Qərarlar

12.03.20 B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

AZƏRBAYCAN RESPUBLİKASI ADINDAN

 

Azərbaycan Respublikası

Konstitusiya Məhkəməsi Plenumunun

 

Q Ə R A R I

 

 

B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair

 

 

12 mart 2020-ci il                                                                                       Bakı şəhəri

 

Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova, Rövşən İsmayılov, Ceyhun Qaracayev (məruzəçi-hakim), Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə,

məhkəmə katibi Fəraid Əliyevin,

ərizəçi Bəyəli Mürsəlov, nümayəndəsi Firuzəxanım Qəribova və vəkili Namiq Ələkbərovun,

mütəxəssis Bakı Apellyasiya Məhkəməsinin hakimi İkram Şirinovun iştirakı ilə,

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V hissəsinə müvafiq olaraq konstitusiya məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında B.Mürsəlovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair konstitusiya işinə baxdı.

İş üzrə hakim C.Qaracayevin məruzəsini, ərizəçinin, onun nümayəndəsinin və vəkilinin, mütəxəssisin çıxışlarını dinləyib, iş materiallarını araşdırıb müzakirə edərək, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu

  

MÜƏYYƏN  ETDİ: 

 

“Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyəti (bundan sonra – “Azərbaycan Beynəlxalq Bankı” ASC) B.Mürsəlova qarşı kredit borcunun tutulması tələbi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmişdir.

Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2014-cü il tarixli qətnaməsi ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin iddiası qismən təmin edilmiş, B.Mürsəlovdan kredit müqaviləsi üzrə 130 000 ABŞ dolları əsas borc, 105 841,54 ABŞ dolları faiz borcu və 1000 ABŞ dolları dəbbə pulu olmaqla cəmi 236 841,54 ABŞ dolları pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, ödənilən məbləğin qətnamənin icra olunduğu günə olan manat məzənnəsi ilə hesablanması qət edilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 sentyabr 2015-ci il tarixli qətnaməsi ilə B.Mürsəlovun apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının (bundan sonra – Ali Məhkəmənin Mülki Kollegiyası) 18 fevral 2016-cı il tarixli qərarı ilə B.Mürsəlovun kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilərək iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 24 iyun 2016-cı il tarixli qətnaməsi ilə B.Mürsəlovun apellyasiya şikayəti təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2014-cü il tarixli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində ləğv edilərək həmin hissədə iddia təmin edilməmişdir.

Həmçinin Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının həmin tarixli xüsusi qərardadı ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin əməkdaşları və başqa şəxslərin əməllərində dələduzluq, korrupsiya cinayətləri və qulluq mənafeyi əleyhinə olan digər hərəkətlərin əlamətləri olduğu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 2 dekabr 2016-cı il tarixli qərarı ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

Bundan sonra Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 13 sentyabr 2017-ci il tarixli qərardadı ilə B.Mürsəlovun apellyasiya şikayəti təmin edilmiş, onun “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində yekun qərar qəbul edilənədək Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2014-cü il tarixli qətnaməsindən verilmiş apellyasiya şikayəti üzrə icraat dayandırılmışdır.

Belə ki, B.Mürsəlov “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı kredit müqaviləsi və həmin müqaviləyə əlavənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət etmişdir.

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20 dekabr 2017-ci il tarixli qətnaməsi ilə iddia təmin edilərək “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin Mərkəzi filialı ilə B.Mürsəlov arasında bağlanmış 28 fevral 2007-ci il tarixli kredit müqaviləsi və həmin müqaviləyə 24 fevral 2009-cu il tarixli 1 saylı əlavənin etibarsız hesab edilməsi qət edilmişdir.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 3 may 2018-ci il tarixli qətnaməsi ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 1 oktyabr 2018-ci il tarixli qərarı ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kassasiya şikayəti qismən təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi 28 fevral 2007-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi hissəsində ləğv edilərək, iş həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır.

Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətnaməsi ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə, yəni 28 fevral 2007-ci il tarixli kredit müqaviləsinin etibarsız hesab edilməsi hissəsində cavabdehə münasibətdə dəyişdirilmədən saxlanılmışdır.

