Qərarlar

13.05.20 A.Kərimov və qeyrilərinin şikayəti üzrə AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının AR Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

13 may 2020-ci il                                                                                   Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən (məruzəçi-hakim)  ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Adil Kərimovun nümayəndələri Mərdan Əhmədov, Tahir Dəmirçioğlu və vəkili Ramin Sadıqzadənin,

ekspert Bakı Dövlət Universitetinin Konstitusiya hüququ kafedrasının dosenti, hüquq üzrə fəlsəfə doktoru Sübhan Əliyevin, 

mütəxəssislər Bakı Apellyasiya Məhkəməsinin hakimi Həmid Həmidov və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin Hüquq proqramının eksperti Elçin Usubun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim K.Şəfiyevin məruzəsini, ərizəçinin nümayəndələrinin, vəkilinin və mütəxəssislərin çıxışlarını, ekspertin rəyini dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

 

MÜƏYYƏN  ETDİ:

 

Namik Aləmmədzadə və qeyriləri Qəbələ Rayon İcra Hakimiyyətinə, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə (bundan sonra – DƏDRX-in 9 saylı Ərazi İdarəsi) və üçüncü şəxslər A.Kərimov və qeyrilərinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, sonuncuların ümumi mülkiyyətinə 0,03 və 0,07 ha torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 3 nömrəli qərarının onlara aid hissədə ləğv edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv edilməsi öhdəliyinin cavabdeh DƏDRX-in 9 saylı Ərazi İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişlər.

Şəki İnzibati-İqtisadi Məhkəməsinin 3 oktyabr 2018-ci il tarixli qərardadı ilə iddia Qəbələ Rayon İcra Hakimiyyətinə qarşı olan hissədə mümkün sayılmamışdır.

Şəki İnzibati-İqtisadi Məhkəməsinin 3 oktyabr 2018-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, DƏDRX-in 9 saylı Ərazi İdarəsinin üzərinə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv edilməsi öhdəliyi qoyulmuşdur.

Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 27 dekabr 2018-ci il tarixli qərarı ilə üçüncü şəxslər A.Kərimov və qeyriləri tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası)  9 iyul 2019-cu il tarixli qərarı ilə üçüncü şəxslər A.Kərimov və qeyrilərinin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır.

A.Kərimov və qeyriləri Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra – Konstitusiya Məhkəməsi) müraciət edərək Ali Məhkəmənin İnzibati-İqtisadi  Kollegiyasının 9 iyul  2019-cu il  tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişlər.

Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İnzibati Prosessual Məcəllə) 91 və 96-cı maddələri düzgün tətbiq edilməmiş, nəticədə ərizəçilərin Konstitusiyanın 29-cu maddəsinin I hissəsi və 60-cı maddəsinin I hissəsində nəzərdə tutulmuş mülkiyyət, hüquq və azadlıqların məhkəmə təminatı hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

Konstitusiyanın 13-cü maddəsinin I hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiyanın 29-cu maddəsinə görə, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

İşin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, Qəbələ Rayon Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin 28 dekabr 1989-cu il tarixli 261 nömrəli qərarı ilə A.Kərimova 0,04 ha həyətyanı torpaq sahəsi verilmiş, 17 dekabr 1990-cı il tarixli akta əsasən isə Qəbələ şəhərinin 15 nömrəli yaşayış kvartalından 20x20 ölçüdə torpaq sahəsi ona təhkim edilmişdir.

16 mart 1991-ci il tarixində A.Kərimov ilə Qəbələ rayonunun baş memarı arasında fərdi yaşayış evinin tikintisi məqsədi ilə müddətsiz istifadə üçün torpaq sahəsinin verilməsi haqqında nümunəvi müqavilə bağlanmış və 76 kv.m ümumi sahəsi olan fərdi yaşayış evinin tikintisinə icazə verilmişdir.

16 aprel 2002-ci il tarixində A.Kərimov tərəfindən Qəbələ şəhəri Nizami küçəsi ev 35A ünvanında yerləşən fərdi yaşayış evi Qəbələ Rayon İcra Hakimiyyəti Başçısının təyin etdiyi komissiyanın sədri tərəfindən istismara qəbul edilmişdir.

A.Kərimovun fərdi yaşayış evi üzərində mülkiyyət hüququ 22 aprel 2002-ci il tarixində qeydiyyata alınaraq Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Texniki pasportda torpaq sahəsinin sənəd üzrə ölçüsü 400,0 kv.m, faktiki sahəsi 1197,52 kv.m kimi göstərilmişdir.

