Qərarlar

07.04.21 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I 

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair 

 

7 aprel 2021-ci il                                                                                                    Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva (məruzəçi-hakim), Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Sumqayıt Şəhər Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim H.Əfəndiyevanın məruzəsini, maraqlı subyektlərin nümayəndələri Sumqayıt Şəhər Məhkəməsinin hakimi P.Hacıyevin və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri K.Paşayevanın, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri H.Nəsibovun, Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi R.Abdulovun və Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rəisi O.İsayevin mülahizələrini, ekspertlər Bakı Dövlət Universitetinin Cinayət hüququ və kriminologiya kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru M.Bayramovanın və Milli Aviasiya Akademiyasının Hüquq kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru A.Rüstəmzadənin rəylərini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Sumqayıt Şəhər Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra – Cinayət Məcəlləsi) 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh edilməsini xahiş etmişdir.  

Müraciətdə qeyd olunur ki, məhkəmənin icraatında olan cinayət işinin materiallarına görə, T.Mustafayev (həkim neyrocərrah) və R.Hacıyeva (həkim terapevt) 14 fevral 2020-ci il tarixində Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında növbədə olarkən, saat 19:25-də qəbul şöbəsinə multipli qıcolma ilə müşayiət olunan epileptik statusla daxil olmuş xəstəyə qanunvericiliyə və xüsusi qaydalara müvafiq olaraq kömək etməyə borclu olduqları halda, üzrlü səbəblər olmadan onun vəziyyətini düzgün qiymətləndirməmiş, zərurətlə bağlı diaqnozun təyin edilməsi üçün müvafiq müayinə planı verməmiş və qüsurlu tibbi xidmət göstərmələri nəticəsində xəstənin kəskin işemik xəstəliyindən baş vermiş miokard infarktından ölümünə səbəb olmuşlar.

Hər iki tibb işçisi Cinayət Məcəlləsinin 142.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cinayət məsuliyyətinə cəlb olunmuşlar.

Cinayət Məcəlləsinin 142.3-cü maddəsinə əsasən, qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Müraciətedən hesab edir ki, Cinayət Məcəlləsinin 142-ci maddəsinin dispozisiyası cinayətin subyektiv cəhətinin müəyyən edilməsində qeyri-müəyyənliyə səbəb olur. Belə ki, şəxsin törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə psixi münasibəti olmaqla, əqli və iradəvi elementlərin müxtəlif birləşmələrindən asılı olaraq təqsirin qəsd və ehtiyatsızlıq kimi iki forması fərqləndirilir.

Müraciətedənin qənaətinə görə, Cinayət Məcəlləsinin 142-ci maddəsinin mətnindən belə bir nəticəyə gəlmək olar ki, qeyd olunan cinayət tərkibinin subyektiv cəhəti təqsirin qarışıq formasını nəzərdə tutmaqla, tibb işçisinin xəstəyə kömək göstərməməsindən ibarət hərəkətsizliyinə psixi münasibəti birbaşa qəsddə, baş vermiş nəticəyə, yəni şəxsin ölümünə psixi münasibəti isə ehtiyatsızlıqda ifadə olunur. Bu baxımdan cinayətin subyektiv cəhətinin müəyyən edilməsi  həmin əmələ görə azadlıqdan məhrum etmə cəzasının təyini ilə əlaqədar cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edir.

Belə ki, Cinayət Məcəlləsinin 56.1-ci maddəsində azadlıqdan məhrum etmə cəzasının çəkilməsi ilə bağlı cəzaçəkmə müəssisələrinin növünün müəyyən edilməsi üçün məhkəmənin mülahizələrinin hədləri məhdudlaşdırılaraq təqsirin forması (cinayətin qəsdən və ya ehtiyatsızlıqdan törədilməsi), əvvəllər azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi, törədilmiş cinayətin kateqoriyası və təyin edilmiş cəzanın müddəti kimi meyarlar təsbit edilmişdir.