Ali Məhkəmənin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarı ilə “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kassasiya şikayəti təmin edilmiş, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilmiş və iş üzrə yeni qərar qəbul edilərək B.Mürsəlovun kredit müqaviləsinin etibarsız hesab edilməsi tələbinə dair iddiası rədd edilmişdir.

B.Mürsəlov Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə (bundan sonra –  Konstitusiya Məhkəməsi) şikayətlə müraciət edərək Ali Məhkəmənin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına (bundan sonra – Konstitusiya) və qanunlarına uyğunluğunun yoxlanılmasını xahiş etmişdir.

Şikayət onunla əsaslandırılmışdır ki, kassasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 178.1-ci maddəsi və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 89.1, 89.3, 103.2, 416, 417.1.4 və 417.2-ci maddələri düzgün tətbiq edilməmiş, bununla da onun Konstitusiyanın 25 və 60-cı maddələrində nəzərdə tutulmuş bərabərlik, hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüquqları pozulmuşdur.

Konstitusiya Məhkəməsinin Plenumu şikayətlə əlaqədar aşağıdakıları qeyd etməyi  zəruri hesab edir.

Konstitusiyanın 60-cı maddəsinin I hissəsinə görə, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir.

Konstitusiyanın 71-ci maddəsinin I hissəsinə əsasən, Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur.

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında olmaqla yanaşı, Konstitusiyada təsbit edilmiş digər hüquq və azadlıqların təminatı qismində də çıxış edir. Həmin hüquq yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur.

Mülki işin məhkəmələr tərəfindən müəyyən edilmiş hallarından görünür ki, 28 fevral 2007-ci il tarixli kredit müqaviləsinə əsasən “Azərbaycan Beynəlxalq Bankı” ASC B.Mürsəlova illik 15 faiz dərəcəsi olmaqla, 12 ay müddətinə 353 500 ABŞ dolları məbləğində kredit verməyi öhdəsinə götürmüşdür. Qeyd edilən kredit müqaviləsinə dəyişikliklərin edilməsi haqqında 24 fevral 2009-cu il tarixli 1 saylı əlavəyə əsasən borcalana verilən kredit vəsaitindən istifadə müddəti 48 ay nəzərdə tutulmuşdur.

Apellyasiya instansiyası məhkəməsi “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin hazırkı mübahisəyə dair iddia müddətinin tətbiqi barədə ərizəsinin təmin edilməməsinin əsası kimi B.Mürsəlovun müvafiq kredit müqaviləsi və ondan irəli gələn öhdəliklərdən məlumatlı olmadığını göstərmişdir.

Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qətnaməsində gəldiyi qənaətə görə, B.Mürsəlov 28 fevral 2007-ci il tarixli müqaviləni imzaladığını inkar etməsə də, həmin müqaviləni işlədiyi “Pərvanə” Məhdud Məsuliyyətli Cəmiyyətinin sədrinin təkidi əsasında imzaladığını bildirmişdir.

Bununla bağlı Ali Məhkəmənin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarında  göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi nəzərə almamışdır ki, iddiaçının kredit müqaviləsini imzalamasını etiraf etməklə yanaşı, imzaladıqdan sonra ondan irəli gələn hüquqi nəticələrdən xəbərdar olmadığını bildirməsi haırkı iş üzrə iddia müddətinin tətbiq edilməməsi üçün hüquqi əsas yaratmır. Kassasiya instansiyası məhkəməsi həmçinin Sumqayıt Şəhər Məhkəməsinin 14 iyul 2014-cü il tarixli qətnaməsinə istinad edərək hesab etmişdir ki, B.Mürsəlov mübahisələndirdiyi kredit müqaviləsi üzrə borcun ondan tələb edildiyini 2014-cü ildə bilməsinə baxmayaraq əqdin etibarsızlığı üçün qanunla müəyyən edilmiş bir illik mübahisələndirmə müddətinə əməl etməmişdir.