24 aprel 2002-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən, A.Kərimov Qəbələ şəhəri Nizami küçəsi 35A ünvanında yerləşən, ümumi sahəsi 52.91 kv.m olan fərdi yaşayış evini N.Aləmmədzadəyə satmışdır.

N.Aləmmədzadənin yaşayış evi üzərində mülkiyyət hüququ 10 may 2002-ci il tarixində qeydiyyata alınaraq Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən qeydiyyat vəsiqəsi verilmişdir.

2002-ci ilin oktyabr ayında isə Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 3 nömrəli qərarına əsasən, Adil Ədilov (A.Kərimov), Xatirə Ədilova, Elvin Kərimov, Elnurə Kərimova və Elnur Kərimovun mülkiyyətinə 0,03 və 0,07 ha həyətyanı torpaq sahələri verilmişdir.

N.Aləmmədzadə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Qəbələ Rayon şöbəsinə, A.Kərimova və qeyrilərinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin etibarsız hesab edilməsinə dair  iddia  ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

Qəbələ Rayon Məhkəməsinin 13 noyabr 2014-cü il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 5 iyul 2017-ci il tarixli qətnaməsi ilə A.Kərimovun apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli qərarı ilə N.Aləmmədzadənin kassasiya şikayəti təmin edilməmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Birinci instansiya məhkəməsi qətnaməsində “Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə və 10-cu maddəsinin 1-ci abzasına, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin 1-ci bəndinə istinad etmişdir.

Lakin A.Kərimov apellyasiya şikayətində və apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında göstərmişdir ki, şəhadətnamələr əsasında verilmiş torpaq sahəsi alğı-satqı müqaviləsinin predmeti olmamış və satılmamışdır.

Apellyasiya instansiyası məhkəməsi A.Kərimovun apellyasiya şikayətini təmin edərkən qətnaməsini onunla əsaslandırmışdır ki, Qəbələ şəhəri Nizami küçəsi 35A ünvanında yerləşən fərdi yaşayış evi A.Kərimovun xüsusi mülkiyyətində olmuş və o, 24 aprel 2001-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən məhz həmin evi N.Aləmmədzadəyə satmışdır. Qeyd edilən ev satılarkən mübahisələndirilən şəhadətnamələrlə A.Kərimova məxsus torpaq sahəsi hələ onun mülkiyyətində olmamış və alğı-satqı müqaviləsinin predmeti qismində çıxış etməmişdir. Yalnız alğı-satqı müqaviləsindən 5 ay sonra, yəni 2002-ci ilin oktyabr ayında A.Kərimov və qeyrilərinə mübahisəli torpaq sahələri barədə “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamələr verilmişdir.

Mülki icraat qaydasında iddiası təmin olunmadığından N.Aləmmədzadə və qeyriləri yenidən məhkəməyə müraciət edərək “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv edilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulmasına dair inzibati icraat qaydasında qərar qəbul edilməsini xahiş etmiş və iş üzrə yuxarıda qeyd olunan məhkəmə aktları qəbul olunmuşdur.

Şikayətdə qaldırılan məsələlərlə bağlı Konstitusiya Məhkəməsinin Plenumu aşağıdakıları qeyd etməyi vacib hesab edir.

Prosessual qanunvericilikdə iddianı fərdiləşdirən iki elementə rast gəlmək olar: iddianın predmeti və onun əsası. Bu elementlər nəinki iddianı, həmçinin iş üzrə prosesin özünü konkretləşdirməyə, onun həcmini, xarakterini, məhkəmənin fəaliyyətinin istiqamətini və xüsusiyyətlərini müəyyən etməyə imkan verir.

Mülki prosesdə iddianın predmeti dedikdə, iddiaçının, barəsində qərar qəbul olunmasını xahiş etdiyi subyektiv hüququ başa düşülür. İddianın predmetinə qanunla qorunan maraqları, o cümlədən bütövlükdə hüquq münasibətlərini aid etmək olar. Təsbit olunmuş mülki hüquqların müdafiə vasitələrini nəzərə alaraq iddiaçı məhkəmədən:

- cavabdehi hər hansı hərəkəti yerinə yetirməyə məcbur etməyi və ya belə hərəkəti etməkdən çəkindirməyi xahiş edə bilər;

 - hüquq münasibətlərinin, subyektiv hüquqların və ya öhdəliklərin mövcudluğunu və ya onların olmamasını etiraf etməyi tələb edə bilər. Bu halda iddianın predmetini hər hansı əşyaya, əqli fəaliyyət nəticələrinə dair müstəsna hüquqlara aid olan mülkiyyət hüququ, əqdin etibarsızlığı və s. təşkil edir;

- iddiaçının tələbi əsasında məhkəmə hüquq münasibətlərini dəyişdirə və ya onlara xitam verə bilər (Mülki Prosessual Məcəllənin 53-cü maddəsi). Bu zaman iddianın predmetini tərəflər arasında mövcud münasibətlərin dəyişdirilməsinə və ya onlara xitam verilməsinə dair iddiaçının birtərəfli iradə ifadəsi təşkil edir.

