Qərarlar

19.04.18. Z.Nəsirovanın şikayəti üzrə AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI  ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

QƏRARI

  

Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

  

19 aprel 2018-ci il                                                                                                     Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, İsa Nəcəfov (məruzəçi-hakim) və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Zülfirə Nəsirova və onun vəkili Elmar Kərimovun,

ekspert Bakı Dövlət Universitetinin Mülki proses və kommersiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Əsmər Əliyevanın iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına  dair konstitusiya işinə baxdı.

 İş üzrə hakim İ.Nəcəfovun məruzəsini, ərizəçinin vəkilinin çıxışını və ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Seyfulla Nəsir oğlu 25 sentyabr 1943-cü il tarixində Bakı şəhəri Yasamal rayonu, Tağı Şahbazi küçəsi 81 saylı ünvanda yerləşən evi almış, Oktyabr Rayon Məhkəməsinin 20 fevral 1956-cı il tarixli qətnaməsinə əsasən, evin ½ hissəsinə Qızyetər Yusuf qızının mülkiyyət hüquqları tanınmışdır. Bakı şəhər 5 saylı notariat kontorunun 21 dekabr 1972-ci il tarixli vərəsəlik şəhadətnaməsinə əsasən, evin Seyfulla Nəsir oğluna məxsus ½  hissəsinə Nəsirova Xukeyma Seyfulla qızının, Ağabalayeva Məlik Nisə Seyfulla qızının, Qənbərova Əfruz Seyfulla qızının və Nəsirov Əzizağa Seyfulla oğlunun vərəsəlik hüquqları tanınmışdır. Bakı şəhər 1 saylı notariat kontorunun 15 avqust 1984-cü il tarixli vəsiyyətnamə üzrə vərəsəlik hüquqları haqqında şəhadətnaməsinə əsasən, evin Qızyetər Yusuf qızına məxsus ½ hissəsinə Nəsirova Zülfirə Abbas qızının vərəsəlik hüquqları tanınmışdır.

Sonradan iddiaçılar Abasəliyev Mübariz İslam oğlu, Abasəliyeva Mehbarə İmambaxış qızı, Abasəliyev Şahin Mübariz oğlu, Abasəliyeva Püstəxanım Fərz qızı və Mehdiyeva Aynur Mübariz qızı iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu, Tağı Şahbazi küçəsi 81 saylı ünvanda yerləşən evin cavabdeh Nəsirova Zülfirə Abbas qızına düşən pay hissəsində istifadə hüquqlarının tanınmasını və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını xahiş etmişlər.

Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 13 aprel 2016-cı il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 7 fevral 2017-ci il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış, iddia qismən təmin edilərək iddiaçıların mübahisəli evin cavabdeh Z.Nəsirovanın mülkiyyətində olan hissəsinə istifadə hüquqları tanınmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 7 avqust 2017-ci il tarixli qərarı ilə Z.Nəsirovanın kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Z.Nəsirova Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Z.Nəsirova şikayətini onunla əsaslandırmışdır ki, apellyasiya və kassasiya instansiyası məhkəmələri mübahisəli evin onun mülkiyyətində olan hissəsinin iddiaçılara heç bir aidiyyətinin olmamasını nəzərə almadan, işin hallarını düzgün və hərtərəfli araşdırmadan iddiaçıların qeyd etdiyi mülkiyyətçinin evinə deyil, başqa şəxsin evinə istifadə hüququnu tanımaqla ərizəçinin Konstitusiyanın 29-cu maddəsində təsbit olunmuş mülkiyyət hüququnu və 60-cı maddəsində nəzərdə tutulan məhkəmə təminatı hüququnu pozmuşlar.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin I hissəsi və 29-cu maddəsinin I, II, III və IV hissələri).

Mülkiyyət hüququ hamılıqla tanınan əsas hüquqdur və ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl prinsiplərindən biri hesab olunur. Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra – Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır.

İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin   “Öner  Yıldız  Türkiyəyə  qarşı”   iş  üzrə  2002-ci  il  18  iyun  tarixli  Qərarında   da  deyildiyi  kimi, Konvensiyaya  dair  1  saylı  Protokolun  1-ci  maddəsinin   birinci  hissəsindəki   “mülkiyyət”  anlayışı  “mövcud  mülkiyyətlə”  məhdudlaşmır  və  həmçinin  əmlakı,  o  cümlədən  ərizəçinin  onun  mülkiyyət  hüququnun  səmərəli  surətdə  həyata  keçirilməsinə  nail  olmaq  üçün  heç  olmazsa   ağlabatan  və  “qanuni  ümid”lərə   malik  olduğunu  iddia   edə  bildiyi  tələbləri  əhatə    edir.”

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Bu norma əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında göstərilsə də, eyni zamanda vətəndaşların Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqlarının təminatçısı kimi çıxış edir.

Konstitusiyanın 125-ci maddəsinin I və VII hissələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

Konstitusiyanın 127-ci maddəsinin II, IV və VII hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur.

Bu konstitusiya prinsipləri öz əksini mülki prosessual qanunvericilikdə daha geniş şəkildə tapmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 6-cı maddəsinə əsasən, mülki işlər və iqtisadi mübahisələr üzrə ədalət mühakiməsi yalnız məhkəməyə aiddir və məhkəmələr tərəfindən qanunla müəyyən olunmuş qaydada həyata keçirilir. Məcəllənin 9-cu maddəsinə müvafiq olaraq, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır.

 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 88, 217.1 və 217.3-cü maddələri).

Bununla yanaşı, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə  yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir.  

Mübahisəyə baxan birinci instansiya məhkəməsi iddianı təmin etməyərək  mövqeyini onunla əsaslandırmışdır ki, iddiaçılar mübahisəli evin əvvəlki mülkiyyətçisi ilə yaxın qohumluq münasibətində olduqlarını və onun razılığı ilə evə köçürüldüklərini təsdiq edən sübutlar təqdim edə bilməmişlər. Eləcə də, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 18 sentyabr 2012-ci il tarixli qərarı ilə onların mübahisəli evdən qeydiyyatdan çıxarılmasına dair iddianın rədd edilməsi həmin evdən istifadə hüquqlarının əldə edilməsi kimi qiymətləndirilə bilməz.

İşə baxan apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edildiyindən, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmadığından və məhkəmənin qətnamədə göstərdiyi nəticələr işin hallarına uyğun gəlmədiyindən qətnamə ləğv edilməli və iş üzrə yeni qətnamə çıxarılmalıdır.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası bu qənaətə gələrkən “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsinin 1999-cu il 12 mart tarixli Qərarına, Azərbaycan SSR Mülki Məcəlləsinin 1986-cı il 17 noyabr tarixinədək qüvvədə olmuş 306-cı maddəsinə və Azərbaycan Respublikasının 2009-cu il 1 oktyabr tarixinədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53 və 123-cü maddələrinə istinad etmişdir.

Apellyasiya instansiyası məhkəməsinin bu mövqeyi ilə Ali Məhkəmənin Mülki Kollegiyası da razılaşaraq həmin qətnaməni dəyişdirmədən saxlamışdır.

Konstitusiya Məhkəməsinin Plenumu apellyasiya və kassasiya instansiyası məhkəmələrinin istinad etdikləri maddi hüquq normalarına diqqət yetirilməsini zəruri hesab edir.

“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Konstitusiya Məhkəməsinin 1999-cu il 12 mart tarixli Qərarına görə, Mənzil Məcəlləsinin 60-cı maddəsinin I hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, həmin Məcəllənin 87-ci maddəsində və digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Qərarda, həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır.

Qeyd etmək lazımdır ki, tərəflər arasında münasibətlər yarandığı zaman qüvvədə olmuş Azərbaycan SSR Mülki Məcəlləsinin 306-cı maddəsi nəzərdə tuturdu ki, mənzildə kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri müqavilədən törəyən hüquq və vəzifələri bərabər surətdə əldə edirlər. Kirayəçinin ailə üzvləri - kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunurdu. Digər qohumlar, habelə himayədə olan əmək qabiliyyəti olmayanlar, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat apardıqda kirayəçinin ailə üzvləri sayıla bilərdi.

Əvvəlki Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə,  yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır.