Eyni zamanda həmin məhkəmə qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsinin iş üzrə B.Mürsəlovun aldadılması, kredit müqaviləsində göstərilən pul məbləğinin ondan tutulacağı təhlükəsini real dərk etdikdə başa düşməsi və 2017-ci ilin sentyabr ayında hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etdiyi üçün iddia müddətinin axımının 2017-ci il tarixindən başlanması ilə bağlı gəldiyi nəticə mülki işin hallarına, tərəflərin qarşılıqlı münasibətlərinə və sübutlara uyğun olmamışdır.

Göstərilənləri nəzərə alaraq Ali Məhkəmənin Mülki Kollegiyası hesab etmişdir ki, apellyasiya instansiyası məhkəməsi B.Mürsəlov tərəfindən iddia müddətinin üzrsüz səbəbdən buraxılması halına düzgün hüquqi qiymət verməmiş, bununla da Mülki Məcəllənin 377.1-ci maddəsinin iddia müddətinin axımının şəxsin öz hüququnun pozulduğunu bildiyi və yaxud bilməli olduğu vaxtdan hesablanmasına dair tələbi pozulmuşdur.

Kassasiya instansiyası məhkəməsi həmçinin Mülki Məcəllənin 354.1 və 375.2-ci maddələrinə istinad edərək belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisəyə iddia müddəti tətbiq edilməli, “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin kassasiya şikayəti əsaslı olduğundan qətnamə ləğv edilməli, apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında iddia müddətinin keçməsi əsası ilə B.Mürsəlovun iddiasının rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmə müdafiəsi təminatının əsas mexanizmlərindən biri kimi çıxış edən ədalət mühakiməsinin həyata keçirilməsinin konstitusiya prinsipləri Mülki Prosessual Məcəllədə öz əksini tapmışdır.

Mülki prosessual qanunvericiliyə müvafiq olaraq, kassasiya instansiyası məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Belə qərar yalnız o halda qəbul edilir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları pozulmuş və ya düzgün tətbiq edilməmiş olsun (Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələri).

Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, Mülki Prosessual Məcəllənin 417.1.4-cü maddəsinin tətbiqi müstəsna olaraq kassasiya instansiyası məhkəməsinin hüquqi təbiəti və səlahiyyət hədləri çərçivəsində qanuni hesab edilə bilər və heç bir halda həmin məhkəmənin apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürməsi ilə nəticələnməməlidir. Mülki Prosessual Məcəllənin 407.1.4, 408.1.5 və 416-cı maddələrinə əsasən, kassasiya instansiyası məhkəməsinin vəzifəsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsinin yoxlanılmasından ibarətdir. Həmin Məcəllənin 407.2-ci maddəsinə əsasən, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Əks yanaşma Azərbaycan Respublikasında kassasiya qaydasında ədalət mühakiməsini həyata keçirən Ali Məhkəmənin konstitusiya-hüquqi statusunu müəyyən edən Konstitusiyanın 131-ci maddəsinin məzmununa uyğun olmazdı (Konstitusiya Məhkəməsi Plenumunun 2004-cü il 12 aprel, 2004-cü il 21 may, 2004-cü il 3 avqust, 2004-cü il 28 oktyabr, 2010-cu il 21 iyun, 2012-ci il 28 fevral, 2014-cü il 18 fevral və 2014-cü il 15 sentyabr tarixli Qərarları).

Kassasiya instansiyası məhkəməsi iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 14 yanvar 2015-ci il, 2 aprel 2015-ci il26 avqust 2015-ci il və 31 may 2017-ci il tarixli ekspert rəylərinə, apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılan və qiymətləndirilən digər sübutlara lazımi diqqət yetirmədən, Mülki Məcəllənin 354.1, 375.2, 377.1-ci maddələrini yanlış təfsir edərək hesab etmişdir ki, mübahisəli 28 fevral 2007-ci il tarixli kredit müqaviləsi və müqaviləyə edilən əlavəyə dair apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iddia müddətinin keçməsi əsası ilə B.Mürsəlovun iddiasının rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

