Qərarlar

26.07.2021 Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair



AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair

 

 

26 iyul 2021-ci il                                                                                       Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı Apellyasiya Məhkəməsinin hakimi N.Cəfərovun və Azərbaycan Respublikası Milli Məclisi Aparatının İqtisadi qanunvericilik şöbəsinin müdiri M.Bazıqovun, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri S.Hacıyevin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik baş idarəsinin rəisi A.Əliyevin, Azərbaycan Notariat Palatasının İdarə Heyətinin sədri H.Məmmədovun  mülahizələrini, ekspert Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Mülki hüquq kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru S.Süleymanlının rəyini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

M Ü Ə Y Y Ə N   E T D İ:

 

 

Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək, vərəsələr arasında mübahisə olduğu halda mirasda vərəsələrin paylarının müəyyən edilməsinin məhkəmənin və ya notariusun səlahiyyətinə aid olması baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 1291 və 1321.1-ci maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 24.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Müraciətdən və ona əlavə edilmiş materiallardan görünür ki, Bakı şəhəri 7 saylı Notariat Ofisinin 10 fevral 2020-ci il tarixli məktubu ilə vərəsələr arasında mirasda payların miqdarına dair razılığın olmaması səbəbindən vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsindən imtina edildiyindən, S.İslamov E.İslamova və digərlərinə qarşı iddia qaldıraraq miras qalmış evdə və həmin evə aid torpaq sahəsində vərəsələrin paylarının bərabər şəkildə müəyyən edilməsini xahiş etmişdir.

Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 27 noyabr 2020-ci il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Məhkəmə Mülki Məcəllənin 1133, 1134, 1145, 1151, 1159.1.1, 1159.1.3 və 1166-cı maddələrini rəhbər tutaraq belə nəticəyə gəlmişdir ki, miras əmlak vərəsələr arasında bərabər paylarla bölünməlidir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası işə baxarkən belə qənaətə gəlmişdir ki, vərəsələr arasında mübahisə olduğu təqdirdə mirasda payların müəyyən edilməsinin məhkəmənin və ya notariusun səlahiyyətinə aid olmasına dair təcrübədə qeyri-müəyyənlik mövcuddur. Belə ki, miras qoyanın ölümündən sonra vərəsələr Mülki Məcəllənin 1321.1-ci maddəsində göstərilən qaydada vərəsəlik şəhadətnaməsi almaq üçün notariusa müraciət etdikdə, onların arasında pay bölgüsünə dair mübahisələrin baş verməsi istisna edilmir.  Belə olan hallarda notariuslar mübahisə edən şəxslərə “mirasla bağlı mübahisə olduğuna görə məhkəməyə müraciət edin” məzmunlu məktublar verməklə, notariat hərəkətini aparmaqdan (vərəsəlik şəhadətnaməsi verməkdən) imtina edirlər. Vərəsələr bu səbəbdən də mübahisənin həll edilməsi üçün məhkəməyə müraciət edirlər.

Müraciətedənin qənaətinə görə, mirasda vərəsələrin paylarının müəyyən edilməsinə məhkəmə qaydasında baxılmamalı, notariusların belə davranışı notariat hərəkətini aparmaqdan imtina kimi qiymətləndirilməli və iddianın yolverilməzliyinə görə birinci instansiya məhkəmələri Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən iddia ərizəsini qəbul etməkdən imtina etməli, əgər iddia ərizəsi qəbul edilmişdirsə, həmin Məcəllənin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verməlidirlər.

Bakı Apellyasiya Məhkəməsi müraciətdə Mülki Məcəllənin 1291-ci maddəsinə istinad edərək həmçinin göstərmişdir ki, qanunvericilik mirasın bölüşdürülməsinə dair mübahisə yarandıqda, həmin mübahisələrə məhkəmələr tərəfindən baxıldığını müəyyən etdiyi halda vərəsələrin miras əmlakda paylarının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməsi Mülki Prosessual Məcəllənin məhkəmə aidiyyətinin əsaslarını müəyyən edən 24.1-ci maddəsinin tələblərinə cavab vermir. Belə ki, həmin maddədə məhkəmənin işə baxmaq səlahiyyətinin əsası kimi barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsinin məhkəmədən kənar digər qaydada həyata keçirilməməsi təsbit edilmişdir.