İddianın predmeti ilə iddianın obyekti fərqləndirilməlidir. İddianın obyekti - iddiaçının əldə etməyə çalışdığı maddi nemətdir: pul məbləği, qeyri-yaşayış sahəsi, sair konkret əmlak. İddianın obyekti iddianın predmetinə daxildir və müstəqil əhəmiyyət kəsb etmir (Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53, 149.2.3 və 218-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 2016-cı il 12 iyul tarixli Qərarı).

Həmçinin o da nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin iddia predmetinin dəqiq göstərilməsinə dair tələbi prosessual qənaət prinsipini qorumağa yönəlmişdir.

Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar).

Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən,  bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmçinin, həmin Məcəllənin 233.3-cü maddəsinə görə, qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər.

Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı).

Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun “Biləcəri Təmir Quraşdırma” Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı).    

Hazırki iş üzrə isə N.Aləmmədzadə və qeyrilərinin Şəki İnzibati-İqtisadi Məhkəməsinə ünvanladığı iddianın predmeti ilə onların A.Kərimov və qeyrilərinə qarşı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin etibarsız hesab edilməsi tələbi üzrə mülki icraat qaydasında baxılan və qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə rədd edilmiş iddianın predmetinin (obyekti daxil olmaqla) faktiki olaraq eynilik təşkil etməsi işə baxan məhkəmələr tərəfindən nəzərə alınmamışdır. Bu isə mübahisənin həllinin əsassız uzadılması kimi qiymətləndirilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Ali Məhkəmənin Mülki Kollegiyasının 29 noyabr 2017-ci il tarixli qərarının hüquqi nəticələrinin inzibati məhkəmə icraatı qaydasında Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarı ilə faktiki olaraq qüvvədən salınması məhkəmələrin fəaliyyətində prosessual qanunvericiliyin tələblərinə zidd təcrübənin formalaşmasının əsasını qoyur.

Belə ki, işlərə eyni tərəflər arasında, eyni mübahisə predmeti üzrə fərqli məhkəmə icraatında baxılması mahiyyət etibarı ilə fərqli nəticələrə və sonda hüquqi müəyyənlik prinsipinin pozulmasına səbəb ola bilər (Konstitusiya Məhkəməsi Plenumunun G.İsmayılzadənin şikayəti üzrə 2016-cı il 29 noyabr tarixli Qərarı).

Ali Məhkəmənin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 2015-ci il 10 aprel tarixli Qərarının 15.5, 15.6 və 17-ci bəndlərində də göstərilmişdir ki, İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Qeyd olunan maddədə təsbit olunmuş halları müəyyən etdikdə məhkəmələr verilmiş iddianı mümkün saymamalıdırlar. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalıdır.

Konstitusiya Məhkəməsinin Plenumu onu da vurğulamağı vacib hesab edir ki, daşınmaz əmlakın alğı-satqısı və dövlət qeydiyyatı ilə bağlı mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli yalnız qaldırılmış iddia tələbinin hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır.

Bu məsələlərlə bağlı məhkəmə aidiyyəti həll edilərkən, ilk növbədə, iddiaçı tərəfindən təqdim edilən iddia tələbi əsas götürülməlidir. İddia tələbi konkret mübahisə ilə bağlı olduqda, həmin mübahisənin mahiyyəti təhlil edilərək məhkəmə aidiyyəti həll edilməlidir.

“Daşınmaz əmlakın dövlət reyestri haqqında“ Azərbaycan Respublikası Qanununun 2.1 və 12-ci maddələrinin, habelə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinin tələblərinə görə, daşınmaz əmlakın reyestrdə qeydiyyatı mülkiyyətçinin həmin əmlaka mülkiyyət hüququ prezumpsiyasını yaradır. Belə ki, müvafiq inzibati orqan mülki-hüquqi münasibəti, yəni mülki-hüquqi hərəkətin nəticəsini təsdiq edir. Bu isə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyata alınan daşınmaz əmlakın mülkiyyətçisinin mülkiyyət hüququ prezumpsiyasını yaradır.

