Qərarlar

17.03.21 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin

110.1-ci maddəsinin şərh edilməsinə dair

 

 

17 mart 2021-ci il                                                                Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Humay Əfəndiyeva, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 27.2 və 33-cü maddələrinə və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daxili Nizamnaməsinin 39-cu maddəsinə müvafiq olaraq, xüsusi konstitusiya icraatının  yazılı prosedur qaydasında keçirilən məhkəmə iclasında Bakı şəhəri Səbail Rayon Məhkəməsinin müraciəti əsasında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələri Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Ü.Şükürovanın və Azərbaycan Respublikası Milli Məclisi Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin İnzibati qanunvericilik sektorunun müdiri K.Paşayevanın, mütəxəssislər Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Ə.Novruzovun mülahizələrini və iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

  

MÜƏYYƏN  ETDİ: 

 

Bakı şəhəri Səbail Rayon Məhkəməsi Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra – İnzibati Xətalar Məcəlləsi) 110.1-ci maddəsinin “İnzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır” müddəasının şərh edilməsi və inzibati xətalar qanunvericiliyində ərazi üzrə məhkəmə aidiyyətini tənzimləyən normalara aydınlıq gətirilməsini xahiş etmişdir.

Müraciətdə qeyd edilir ki, Almaniya Federativ Respublikasında fəaliyyət göstərən "BASF SE” şirkətindən 23 sentyabr 2020-ci il tarixli invoys sənədinin müşayiəti ilə göndərilən 3900 kq çəkidə kimyəvi tərkibli mal 22 oktyabr 2020-ci il tarixində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsində (bundan sonra – Bakı Baş Gömrük İdarəsi) gömrük bəyannaməsi ilə “sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedurunda rəsmiləşdirilərkən, idxalatçı “EMA” Qapalı Səhmdar Cəmiyyəti (bundan sonra –  “EMA” QSC)  bu malların 900 kq-lıq hissəsinin mineral gübrə qrupuna aid olmamasına baxmayaraq həmin bəyannamədə mineral gübrə kimi qeyd etməklə, ümumilikdə az miqdarda, yəni 1872.61 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır.

“EMA” QSC-nin Azərbaycan Respublikasındakı filialının İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 4 noyabr 2020-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar ərazi aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir.

Bakı şəhəri Səbail Rayon Məhkəməsi inzibati xətalar qanunvericiliyində hərəkət və ya hərəkətsizliklə törədilən inzibati xətaların törədildiyi yeri tənzimləyən normalara aydınlıq gətirilməsinin və iş üzrə tətbiq edilən İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinin zəruriliyi qənaətinə gəlmişdir.

Müraciətdə göstərilmişdir ki, malların idxalatçı (ixracatçı) tərəfindən bəyan edilməsi zamanı elektron formada verilmiş bəyannamənin müvafiq qrafalarında yanlış məlumatları qeyd etməklə, yanlış məlumatları əks etdirən sənədləri bəyannaməyə əlavə etməklə, habelə gömrük orqanları qarşısında hüquqi öhdəlikləri pozmaqla, yəni hərəkət və ya hərəkətsizliklə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilməsi yerinin müəyyən olunması ilə bağlı hüquqtətbiqetmə təcrübəsində bir sıra çətinliklər yaranmışdır.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Həmin Məcəllənin 505-ci maddəsi ilə nəzərdə tutulan gömrük ödənişlərinin ödənilməsindən yayınma əməlinə görə inzibati xəta haqqında protokollara bəzi hallarda protokolu tərtib etmiş dövlət orqanının yerləşdiyi yer üzrə, bəzi hallarda isə hüquqi şəxslərin hüquqi ünvanı üzrə məhkəmə tərəfindən baxılır. Eyni zamanda bəyannamənin elektron hökumət portalında gömrük orqanlarına göndərildiyi nəzərə alınaraq gömrük ödənişlərinin ödənilməsindən yayınma əməlinin hüquqi şəxslər tərəfindən hüquqi ünvanlarında törədildiyinə dair təcrübə mövcuddur.