Göstərilənləri nəzərə alaraq, müraciətedən vərəsələr arasında mübahisə olduğu halda, mirasda payların müəyyən edilməsinin məhkəmənin və ya notariusun səlahiyyətinə aid olması baxımından Mülki Məcəllənin 1291 və 1321-ci maddələrinin Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsi ilə müqayisəli şəkildə şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətdə göstərilən məsələyə aydınlıq gətirilməsi üçün mirasın qəbul olunması, mirasın notariat orqanında qəbulu zamanı notariat orqanının yerinə yetirməli olduğu hərəkətlər, vərəsəlik şəhadətnaməsi, mirasda vərəsələrin paylarının müəyyən edilməsi və mirasın bölüşdürülməsinə dair qanunvericilik normalarının nəzərdən keçirilməsini zəruri hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 29-cu maddəsinin VII hissəsi ilə təminat verilən vərəsəlik hüququ miras qoymağı, yəni bir tərəfdən vəsiyyət edə bilməyi, digər tərəfdən isə vərəsə olaraq mirası qəbul edib ona sahib olmağı nəzərdə tutur.

Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki qanunvericilik hər bir mülki hüquq münasibətinin yaranmasını müəyyən faktla bağlayır. Vərəsəlik hüquq münasibətinin əmələ gəlməsini (mirasın açılmasını) mülki qanunvericilik iki hüquqi faktla əlaqələndirmişdir. Bunlar fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsidir (Mülki Məcəllənin 1145-ci maddəsi). Fiziki şəxsin ölümü və ya onun ölmüş elan edilməsi ilə miras açılır, bunun nəticəsində müəyyən dairə şəxslər vərəsəliyə çağırılır, həmin şəxslər mirası qəbul və əldə edirlər. Məhz mirasın açılması, vərəsələr tərəfindən qəbul olunması və əldə edilməsi ilə əlaqədar yaranan münasibətlər vərəsəlik  münasibətləridir.

Mirasın açılması (vərəsəlik hüquq münasibətinin yaranması) iki məsələ - mirasın açıldığı vaxt və mirasın açıldığı yerlə bağlıdır. Mirasın açıldığı vaxt vərəsələrin dairəsinin, vərəsələrin fəaliyyət qabiliyyətinin, miras əmlakın tərkibinin (həcminin), məcburi payın müəyyənləşdirilməsi, iddia müddətinin axımının keçməsi və bu kimi bir çox məsələlərin həlli üçün zəruridir. Bundan əlavə, mirası qəbul etmək və ondan imtina etmək üçün nəzərdə tutulan müddət mirasın açıldığı vaxtdan asılı olaraq müəyyən edilir. Həmçinin miras açıldığı vaxtdan qəbul edilmiş miras vərəsəyə məxsus hesab olunur, yəni vərəsənin mülkiyyəti sayılır (Mülki Məcəllənin 1255-ci maddəsi). Vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilməsi müddətinin müəyyənləşdirilməsi də mirasın açıldığı vaxta bağlıdır (Mülki Məcəllənin 1322-ci maddəsi).

Mülki qanunvericilik mirasın açıldığı yerin tənzimlənməsinə xüsusi diqqət yetirmişdir. Mülki Məcəllənin 1147-ci maddəsinə əsasən, miras qoyanın yaşayış yeri, bu məlum olmadıqda isə mirasın olduğu yer mirasın açıldığı yer sayılır. Əgər miras müxtəlif yerlərdədirsə, mirasın açıldığı yer daşınmaz əmlakın və ya onun qiymətli hissəsinin olduğu yer, daşınmaz əmlak olmadıqda isə daşınar əmlakın və ya onun əsas hissəsinin olduğu yer sayılır.

Mülki Məcəllənin 1133.2-ci maddəsinə görə, qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Mülki Məcəllənin 1159.1-ci maddəsində isə qanun üzrə vərəsəlik zamanı bərabər pay hüquqlu vərəsələrin dairəsi müəyyən edilmişdir.

Vəsiyyət üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın sağlığında mayası bağlanmış və onun ölümündən sonra doğulmuş şəxslər, bu şəxslərin onun uşaqları olub-olmadığına, habelə hüquqi şəxslər olub-olmadığına baxmayaraq ola bilərlər (Mülki Məcəllənin 1134.2-ci maddəsi).