Konstitusiya Məhkəməsinin Plenumu bununla bağlı qeyd edir ki, mülki prosessual qanunvericilik mübahisələrin həlli zamanı məhkəmələrə aşağıdakı imkanları təqdim etmişdir:

- işə baxılarkən kömək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxslərə – mütəxəssislərə müraciət etmək;

- yazılı və ya maddi sübutları məhkəməyə təqdim etmək mümkün olmadıqda və ya məhkəməyə gətirmək çətin olduqda onları olduğu və ya saxlandığı yerdə müayinə və tədqiq etmək;

- işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin etmək (Mülki Prosessual Məcəllənin 64.1, 79.1 və 97.1-ci maddələri).

Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən Mülki Prosessual Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 76.1, 76.2 və 88-ci maddələri).

Beləliklə, digər sübut növləri kimi ekspert rəyinin də məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi mövcud deyildir. Bu isə o deməkdir ki, məhkəmə hər bir halda ekspert rəyini məhkəmə prosesi zamanı tədqiq etməli və digər sübutlarla yanaşı qiymətləndirməlidir. Eyni zamanda, Mülki Prosessual Məcəllənin 103.2-ci maddəsinə əsasən, ekspertin rəyi ilə məhkəmənin razılaşmaması iş üzrə qətnamədə və ya qərardadda əsaslandırılmalıdır.

Digər tərəfdənMülki Məcəllənin 354.1-ci maddəsinə əsasən əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Həmin Məcəllənin 354.2-ci maddəsinə görə, bu Məcəllənin  347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasən məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər.

Mülki Məcəllənin 375.2-ci maddəsinə görə, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.

Konstitusiya Məhkəməsinin Plenumu hesab edir ki, Mülki Məcəllənin 354-cü maddəsi yalnız etibarsız əqdlərin məhkəmədə mübahisələndirilməsi müddətini özündə ehtiva etdiyindən, həmin müddət iddia müddəti kimi qiymətləndirilə bilməz və belə olan halda həmin Məcəllənin 375.2-ci maddəsinin tələbinə müvafiq olaraq iddia müddətinin tətbiqi barədə ərizənin verilib-verilməməsi qanunun həmin normasının hazırkı işə tətbiqi üçün əhəmiyyət kəsb etmir.

Bununla yanaşı, Mülki Məcəllənin 354-cü maddəsinin əqdlərin etibarsızlığını müəyyən edən 14-cü fəsildə, iddia müddətinin isə həmin Məcəllənin 18-ci fəslində nəzərdə tutulması Məcəllənin 354-cü maddəsinin xüsusi norma olaraq iddia müddətinin tətbiqi ilə bağlı olmadığına dəlalət edir.

Qanunvericiliyin bu norması onu nəzərdə tutur ki, maraqlı şəxs əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi gündən bir il ərzində həmin əqdin etibarsızlığına dair mübahisə açmaq hüququna malikdir. Həmin müddət keçdikdən sonra isə maraqlı şəxs bu hüququnu itirir. Qanunun mənasına görə, qeyd olunan müddət, hüququn itirilməsi ilə bağlı olmaqla iddia müddətinə deyil, kəsici müddətlərə aiddir.

Belə ki, kəsici müddət – şəxsin müəyyən zaman ərzində öz hüququndan istifadə etməməsi nəticəsində həmin hüquq xitam verilməsini nəzərdə tutan müddətdir. Belə hallarda hüquqa xitam verilməsi yalnız zamanın keçməsindən deyil, müəyyənləşdirilmiş müddət ərzində hüquq sahibinin hərəkətsiz qalmasından irəli gəlir. Kəsici müddət subyektiv hüququn həyata keçirilməməsi və ya lazımi qaydada həyata keçirilməməsi halında bu hüququn vaxtından əvvəl xitamına səbəb olur.