Müraciətdə həmçinin qeyd edilir ki, inzibati xətalar qanunvericiliyi inzibati xətanın törədildiyi yer üzrə işə baxılmasını müəyyən etsə də, formal və maddi tərkibli, davam edən və uzanan inzibati xətaların, habelə elektron informasiya sistemlərindən istifadə etməklə törədilən inzibati xətaların törədilmə yerinin müəyyən edilməsinin hüquqi əsaslarını nəzərdə tutmamışdır.

Beləliklə müraciətedən hesab edir ki, hüquqi şəxs tərəfindən elektron formada verilmiş bəyannamənin müvafiq qrafalarında yanlış məlumatları qeyd etməklə, yanlış məlumatları əks etdirən sənədləri bəyannaməyə əlavə etməklə, habelə gömrük orqanları qarşısında hüquqi öhdəlikləri pozmaqla törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədilmə yerinin müəyyən edilməsi baxımından İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsi hüquqtətbiqetmə təcrübəsinin vahidliyinin təmin olunmasına xidmət etmiş olar.

Konstitusiya Məhkəməsinin Plenumu müraciətlə bağlı, ilk növbədə, inzibati xətalar haqqında işlər üzrə icraatda inzibati xətanın törədildiyi yer və bununla bağlı ərazi üzrə məhkəmə aidiyyətinə dair prosessual normaların tətbiqində vahid mövqeyin formalaşmasının əhəmiyyətini xüsusilə qeyd etməyi vacib bilir. Belə ki, ərazi üzrə məhkəmə aidiyyəti ilə bağlı qeyri-müəyyənlik məhkəmə tərəfindən inzibati tənbehin verilməsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 38-ci maddəsində müəyyən edilmiş müddətlərin ötürülməsinə səbəb ola bilər.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsi məhkəmə və ərazi aidiyyəti qaydalarının, prosessual hüquq normalarının pozulmasını və səlahiyyətlərin aşmasını “fundamental səhv” kimi qiymətləndirərək belə pozuntularla qəbul edilən məhkəmə qərarlarının nəzarət qaydasında ləğv edilməsini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin tələbləri baxımından mümkün hesab edir (Luçkina Rusiyaya qarşı iş üzrə 2008-ci il 10 aprel tarixli, Pshenichniy Rusiyaya qarşı iş üzrə 2008-ci il 14 fevral tarixli və Sutyajnik Rusiyaya qarşı iş üzrə 2009-cu il 23 iyul tarixli Qərarlar).

Ərazi üzrə məhkəmə aidiyyətinin pozulması Azərbaycan Respublikası Konstitusiyasının (bundan sonra – Konstitusiya) 62-ci maddəsində göstərilən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququnun pozulmasına da səbəb olur. Konstitusiyanın göstərilən maddəsinin “qanunla müəyyən edilmiş məhkəmə” müddəası işlərin aidiyyət qaydalarını, o cümlədən ərazi üzrə aidiyyət məsələlərini, qanuni məhkəmə tərkibinin mövcudluğunu, prosessual şərtləri və s. subyektiv elementləri nəzərdə tutur.

Beləliklə, məhkəmə aidiyyətinin dəqiq və aydın müəyyən edilməsi işə məhkəmələr tərəfindən qanunla müəyyən edilmiş müddətlərə ciddi riayət edilməklə baxılmasını təmin etmiş olur.

Qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 43, 44 və 110-cu maddələrində  inzibati xətalar haqqında işlərin aidiyyət məsələləri müəyyən edilmiş, Məcəllənin 106.0.1, 109.1.7, 112.4, 114.3 və 134.1.5-ci maddələri isə işə aidiyyəti üzrə baxılmasını təmin etmək üçün hüquqi vasitələr nəzərdə tutmuşdur.

Eyni zamanda İnzibati Xətalar Məcəlləsi inzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyətinin müəyyən edilməsində baş vermiş səhvlərin aradan qaldırılması yollarını tənzimləmişdir. Belə ki, əgər məsələnin baxılması hakimin, orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid deyildirsə, inzibati xəta haqqında protokol və ya digər materiallar baxılması üçün aidiyyəti üzrə göndərilməlidir.

İnzibati Xətalar Məcəlləsinin 134.1.5-ci maddəsi aidiyyət məsələsinə dair məhkəmə səhvinin aradan qaldırılması üçün əlavə vasitə kimi şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında qərar qəbul etmək imkanını nəzərdə tutmuşdur.