Mülki Məcəllənin mirasın bölüşdürülməsi anlayışı adlanan 1274-cü maddəsinə müvafiq olaraq, miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür. Mirasın bölüşdürülməsi dedikdə, mirasın onu qəbul edən vərəsələrin razılaşması ilə hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülməsi anlaşılır.

Qeyd edilməlidir ki, miras əmlak qarşılıqlı razılıq əsasında, notariat qaydasında və məhkəmə qaydasında bölüşdürülür.

Qarşılıqlı razılıq əsasında mirasın bölgüsü ümumi qayda olmaqla vərəsələr arasında birgə sazişə uyğun notariat və ya məhkəmənin iştirakı olmadan miras əmlakın bölüşdürülməsidir. Miras əmlakın bölgüsü barədə vərəsələr arasında mübahisə olmadığı təqdirdə qarşılıqlı razılaşma əsasında miras bölgüsü həyata keçirilir.

Mirasın vərəsələr arasında miras qoyan tərəfindən bölüşdürülməsi də mümkündür. Bu halda miras  hələ  miras  qoyanın  sağlığında  qoyulmuş  vəsiyyətnamə  üzrə  vərəsələr  arasında bölüşdürülür. Belə ki, Mülki Məcəllənin 1275ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsi qaydasını müəyyənləşdirə bilər.

Mirasın miras qoyanın təyin etdiyi şəxs tərəfindən bölüşdürülməsi halı da qanunvericilikdə nəzərdə tutulmuşdur. Belə ki, Mülki Məcəllənin 1275ci maddəsinə əsasən, miras qoyan vəsiyyətnamədə mirasın bölüşdürülməsini üçüncü şəxsə etibar edə bilər. Üçüncü şəxsin qərarı aşkar ədalətsizdirsə, vərəsələr üçün məcburi deyildir. Bu halda bölgü məhkəmənin qərarı ilə aparılır.

Miras əmlak vərəsələrin vərəsəlik hüququnu təsdiq edən sənədin (vərəsəlik şəhadətnaməsinin) alınması məcburi olan hallarda, notarial bölgü yolu ilə bölüşdürülür. Bu bölgüdən yalnız iki şərt olduqda istifadə olunur: vərəsələr arasında miras əmlakın bölüşdürülməsi barədə mübahisə olmamalı; mirasa elə bir əmlak daxil olmalıdır ki, bu əmlakın əldə edilməsi notariat kontorunun vərəsəlik şəhadətnaməsi olmadan qeyri-mümkün olsun.

Miras əmlakın məhkəmənin iştirakı ilə iddia icraatı qaydası əsasında bölünməsindən o halda istifadə olunur ki, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olsun. Yəni miras əmlakın bölüşdürülməsi barədə vərəsələr arasında razılıq olmadığı hallarda, bölgü məhkəmə qaydasında aparılır. Bu qayda mülki qanunvericilikdə birbaşa nəzərdə tutulmuşdur.

Həmçinin vərəsələr miras qoyan tərəfindən mirasın bölüşdürülməsinə, eləcə də miras qoyanın təyin etdiyi şəxs tərəfindən mirasın bölüşdürülməsinə etiraz etdikləri təqdirdə, məhkəməyə müraciət etməklə mirasın bölgüsünün həyata keçirilməsini xahiş edə bilərlər.

Mülki Məcəllənin əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması adlanan 1291-ci maddəsinə görə, miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

Mülki Məcəllənin vərəsəlik şəhadətnaməsi anlayışı adlanan 1321-ci maddəsinə görə, vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsi tələb edə bilərlər. Qanunda nəzərdə tutulmuş hallarda vərəsəlik şəhadətnaməsinin alınması məcburidir. Həmin Məcəllənin 1325-ci maddəsinə görə, vərəsəlik şəhadətnaməsi həm bütün vərəsələrə birlikdə, həm də ayrılıqda hər birinə arzularına uyğun olaraq verilir. Vərəsələrdən birinə mirasın bir hissəsi üçün vərəsəlik şəhadətnaməsinin verilməsi digər vərəsələri mirasın qalan hissəsi üçün şəhadətnamə almaq hüququndan məhrum etmir.