İddia müddəti və kəsici müddət arasındakı əsas fərqlər aşağıdakılardan ibarətdir:

- iddia müddəti tələb hüququ üçün xarakterikdir, lakin ondan bəzi istisnaları mövcuddur. Məsələn, Mülki Məcəllənin 477.0.4-cü maddəsinə görə, əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Kəsici müddət isə əqdi mübahisələndirmək hüququna və iddialara aiddir;

- iddia müddətinin keçməsi tələb hüququnun özünün deyil, bu hüququn səlahiyyətli orqan vasitəsi ilə məcburi qaydada həyata keçirilməsi imkanının xitamına səbəb olur. Bu hal Mülki Məcəllənin 375.2 və 383-cü maddələrində öz əksini tapmışdır. Kəsici müddətlər isə hüququn özünün xitamı ilə nəticələnir;

- iddia müddəti cavabdehin verdiyi ərizə əsasında tətbiq edilir (Mülki Məcəllənin 375.2-ci maddəsi). Kəsici müddət isə məhkəmənin öz təşəbbüsü ilə nəzərə alınır;

- iddia müddəti dayandırıla (Mülki Məcəllənin 379-cu maddəsi), kəsilə (Mülki Məcəllənin 380-ci maddəsi) və müəyyən hallarda bərpa edilə (Mülki Məcəllənin 382-ci maddəsi) bilər. Kəsici müddətlər isə qanunda birbaşa nəzərdə tutulan hallar istisna olmaqla, dayandırıla və kəsilə bilməz.

Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 377.1-ci maddəsinin tətbiqi ilə bağlı formalaşdırdığı hüquqi mövqeyə görə, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilmək şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Qanun iddia müddətinin axımının başlanmasını obyektiv anla deyil, subyektiv anla əlaqələndirir. Məhz bu andan maddi mənada iddia hüququ əmələ gəlir. Maddi mənada iddia hüququ dedikdə, mülki hüquqların məcburi həyata keçirilməsi imkanı başa düşülür və bu imkan müəyyən müddətlə məhdudlaşır.

Göstərilən hüquqi mövqe Konstitusiya Məhkəməsi Plenumunun L.İ.Binnətovanın şikayəti üzrə 2008-ci il 8 may tarixli Qərarında da öz əksini tapmışdır. Həmin Qərarda qeyd olunmuşdur ki, məhkəmə müdafiəsi hüququ mütləq hüquq olmadığına görə müəyyən şərtlərin mövcudluğunda konkret məhdudiyyətlərə məruz qala bilər. Lakin yalnız qanunvericilik səviyyəsində müəyyən oluna biləcək belə məhdudiyyətlər Konstitusiyada təsbit olunmuş hüquq və azadlıqları ləğv edə bilməz. Bu məhdudiyyətlər məhkəmələr tərəfindən özbaşına deyil, hüququn təbiətinə uyğunlaşa bilən, müvafiq hüquqa mütənasib şəkildə və eyni zamanda, bu hüququn hüdudları kimi düzgün tətbiq edilməlidir.

Birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müəyyən edilmiş hallardan görünür ki, 28 fevral 2007-ci il tarixli kredit müqaviləsinin müddətinin 2008-ci ildə bitməyinə baxmayaraqərizəçidən keçən illər ərzində müqavilədə nəzərdə tutulmuş məbləğ tələb olunmamış və bununla əlaqədar o, pulun başqası tərəfindən ödənilməsinə inanmış, bu inam onda müqavilənin icrası ilə əlaqədar başlanmış məhkəmə çəkişmələri ərzində də davam etmişdir.

Eyni zamanda, həmin hallara görə, 28 fevral 2007-ci il tarixli mübahisəli kredit müqaviləsi üzrə “Azərbaycan Beynəlxalq Bankı” ASC tərəfindən kreditor öhdəliklərinin yerinə yetirilməsi, həmçinin banka ödənilmiş pul məbləğinin məhz cavabdeh tərəfindən ödənilməsini təsdiq edəcək hər hansı sübut məhkəməyə təqdim edilməmiş, yalnız pulun cavabdehə verilməsini təsdiq edən məxaric sənədlərinin məhv edildiyigöstərilmişdir.