Həmin Məcəllənin 53-cü maddəsinə əsasən, icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsinin icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar.

Azərbaycan SSR Ali Məhkəməsi Plenumunun 1985-ci il 12 aprel tarixli  “Məhkəmələrin Azərbaycan SSR Mənzil Qanunvericiliyinin tətbiqi təcrübəsinə dair” Qərarına əsasən yaşayış sahəsinə digər şəxslərin hüququna dair mübahisələrin həlli  zamanı  məhkəmələr nəzərdə tutmalıdırlar ki,  yaşayış  sahəsinə yalnız  o şəxslər  tələb  irəli sürə bilər ki, onlar mənzil sahibinin yaxud kirayəçinin  yaxın qohumlarıdır,  yaxud  kirayəçidən asılı olan, əmək qabiliyyəti olmayan şəxslərdir. İstisna halda digər şəxslər  yalnız o şərtlə müvafiq hüquqa malik olurlar ki, onlar kirayəçi ilə birgə təsərrüfat aparırlar, yaxud onunla ailə münasibətlərindədirlər. Bunlardan biri olmasa şəxs kirayəçinin ailə üzvü hesab edilə bilməz.

Göründüyü kimi, hüquq münasibətlərinin yarandığı və davam etdiyi dövdə qüvvədə olmuş mülki və mənzil qanunvericiliyi normalarının mənasına görə, mənzil sahibinin, yaxud kirayəçinin öz mənzilinə köçürdüyü şəxslərin həmin mənzildən istifadə hüququ əldə edilməsinin müəyyən şərtləri nəzərdə tutulmuşdur. Mənzildən istifadə hüququnun yaranmasının mühüm şərti həmin şəxsin kirayəçinin ailə üzvü olmasıdır. Mənzil Məcəlləsinin 53-cü maddəsinə əsasən, icarədarın ailə üzvləri onun arvadı (əri), uşaqları və valideynləri hesab olunur. İcarədarla birlikdə yaşayan digər şəxslər də onun ailə üzvləri hesab oluna bilər. Kirayəçinin ailə üzvləri sırasına bu şəxslər o zaman daxil ola bilərlər ki, onlar kirayəçinin yaxın qohumu, yaxud əmək qabiliyyətini itirməsi ilə əlaqədar ondan asılı olsunlar.

İstisna hallarda, kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan şəxslər də ailə üzvləri sırasına daxil ola bilər. Göstərilən cəhətlərdən (birgə yaşamaq və ümumi təsərrüfat aparmaq) biri olmadıqda, həmin şəxslər mənzil (ev) sahibinin, yaxud kirayəçinin ailə üzvləri hesab oluna bilməz və nəticədə yaşayış sahəsindən istifadə hüququnu əldə edə bilməzlər.

Beləliklə, yaşayış sahəsindən istifadə hüququ yalnız yuxarıda qeyd olunan qanunvericilik normalarında nəzərdə tutulmuş qaydada mümkün olurdu.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından - Z.Nəsirovaya verilən vərəsəlik şəhadətnaməsindən, Texniki İnventarlaşdır­ma və mülkiyyət hüquqlarının Qeydiyyatı İdarəsinin 9 iyul 2004-cü il tarixli məktubundan, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin 25 fevral 2016-cı il tarixli arayışın­dan və digər sənədlərdən görünür ki, Z.Nəsirova iddiaçılara heç bir aidiyyəti olmayan Qızyetər Yusuf qızının vərəsəsi kimi, 1984-cü ildə mübahisəli evin sonuncunun mülkiyyətində olan hissəsinə vəsiyyətnamə üzrə mülkiyyət hüququ əldə etmişdir.

Göründüyü kimi, işə baxan apellyasiya instansiyası məhkəməsi məsələni tam və hərtərəfli araşdırmamış, iddianı təmin edərkən iddiaçıların evdən istifadə hüququnun həmin dövrdə qüvvədə olan qanunvericiliyin hansı əsasları üzrə yarandığını göstərməmiş, bu hüququn mübahisəli evin cavabdehin hissəsinə aid olub-olmamasını dəqiq müəyyən etməmiş, bununla da Z.Nəsirovanın mülkiyyət hüququnun pozulması ilə nəticələnən qətnamə qəbul etmişdir.