Vərəsəlik şəhadətnaməsi mirasın qəbulu faktını rəsmiləşdirən sənəd olmaqla, sadəcə hüquqtəsdiqedici xarakter daşıyır və şəhadətnamənin olmaması vərəsənin mirası qəbul etməməsini ifadə etmir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsi baxımından Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243-cü maddəsinin və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.9-cu maddəsinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2020-ci il 16 oktyabr tarixli Qərarı).

Qüvvədə olan qanunvericilik ilə miras əmlakla əlaqədar vərəsəlik işlərinin həyata keçirilməsi sahəsində müvafiq sənədləşdirmənin aparılması səlahiyyəti notariat orqanlarına həvalə edilmişdir.

"Notariat haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – "Notariat haqqında” Qanun) 9-cu maddəsinin birinci hissəsinə görə, notarius öz vəzifələrini yerinə yetirərkən fiziki və hüquqi şəxslərə aparılan notariat hərəkətləri ilə bağlı onların hüquq və vəzifələrini izah etməli, bu hüquqların həyata keçirilməsi və qanuni mənafelərinin qorunması üçün köməklik göstərməlidir.

“Notariat haqqında” Qanunun 59-cu maddəsinin tələbinə əsasən, notarius qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verərkən sübutlar tələb etmək yolu ilə miras qoyanın ölüm faktını, mirasın açıldığı yeri və vaxtı, şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağrılmaları üçün əsasların olmasını, miras əmlakın tərkibini və olduğu yeri yoxlamalıdır. Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər.

Beləliklə, Mülki Məcəllənin 1291, 1321.1 və 1325-ci maddələrinin mənasına görə, vərəsələr arasında vərəsələrin dairəsi, miras kütləsi, payların həcmi, habelə mirasın bölüşdürülməsi ilə bağlı mübahisə olmadığı təqdirdə mirasın qəbul edilməsi ilə bağlı müraciət etmiş vərəsələrə həmin faktların tanınmasının və ya rəsmiləşdirilməsinin təsdiqi olan şəhadətnamənin verilməsi mütləqdir.

Lakin nəzərə alınmalıdır ki, vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi miras əmlakın bölüşdürülməsindən daha mürəkkəb və əhəmiyyətli hüquqi fəaliyyətdir. Belə ki, şəxsin ləyaqətsiz vərəsə hesab olunub-olunmaması, vəsiyyətnamənin və ya vəsiyyət sərəncamının etibarsızlığı, mirasın qəbulu faktının olub-olmaması kimi bir sıra mübahisələr birbaşa vərəsə olmaq hüququna malik olan şəxslərin dairəsinin müəyyənləşdirməsinə aid mübahisələrdir. Həmçinin Mülki Məcəllənin 1297-1299-cu maddələrinə uyğun olaraq, miras payının bərabərləşdirilməsi üçün xüsusi töhfənin nəzərə alınması, miras qoyanın sağlığında bağışlamalar yolu ilə məcburi pay sahibi olan vərəsələrin məcburi paylarının pozulmasına səbəb olması hallarında, kimlərin kimlərə qarşı hansı nisbətdə mülki məsuliyyət daşıması və s. bu kimi hallarla bağlı hüquqi mübahisələr vərəsəlik paylarının müəyyən edilməsinə təsir göstərən mübahisələrdir. Odur ki, Mülki Məcəllənin 1291-ci maddəsi ilə yalnız miras əmlakın bölüşdürülməsi ilə bağlı mübahisələrə baxılmasının məhkəmələrə aid edilməsinin nəzərdə tutulmasına əsaslanmaqla, vərəsələrin dairəsi və payların həcmi ilə bağlı mübahisələrə məhkəmələrdə baxılmasının istisna edilməsi hüquqi məntiqə zidd olar.

Qeyd olunan mübahisələrin həll edilməsi səlahiyyəti notariat orqanlarının qanunvericiliklə müəyyən edilmiş təyinat və funksiyasından kənar olmaqla hüquqi mübahisələrin həlli yeri kimi məhkəmələrə aiddir. Əks yanaşma qanunvericiliyin mövcud sistemi ilə uzlaşmamaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həllində qeyri-müəyyənliyin yaranmasına gətirib çıxara bilər.