Qeyd olunanlara əsasən müraciətedən Cinayət Məcəlləsinin 142.3-cü maddəsində nəzərdə tutulan əmələ görə azadlıqdan məhrum etmə cəzası təyin edilərkən cəzaçəkmə müəssisəsinin növünün müəyyən edilməsi baxımından həmin maddənin şərh edilməsini xahiş etmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı aşağıdakıların qeyd olunmasını vacib hesab edir.

Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 41-ci maddəsinə uyğun olaraq, hər kəsin sağlamlığını qorumaq və tibbi yardım almaq hüququ vardır.

“İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 12-ci maddəsinə əsasən, bu Paktda iştirak edən dövlətlər hər bir şəxsin fiziki və psixi sağlamlığının ən yüksək səviyyəsinə çatmaq hüququnu tanıyırlar. Bu Paktda iştirak edən dövlətlərin bu hüququ tam həyata keçirmək üçün görməli olduğu tədbirlər sırasına  xəstəlik təqdirində hamı üçün tibbi yardımın və tibbi xidmətin təmin olunması üçün şəraitin yaradılması məqsədilə atılan addımlar daxildir.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Calvelli və Ciglio İtaliyaya qarşı iş üzrə 2002-ci il 17 yanvar tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın əsas müddəalarından və demokratik cəmiyyətlərin əsas dəyərlərindən biri olan 2-ci maddəsinin birinci cümləsi (Hər kəsin yaşamaq hüququ qanunla qorunur) dövlətlərin üzərinə nəinki insan həyatını “qəsdən almamaq” öhdəliyini qoyur, eyni zamanda həyatın qorunması üçün lazımi tədbirlərin görülməsini nəzərdə tutur. Bu prinsiplər səhiyyə sahəsində də tətbiq edilir. Beləliklə, göstərilən pozitiv öhdəliklər dövlətlərdən, dövlət və ya qeyri-dövlət tibb müəssisələri tərəfindən pasientlərin həyatının qorunması üçün lazımi tədbirlərin görülməsinə dair müvafiq qaydaların qəbul edilməsini tələb edir. Habelə bu öhdəliklər, tibb işçilərinin nəzarəti altında olan şəxslərin ölümünün səbəblərini müəyyən və təqsirli şəxsləri məsuliyyətə cəlb edə biləcək müstəqil və səmərəli ədalət mühakiməsinin həyata keçirilməsini tələb edir.

Konstitusiya və beynəlxalq hüquqi aktlarda təsbit olunmuş bu prinsiplər daha geniş “Əhalinin sağlamlığının qorunması” haqqında Azərbaycan Respublikasının Qanununda öz əksini tapmışdır.

Həmin Qanunun 1-ci maddəsinə əsasən, əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarına dövlət təminatı və bu təminatla bağlı hüquqi və fiziki şəxslərin məsuliyyəti, tibbi-sosial yardımın hamı üçün mümkünlüyü əhalinin sağlamlığının qorunmasının əsas prinsiplərindəndir.

Qanunun 59-cu maddəsinə uyğun olaraq, tibb və əczaçılıq işçiləri öz peşə vəzifələrini lazımi səviyyədə yerinə yetirmədikdə, sağlamlığın qorunması sahəsində vətəndaşların hüquqlarının pozulması hallarında qanuna uyğun olaraq məsuliyyət daşıyırlar.

Əhalinin sağlamlığının qorunması sahəsində xüsusi ictimai münasibətlər  qeyd edilən  Qanun və  digər normativ hüquqi aktlarla tənzimlənir və müvafiq qaydaların pozulması nəticəsindən asılı olaraq mülki, inzibati və  cinayət məsuliyyətinə səbəb olur.