İnzibati xətalar haqqında işlərin ərazi üzrə aidiyyəti pozulduqda isə Məcəllənin 110-cu maddəsinə müvafiq olaraq işin aidiyyəti üzrə göndərilməsi müəyyən edilmişdir (İnzibati Xətalar Məcəlləsinin 112.4-cü maddəsi).  

Müraciətdə qaldırılan məsələ ilə bağlı qeyd edilməlidir ki, İnzibati Xətalar Məcəlləsinin 37-ci Fəslində nəzərdə tutulan gömrük qaydaları əleyhinə olan inzibati xətaların törədildiyi yerin müəyyən edilməsi, yəni hüquqi şəxs tərəfindən təqdim edilmiş bəyannamədə yanlış məlumatları qeyd etməklə, yaxud bəyannaməyə yanlış məlumatları əks etdirən sənədləri əlavə etməklə, habelə gömrük orqanları qarşısında öhdəlikləri pozmaqla törədilən inzibati xətaların baş verdiyi yerin müəyyən edilməsi özünəməxsus xüsusiyyətləri ilə seçilir.

Belə ki, Azərbaycan Respublikası Gömrük Məcəlləsinin (bundan sonra – Gömrük Məcəlləsi) 1.0.19-cu maddəsinə görə, gömrük rəsmiləşdirilməsi dedikdə bu Məcəllənin tələblərinə uyğun olaraq malların və nəqliyyat vasitələrinin müvafiq gömrük proseduru altında yerləşdirilməsi və bu prosedurun başa çatdırılması üzrə həyata keçirilən hərəkətlər başa düşülür.

Həmin Məcəllənin gömrük rəsmiləşdirilməsinin başlanmasını və başa çatmasını tənzimləyən 104-cü maddəsində müəyyən edilmişdir ki, gömrük rəsmiləşdirilməsi bəyannaməçinin gömrük orqanına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamə və ya müvafiq sənədləri təqdim etdiyi, yaxud bu Məcəllədə nəzərdə tutulmuş hallarda gömrük rəsmiləşdirilməsini həyata keçirmək barədə niyyətini şifahi formada gömrük orqanına bildirdiyi vaxtdan başlanır. Malların müvafiq gömrük proseduru altında yerləşdirilməsinə dair tələblərə uyğun olaraq zəruri gömrük əməliyyatları yerinə yetirildikdən və bu Məcəllədə nəzərdə tutulmuş gömrük ödənişləri ödənildikdən sonra gömrük rəsmiləşdirilməsi başa çatır.

Gömrük Məcəlləsinin 146.1 və 146.2-ci maddələrinə əsasən, gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir. Bəyanetmə malların və nəqliyyat vasitələrinin yerləşdirilməsi nəzərdə tutulan gömrük proseduru haqqında, habelə gömrük məqsədləri üçün lazım olan digər məlumatların müəyyən olunmuş formada (şifahi, kağız üzərində yazılı, elektron) gömrük orqanlarına verilməsi ilə həyata keçirilir.

Qeyd edilməlidir ki, fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində ikikanallı – “Yaşıl kanal” və “Qırmızı kanal” - buraxılış sistemləri tətbiq olunur. “Yaşıl kanal” buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada bəyan edilməsi üçün nəzərdə tutulur. “Yaşıl kanal” buraxılış sistemi vasitəsilə mallar güzəştli qaydada, yəni malların gömrük rəsmiləşdirilməsi zamanı bu Məcəllədə nəzərdə tutulmuş gömrük prosedurlarından azad olunmaqla, gömrük ödənişləri alınmadan və ticarət siyasəti tədbirləri tətbiq edilmədən keçirilir. Fiziki şəxsin mallarını “Yaşıl kanal” buraxılış sistemindən istifadə etməklə gömrük sərhədindən keçirməsi, onun əl yükündə və müşayiət olunan baqajında yazılı formada bəyan edilməli malların olmadığı və bu malların gömrük orqanlarına şifahi bəyan edilməsi kimi qəbul edilir (Gömrük Məcəlləsinin 300.1, 300.2 və 304.1-ci maddələri).