Bu baxımdan Azərbaycan Respublikasının məhkəmələri, pozulmuş və barəsində mübahisə edilən hüquq və azadlıqların müdafiəsi məhkəmədən kənar digər qaydada həyata keçirilmirsə, bu Məcəlləyə və ya digər qanunlara müvafiq olaraq belə hüquq və azadlıqları müdafiə və təmin edir müddəasını nəzərdə tutan Mülki Prosessual Məcəllənin 24.1-ci maddəsinə əsaslanmaqla vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi kimi mübahisələrin həllinin notariat orqanlarına həvalə edilməsi qanunvericiliyin təməl prinsiplərinə uyğun gəlmir.

Göstərilənlərlə yanaşı Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi zamanı notariat orqanları məsələyə formal yanaşmamalı, mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır. Notariat orqanlarının bu istiqamətdə fəaliyyəti uzunmüddətli məhkəmə çəkişmələrinin qarşısının alınmasına və məhkəmələrin artıq işlərlə yüklənməməsinə xidmət etmiş olar.

O da qeyd olunmalıdır ki, müraciət edən şəxsin vərəsə olması mübahisə predmeti deyilsə, mübahisə sadəcə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariuslar vərəsəlik payının nisbətini göstərmədən vərəsəlik şəhadətnaməsini verməlidirlər.

 Beləliklə, vərəsələr arasında razılıq əldə edilmədiyi təqdirdə vərəsələrin dairəsinin və ya vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisənin həll olunması üçün məhkəməyə müraciət edilməlidir.

Qeyd olunanlara əsasən Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- Mülki Məcəllənin 1291-ci və Mülki Prosessual Məcəllənin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir;

- Mülki Məcəllənin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır.

Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

 

Q Ə R A R A   A L D I:

 

 

1. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddələrinin mənasına görə, vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyənləşdirilməsi ilə bağlı mübahisələrin həlli səlahiyyəti notariat haqqında qanunvericiliyə əsasən notariat orqanlarının hüquqi təyinatı və funksiyasından kənar olduğu üçün məhkəmələrə aiddir.

2. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1321.1 və 1325-ci maddələrinin tələblərinə uyğun olaraq, notariat orqanları vərəsəlik şəhadətnaməsinin verilməsi ilə bağlı qanunvericilikdə təsbit edilmiş vəzifələrini icra etməli, bu zaman məsələyə formal yanaşmayaraq mübahisələrin yaranmasının qarşısının alınmasına və vərəsələr arasında qarşılıqlı razılığın əldə edilməsinə çalışmalıdır.

Müraciət edən şəxslərin vərəsə olması mübahisə predmeti deyildirsə, mübahisə vərəsəlik paylarının həcmi ilə bağlıdırsa, notariat orqanları vərəsəlik payının nisbətini göstərmədən müvafiq sənədi verməlidirlər.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

4. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

5. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

 

 

Sədr                                                                                                     Fərhad Abdullayev

 

 

 









 

 

Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1291 və 1321.1-ci maddələrinin
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 24.1-ci maddəsi ilə
əlaqəli şəkildə şərh edilməsinə dair 26 iyul 2021-ci il tarixli Qərarından hakim İ.Nəcəfovun


XÜSUSİ RƏYİ

                 26 iyul 2021-ci il                                                                Bakı şəhəri

Məhkəmənin qərarının təsviri və nəticəvi hissəsi ilə qismən razıyam. Ona hörmətlə yanaşaraq, Qərar üzrə öz xüsusi rəyimi ədalət mühakiməsi nöqteyi nəzərdən bildirməyimi vacib hesab edirəm.

Mülki Məcəllənin 1145-ci maddəsində mirasın fiziki şəxsin ölümü və ya məhkəmə tərəfindən ölmüş elan edilməsi ilə açıldığı təsbit olunmuşdur. Bununla belə, vərəsəlik hüquqlarının realizə olunması üçün sonrakı bütün hərəkətlərin “Notariat haqqında” Azərbaycan Respublikasının Qanununa və bu qanun əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarı ilə təsdiq edilən “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimata əsasən notariuslar tərəfindən aparılması müəyyən edilmişdir.