Bu sahədə müvafiq məsuliyyətə səbəb olan əməllərdən biri də, tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsinin  qanunvericiliklə müəyyən edilmiş nəticələrə səbəb olmasıdır. Belə ki, Cinayət Məcəlləsinin 142-ci maddəsi ilə qanunvericiliyə və ya xüsusi qaydalara müvafiq olaraq xəstəyə kömək etməyə borclu olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi nəticəsində onun sağlamlığına az ağır, ağır  zərər vurmağa, həmçinin ölümünə səbəb olmağa görə cinayət məsuliyyəti müəyyən edilmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, müraciətdə qaldırılan məsələnin həlli üçün, ilk növbədə, Cinayət Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin ictimai təhlükəliliyi və onun tərkib əlamətləri nəzərdən keçirilməlidir.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər (“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 2011-ci il 17 mart tarixli Qərar).

Cinayət Məcəlləsinin 142-ci maddəsində göstərilən əməlin ictimai təhlükəliliyi  tibb işçisinin öz vəzifəsini icra etməməsi nəticəsində tibbi yardıma ehtiyacı olan şəxsin həyatı və sağlamlığı üçün təhlükə yaranmasından ibarətdir.

Həmin maddənin obyektini insan sağlamlığının və həyatının təhlükəsizliyini təmin edən ictimai münasibətlər təşkil edir. Bu cinayətin obyektiv cəhəti tibb işçisinin qanunvericiliyə və ya xüsusi qaydalara uyğun olaraq xəstəyə kömək göstərmək vəzifəsinin mövcudluğunu; zərərçəkmiş şəxsin tibbi yardıma ehtiyacının olmasını; tibb işçisinin üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərməməsini; zərərçəkmiş şəxsin sağlamlığına zərər vurulması və ya onun ölümünü; tibb işçisinin hərəkətsizliyi ilə zərərçəkmişin sağlamlığına zərər vurulması və ya onun ölümü arasında səbəbli əlaqənin mövcudluğunu ehtiva edir.

Qeyd edilməlidir ki, bu əmələ görə cinayət məsuliyyətinin yaranması üçün tibb işçisinin xəstəyə kömək göstərmək imkanı olmalıdır. Cinayət hüquq nəzəriyyəsində belə imkanı məhdudlaşdıran müxtəlif səbəblər göstərilmişdir. Məsələn, subyektiv və obyektiv xarakterli hallar (həkimin dar ixtisasa sahib olması, həkimin özünün səhhətində problemlərin yaranması və s.); vəzifələrin rəqabəti (bir neçə xəstənin eyni zamanda köməyə ehtiyacının olması); müxtəlif mənşəli kütləvi aksiyalar (mitinq, küçə yürüşü və s.); təbii və texnogen hadisələr (zəlzələ, tufan və s.).

Bu cinayətin subyekti  tibbi yardım göstərməyə borclu olan tibb işçisidir. Məhz bu məqam, yəni cinayətin xüsusi subyektinin olması,  bu subyektin xüsusi bilik, bacarıq və təcrübəyə sahib olması və bundan irəli gələrək öz hərəkətsizliyinin nəticələrini qabaqcadan təxmin edə bilməsi hüquq tətbiqetmədə bu cinayətin subyektiv cəhətinin müəyyən edilməsində  suallar yaradır.

Göstərilən məsələyə aydınlıq gətirilməsi məqsədi ilə Konstitusiya Məhkəməsinin Plenumu cinayətin subyektiv cəhətinin əsas əlaməti olan təqsir anlayışını təhlil etməyi zəruri hesab edir.  

Təqsir dedikdə, şəxsin törətdiyi ictimai təhlükəli əmələ və onun nəticələrinə qəsd və ya ehtiyatsızlıq formasında psixi münasibəti nəzərdə tutulur. Təqsirsizlik prezumpsiyası və təqsirə görə məsuliyyət prinsipləri ilə  təqsir cinayət tərkibinin mütləq elementi kimi təsbit edilir və şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinin əsasını təşkil edir. Belə ki, Cinayət Məcəlləsinin 7-ci maddəsinə uyğun olaraq, yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər. Şəxs təqsirsiz olaraq vurduğu zərərə görə cinayət məsuliyyətinə cəlb oluna bilməz.