Oxşar tənzimləmə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 22 iyul tarixli 263 nömrəli qərarı ilə təsdiq edilmiş “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın (bundan sonra – Qaydalar)  1.2, 3.1-3.4-cü bəndləri ilə də müəyyən edilmişdir.

Beləliklə, qanunverici tərəfindən gömrük orqanlarına konkret malların və nəqliyyat vasitələrinin gömrük rəsmiləşdirilməsi ilə bağlı bəyannamənin şifahi formada təqdim edilməsi (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) fiziki şəxslər üçün nəzərdə tutulmuşdur.

Bununla yanaşı fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verilməsi müəyyən edilmişdir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur (Gömrük Məcəlləsinin 113.1-ci maddəsi).

Gömrük Məcəlləsinin 1.0.6-cı və “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.15-ci maddələrinə görə, elektron sənəd elektron informasiya sistemlərində istifadə üçün elektron formada təqdim olunan və elektron imza ilə təsdiq edilmiş sənəddir.

Elektron formada təqdim olunan gömrük bəyannaməsində elektron imza və ya bəyannaməçinin eyniləşdirilməsinə imkan verən digər vasitələr olmalıdır. Kağız üzərində yazılı formada təqdim olunan gömrük bəyannamələri bəyannaməçi tərəfindən imzalanmalı, hüquqi şəxs olan bəyannaməçi tərəfindən həmçinin möhürlə təsdiq edilməlidir (Gömrük Məcəlləsinin 150.2-ci maddəsi və Qaydaların 2.3-cü bəndi).

Gömrük bəyannaməsinin təqdim edilməsi qaydaları və müddəti Gömrük Məcəlləsinin 149-cu maddəsi ilə tənzimlənir. Belə ki, gömrük bəyannaməsi məlumatların elektron emalı üsullarından istifadə olunmaqla gömrük orqanlarına təqdim edilir. Malların bəyan edildiyi gömrük proseduru altında yerləşdirilməsi üçün tələb olunan müvafiq sənədlər də həmin qaydada təqdim oluna bilər. Bəyanetmə qanunvericilikdə nəzərdə tutulmuş hallarda şifahi, kağız üzərində yazılı formalarda və ya müvafiq malların gömrük proseduru altında yerləşdirilməsinə şərait yaradan digər üsullarla da həyata keçirilə bilər. Gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Bu Məcəllənin 149.3-cü maddəsində göstərilən müddət bəyannaməçi tərəfindən müvafiq sənədlərin və məlumatların toplanması üçün kifayət etmədikdə, onun əsaslandırılmış müraciəti əsasında gömrük orqanı həmin müddəti uzadır (Gömrük Məcəlləsinin 149.1-149.4-cü maddələri). Oxşar tənzimləmə həmçinin Qaydalar ilə müəyyən edilmişdir.

Ayrı-ayrı sənədlər üzrlü səbəblərə görə gömrük bəyannaməsi ilə birlikdə təqdim edilə bilmədiyi hallarda, bəyannaməçinin yazılı, o cümlədən elektron formada müraciəti əsasında gömrük orqanları həmin sənədlərin gömrük bəyannaməsi təsdiq edildikdən sonra təqdim edilməsinə icazə verirlər. Bu Məcəllədə ayrı-ayrı sənədlərin təqdim edilməsi üçün daha qısa müddət müəyyən edilməmişdirsə, həmin sənədlər gömrük bəyannaməsi təsdiq edildiyi tarixdən 45 (qırx beş) gündən gec olmayaraq gömrük orqanına təqdim edilməlidir. Bəyannaməçi sənədlərin vaxtında verilməsinə dair gömrük orqanına yazılı, o cümlədən elektron formada öhdəlik təqdim edir (Gömrük Məcəlləsinin 150.5-ci maddəsi, Qaydaların 2.8-ci bəndi).