Mirasla bağlı yaranmış ictimai münasibətlərdə notarius aparıcı və həlledici rol oynayır. Çünki o, ictimai vəzifəni qanunla ona verilmiş hüquq çərçivəsində müstəqil həyata keçirir. O, ictimai münasibətin aktiv subyektidir.

Belə ictimai münasibətlərdə onun tərəf müqabili isə, bir qayda olaraq, vərəsələrdir. Bu mərhələdə vərəsələrin bir-birinə qarşı deyil, notariusa qarşı hər hansı bir iradı, narazılığı və yaxud iddiası ola bilər.

“Notariat haqqında” Qanunda qanun üzrə vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi halı vəsiyyətnamə üzrə vərəsələrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsindən fərqləndirilmişdir. Belə ki, notarius qanun üzrə vərəsəlik şəhadətnaməsi verməzdən öncə, sübutlar tələb etmək yolu ilə şəhadətnamə verilməsi barədə ərizə ilə müraciət edən şəxslərin qanun üzrə vərəsəliyə çağırılmaları üçün əsasların olmasını yoxlamalıdır.

Qanun üzrə vərəsələr vərəsəliyə çağırılmaq üçün əsasların olmasını təsdiq edən sənədləri təqdim etmək imkanından məhrum olduqda mirası qəbul etmiş və miras qoyanla qohumluq, nikah və ya digər münasibətlərə aid sübutları təqdim etmiş bütün digər vərəsələrin yazılı razılığı ilə vərəsəlik hüququ haqqında şəhadətnaməyə daxil edilə bilərlər. (“Notariat haqqında” Qanunun 59-cu maddəsi, “Notariat hərəkətlərinin aparılması qaydaları haqqında” Təlimatın 102-ci bəndi)

Təcrübədə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilərkən, bəzi hallarda, vərəsələr notarius tərəfindən müəyyən edilən vərəsəyə düşən miras payın həcmi ilə razılaşmırlar. Və yaxud, notariat orqanları vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsini tələb edən vərəsəyə, “digər vərəsələrlə aranızda pay bölgüsünə dair mübahisələr yarandığı üçün sizə belə şəhadətnamə vermək imkanımız xaricindədir” məzmununda cavab verərək, onlara məhkəməyə müraciət etmələrini tövsiyə edirlər.

Məhkəmə təcrübəsi göstərir ki, birinci halda vərəsələr notariusdan “Notariat haqqında” Qanunun 40-cı maddəsinə müvafiq olaraq, notariat hərəkətinin aparılmasından imtina edilməsi barədə əsaslandırılmış qərar çıxarılmasını xahiş edir və üç gün müddətində istədiyi pay həcmindən imtinaya dair qərarı aldıqdan sonra Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM) 305.1.8-ci maddəsinin müddəasına əsasən xüsusi icraat qaydasında notariusun olduğu yerin məhkəməsinə şikayət verirlər.

Xüsusi icraatın digər icraatlardan fərqi, maraqlı şəxslər arasında hüquq barədə mübahisənin olmamasıdır. Xüsusi icraatın əsas məqsədi bu halda vərəsənin mülkiyyət hüququnun əmələ gəlməsinə səbəb olan hüquqi faktın müəyyənləşdirilməsidir. Məhkəmə bu icraat üzrə işlərə mülki mühakimə icraatının ümumi prinsiplərinə müvafiq olaraq baxır. Və, MPM-nin 216-220-ci maddələrini əldə rəhbər tutmaqla qətnamə qəbul edirlər. 

Maraqlı şəxslər qismində vərəsəlik münasibətlərində miras əmlakla bağlı özünü vərəsə hesab edə bilən istənilən şəxs çıxış edə bilər. Eyni zamanda, həmin şəxslər miras əmlakda paylarının mövcudluğuna dair iddia irəli sürə bilər. Bu zaman maraqlı şəxslərdən kimin vərəsə olub-olmamasını “Notariat haqqında” Qanuna əsasən notarius müəyyən edir.

Bununla belə, məhkəmə təcrübəsi onu da təsdiq edir ki, ikinci halda vərəsələr notariusun hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair deyil, məhkəmələrdə bir-birinə qarşı iddia verərək mirasda paylarının müəyyən olunmasını tələb edirlər.