Təqsir şüur və iradə kimi psixoloji elementlərin məcmusudur və bu elementlər müvafiq olaraq ictimai təhlükəli davranışın əqli və iradəvi tərəflərini təşkil edir. Əqli meyar ondan ibarətdir ki, təqsirli şəxs əməlin ictimai təhlükəliliyini və belə əməlin törədəcəyi ictimai təhlükəli nəticələri dərk edir. İradi element cinayətin subyektinin şüurunda baş verən iradəvi  proseslərlə  səciyyələnir:  şəxs  ictimai təhlükəli  nəticələrin  baş  verməsini  arzu  edir  və  ya  şüurlu  surətdə  onlara  yol  verir,  yaxud  yüngül fikirliliklə ictimai təhlükəli nəticələrin qarşısının alınmasına ümid edir.

Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, cinayət qanunvericiliyində təqsirin forması bilavasitə  Məcəllənin Xüsusi hissəsindəki normanın dispozisiyasında nəzərdə tutula və ya normanın mətninin şərh edilməsi yolu ilə müəyyən edilə bilər. 

Təqsirin formasının müəyyən edilməsi - yalnız qəsdən törədilmiş əməllərin cinayət məsuliyyətinə səbəb olduğu hallarda müvafiq məsuliyətin yaranıb-yaranmaması (Cinayət Məcəlləsinin 128-ci maddəsi), obyektiv cəhətdən oxşar cinayətlərin fərqləndirilməsi (əməlin Cinayət Məcəlləsinin 186 və ya 187-ci maddəsi ilə tövsif edilməsi), cinayətlərin təsnifatının müəyyən edilməsi (Cinayət Məcəlləsinin 15-ci maddəsinə müvafiq olaraq yalnız qəsdən törədilmiş cinayətlər  xüsusilə ağır cinayətlər hesab olunur), cəzaçəkmə müəssisəsinin növünün təyin edilməsi (Cinayət Məcəlləsinin 56.1-ci maddəsi) kimi məsələlərin həlli üçün zəruridir.

 Cinayət qanunvericiliyi  təqsirin  iki -  qəsd  və  ehtiyatsızlıq  formalarını fərqləndirir. Belə ki, Cinayət Məcəlləsinin 24-cü maddəsinə əsasən,  əməli (hərəkət və ya hərəkətsizliyi) yalnız qəsdən və ya ehtiyatsızlıqdan törətmiş şəxs cinayət törətməkdə təqsirli sayılır. Ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır.

Birbaşa və ya dolayı qəsdlə törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) qəsdən törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş və bunları arzu etmişdirsə, bu halda cinayət birbaşa qəsdlə törədilmiş hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli olduğunu dərk etmiş, onun ictimai təhlükəli nəticələrini qabaqcadan görmüş, lakin bunları arzu etməmiş və belə nəticələrin baş verməsinə şüurlu surətdə yol vermişdirsə, bu halda cinayət dolayı qəsdlə törədilmiş hesab olunur. Cinayətkarcasına özünəgüvənmə və ya cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) ehtiyatsızlıqdan törədilmiş cinayət sayılır. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını qabaqcadan görmüş, lakin kifayət qədər əsas olmadan onların qarşısını alacağını güman etmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına özünəgüvənmə nəticəsində törədilmiş cinayət hesab olunur. Şəxs öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) ictimai təhlükəli nəticələr verə biləcəyi imkanını lazımi diqqət və ehtiyatlılıq göstərərək qabaqcadan görməli olduğu və görə biləcəyi halda, onları görməmişdirsə, bu əməl (hərəkət və ya hərəkətsizlik) cinayətkarcasına etinasızlıq nəticəsində törədilmiş cinayət hesab olunur (Cinayət Məcəlləsinin 25 və 26-cı maddələri).