Qeyd edilməlidir ki, Gömrük Məcəlləsinin 40.2-ci maddəsinə görə, gömrük bəyannaməsini, təkrar ixrac bildirişini, qısa idxal (ixrac) bəyannaməsini, sadələşdirilmiş bəyannaməni və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədləri təqdim edən şəxs onlarda göstərilən məlumatların düzgünlüyünə və tamlığına, malların seçilmiş gömrük proseduru altında yerləşdirilməsinə və icazə verilmiş əməliyyatlarla bağlı üzərinə götürdüyü öhdəliklərə əməl olunmasına görə cavabdehdir. Məcəllənin 40.3-cü maddəsinə əsasən, gömrük bəyannaməsi, təkrar ixrac bildirişi, qısa idxal (ixrac) bəyannaməsi, sadələşdirilmiş bəyannamə və gömrük orqanlarının bu Məcəlləyə uyğun olaraq tələb etdiyi siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən digər sənədlər şəxsin nümayəndəsi tərəfindən təqdim olunduqda, həmin nümayəndə də bu Məcəllənin 40.2-ci maddəsində müəyyən olunmuş öhdəliklərə əməl olunmasına görə cavabdehdir.

Beləliklə, həm Gömrük Məcəlləsi, həm də Qaydalar ilə müəyyən edilmişdir ki,  xüsusi gömrük proseduru çərçivəsində gömrük orqanına təqdim edilən sənədlər və ya ödənilməli olan gömrük ödənişləri müvafiq zaman ərzində həyata keçirilməlidir. Əks təqdirdə, hərəkət və ya hərəkətsizliklə törədilən əməllər İnzibati Xətalar Məcəlləsi ilə inzibati məsuliyyətin yaranmasının əsasını təşkil edir.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsində inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xəta haqqında iş üzrə icraata başlamağa səbəblərdən biri kimi göstərilmişdir.

Digər əsaslarla yanaşı inzibati xəta haqqında protokol tərtib edildiyi vaxtdan inzibati xata haqqında iş üzrə icraat başlanılmış hesab edilir. İnzibati Xətalar Məcəlləsinin 54-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, inzibati xətanın törədilməsi haqqında protokol tərtib edilir. İnzibati xəta haqqında protokolda  inzibati xəta haqqında iş üzrə icraat üçün zəruri olan digər məlumatlar ilə yanaşı inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan Məcəllənin müvafiq maddəsi və s. göstərilir. İnzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir (İnzibati Xətalar Məcəlləsinin 99.4.2, 100.1, 100.1.4, 100.1.5, 100.1.10 və 101.1-ci maddələri).

Həmin Məcəllənin 102.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallarda inzibati xəta aşkar edildikdən sonra kifayət qədər vaxt tələb edən ekspertizanın və ya digər prosessual hərəkətlərin aparılması zərurəti yarandıqda inzibati araşdırma aparılır.

İnzibati xəta haqqında iş üzrə icraatın başlanması və inzibati araşdırma aparılması haqqında qərardad bu Məcəllənin 42.2 və 43.2-ci maddələrinə müvafiq olaraq inzibati xəta haqqında protokol tərtib etmək və inzibati xətalar haqqında işlərə baxmaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən qəbul edilir. İnzibati araşdırma inzibati xəta törədilən, yaxud aşkar edilən yerdə aparılır. İnzibati xəta haqqında işə baxmağa səlahiyyəti olan hakim, orqan (vəzifəli şəxs) bu cür işlərə inzibati xəta haqqında protokolu və işin digər materiallarını aldığı vaxtdan on beş gün müddətində baxır (İnzibati Xətalar Məcəlləsinin 102.2, 102.4 və 111.1-ci maddələri).

Beləliklə, inzibati xətalar haqqında işlər üzrə icraat prosesində inzibati protokol (prokurorun qərarı) inzibati xətalar haqqında işlər üzrə icraatın növbəti - inzibati xətaya dair işə baxılması mərhələsində vacib prosessual sənəddir. Bu baxımdan həmin Məcəllənin 100.1.4-cü maddəsinə müvafiq olaraq inzibati xətanın törədildiyi yerin müəyyən edilərək protokolda düzgün əks etdirilməsi gələcəkdə baxılacaq inzibati xətaya dair işin ərazi üzrə aidiyyəti məsələsinin qanuniliyini şərtləndirən həlledici hal kimi çıxış edir.

Qeyd edildiyi kimi, İnzibati Xətalar Məcəlləsinin gömrük qaydaları əleyhinə olan inzibati xətalar fəslində nəzərdə tutulan inzibati xətaların törədilmə vaxtının və yerinin müəyyən edilməsi özünəməxsusluğu ilə seçilir. Belə ki, bu əməllər həm hərəkətlə (bəyannaməyə bilə-bilə yanlış məlumat daxil etmə), həm də hərəkətsizliklə (müəyyən edilmiş vaxtda bəyannaməni təqdim etməmə) törədilə bilər.