Qeyd edilməlidir ki, "Banklar haqqında'' Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinə görə banklar bank əməliyyatları haqqında bağlanmış müqavilələr və icra edilmiş müqavilələr (əqdlər) üzrə müvafiq sənədləri, o cümlədən elektron daşıyıcılarda olan informasiyanı, habelə fəaliyyətləri nəticəsində yaranan digər sənədləri qanunvericiliklə müəyyən edilmiş qaydada və müddət ərzində saxlamalıdırlar.

Həmin Qanunun 39.2-ci maddəsinə əsasən müştərini eyniləşdirməyə, habelə müştərilərin hesablaşma və köçürmə əməliyyatlarını təsdiq etməyə imkan verən sənədlər müştəri ilə qarşılıqlı münasibətlərə xitam verildikdən və ödənişlər (köçürmələr) başa çatdıqdan sonra azı 5 il müddətində bankda saxlanılmalıdır.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti tərəfindən 2013-cü il 30 iyul tarixli, 16/3 nömrəli qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının bank sistemində arxiv işinin aparılması haqqında Təlimat"ın II fəslinin 55-ci bəndinə görə “Kredit dosyesinə aid sənədlər: kredit və təminat müqavilələri, qarantiyalar, borcalanın ödəmə və maliyyə vəziyyəti barədə məlumat, təminatın qiymətləndirilməsinə dair sənədlər, kreditin istifadəsinə nəzarətin nəticələri, kreditin ödənilməsi barədə bank sənədləri və kredit dosyesinə aid digər sənədlər - kredit ödənildikdən və ya balansdan silindikdən sonra 5 il müddətində saxlanılır.

Göründüyü kimi, kassasiya instansiyası məhkəməsi Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrini onların konstitusiya-hüquqi məzmununa uyğun olmayan qaydada tətbiq etməklə, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətlərini öz üzərinə götürərək bu məhkəmə tərəfindən müəyyən edilmiş halları yenidən qiymətləndirmiş, mahiyyətcə tamamilə başqa nəticələrə gəlmiş, bununlada B.Mürsəlovun Konstitusiyada təsbit edilmiş mülkiyyət və məhkəmə təminatı hüquqları pozulmuşdur.

Yuxarıda göstərilənlərə əsasən, Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki, B.Mürsəlovun “Azərbaycan Beynəlxalq Bankı” ASC-yə qarşı 28 fevral 2007-ci il tarixli kredit müqaviləsi və həmin müqaviləyə bank tərəfindən edilmiş 24 fevral 2009-cu il tarixli 1 saylı əlavənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Ali Məhkəmənin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarı Konstitusiyanın 60-cı maddəsinə, Mülki Prosessual Məcəllənin 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilməlidir. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin V və IX hissələrini, “Konstitusiya Məhkəməsi haqqında” Azərbaycan Respublikası Qanununun 52, 62, 63,   65-67 və 69-cu maddələrini rəhbər tutaraq, Konstitusiya Məhkəməsinin Plenumu 

 

QƏRARA  ALDI: 

 

1. Bəyəli Mürsəlovun “Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinə qarşı 28 fevral 2007-ci il tarixli kredit müqaviləsi və həmin müqaviləyə bank tərəfindən edilmiş 24 fevral 2009-cu il tarixli 1 saylı əlavənin etibarsız hesab edilməsi tələbinə dair mülki iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 31 may 2019-cu il tarixli qərarı Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.4 və 417.2-ci maddələrinə uyğun olmadığından qüvvədən düşmüş hesab edilsin. İşə bu Qərarda göstərilən hüquqi mövqelərə uyğun olaraq Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi ilə müəyyən edilmiş qaydada və müddətdə yenidən baxılsın.

2. Qərar dərc olunduğu gündən qüvvəyə minir.

3. Qərar “Azərbaycan”, “Respublika”, “Xalq qəzeti”, “Bakinskiraboçi” qəzetlərində və “Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Məlumatı”nda dərc edilsin.

4. Qərar qətidir, heç bir orqan və ya şəxs tərəfindən ləğv edilə, dəyişdirilə və ya rəsmi təfsir oluna bilməz.

  

 

Sədr                                                                                               Fərhad Abdullayev