Qeyd edilməlidir ki, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. Təqsirin ehtiyatsızlıq formasında isə şəxsin niyyəti təhlükəli nəticələrin baş verməsinə yönəlmir. Ehtiyatsızlığın hər iki növündə cinayətin motiv və məqsədi deyil, müvafiq nəticələrin baş verməsinə səbəb olmuş davranışın motiv və məqsədləri mövcud ola bilər. Burada davranışın motivi və məqsədi ilə baş vermiş ictimai təhlükəli nəticə arasında daxili əlaqə olmur.

Cinayət hüquq nəzəriyyəsində təqsirin qarışıq (ikili) forması da mövcuddur.  Qarışıq təqsir ilə törədilən cinayət zamanı şəxsin ictimai təhlükəli əmələ münasibəti qəsd, bu əməlin ictimai təhlükəli nəticələrinə münasibəti isə ehtiyatsızlıq formasında ifadə olunur.

İkili təqsir forması ilə törədilən cinayətlər obyektiv cəhətin quruluşundan asılı olaraq iki qrupa bölünür: iki nəticəyə səbəb olan maddi tərkibli cinayətlər;  ehtiyatsızlıqdan daha ağır nəticələrə səbəb olmuş formal tərkibli cinayətlər. 

 Cinayət Məcəlləsinin Ümumi hissəsində qarışıq (ikili) təqsir müstəqil təqsir forması kimi müəyyən olunmasa da, Məcəllənin Xüsusi hissəsi ilə nəzərdə tutulan bəzi cinayət tərkibləri onların qarışıq təqsir forması ilə törədilməsini söyləməyə əsas verir.

Məsələn,  Cinayət Məcəlləsinin  126.3-cü maddəsi iki nəticəyə səbəb olan maddi  tərkibli qarışıq təqsir formasında törədilən cinayətdir. Bu cinayəti törədən şəxs  qəsdən sağlamlığa ağır zərər vurmaqla (126.1), ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olur (126.3). Beləliklə, bir hərəkətlə iki nəticə - qəsdən sağlamlığa ağır zərər vurulur və ehtiyatsızlıqdan ölüm baş verir. Bu nəticələrdən hər biri müstəqil cinayət tərkibini yaradır. 

Qarışıq təqsir forması ilə törədilən ehtiyatsızlıqdan daha ağır nəticələrə səbəb olan formal tərkibli cinayətlərə misal olaraq Cinayət Məcəlləsinin 146-cı maddəsini göstərmək olar. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən, psixi cəhətdən sağlam olan şəxsi bilə-bilə psixiatriya xəstəxanasına yerləşdirmə əməli formal tərkibli cinayət olmaqla hər hansı nəticələrin baş verib-verməməsindən asılı olmayaraq məsuliyyətə səbəb olur. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda fərqli ictimai təhlükəli nəticələr baş verir (Cinayət Məcəlləsinin 146.3-cü maddəsi). Beləliklə,  bir hərəkət nəticəsində iki ictimai təhlükəli əməl törədilir: psixiatriya xəstəxanasına yerləşdirmə - qəsdən,   zərərçəkmiş şəxsin ölümü və ya digər ağır nəticələr isə ehtiyatsızlıqdan baş verir.

 Qarışıq təqsir forması vasitəsilə qanunverici qəsdən cinayət törətmiş  şəxsin bir hərəkətinin (hərəkətsizliyinin)  ehtiyatsızlıqdan daha ağır nəticələrə səbəb olmasına görə onun cinayət məsuliyyətini ağırlaşdırır.