Kassasiya instansiyası məhkəməsində işə baxmanın hədləri Mülki Prosessual Məcəllənin 416-cı maddəsində təsbit olunmuşdur. Bu maddəyə görə, kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.        

Həmin Məcəllənin 417.1.3-cü maddəsinə əsasən, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər.

Mülki Prosessual Məcəllənin 418.1-ci maddəsinə görə, maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (Mülki Prosessual Məcəllənin 418.3-cü maddəsi).

Göründüyü kimi, Ali Məhkəmənin Mülki Kollegiyası tərəfindən mülki prosessual qanunvericiliyin tələblərinə əməl olunmadan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmış, nəticədə Z.Nəsirovanın Konstitusiyanın 29 və 60-cı maddələrində nəzərdə tutulan hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, məhkəmələr həqiqətə nail olmaq üçün qanunvericiliyin onlara verdiyi mümkün vasitələrdən istifadə edərək işi hərtərəfli, tam və obyektiv araşdırmalı, nəticədə qanuni və əsaslı qətnamə çıxarmalıdır.

Göstərilənlərə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, iddiaçılar M.Abasəliyev və qeyrilərinin cavabdeh Nəsirova Zülfirə Abbas qızına qarşı evin cavabdehə düşən pay hissəsində istifadə hüququnun tanınması və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarı Konstitusiyanın 29 və 60-cı maddələrinə, Mülki Prosessual Məcəllənin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməli və işə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

QƏRARA  ALDI:

 

1. İddiaçılar Mübariz Abasəliyev və qeyrilərinin cavabdeh Nəsirova Zülfirə Abbas qızına qarşı evin cavabdehə düşən pay hissəsində istifadə hüququnun tanınması və həmin hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29 və 60-cı maddələrinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 418.1 və 418.3-cü maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu qərara uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  

Sədr                                                                               Fərhad Abdullayev

 

  





 

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Z.Nəsirovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 7 avqust 2017-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 19 aprel 2018-ci il  tarixli Qərarından hakim İ.Nəcəfovun 

Xüsusi rəyi 

Konstitusiya Məhkəməsi Plenumunun qərarına hörmətlə yanaşaraq qərarın nəticəsi ilə tam, əsaslandırıcı hissəsi ilə qismən razılaşıram. Lakin xüsusi rəydə qalmağımın səbəbini izhar etməyi vacib sayıram.

Qeyd etmək istəyirəm ki, Konstitusiyanın və Mülki Prosessual Məcəllənin aşağıdakı institutları məhkəmə hakimiyyəti üçün ehkam xarakterlidir.

Azərbaycan Respublikasında məhkəmə hakimiyyətini ədalət mühakiməsi yolu ilə yalnız məhkəmələr həyata keçirirlər. Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir (Konstitusiyanın 125-ci maddəsinin I və VII hissələri).

Hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar (Konstitusiyanın 127-ci maddəsinin II hissəsi).

Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır (Konstitusiyanın 129-cu maddəsinin III hissəsi).

Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi).

Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Onu da qeyd etməyi vacib sayıram ki, Rusiya Mülki Prosessual Məcəlləsindən fərqli olaraq (67.3-cü maddə), Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində (88-ci maddə) məhkəmənin sübutları hansı meyarlar əsasında qiymətləndirməsi nəzərdə tutulmamışdır. Ona görə də bu məsələyə xüsusi diqqət yetirməyi özümə borc bilirəm. Çünki iş üzrə qəbul ediləcək məhkəmə aktının birinci növbədə yuxarıda qeyd edilən konstitusiya tələblərinə cavab verməsi, sübutların qiymətləndirilməsi meyarlarından və onlara əməl olunmasından asılıdır.

Məhkəmə aşağıdakı meyarları rəhbər tutaraq sübutları, özünün müstəqil, əsaslı və hərtərəfli, tam, obyektiv və birbaşa işdə olan hüquqi faktların araşdırılmasına əsaslanaraq məntiqi mülahizələrinə görə qiymətləndirir: 1) sübutların aidliyi, 2) sübutların mümkünlüyü, 3) sübutların həqiqiliyi, 4) sübutların qədərincə kifayətliyi, 5) sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi.