Həmin inzibati xətalar iki qrupa bölünür: formal və maddi tərkibli xətalar. Formal tərkibli inzibati xətanın obyektiv cəhəti yalnız ictimai təhlükəli hərəkətdən (hərəkətsizlikdən) ibarət olur. Belə tərkibli inzibati xətalar qanunla qadağan edilən hərəkət (hərəkətsizlik) törədildiyi andan başa çatmış hesab edilir və məsuliyyətə cəlb etmək üçün ödənilməməsi və ya ödənilməli olan gömrük ödənişlərinin məbləğinin azaldılması və s. kimi mənfi nəticələrin baş verməsi mütləq deyil.

Maddi tərkibli inzibati xətalarda isə xətanın obyektiv cəhətinə hərəkətlə (hərəkətsizliklə) yanaşı, həm də belə hərəkətdən (hərəkətsizlikdən) törəyən zərərli nəticə də daxil edilir. Maddi tərkibli inzibati xətalar üzrə məsuliyyətin yaranması  üçün zərərli nəticənin baş verməsi tələb olunur və belə inzibati xəta tərkiblərində hərəkət və ya hərəkətsizliklə nəticə arasında səbəbli əlaqə olmalıdır.  Bu baxımdan ilkin olaraq inzibati hüquq pozuntusunun (hərəkət və ya hərəkətsizliyin) başa çatdığı vaxt, daha sonra baş verdiyi yer müəyyən edilməlidir.

Belə ki, gömrük rəsmiləşdirilməsinin aparıldığı yer və vaxt Gömrük Məcəlləsinin 106.1-ci maddəsində qeyd edilmişdir. Həmin maddəyə əsasən, gömrük rəsmiləşdirilməsi malları ixrac və ya idxal edənin, yaxud onların struktur bölmələrinin yerləşdiyi ərazi üzrə gömrük orqanlarının fəaliyyət zonasında, bu məqsədlər üçün ayrılmış yerlərdə aparılır.

Gömrük Məcəlləsinin 237-ci maddəsində aşağıdakılar qeyd edilmişdir:

·  gömrük borcunun yarandığı yer bu Məcəllənin 238-ci və 240-cı maddələrində göstərilən (malların idxalı və ixracı üzrə gömrük borcu) gömrük prosedurları altında  yerləşdirilməsi üçün gömrük bəyannaməsinin gömrük orqanlarına təqdim edildiyi yerdir. Bütün başqa hallarda gömrük borcunun yarandığı yer, onun yaranmasına səbəb olan halların baş verdiyi yer hesab edilir;

·  gömrük borcunun yaranma yerini müəyyənləşdirmək mümkün olmadıqda, onun mövcudluğunun aşkarlandığı yer gömrük borcunun yarandığı yer hesab edilir;

·  müvafiq gömrük proseduru altında yerləşdirilmiş mallar üzrə bu Məcəllənin 237.1-ci maddəsinin ikinci cümləsində və 237.2-ci maddəsində göstərilən yeri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi müddət ərzində müəyyənləşdirmək mümkün olmadıqda, gömrük borcu malların aidiyyəti gömrük proseduru altında yerləşdirildiyi yerdə, yaxud həmin prosedur daxilində gömrük ərazisinə gətirildiyi yerdə yaranmış hesab edilir;

·  gömrük orqanlarında olan məlumatlar gömrük borcunun bir neçə yerdə yarandığını müəyyənləşdirməyə imkan verdiyi hallarda, onun yarandığı ilk yer gömrük borcunun yarandığı yer hesab edilir.

Gömrük Məcəlləsinin sadalanan tələblərinin vaxtında icra edilməməsi (hərəkət və ya hərəkətsizliklə) inzibati xəta üzrə məsuliyyətin yaranmasının əsasını təşkil edir.

Belə ki, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan gömrük qaydaları əleyhinə olan inzibati xətaların təhlili belə nəticəyə gəlməyə imkan verir ki, inzibati xətanın törədilmə yerinin müəyyən edilməsi həmin əməlin hərəkət və ya hərəkətsizliklə baş verməsi ilə şərtləndirilmişdir.