Qarışıq təqsir forması ilə törədilən cinayətlər özünəməxsus quruluşa malikdir. Qanunverici bir tərkibdə biri qəsdən, o biri isə ehtiyatsızlıqdan törədilən iki tərkibi birləşdirir. Belə qarışıq təqsir formalı tərkibə malik cinayətlər bütövlükdə qəsdən törədilən cinayət hesab olunur. Belə ki, ehtiyatsızlıqdan baş verən ictimai təhlükəli nəticələr məhz qəsdən törədilən ictimai təhlükəli əməlin nəticəsində baş verir.

Bununla belə, qarışıq təqsir forması ilə törədilən cinayəti yaradan iki əməldən hər biri ayrılıqda da cinayət xarakterini itirmir. O da qeyd edilməlidir ki, qarışıq təqsir forması ilə törədilən cinayətin tərkib hissəsi olan əməllərdən hər biri öz obyektinə malikdir. Odur ki, qarışıq təqsir forması ilə törədilən cinayətlər çoxobyektli cinayətlərdir.

Beləliklə, bir hərəkətlə bir ictimai təhlükəli nəticəyə səbəb olan maddi tərkibli cinayət qarışıq  təqsir forması ilə törədilə  bilməz. Bu zaman cinayət ya qəsdən, ya da ehtiyatsızlıqdan törədilmiş olur.

Yuxarıda qeyd olunanları nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Cinayət Məcəlləsinin 142.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməl birobyektli maddi tərkibli cinayət olmaqla, bir ictimai təhlükəli nəticəyə səbəb olduğundan bir təqsir forması ilə törədilən cinayətdir. Belə ki, maddi tərkibli cinayətin obyektiv cəhətini  süni olaraq bölərək şəxsin əvvəlcə hərəkətə (hərəkətsizliyə), sonra isə nəticəyə psixi münasibətinin müəyyən edilməsi ədalət prinsipinin pozulmasına gətirib çıxara bilər. Burada nəzərə alınmalıdır ki,  öz-özlüyündə tibb işçisinin xəstəyə kömək göstərməməsi cinayət məsuliyyətinə səbəb olmur. Cinayət məsuliyyətinin yaranması tibb işçisinin hərəkətsizlikdə ifadə olunan əməlinin xəstənin sağlamlığına az ağır, ağır zərər vurulması və ya xəstənin ölümü kimi nəticəyə səbəb olması ilə şərtləndirilir.

Qeyd edilməlidir ki, Cinayət Məcəlləsinin 24.2-ci maddəsinə görə, ehtiyatsızlıqdan törədilmiş əməl (hərəkət və ya hərəkətsizlik) yalnız bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda cinayət sayılır.

 Cinayət Məcəlləsinin 142-ci maddəsinin, o cümlədən 142.3-cü maddəsinin dispozisiyasında isə tibb işçisinin xəstəyə kömək göstərməməsi nəticəsində baş vermiş zərərçəkmişin ölümünə psixi münasibətinin ehtiyatsızlıqla ifadə olunmasına dair hər hansı müddəa nəzərdə tutulmamışdır.

Bununla belə, Cinayət Məcəlləsinin şərh edilən 142-ci maddəsinin məzmunu, həmin maddənin sanksiyası və bütövlükdə Məcəllədə nəzərdə tutulmuş xüsusi qaydaların pozulması ilə törədilən maddi tərkibli cinayətlərin əlaqəli təhlili belə nəticəyə gəlməyə əsas verir ki, qeyd olunan cinayət əməli subyektiv cəhətdən təqsirin ehtiyatsızlıq formasında törədilmiş olur. Bu zaman həmin maddənin dispozisiyasında “ehtiyatsızlıqdan” sözünün işlədilməməsi bu cinayətin hüquqi təbiətini dəyişən hal kimi qiymətləndirilə bilməz.

Tibb işçisi üzrlü səbəblər olmadan tibbi yardımın göstərilməsindən imtina etməklə və ya  yayınmaqla xəstənin sağlamlığına zərər vurmasını ehtimal edir, lakin əsassız olaraq özünə güvənərək bunun qarşısını ala biləcəyini düşünür və ya öz hərəkətsizliyinin nəticələrini qabaqcadan ehtimal etmir, halbuki lazımi diqqət göstərildiyi təqdirdə belə nəticələri qabaqcadan görə bilərdi.