Prosessual hüquq maddi hüquq normalarının həyata keçirilməsinin prosedur qaydalarıdır. MPM-in 306.1-ci maddəsi məhkəmələr tərəfindən xüsusi icraat işlərinə bu Məcəllənin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılmasını müəyyən etmişdir. Lakin  Azərbaycan Respublikasının 10 iyun 2011-ci il tarixli 143-IV QD nömrəli Qanunun 14-cü bəndinə əsasən MPM-in “Notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlər” adlı 38-ci fəsli həmin Məcəllədən çıxarılmışdır. Halbuki, Məcəllənin məhkəmənin xüsusi icraat qaydasında baxdığı işləri tənzimləyən 306.1-ci maddəsi  qüvvədən düşmüş 38-ci fəslin varlığını təsdiq edir.

Mülki Məcəllənin 1267-ci maddəsinə əsasən vərəsənin mirasın açıldığı yer üzrə notariat orqanına mirası qəbul etməsi və ya vərəsəlik haqqında şəhadətnamə alması barədə ərizə verdikdən sonra mirasdan imtina edilməsinə yol verilmir.

Qanunverici Mülki Məcəllənin 1267-ci maddəsinin müddəasını məcburi qayda kimi müəyyən etməklə, vərəsənin üzərinə miras əmlak bölüşdürülənədək, vərəsələr arasında hər hansı bir çəkişməkdən çəkinmək vəzifəsi qoymuş olur.

Ərizəni verməklə vərəsə, öz hüququnu bəyan edir. Onun hüququnu, dövlətin adından çıxış edən notariat orqanı vərəsəlik şəhadətnaməsi verməklə təsdiq edir. Və vərəsəni öz ərizəsini geri götürmək imkanından məhrum edir. Bu nəinki fərd barəsində, eləcə də, eyni zamanda vərəsə sayılan dövlət barəsində də müəyyənləşdirilən qaydadır.

Hüquq normasının xüsusiyyəti onun ümumi xarakterli davranış qaydası olmasında ifadə edilir. “Norma”- sözü bütün müvafiq hallarda riayət edilməli olan ümumi qayda, nümunə, örnək mənasındadır. Hüquq normaları konkret şəxsə deyil, həmin normanın tələblərinin aid olduğu bütün şəxslərə tətbiq edildiyinə görə onlar ümumi məcburi xarakter daşıyır. Mülki Məcəllənin 1267,1321 maddələri də belə xarakterə malikdir.

Mülki Məcəllənin “Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması” adlı 1291-ci maddəsinə əsasən “miras şərikləri arasında mirasın bölüşdürülməsi haqqında ixtilaflar olduqda, mübahisəyə məhkəmə baxır”. Əmlakın bölüşdürülməsi zamanı məhkəmə bölüşdürülməli əmlakın xarakterini, miras şəriklərindən hər birinin fəaliyyətini və digər konkret halları nəzərə almalıdır.

Burada əmlakın xarakteri dedikdə, qanunverici onun ictimai və iqtisadi əhəmiyyətindən irəli gələn xüsusiyyətlərini nəzərdə tutmuşdur.

Qeyd edilməlidir ki, mirasın bölüşdürülməsi anlayışı, “miras onu qəbul edən vərəsələrin razılaşması üzrə onlardan hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun bölüşdürülür” kimi Mülki Məcəllənin 1274-cü maddəsində göstərilmişdir.

Beləliklə, Mülki Məcəllənin 1291-ci maddəsində nəzərdə tutulan “miras şərikləri arasında mirasın bölüşdürülməsi” müddəası həmin Məcəllənin 1274-cü maddəsində verilən müddəanı – “mirası onu qəbul edən vərəsələrin hər birinə qanun və ya vəsiyyətnamə üzrə düşən paya uyğun” bölüşdürülməsini ehtiva edir.