Beləliklə, hərəkətlə törədilən inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın obyektiv cəhətini təşkil edən hüquqazidd hərəkətin törədildiyi yerdir.

İnzibati xəta hərəkətsizlik formasında törədildiyi hallarda isə onun törədildiyi yer hərəkətin həyata keçirilməli olduğu yer, qanunvericiliklə şəxsin üzərinə düşən öhdəliyin, o cümlədən hüquqi şəxsin öhdəliyinin  icra edilməli olduğu yer hesab olunur. Gömrük qaydaları əleyhinə olan inzibati xətaların hərəkətsizliklə baş verdiyi hallarda  onların törədildiyi yer  kimi Gömrük Məcəlləsinin tələblərinə müvafiq olaraq gömrük bəyannaməsinin gömrük orqanlarına təqdim edilməli olduğu  yeri, bütün başqa hallarda gömrük borcunun yaranmasına səbəb olan halların baş verdiyi yeri, malların aidiyyəti gömrük proseduru altında yerləşdirilməli olduğu yeri, həmin prosedur daxilində gömrük ərazisinə gətirilməli olduğu yeri və ya gömrük orqanlarında olan məlumatlar inzibati xətanın bir neçə yerdə törədilməsini müəyyənləşdirməyə imkan verdiyi hallarda, gömrük borcunun yarandığı ilk yeri göstərmək olar.

Burada xüsusilə qeyd edilməlidir ki, formal və ya maddi tərkibli olmasından asılı olmayaraq  bəyannaməyə düzgün olmayan məlumatların daxil edilib elektron qaydada göndərilməsində ifadə olunan inzibati xətaların törədildiyi yeri müəyyən etmək olduqca mürəkkəbdir.

İnformasiya texnologiyaları sahəsində inzibati xətaların əksəriyyəti elektron şəbəkələrdə törədilmiş olur. Bu zaman hüquqazidd əməlin törədildiyi yer və ictimai təhlükəli nəticələrin baş verdiyi yer müxtəlif ərazilərdə ola bilər.

Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilmiş belə inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı yerdə baxılmalıdır. İnzibati xətanın aşkarlandığı yer dedikdə, inzibati xətanın baş verməsinə, həmçinin hüquqpozmanın digər hallarına dair inzibati xətalar haqqında işlər üzrə protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxsin protokol tərtib etdiyi yer başa düşülür.  

Davam edən və uzanan inzibati xətaların törədilmə yerinin müəyyən edilməsinin hüquqi əsasları ilə bağlı Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, inzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. Uzanan hüquqpozmaların bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda – qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında – subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair” 2018-ci il 4 sentyabr tarixli Qərarı).

Hüquq nəzəriyyəsində davam edən inzibati xətalar vahid niyyətlə törədilən hüquqazidd əməllər kimi göstərilmişdir. Konstitusiya Məhkəməsinin Plenumu digər ölkələrin təcrübəsini, eləcə də uzanan və davam edən inzibati xətalara dair müvafiq normaların İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmaması səbəbindən vahid məhkəmə təcrübəsinin formalaşmasının vacibliyini nəzərə alaraq hesab edir ki, son əməlin aşkara çıxarıldığı yer davam edən inzibati xətanın başa çatdığı yer kimi müəyyən edilməlidir.

Göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakı nəticələrə gəlir:

- İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir;

- İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır;

- informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI  hissəsini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 60, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq Konstitusiya Məhkəməsinin Plenumu 

 

QƏRARA  ALDI: 

 

1. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə uyğun olaraq hüquqi şəxs tərəfindən hərəkətlə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xətanın törədildiyi yer onun nəticəsinin baş verdiyi yerdən asılı olmayaraq xətanın faktiki törədildiyi yer hesab edilməlidir.

2. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır.

3. İnformasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə törədilən gömrük qaydaları əleyhinə olan inzibati xəta haqqında işlərə inzibati xətanın aşkarlandığı, yəni səlahiyyətli vəzifəli şəxsin inzibati xəta haqqında protokol tərtib etdiyi yerdə baxılmalıdır.

4. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

5. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

6. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir edilə bilməz.

  

 

Sədr                                                                    Fərhad Abdullayev