə 2019-cu il  11 oktyabr tarixli Qərarı).

Hazırkı iş üzrə qəbul edilmiş məhkəmə aktlarından isə görünür ki, mübahisəli əmlakın müdafiə və sərhəd qoşunlarının məhz  operativ istifadəsində olub-olmaması məhkəmələr tərəfindən araşdırılmamış,  yalnız mübahisəli əmlakın Müdafiə Nazirliyinin balansında olmasına əsaslanmaqla, həmin əmlakın özəlləşdirilməsi qadağan edilmiş əmlak siyahısına aid olduğu qənaətinə gəlinmişdir.

Eyni zamanda Konstitusiya Məhkəməsi Plenumunun qeyd edilən 2019-cu il 11 oktyabr tarixli Qərarında dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş əmlaka dair bağlanmış alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsinin əsasları göstərilmiş, belə müqavilələrə etimadın, habelə vətəndaşın daşınmaz əmlakın dövlət reyestrindən çıxarış ilə təsdiqlənmiş mülkiyyət hüququnun qorunması xüsusilə vurğulanmışdır.

Avropa Məhkəməsinin bir sıra qərarlarında qeyd edilmişdir ki, öz səhvləri nəticəsində dövlətin mülkiyyət hüquqlarına zərər vurulduğu hallarda “lazımi idarəetmə” (good governance) prinsipi baxımından, dövlət vaxtında, düzgün və ardıcıl hərəkət etməli (Osipkovs və digərləri Latviyaya qarşı iş üzrə § 80, 2017-ci il 4 may, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə §§ 138-139, 2018-ci il 12 iyun, Maltseva və digərləri Rusiyaya qarşı iş üzrə § 32, 2019-cu il 17 dekabr tarixli Qərarlar) və həmçinin belə səhvlərin aradan qaldırılmasının müvafiq şəxsin hüquqlarının pozulması ilə nəticələnməməsinə xüsusi diqqət yetirməlidir (Qladışeva Rusiyaya qarşı iş üzrə § 80, 2011-ci il 6 dekabr, Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə § 140, 2018-ci il 12 iyun tarixli Qərarlar).

Seryogin və digərləri Rusiyaya qarşı iş üzrə 2021-ci il 16 mart tarixli Qərarında Avropa Məhkəməsinin  ifadə etdiyi  mövqeyə əsasən, torpaqların əldə edilməsinə maneə törədə biləcək mümkün pozuntuların üzə çıxarılmasında məhdud imkanlara malik olan, qanuni əsaslara və öz hərəkətlərinin qanunauyğunluğunun  həmçinin dövlət orqanlarının hərəkətləri ilə inkar edilməməsinə də güvənən şəxslər vicdanlı və qanun çərçivəsində davranan hesab edilir.     

 Lakin hazırkı işdə Müdafiə Nazirliyinin razılığı ilə dövlət əmlakının özəlləşdirilməsinə səlahiyyətli olan Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icarəyə verilmiş mübahisəli  əmlaka dair icarə və alğı-satqı müqavilələrinin qanunvericiliyin hər hansı imperativ qaydasına zidd olmasına dair dəlillərin mövcud olmadığı halda məhkəmələr müqavilələri etibarsız hesab etmiş, ərizəçilərin qeyd edilən dövlət qurumlarının hərəkətlərinə etimad göstərməklə mübahisəli torpağı vicdanlı şəkildə əldə etmələrini nəzərə almamışlar.

 Konstitusiyanın 60-cı maddəsində hər kəsin hüquq və azadlıqlarının məhkəmə müdafiəsi təminatı təsbit olunmuşdur. Bu təminatın əsas mexanizmlərindən biri kimi çıxış edən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (bundan sonra – Mülki Prosessual Məcəllə) ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri öz əksini tapmış, hər kəsin Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqlarının səmərəli müdafiəsi nəzərdə tutulmuşdur.

Kassasiya instansiyası məhkəməsinin əsas təyinatını və həmin instansiyada işə baxılmasının hədlərini müəyyənləşdirən Mülki Prosessual Məcəllənin 416.1-ci maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinin tələbinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 418.2 və 418.3-cü maddələrinə əsasən isə bu Məcəllənin 386-cı maddəsində göstərilən hallarda maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

Ali Məhkəmənin Mülki Kollegiyası isə apellyasiya instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan maddi hüquq normalarının pozulmasını yetərincə araşdırmamış, bununla da ərizəçilərin Konstitusiyanın 29 və 60-cı maddələrinin I hissələrində nəzərdə tutulmuş mülkiyyət və hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur.

Yuxarıda göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, Müdafiə Nazirliyinin Əmlak Məsələləri Dövlət Komitəsi və qeyrilərinə qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, torpaq və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 27 iyul 2016-cı il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Mülki Prosessual Məcəllənin 416.1, 418.1 və 418.2-ci maddələrinə uyğun olmayan hesab edilməli, müvafiq məhkəmə aktı icra edilməməli və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

 1. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi və qeyrilərinə qarşı alğı-satqı müqavilələrinin etibarsız hesab edilməsi, torpaq və qeyri-yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2016-cı il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin I hissəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416.1, 418.1 və 418.2-ci maddələrinə uyğun olmayan hesab edilsin, müvafiq məhkəmə aktı icra edilməsin və işə bu Qərarda əks olunmuş hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar Azərbaycan Respublikasının rəsmi dövlət qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin rəsmi internet saytında yerləşdirilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                             Fərhad Abdullayev