Sübutların aidliyi dedikdə, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır (Mülki Prosessual Məcəllənin 80-cı maddəsi).  Sübutların mümkünlüyü dedikdə yalnız qanuna və digər normativ aktlara əsasən işin hallarını təsdiq edən sübutetmə vasitələri başa düşülür (Mülki Prosessual Məcəllənin 81-ci maddəsi). Sübutların həqiqiliyi bu sübutların məhkəmə tərəfindən şəksiz və şübhəsiz qəbul edilməsinə səbəb olan onun mötəbərliyidir. Sübutların kifayətliyi məhkəməyə iş üzrə qanuni və əsaslı qərar qəbul etməyə imkan verən xüsusiyyətdir. Sübutların məcmusunda onların qarşılıqlı funksional əlaqəsi isə onların zəncirvari, ardıcıl olaraq birinin digərinə bağlılığı və ya birinin digərini təsdiqi və yaxud onlar arasında heç bir əksliyin və ziddiyyətin olmamasıdır.

Məhkəmə qətnaməsi o zaman qanuni və əsaslı ola bilər ki, o aidiyyət və mümkünlük əlamətlərinə malik olan sübutlar əsasında qəbul edilmiş olsun. 

Mülki Prosessual Məcəllənin qeyd edilən normalarının müddəaları Konstitusiyanın yuxarıda qeyd edilmiş institutları ilə qırılmaz funksional əlaqəyə malikdir və onların şərtsiz icrasının təminatlarıdır.

Konstitusiyanın 125, 127 və 129-cu, Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 80, 81 və 88-ci maddələrinin qarşılıqlı funksional əlaqələrini məntiqi təhlil edərək belə nəticəyə gəlirəm ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi birtərəfli qaydada məhkəmələr tərəfindən tətbiq edilərsə, ədalət mühakiməsi yolunda mülkiyyət hüququnun müdafiəsində qeyri-obyektivliyə, qanunsuzluğa gətirib çıxaracaqdır. Çəkişmə prosesində tərəflər hüquqi status baxımından bərabər olsalar da, hüquqi savad, təfəkkür və mühakimə icraatının iştirakçısı kimi peşəkarlıq baxımından qeyri-bərabər qabiliyyətə malik olurlar.

Ona görə də Konstitusiya tələb edir ki, məhkəmə öz hakimiyyətini ədalət mühakiməsi yolu ilə həyata keçirməlidir və Mülki Prosessual Məcəllə də burada bir vasitədir. Əgər vasitədə naqislik varsa Konstitusiyanın norması üstün tutulmalıdır.

Konstitusiya məhkəmədən iş üzrə həqiqətin müəyyən edilməsini tələb edir və bunu onun üzərinə icrası məcburi olan bir vəzifə kimi qoyur.

 Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin müddəası isə məhkəmənin bu vəzifəsinin icrasına zahirən çətinlik törədir.

Lakin Mülki Prosessual Məcəllənin qeyd etdiyimiz normasının müddəası nəqli cümlə olmaqla məhkəmənin mühakimə icraatında görəcəyi işi təsvir edir. Məhkəmənin bu halda tərəflərin təqdim etdiyi sübutları araşdırarkən və onlarla bağlı yoxlanılması zəruri olan faktları müəyyən edərkən, hər hansı bir prosessual hərəkət etməsi və hərəkətlərdə bulunması prosessual qanunvericiliklə qadağan olunmur. Məhkəmə sübutları qiymətləndirmədən öncə onları yoxlamalıdır. Bu isə məhkəmənin prosessual hərəkətlər etməsinə rəvac verilməsidir.

Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsi məhkəmələr tərəfindən yalnız o halda tətbiq oluna bilər ki, tərəflərin təqdim etdiyi sübut vasitələri və sənədlər ona iş üzrə obyektiv həqiqəti müəyyən etmək imkanı versin və qanuni, əsaslı, ədalətli qərar qəbul edilə bilsin.

Məhkəmə hakimiyyətinin çoxpilləli iyerarxiyası, ilk növbədə, məhkəmə səhvlərinin aradan qaldırılması məqsədinə xidmət edir. Bu istər Konstitusiyada, istərsə də Mülki Prosessual Məcəllədə öz əksini tapmışdır.