Yəni, Məcəllənin 1291-ci maddəsində nəzərdə tutulan anadək, vərəsələr arasında, onların hər birinə düşən payın müəyyən edilməsi başa çatdırılanadək, vərəsələrin birinin digərinə əmlak iddiası irəli sürməsinə qanun yol vermir. Qanun yalnız maraqlı şəxsə onun vərəsə kimi tanınması, mirasda əmlak payı və ya payının həcmi notarius tərəfindən müəyyən edilərkən, eləcə də, vərəsəlik şəhadətnaməsi tələb edilərkən notariusun hərəkətindən və ya hərəkətsizliyindən xüsusi icraat qaydasında məhkəməyə şikayət vermək hüququ verir. (MPM-in 24.1, 305.1.8 və 306.1-ci maddələri). Yalnız əmlakın bölüşdürülməsi zamanı şəriklər – vərəsələr arasında ixtilaflar olduqda, vərəsələr hüquqla bağlı olaraq iddia icraatı qaydasında məhkəməyə müraciət edirlər.

Belə hesab edirəm ki, vərəsələrin dairəsinin, miras əmlakın həcminin və miras paylarının müəyyən edilməsi və vərəsəlik şəhadətnaməsinin verilməsi, hələ “miras əmlakın bölüşdürülməsi zamanı” deyildir (1291-ci maddə). Maraqlı şəxs miras açıldıqdan sonra əmlak bölüşdürülənədək bu notariat hərəkətlərindən və ya həmin hərəkətlərin aparılmasından imtinaya dair məhkəməyə şikayət verə bilər.

Qanunverici maraqlı şəxsə MPM-in 24.1, 305.1.8 və 306.1-ci maddələrinə əsasən “şikayət” hüququ verməklə, bu sahədə notariat fəaliyyətini məhkəmə nəzarətinə almışdır.

Məhkəmənin maraqlı şəxsin şikayətinə baxıb, onu təmin etməsi və ya etməməsi barədə qətnaməni qəbul etməsi, o demək deyildir ki, qanunverici notariat orqanlarının bu sahədəki fəaliyyətini heçə endirir.

Müki Məcəllənin “Əmlakın bölüşdürülməsi zamanı mübahisələrə baxılması” adlanan 1291-ci maddəsinin MPM-nin 24.1-ci maddəsi ilə funksional əlaqəsi vardır. Lakin o əlaqənin Plenumun qərarında göstərdiyi “vərəsələrin dairəsinin və vərəsəlik paylarının müəyyən edilməsi ilə bağlı mübahisələr”lə heç bir əlaqəsi yoxdur.

Bu mübahisələr hüquqi təbiətinə, xarakterinə, məqsədinə və davamiyyət zamanına görə əsaslı surətdə bir-birindən fərqlənir.

Çünki, 1291-ci maddədə qeyd edilən mübahisə miras şərikləri arasında hüquqla bağlı olduğu halda, digər mübahisələr notariat orqanı ilə maraqlı şəxs arasında olur.

MM-nin “Vərəsəlik şəhadətnaməsi anlayışı” adlanan 1321-ci maddəsinin birinci bəndinə əsasən, “vərəsəliyə çağırılmış şəxslər mirasın açıldığı yerdəki notariat orqanından vərəsəlik şəhadətnaməsini tələb edə bilər”.

Notariat hərəkətlərinin aparılmasının son mərhələsi, bu hərəkətlərin hüquqi inikasını özündə əks etdirən vərəsəlik şəhadətnaməsinin verilməsidir. Vərəsəlik şəhadətnaməsi həm şəxsin varis kimi vərəsəlik hüququnu, həm də ki konkret həcmdə və konkret dəyərdə əmlaka mülkiyyət hüququnu təsdiq edir. Mülki Məcəllənin 1321.3-cü maddəsində təsbit edilir ki, “vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir”.

Notarius və ya notariat orqanları tərəfindən vərəsələrə vərəsəlik şəhadətnaməsinin verilmədiyi halda maraqlı şəxs məhkəməyə şikayət verə bilər.

Maraqlı şəxs bu hüququ MPM-in 24.1, 305.1.8 və 306.1-ci maddələrinin müddəaları əsasında həyata keçirdir. Və burda MM-nin 1321-ci maddəsi ilə MPM-in 24.1, 305.1.8 və 306.1-ci maddələrinin funksional əlaqəsini də görürük.

Notariat hərəkətlərindən və ya həmin həmin hərəkətlərin aparılmasından imtinaya dair şikayətlərə məhkəmələrdə baxılması, notariat orqanlarının işində fasilə yaratsa da, məsələnin həllini başqa müstəviyə keçirmir.

 

 

Hakim                                                                                  İsa Nəcəfov