Beləliklə, daşınmaz əmlakın alğı-satqısı nəticəsində daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat inzibati orqanın fəaliyyətinin ümumi (publik) hüquqa aid olan hərəkəti hesab edilsə də, mülki müqavilədən yarandığından təbiətinə görə daha çox mülki xarakterli münasibətlərin nəticəsi kimi ifadə olunur.

Bu məsələ ilə əlaqədar olaraq Ali Məhkəmənin Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 2015-ci il 10 aprel tarixli Qərarının 6.2-ci bəndində göstərilir ki, torpaqla bağlı müqavilələrdən (alğı-satqı, o cümlədən, torpağın hərrac vasitəsi ilə satılması, icarəyə verilməsi və s.) irəli gələn mübahisələrə, bu müqavilələrin iştirakçılarının statusundan asılı olmayaraq, mülki məhkəmə icraatı qaydasında baxılır.

Qanunverici tərəfindən müəyyən edilmiş məhkəmə aidiyyətinə riayət olunmaması ədalətli məhkəmə araşdırılmasına dair konstitusion göstərişin, bununla da məhkəmə müdafiəsi hüququnun pozulmasına səbəb olur. Hər kəsin məhkəmə müdafiəsi hüququ yalnız qanuni, müstəqil və qərəzsiz məhkəmə tərəfindən təmin edildiyindən aidiyyət qaydalarının pozulması ilə qəbul olunmuş məhkəmə qərarı qanuni hesab oluna bilməz, çünki bu qərar işə baxmağa qanun üzrə səlahiyyətli olmayan məhkəmə tərəfindən qəbul edilir ki, bu, işin həllinə təsir edən və ədalət mühakiməsinin mahiyyətini təhrif edən əsaslı pozuntu kimi qəbul edilməlidir.

İnzibati Prosessual Məcəllənin 91-ci maddəsinə müvafiq olaraq, Ali Məhkəmə mübahisə ilə bağlı işə şikayət həddində baxır və yalnız apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

Həmin Məcəllənin 96.5.1-ci maddəsinə görə, Ali Məhkəmə apellyasiya instansiyası məhkəməsində icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda mübahisə edilən qərarı ləğv etməyə və işi təkrar baxılması üçün müvafiq apellyasiya instansiyası məhkəməsinə göndərməyə haqlıdır.

Beləliklə, A.Kərimov və qeyrilərinin kassasiya şikayəti əsasında inzibati işə baxmış Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyası apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozulmasına lazımi diqqət yetirməmiş, nəticədə İnzibati Prosessual Məcəllənin 91 və 96.5.1-ci maddələrinin tələblərinə cavab verməyən 9 iyul 2019-cu il tarixli qərar qəbul etmişdir. Bu isə öz növbəsində ərizəçilərin Konstitusiyanın 29-cu maddəsində və 60-cı maddəsinin I hissəsində təsbit olunmuş hüquqlarının pozulmasına gətirib çıxarmışdır.

Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, N.Aləmmədzadə və qeyrilərinin DƏDRX-in 9 saylı Ərazi İdarəsinə və üçüncü şəxslər A.Kərimov və qeyrilərinə qarşı sonuncuların ümumi mülkiyyətinə 0,03 və 0,07 ha torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 3 nömrəli qərarının onlara aid hissədə ləğv edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv edilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulmasına dair inzibati iş üzrə Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarı Konstitusiyanın 29-cu maddəsinə və 60-cı maddəsinin I hissəsinə, İnzibati Prosessual Məcəllənin 91 və 96.5.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63, 65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu  

 

QƏRARA  ALDI:

 

1. N.Aləmmədzadə və qeyrilərinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 9 saylı Ərazi İdarəsinə və üçüncü şəxslər A.Kərimov və qeyrilərinə qarşı sonuncuların mülkiyyətinə 0,03 və 0,07 ha torpaq sahələrinin verilməsinə əsas olmuş Qəbələ Rayon Aqrar İslahat Komissiyasının 26 fevral 2001-ci il tarixli 3 nömrəli qərarının onlara aid hissədə ləğv edilməsi, “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”lərin ləğv edilməsi öhdəliyinin cavabdeh idarənin üzərinə qoyulmasına dair inzibati iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə və 60-cı maddəsinin I hissəsinə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 91 və 96.5.1-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının inzibati və mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinski raboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.   

 

Sədr                                                                           Fərhad  Abdullayev