Konstitusiyaya əsasən məhkəmə iyerarxiyasında xüsusi yer tutan Ali Məhkəmə kassasiya şikayətlərinə baxarkən, apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Mülki Prosessual Məcəllənin 416-cı maddəsi).

Kassasiya instansiyası məhkəməsi birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən baxılmış işin materiallarını tam öyrənərək, hər iki məhkəmə tərəfindən işin faktiki hallarına əsasən hüquqi faktlara və sübutlara verilmiş qiymətləndirməni müqayisəli şəkildə analiz edib yoxlamaqla, apellyasiya məhkəməsi tərəfindən prosessual və maddi hüquq normalarının düzgün tətbiq edilib-edilməməsini müəyyən etməlidir. Bu isə Ali Məhkəmə tərəfindən öz hakimiyyətinin konstitusiya tələblərinə müvafiq olaraq ədalət mühakiməsi yolu ilə həyata keçirilməsini ehtiva edir.  Çünki məhkəmə təcrübəsi təsdiq edir ki, apellyasiya instansiyası məhkəməsi bir sıra hallarda apellyasiya şikayətinə baxarkən nə iş üzrə həqiqəti müəyyən edə bilir, nə də  onun qəbul etdiyi akt qanuni və əsaslı olur.

Konstitusiya Məhkəməsinin Plenumunda müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi heç bir hüquqi əsas və dəlil gətirmədən qətnaməsində birinci instansiya məhkəməsi qətnaməsinin maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə qəbul edildiyini göstərmişdir. Ali Məhkəmənin Mülki Kollegiyası da birinci instansiya məhkəməsinin, həqiqətən maddi və prosessual normaları pozmaqla qətnamə qəbul etməsi faktını araşdırmamışdır.

Halbuki, apellyasiya məhkəməsi qətnaməsini aidiyyəti və mümkünlüyü olmayan sübutlar əsasında qəbul etmişdir. Bu Konstitusiya Məhkəməsi Plenumunun qərarından açıq-aşkar görünür. Maddi və prosessual hüquq normalarının düzgün tətbiqi sübutların qiymətləndirilməsindən üzvü surətdə bağlıdır.

Konstitusiya Məhkəməsi məhkəmə hakimiyyətində ən yüksək mövqe tutur. Bu Konstitusiya və qanunlarla onun səlahiyyətinə aid edilən məsələlərin vacib və xüsusilə mühüm əhəmiyyət kəsb etməsi ilə izah olunur. Məhz buna görə də, məhkəmənin qərarları digər məhkəmə hakimiyyətinin qərarlarından məzmun və mənaca özünəməxsus məntiqi yanaşma xüsusiyyəti və mühakimələrinin fəlsəfi dərinliyi ilə səciyyələnməlidir.

Məhkəmələrin daşıdığı ən məsuliyyətli vəzifə yükü, işin araşdırılan halları və faktları əsasında tərəflərin təqdim etdiyi dəlil və sübutlara qiymət verməsidir. Məhkəmənin qəbul etdiyi aktın qanuni və əsaslı olması bundan asılıdır. Yalnız bu prosessual sənədə əsasən apellyasiya, Ali və Konstitusiya Məhkəmələri müəyyən edə bilər ki, ədalət mühakiməsi hansı səviyyədə həyata keçirilmişdir. Məhkəmə işə tam, hərtərəfli və obyektiv yanaşmışdır, ya yox.  

Məhkəmə hakimiyyəti pilləli həyata keçirilsə də, baxılan işin materiallarında danılması və təkzib olunması mümkün olmayan sübut vasitəsi varsa, onun digər məhkəmə hakimiyyət pilləsində işə baxılarkən qəbul edilməsi zəruridir. Bu nəzərə alınmazsa, mühakimənin ədalətlə həyata keçirilməsi şübhə altında qalacaqdır (Birinci instansiya məhkəməsinin iş üzrə mülkiyyət hüququnun kimə məxsus olmasını təsdiq edən sənədin Dövlət Reyestr Xidmətindən götürülməsi).

  

Hakim                                                                                    İsa Nəcəfov