 Belə ki,  bu əməl qəsdən törədildiyi halda, yəni tibb işçisi köməyə ehtiyacı olan şəxsə münasibətdə ağır nəticələrin baş verməsini arzu edirsə və ya şüurlu surətdə buna yol verirsə və bu məqsədlə müvafiq tibbi yardımı göstərmirsə, yaranan nəticələrdən asılı olaraq bu əməl Cinayət Məcəlləsinin 127,  126 və ya 120-ci  maddələrində nəzərdə tutulan cinayət məsuliyyətini yaratmış olar.

  Bu baxımdan, həkim nəzarəti altında olan şəxsin sağlamlığına zərər vurulduqda və ya öldükdə təqsirkarın niyyətinin nəyə yönəlməsi, əməlin motiv və məqsədi, o cümlədən təqsirkarın və zərərçəkmiş şəxsin qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri və s. araşdırılmalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu həmçinin qeyd edir ki, tibb işçisi xidməti vəzifələrinin yerinə yetirməsi ilə əlaqədar Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) və 131.2-ci (ehtiyatsızlıqdan sağlamlığa ağır zərər vurma) maddələrində nəzərdə tutulmuş cinayətlərin də subyekti ola bilər. Cinayət Məcəlləsinin 142-ci maddəsində göstərilən əməldən fərqli olaraq, bu zaman tibb işçisinin əməli hərəkətdə ifadə olunur. Tibb işçisi qanunvericilik və ya xüsusi qaydalar ilə üzərinə qoyulan vəzifələri yerinə yetirir, lakin müəyyən subyektiv faktorlara görə (dərman dozasının aşılması, gigiyena qaydalarının pozulması, konsilium məsləhətlərinə əməl etməmə və s.) onun hərəkətləri ictimai təhlükəli nəticəyə səbəb olur.

Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, tibb işçisinin xəstənin sağlamlığına zərər vurması və ya ölümü ilə nəticələnən əməli tövsif olunarkən, bu əməlin hərəkət və ya hərəkətsizliklə törədilməsinə xüsusi diqqət yetirilməlidir. 

Qeyd edilənləri nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, bu qəbildən olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmalı, təqsirləndirilən şəxsin hərəkət və ya hərəkətsizliyinin nədə ifadə olunması məhkəmə aktlarında göstərilməli və xüsusi qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu müəyyən edilməlidir.

Beləliklə, Cinayət Məcəlləsinin 142-ci maddəsində nəzərdə tutulmuş əməl subyektiv cəhətdən təqsirin ehtiyatsızlıq formasında törədildiyindən, bu maddə ilə təqsirli bilinən şəxslər üçün cəzaçəkmə müəssisəsinin növü həmin Məcəllənin 56-cı maddəsinə müvafiq olaraq müəyyən edilir.

Göstərilənlərə əsasən, eləcə də Cinayət Məcəlləsinin təqsirə görə məsuliyyət və ədalət prinsiplərini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticəyə gəlir:

- Cinayət Məcəlləsinin 142-ci maddəsinin mənasına görə zərərçəkmiş şəxsin sağlamlığına az ağır, ağır zərər vurulmasına, habelə ölümünə səbəb olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi təqsirin ehtiyatsızlıq formasında törədilir.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin mənasına görə zərərçəkmiş şəxsin sağlamlığına az ağır, ağır zərər vurulmasına, habelə ölümünə səbəb olan tibb işçisi tərəfindən üzrlü səbəblər olmadan xəstəyə tibbi yardım göstərilməməsi təqsirin ehtiyatsızlıq formasında törədilir.

2. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

   

Sədr                                                                Fərhad Abdullayev